adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Adamın lap əti tökülür ey! - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
662 | 2022-11-14 11:55

...Bilmirik, zəmanədəndir, ya da başqa bir şeydən. Amma indi ölkəmizdə kimin əlinə mikrafon keçirsə, oxumağa başlayır və elə bilir ki, kişinin oğlu oxuyur. Amma oxumur ey, qarğa kimi səs çıxarır. Yadıma Molla Nəsrəddinin bir lətifəsi düşür: Molla Nəsrəddin bir gün gedir şahın yanına, deyir ki, padşah aləmi sağ olsun, mənim yaxşı səsim var! Şah da deyir:

- Oxu, qulaq asaq!

Molla:

- Hamam olsa, orda oxuyaram!

Padşah bir yerə baxır, bir də göyə və dillənir:

- Rəhmətliyin oğlu, indi hamımız gedib hamamda oturmalı və sənin səsinə qulaq asmalıyıq?!

Molla əlavə edir ki, hamam olmasa da yola vermək olar. Bir tuluğ gətirsinlər, o tuluğa başımı salım və oxuyum! O tuluğu gətirirlər, molla başını tuluğa salır və oxumağa başlayır.

Padşah görür ki, onun səsi qarğa səsinə bənzəyir və oxumaq da bir şey deyil, əsəbiləşir və hökm edir:

- Tuluğun suyu quruyana qədər mollanı şallaqla döyərsiniz! - deyib gedir.

Mollanı soyundururlar və başlayırlar şallağı suya salıb mollanın kürəyinə çırpmağa. Hər şallaq vurulanda molla səslənir:

- Allah, sənə şükür!

Şallaqçı soruşur ki, molla, Allaha niyə şükür edirsən?

O da qayıdıb bildirir ki, çünki hamamda oxusaydım, onun suyu qurtarmayacaqdı. Amma tuluğun suyu qurtaracaq, canımı bir daha xilas edəcəm!...

...O hadisədən sonra bir daha molla oxumağı dilinə gətirmir. İndi bizim «oxuyanlara» da bax, belə bir dərs vermək lazımdı. «Oxumaq, oxumaq, yenə də oxumaq». Bu sözləri Lenin deyib. Bizimkilər də elə başa düşür ki, mahnı oxumaq lazımdır. Bu gün əlinə mikrafon götürən, ağzı olan oxuyur. Aparıcı oxuyur... Aktyor oxuyur... Televiziyaya tamaşaçı kimi gələn oxuyur... Bir sözlə, kim efirə çıxırsa, hamısı oxuyur!... Onlar oxumurlar ey, xoruz kimi banlayır, qarğa kimi səs çıxarırlar!...

Şəbnəm Tovuzlu sanki qışqırır, rəhmətlik xalq artisti Əlibaba Məmmədov «Muğam» müsabiqəsində iştirak edənlərə deyərdi ki, ay bala, qışqırma, oxu! Oxumaq qışqırmaq deyil, qışqırmaq da oxumaq!

İndi yenə oxuyanların 80-90 faizi qışqırır və qarğa kimi səs çıxarır. Bunu da eşidəndə adamın lap əti tökülür. Şəxsən mən oxumağı gözdən saldıqlarına görə ən yaxşı müğənnilərə belə qulaq asmaq istəmirəm. Bir gündə bütün televiziya kanallarında səhərdən axşama qədər ancaq «oxuyurlar».

Manaf Ağayevin qəşəng bir sözü var: «İndiki oxuyanların 80 faizini o vaxtkı toylara heç kim aparmazdı. Çünki bizim də oxuduğumuz o toylarda ən azı 10-12 saat muğənni canlı ifa eləməli idi. İndikilər isə əksəriyyəti canlı ifadan qaçır, fonaqrama səsləndirir».

Mən dəfələrlə Manaf Ağayevin Füzuli toylarında yayın istisində 10-12 saat canlı oxuduğunun şahidi olmuşam. Bu müddətdə 3-4 köynək dəyişib və toyu axıra qədər çox gözəl aparıb. İndi bir çoxları Manafı qınayırlar. Düzdü, o, istəsə muğam da oxuya bilər, xalq musiqisi də, hətta estrada mahnıları da. Onsuz da oxuyur, amma sadəcə olaraq elə bilirlər ki, Manaf bu səviyyəyə asan yolla gəlib. Vallah, elə deyil, onun nələr çəkdiyini və hansı əziyyətlə yaşadığını mən görmüşəm.

Bax, indi oğul lazımdır, toylara gəlib onları aldadan və fonaqrama ilə oxuyan müğənniləri o toy sahibi ordan qovsun və bir ətək pul verməsin. Rəhman Məmmədli deyir ki, bir dəfə televiziyada reklam olunan bir qadın müğənnini özümlə toya aparmışdım. Daha doğrusu, toy sahibi demişdi ki, həmin müğənnini gətir! Toy başladı, müğənni fonaqrama oxudu. Toyun yiyəsi də bunu bildi və az qaldı gitaranı götürüb mənim başıma çırpsın. Dedi ki, ay rəhmətliyin oğlu, bu ki, oxuya bilmir, qarğa kim səs çıxarır! Bəs belə idisə niyə toya gətirirdin? Rəhman da deyib ki, günah məndə deyil. Sənin özün xahiş etdin ki, o müğənnini gətirim, mən də sənə xatırlatdım ki, bax, o canlı oxuya bilmir ha!

Görürsünüzmü, səsi olmayan müğənnilər hansı vəziyyətə düşür. Zaur Baxşəliyev də oxuyur, hətta onu tərifləyirlər ki, çox yaxşı oxuyursan. O, özünə və sənətinə hörmət etsə, əlinə mikrafon alıb böyük sənət adamlarının qarşısında mahnı oxumaz. Özləri bilər! Amma Zaurun yekə bir gopu da mənim yadımdan çıxmır. Deyir ki, bir dəfə zəng elədilər, məni toya aparıcı kimi dəvət elədilər. Mən də ağzıma gələn bir qiyməti dedim. Dedim ki, 50 min verin, gəlim toyu aparım! Toy sahibi də bildirdi ki, onda beh göndərirəm. Siz indi, inanırsınız ki, hansısa aparıcıya kimsə 50 min pul versin?! Bu gopdan və reklamdan başqa bir şey deyil. Onsuz da müğənnilərin və aparıcıların danışdıqları sözlərin çoxuna tamaşaçılar inanmır.

Gözəl mahnıları, gözəl musiqiləri və gözəl ifaları əlinə mikrafon götürüb səsi olmayan adamlar oxumasalar yaxşıdı. Çünki onlar oxumurlar ey, tamaşaçıların əsəbi ilə oynayırlar. Elə bilirlər ki, on milyonluq xalqın hamısı onlara tamaşa edir. Amma heç kim özünü aldatmasın. Ən yaxşı halda belə verilişlərə 600, 700 min adam baxa bilər! Çünki o verilişlərə baxanda şəxsən mənim bir tamaşaçı kimi ətim tökülür və musiqidən iyrənirəm. Siz Allah, camaatı və tamaşaçıları qarğa səsinizlə yormayın və incitməyin! O mahnıları da yazan bəstəkarların və şairlərin ruhunu narahat eləməyin!

 

TƏQVİM / ARXİV