BABƏK ƏFSANƏSİ -  Məzahir ƏHMƏDOĞLU yazır

MƏZAHİR ƏHMƏDZADƏ
4259 | 2021-11-03 16:00

...Bu dəfə də təşəbbüs Aqil Abbasdan gəldi. Məsləhət bildi ki, Zəfər bayramı ərəfəsində Qarabağ döyüşləri qəhrəmanı Babək Səmidli haqqında məqalə verməyimiz çox yaxşı olardı. Yolu tez-tez hərbi hissələrə düşən, sərhədlərimizdə vətəni qoruyan igid oğullarımızla görüşən, imkanı daxilində digər tədbirləri ilə də döyüşçülərin dostuna çevrilən millət vəkilinin mənim yaxın dostlarımdan biri olan qohumum Mətləb həkimin oğlu, polkovnik Babək Səmidli ilə də görüşdüyünü, onun göstərdiyi igidlikləri öydüyünü bilirdim. Hamımız kimi o da Babəkin daha şöhrətli və ali bir zirvəyə qalxacağına inanırdı. Babək gözlənilən zirvəni bir qədər tez fəth elədi... Nə qədər yarmıçıq işləri qaldı. Şəhidliyin ucalığı başqa qəhrəmanlıqları, başqa ali məqamları gözləmir axı!..

II Vətən müharibəsinin qəhrəmanı “Zəfər” ordenli şəhid Babək Səmidlini indi bütün Azərbaycan tanıyır. Əvvəllər də tanıyırdılar. Vətən sevdalı, qürurlu, döyüşçülərin sevimlisi, özünü əvvəlcədən qazi, şəhid və qalib komandir kimi görən polkovnik Babək Səmidli həmişə ən yüksək keyfiyyətləri ilə fərqlənirdi, adı uca tutulurdu. O, döyüşlər zamanı həmişə öndə olurdu. Birinci Ordu Korpusunun komandir müavini döyüş göstərişlərini arxadan, kazarmadan deyil, irəlidən, ön sıradan verirdi. Ölümün üzünə dik baxaraq! Bir dəfə korpus komandiri general Hikmət Həsənovla qısa söhbətimiz zamanı o, hərbiçi general məğrurluğunu, təmkinini güclə qoruyaraq titrək səslə bu sözləri deyə bildi: “Babək mənim qardaşım idi, o, məni iki dəfə aşkar ölümdən qurtarıb...”

Türkiyədə təhsil almış və Azərbaycan ordusunda ən çətin işlərdə və döyüşlərdə mətinləşmiş Babəki təkcə vətənində tanımırdılar. Xain düşmən də Babəki yaxşı tanıyırdı. Onun kəşfiyyat və döyüş biliyi ilə yanaşı, əsgərlərini düşmənə qarşı əsl türk oğlu kimi ruhlandırmaq bacarığı, qətiyyəti və dönməzliyi düşməni çox narahat edirdi. Ermənilər gizlin şəkildə onun başına pul qoymuşdular. Neçə snayper gecə-gündüz Babəki “ axtarırdı”... Babək bütün bunları bilirdi və heç nədən çəkinib qorxmurdu. Çünki o, öz sözünü müqəddəs vətən uğrunda döyüşə atılan gündən demişdi.

Düşmənin döyüşlər zamanı Babəki məhv etməyə, əsir almağa gücü çatmadı. Onu əsir almaq onsuz da mümkün deyildi...

Nə yaxşı, Babək Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qazandığımız Böyük Qələbəmizin sevincini yaşaya bildi, 12 gün gözaydınlıqlar qəbul etdi, 12 gün gözaydınlıqlar verdi. Yaxınları artıq ona “cənab general” deyə müraciət edirdilər. Bu hərbi qanunların pozulması deyildi, sadəcə yaxın çevrənin istəyindən və layiqlikdən doğan ehtiram, sevgi münasibətiydi. Hətta bu tədbirlərin həyata keçməsi artıq an məsələsi idi.

