adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Qəzet tanımayan gənclik

SAMİRƏ ƏŞRƏF
23901 | 2015-05-23 09:25
Gözümü açandan həmişə çiyni yüklü olmuşam. Ailə qurandan sonra da belə olub, əvvəl də. Əslində bunun taqsırı bir az da özümdədir. Heç kimin gördüyü işdən razı qalmamışam. Elə bilmişəm dünyanın ən yaxşı işlərini ancaq mən görə bilirəm. Ev üçün alış-veriş etmək mənim üçün çox önəmli məsələdi. Evin kibritindən tutmuş ən bahalı əşyasına qədər özüm seçib almağı xoşlayıram. Həm də sözün açığı başqa variant yoxdu. Bu baxımdan açılan yeni marketlər xeyli əlimdən tutur. Alış-veriş kolyaskasını doldurub kassaya yaxınlaşmaq həqiqətən də maraqlıdı. Yeni ərzaqları alıb sınaqdan keçirtmək, dadına baxmaq əsəbləri sakitləşdirir, fikirləri dağıdır. Yetər ki pul olsun.
Ötən günləri evə bir neçə ərzaq lazım olduğundan yaxınlıqdakı marketə getdim. Həftə sonu olduğu üçün bir neçə qəzeti də alıb ərzaqların üzərinə qoydum. Həmin qəzetlərin internet saytları olsa belə mənim üçün qəzetlə elektronun çox fərqi var.
Ümumiyyətlə nə vaxtsa qəzetin, kitabın yerini elektron oxu vasitəsinin verə biləcəyinə inanmıram. Kitabdakı vərəqləri, qəzetin səhifələrini çevirmək şəxsən mənim üçün xüsusi bir zövqdür.
Əlqərəz qəzetləri də digər ərzaqlarla birlikdə kassir qızın qarşısına qoydum. 17-18 səkkiz yaşlarında yaraşıqlı, son dəblə geyinmiş bir qız idi. Dırnaqlarının hərəsinə bir rəng boya çəkmişdi. Qırmızı, sarı, yaşıl, qara. Bu dəbi kim icad edib bilmirəm. Bir onu bilirəm ki, çox eybəcər görüntüdü rəngbərəng dırnaqlarla rastlaşmaq.
Kassir qız bütün ərzaqları hesabladıqdan sonra qəzetlərdə ilişdi. Ölkənin ən məşhur qəzetlərindən birini götürüb diqqətlə o üzünə, bu üzünə baxdı. Sonra digər kassada əyləşən qıza göstərib dedi: filankəs bu jurnaldı, ya albom?
Əvvəl elə bildim səhv eşitdim, ancaq onun təkrar sorğusundan da başa düşdüm kassir xanım qəzetin nə olduğunu bilmir.
Dəhşət məni bürümüşdü. Bakının mərkəzində yaşayan, son dəblə geyinən, dırnaqlarının hərəsinə bir rəng boya çəkən xanım qəzeti jurnaldan, albomdan ayıra bilmirdi. İndi bu qız yəqin ki, sevir, sevilir, sevgi mahnılarına diqqətlə qulaq asır. Röyanın, Aygün Kazımovanın, Namiq Qaraçuxurlunun bütün mahnılarını, nə yeyib, nə içdiklərini, gecə saat neçədə yatıb, durduqlarını əzbər bilir. Amma di gəl ki, qəzeti tanımır.
Hələ allah qoymasa, bu qızcığaz gələcəyin anası olacaq, övlad böyüdəcək, ona tərbiyə verəcək. Necə tərbiyə verəcək?! Qəzet tanımayan ana övladına nə ilə tərbiyə verəcək, sevgi musiqiləri ilə, ya bayağı müğənnilərin əzbər bildiyi xarakteristikası ilə.
Evə gələ-gələ yadıma rəhmətlik atam düşdü. Mənə qəzeti də, kitabı da sevdirən o, olmuşdu. İndi durub yalandan hapa-gopa basa bilmərəm ki, gözümü açıb evimizdə nəhəng kitabxana gördüm. Təbii ki, belə deyil. Atamın xudmani, balaca kitab şkafı, içərisində də bir az maraqlı kitabları vardı. Onların da xeyli hissəsi ədəbi dərsliklər idi. Amma məsələ burasında idi ki, gözümü açandan onu kitab, qəzet, jurnal oxuyan görmüşdüm. Hər gün dərsdən evə gələndə onun qoltuğunda bükülü qəzetlər olardı. İl başlayan kimi atamın ilk işi qəzet və jurnallara abunə yazılmaq olurdu. Bu səbəbdən mən də qəzetin, kitabın nəsə vacib bir şey olduğunu hələ uşaqlıq illərindən anlayıb başa düşmüşdüm.
Elə isə bu gün nə baş verdi? Harda qaraya büründü bizim elə qara bəxtimiz? Mirzə Fətəli Axundovun, Mirzə Cəlilin, Əbdürrəhim bəy Haqverdiyevin, Naxçıvanlı tacirdən min bir zillətlə borca pul götürüb Tiflisdə fəaliyyət göstərən mətbəəni alıb "Molla Nəsrəddin" kimi bir jurnalın yaranmasına şərait yaradan Ömər Faiq Nemanzadənin çəkdikləri zəhmət boşamı getdi?! Nə baş verdi ki, 21-ci əsrin sinəsində dayandığımız halda qəzet və albomu ayırd etməyi bacarmayan nəsil yetişdi. Necə olacaq indi bu nəslin halı? Bunlar özlərindən sonra gələn nəslə nə öyrədəcəklər?
Əslində təəccüblənmirəm də. Çünki Mikayıl Güllədinoğlu, Zaur Baxşəliyev və digər bu kimi adamların, efiri "bəzəyən" şit müğənnilərin "əziyyətləri" boşa getmədi. Nəticə hasil oldu ki, onu da yuxarıda nəql etdim. İndi belə məsələlərdə marağı olan hər kəs başını yastığa qoyub rahat yata bilər.
Yazının sonun isə Yusif Vəzir Çəmənzəminlinin "Bir cavanın dəftəri" kitabında yazdığı bir abzası əlavə edirəm. Bu da qəzeti tanımayan gəncliyi yetişdirənlərə kiçik bir gözdağı olsun!
"İstəyirəm məhəllə müsəlmanlara dair bir məqalə yazam, göndərəm qəzetə. Bir də deyirəm, qoy qalsın. Buranın müsəlmanları, ya Mərakeş müsəlmanları-fərq yoxdur. Hamısının azarı avamlıqdır. Məktəb lazımdır. Məktəb olmasa, fikirlər pasdan xilas olmaz. Bu nəsil gərək özbaşına qoyulsun, gələn nəslə tərbiyə və təlim verilməlidir. O, böyüdükcə köhnə nəsil ölüb gedəcək və eyiblərini də özü ilə aparacaq. Ona görə də bu nəsli tərpədib acıqlandırmamalı. Elə eləməli ki, övladlarını yeni üsul milli məktəbə göndərsinlər. Vəssalam. Yoxsa, yüz min vəz eləyəsən Kərbəlayi Əsəd dönüb avropalı olmayacaq. Köhnə adamları təzələmək həm o adamlara ziyandır, həm də millətə."

TƏQVİM / ARXİV