adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

REYKYAVİK PƏNCƏRƏSİ

MƏZAHİR ƏHMƏDZADƏ
43928 | 2017-06-02 23:14
Bütün dövrlərdə məşhur yazıçı və şairlərin yaradıcılığı haqqında müxtəlif fikirlər söylənilib, onların əsərləri, yaratdıqları obrazları əsas götürülərək cəmiyyətə, bəşəriyyətə münasibətləri də sərf-nəzər edilib. Hətta bəzən müəyyən bir hadisəyə, böyük axın daxilindəki konkret subyektə predikat yanaşmalar da olub. Ancaq eyni zamanda bütün bunlarla razılaşmaq və ya razılaşmamaq bir elə ciddi məna da daşımır. Xüsusilə siyasiləşən, siyasiləşdirilən ədiblərin taleyində final birmənalıdır - fiasko! O yazıçı və şairlər əbədi yaşamaq hüququ qazanırlar ki, onlar hansı cəmiyyətdə, hansı əqidədə olur olsun, yalnız ədəbiyyata, onun bəşəri dəyərlərinə xidmət edirlər. Bu, iyirminci əsrdə az qala dünyanın yarısını bürüyən sosialist (sovet) rejimində də belə olub, əks qütblərdə də.

Böyük island yazıçısı Laksness Halldorun da taleyində... və…uzun ömründə belə bir hal yaşanıb. Nobel mükafatçısı Laksness Halldoru bəzən bir sıra əsərlərinin bədii dəyərindən çox, sosializmə tərəfdarlığı (obrazların fərdi səciyyəsi, özünün bədii qatlarda yaşanan subyektiv yanaşmaları) ilə də önə çəkirlər. Konkret hadisəyə və ya xoş təəssürata fərdi münasibət, heç də ictimailəşən tərənnüm kimi qəbul edilə bilməz. Əks halda yazıçıya Nobel mükafatı da verilməzdi.

Müəyyən məqamlarda Rusiyaya, SSRİ-yə kənardan rəğbət və məhəbbət nümunələri az olmayıb. İndinin özündə də sosializmin bir sıra yaxşı cəhətlərindən danışılır və təbii ki, ortalığa müəyyən nəticələr də qoyulur. Bu məsələlərin ədəbiyyata, böyük ədəbiyyata dəxli olmamalıdır.

Bu gün bütün dünya vikinqlərin nəvə-nəticələri yaşayan Danimarkaya, Norveçə, İsveçə, İslandiyaya... həsədlə baxır. Gözəl, rahat və təminatlı həyat tərzinə. Və bütün bunları - sinfi mübarizələri də bir tərəfə qoyub daim inkişafda olaraq xoşbəxt həyat sürən həmin ölkələrin varlığını, eyni zamanda kommunizm ideyaları çərçivəsində qurulan sosializmin süqutunu 96 il ömür sürmüş böyük yazıçı da yaşayıb və görüb. Xatırlamaq lazımdır ki, sosializmə münasibətdə dahi Nazim Hikmət, Pablo Neruda... nümunələri də var. Hətta ədəbiyyatdan bir az kənara çıxıb şahmat hadisələrini xatırlasaq bir Robert Fişer nümunəsi də var. Dünyanın gəlmiş-keçmiş ən böyük şahmat dahisi Fişer də SSRİ-yə rəğbətlə yanaşıb və Halldorun vətənində, elə Reykyavikdəcə rus-sovet mifini darmadağın edib. Paradoks öz yerində, niyə məhz yenə də Reykyavik? Mistika axtarmıram, sadəcə bunları planlaşdırmadan yazarkən qəfil belə alınmağı özümə də qəribə gəlir.

Ədəbiyyatşünaslıqla publisistika arasında bir xeyli məsafənin də olması nəzərə alınmalıdır. Mövzuya publisist yanaşmağım ədəbiyyata bu rakursdan baxmaq istəyimdən irəli gəlir. Başqa fikrim olsaydı, onda yazıçının bir neçə hekayə və romanını deyil, bütün əsərlərini oxuyaydım gərək. Bu yaxınlarda təkrar oxuduğum "Axsaq qoca Tur" hekayəsi haqqında isə mövzuya uyğun bəzi fikirlər söyləmək mümkündür. Əvvəlcədən deyim ki, hekayə Əyyub Qiyasın ruscadan tərcüməsində əsl peşəkarlıq nümunəsidir. Bu, güman ki, müəllifin, eyni zamanda island nəsrinə və island xarakterinə, məişətinə yaxşı bələd olmasındandır. Yəni öyrənib bilmək baxımından. Çünki İslandiyanı hərtərəfli tanımayanlar üçün dünyanın siyasi xəritəsində aydınca görünən ada-dövlətin əhalisinin bizim respublikamızın tək bir şəhərinin - Gəncənin əhalisindən az olması da müəyyən tərəddüd yaradar. Əslində isə İslandiya özünəməxsusluğu ilə dünyanın hər yerində tanınan və maraq göstərilən bir ölkədir.

Bu hekayədə də həqiqətən sosializmə rəğbət elementləri var. Ancaq bunlar qətiyyən tərənnüm və ritorika deyil. Sadəcə dünyaya baxışın obrazlığı və dialoq effektliyidir. Axsaq qoca Tur münaqişə, zorakılıq, qan, inqilab istəmir. O, bütün məsələlərin sakit, səbirli həllinə tərəfdardır. İstər Reykyavikin kiçik bir qəsəbəsində, istərsə də elə bütün yer üzündə. Baxaq.

- Sovet İttifaqında kapitalist yoxdur, - etiraz elədim. - Onlarla çoxdan haqq-hesab çəkiblər. Orada adam başqasının hesabına dolana bilməz.

- Anarxistdilər də! Axı Tanrıdan da imtina eləyiblər! Onlar hər şeyi zor gücünə eləyirlər. Yox, yaxşısı budur sən mənə cəfəngiyyat danışma, bolşeviklər haqqında heç nə eşitmək istəmirəm, mən dinc inkişaf tərəfdarıyam...

Kiçik bir dialoqun kiçik bir parçasından da müəllifin məqsədi aydınca hiss olunur. Bu, heç bir tərəfkeşliyi olmayan əsl ədəbiyyat, müxtəlif və mürəkkəb insan xarakterlərinin bədii təcəssümüdür.


P.S. "Tüstülənən buxta"dan - dünyanın ən şimal paytaxt şəhəri Reykyavikdən təkcə Nobel mükafatçısı Laksness Halldorun portreti görünmür. İsland ədəbiyyatının inkişafında və tanınmasında romantizmin və realizmin Y.Xallqrimsson, B.Torarensen, O.Siqurtson, Ur Kyetlum kimi nümayəndələri də görkəmli yer tuturlar. 

TƏQVİM / ARXİV