adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

PSİTTAKİFORMES - Məzahir ƏHMƏDOĞLU yazır

MƏZAHİR ƏHMƏDZADƏ
2003 | 2023-10-13 09:10

...Bu qədim latın sözü tutuquşu deyimində dilimizə nə qədər yatımlı olsa da, onlara nəinki Azərbaycanda, heç keçmiş SSRİ-nin də heç bir bölgəsində rast gəlinməyib. Çünki bu quşların vətəni subtropik və tropik qurşaqlardır. Bizim tərəflərdə isə hələ keçmiş zamanlardan dekorativ quş kimi qəfəslərdə saxlanılır və daha çox rus dilindən gəlmə papuqay deyə çağırılır.

Məncə bu quşların zooloji adlarının hansı dildə necə səslənməsindən asılı olmayaraq bizim də keçmişlərdən üzü bu yana öyrəşdiyimiz papuqay elə papuqaydır. Əslində bu quşların gözəlliklərini bir kənara qoyub, müəyyən şıltaq və sırtıq xüsusiyyətlərini nəzərə alsaq tutuquşundansa papuqay deyimi daha uyğun gəlir. Əlvan rəngləri göz oxşayan bu quşlar elə ki, "danışmağa" başlayır, uğunub gedirsən. İnsan kimi səslər çıxarmağı bacardığınına görə yox, eyni səs, eyni tembrlə bəsit yamsılamaya görə. Sırtıq və bəsit səsləri eşidilən kimi əlvan gözəllikləri də öz zövqünü itirir sanki. "Qəzet papuqayları" da ilk baxışda elə də ziyanlı görünmürlər.

Ancaq... hər hansı populyar qəzetdə öz dəst-xəttiylə tanınmış bir jurnalistin yazısında uğurlu, özünəməxsus üslubu, maneranı "hop" eləyib götürür, şit və çeynənmiş halda "özününküləşdirmək" iddiasında olaraq eləcə azıb qalırlar. Belə təqlidçilik alınırmı? Təbii ki, professional anlamda gülməli görünür. 
"Bax belə bir cür gülməli...". Hörmətli Tağı müəllim demiş. 

Hansısa bir qəzetdən, jurnalistdən yaxşı əlamətləri öyrənmək, yeni bir formada tətbiq etmək ayıb sayılmaz. Əksinə, olayın nüvəsindən can alıb daha mükəmməl istiqamətlərə üz tutmaq, axtarışlar aparmaq hələ vacibdir də. Normal yanaşma və münasibətlər hətta mətbuatımızın inkişafında müəyyən xidmətlərlə də özünü göstərir. Ancaq məsələ məhz papuqaylıq səviyyəsində öz həllini axtararsa, yol verilməzdir və ziyanlıdır. Oxucu zövqünə travmalar buradan yol tapır və çaşqınlıq yaradır. Bütün hallarda hərənin öz siması yaxşıdır. Qoy oxucu özü seçsin, auditoriya özü formalaşsın. Nə qədər bəzəyib-düzəsən də yeriş yerişdir. Tanıyırlar, bilirlər ki, sən kimsən, indi də kimi yamsılayırsan. Belə hallar mətbuatımızda təəssüf ki, xeyli yer tutur. 

İndi neyləsən də hərənin öz yerişi var, ikicə addımdan tanınır. 

Papuqaylar da ən çətin söz və ifadələri elə təkrarlamağı bacarırlar. Hətta bəzən yekəxana bir iddia ilə. Ancaq bunların heç biri onlara məxsus olmadığından bayaq dediyim kimi çox gülməli çıxır. Başqalarının qarşısından oğurlayıb qaçırdıqları qələmi, adı... ayaqqabını nə qədər pərdələmək, pərçimləmək istəsələr də bu əcaib rosinantlıq qatı zülmətdə də bozaracaq. Necə deyərlər, “dünyanın qəfil işıqlanmasına” da heç bir ehtiyac qalmayacaq. 


 

TƏQVİM / ARXİV