...Heyif, 2020-ci ilin noyabr ayının 23-də Babək Səmidli Suqovşanda minaya düşərək şəhid oldu. Düşməni ağır məğlubiyyətə uğradıb təslim olmağa məcbur edən Müzəffər Ordumuzun qəhrəman zabitlərindən birini xalqımız qələbə sevinclərini yaşayan zaman itirdi. Bütün varlığı ilə Xalqını, Vətənini, Ali Baş Komandanını sevən, uğurunda canından keçməyə hər zaman hazır olan Babək şəhidlik zirvəsinə ucaldı. Bu zirvə onun qisməti, alın yazısı idi. 46 yaşında, daha böyük qələbələrin, rütbələrin, mükafatların bir addımlığında.

...Ermənilərin qorxulu röyasına çevrilmiş belə bir igidin şəhidliyi şərəfdir, əlbəttə. Ancaq belə bir ölüm hamını yandırdı. Ermənilər bilirdilər ki, Babək Suqovşana birinci gələcək – minalardan tələ qurmuşdular...

Babəkin dəfn mərasiminin özü də bir əfsanəyə bənzəyirdi. On minlərlə insan axınını çinarlar şəhəri qoynuna alıb Şəhidlər Xiyabanına gətirirdi. Qəlbləri qan ağlayan, ancaq təmkinli, qürurlu davranışları ilə Babəki son mənzilə yola salan ata-ananın, qardaş-bacının, övladlarının bu mətinliyinə söz tapmaq çətin idi. Hər şey sözdən yaransa da, bəzən sözün də gücü çatmırmış.

O gün göylərdən bu izdihamı, bu vətən sevdasını seyr edən günəş də heyrətdənmi, nədənmi ala buludları qarşı dağların arxasına göndərmişdi? O gün nakam şair Əli Kərimin abidəsinin gözlərindəki təsadüfi şeh damcıları idimi, yoxsa göz yaşları? Axı Babək qardaşı Müşfiqlə, bacısı Röksanə ilə, dostları ilə Əli Kərimin məzarını ildə 1, 2 dəfə ziyarət edib bu yerlərə gül-çiçək dəstələri düzərkən məktəbli idi. Sonralar da eləcə, 25-30 yaşlı bir hərbiçi.

Əli Kərim 38 yaşında əfsanəyə döndü.

Babək 46 yaşında...

Babəkin iki yadigar oğlu böyüyür. Atası kimi vətən sevdalı igidlər.

İndi belə bir məqamda insan Əli Kərim kimi düşünməyə bilərmi? Yox, Göyçayın bu iki məşhur şəhidinin həyat yollarının paralelliyini aparmaq fikrində deyiləm. Düşüncələr qəfil gəlir. İndiki halda adam düşünür ki, bəlkə Babək heç ölməyib, ruha, xəyala çevrilib vətən torpağını gəzir, gecələr doğmalarının yanına qayıdır, ailəsinə, balalarına göz qoyur.

Oxucu, məni bağışla, deyəsən yazını burada bitirməli olacağam. Bir birinin yaxınlığında uyuyan Əli Kərim və Babək, o mələk simalı şəhidlərimiz və bu dünyanın tam anlaşılmayan vaqiələri elə assosiasiyalar yaradır ki, sonra şeirsiz də mümkün olmur. İllah da Babəkin o gözəl balalarını düşünərkən...

Nakam şairimiz necə deyirdi? –

...Ya da ki onların toyuna bir gün

Toya çağırılmamış bir qoca gələr.

... Heç kəs də bilmədən oğurlayaram

Bir az uşaqların səadətindən.

Sonra yavaş-yavaş çıxıb gedərəm

Çox uzaq, çox uzaq qonaq kimi mən...

 

Məzahir ƏHMƏDOĞLU

  • Oktyabr:
  • 4

TƏQVİM / ARXİV