adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Canavar ovu!!

TURAL SAHAB
68856 | 2014-05-22 00:00
Yanvarın sonları idi, yaxşı yadımdadı. Qış bütün namərdliyi ilə qonaq gəlmişdi kəndimizə. Rayonla bütün əlaqələr kəsilmiş, həyat donmuşdu. Bütün gözəlliyi ilə yağan qar, bütün nifrəti ilə donduran şaxda və ən dəlisov halı ilə əsən soyuq külək təzadlar simfoniyası yaradırdı. Kənd evlərinin bacalarından çıxan tüstü göy üzünə doğru uçan yaralı bir durnanı xatırladır, evlərdə sobanın kənarında isinən uşaqlar yazın əvvəllərində çıxan Qargülləri kimi utanqac bir cəsarət göstərirdilər. Həyətlərdə qardan adamlar da görsənmirdi hələ, uşaqların əyləncəsi yox, qorxusu olmuşdu bu qar. Gecələri soyuq küləyin səsi vahiməli bir hal alır, hələ bir də uzaqlardan kəndə yem tapmaq ümidi ilə enən canavarların səsi də küləyə qoşulduqda yataqda yatmağa qorxurdu insan. Balaca uşaqlar tək yatmağa qorxduqları üçün baba, nənələrinin yatağına sığınır, illərin təcrübəsi alında qırışa dönən baba nəfəsi körpələrə laylay deyir və onları yuxuya verirdi.
Gecələrin birində hər zaman bizi qoruyan itimizin səsi yaman boğunuq gəldi, çölə çıxıb, nə qədər hay-küy eləsəm də olan, olmuşdu. Vəfalı dostumuz bir ac canavarın dişlərində zingildəyə-zingildəyə gedirdi. Arxasınca çarəsizcə bir xeyli baxdım, evimizin yanındakı dərəni keçəndən sonra onun səsi daha gəlmədi, çox güman ki, canavar onun şah damarını dişləri ilə kəsib öldürmüşdü. Daha həyətimizdə səsi ilə balacalara dayaq olan, itimiz yoxdu. Bu qarlı qışda başqa bir it tapmaq da qeyri-mümkün olduğundan, bu itki bizi daha çox üzdü. Ən çox üzülən də uşaqlarım oldu. Yeddi yaşlı oğlum özünü kişi kimi aparmağa səy göstərsə də, beş yaşlı qızım günlərcə ağladı. İti küçüklüyündən həyətimizə gətirmişdim, uşaqlar ona baxır, onunla oynayırdı. Böyüyəndə də bu vəfalı it, balaca uşaqlarıma toxunmadı, sanki dil bilirmiş kim onları qoruyurdu. Böyüklərin zəncirindən tutmağa qorxduğu bu it, oğlumun əlində balaca bir küçük kimi davranır, quyruğunu qısır, mehribanlıqla hürürdü.
O qış canavarların qəzəbinə tuş gələn təkcə bizim itimiz olmadı, onlarla iti canavarlar apardı. Bu ciddi bir təhlükə idi, çünki kənd əhlinin əsas dolanış qaynağı olan heyvanları itlər qoruyurdu. Tövlələrdə saxlanılan heyvanları hər an təhlükə gözləyirdi. Heyvanların ölümü isə insanların ac qalması, fəlakəti demək idi. Qar yağmağa başlayanda camaat birləşib bir inək kəsər, aralarında paylaşardılar. Ət bitdikdə isə başqa bir heyvan kəsilirdi. Bu kəsilən heyvanlar əsasən qocalıb, bir daha bala verməyəcək olan heyvanlardan seçilirdi.
İndi insanların qida, gəlir mənbəyi olan heyvanları canavarlar parçalasaydılar, vəziyyət heç yaxşı olmayacaqdı. Canavar sürüyə daxil olduqda içindən birini aparıb, getmirdi. Bütün sürünü öldürür daha sonra isə birini dişləri ilə belinə atıb, aparırdı. Canavarın yaraladığı heyvan da heç vaxt sağalmırdı, nədəki kəsilirdi. Canavarın xəstə ola biləcəyindən ehtiyatlanan əhali yaralı heyvanı öldürüb, itlərə yem edirdi. Qurulan tələlər də bir işə yaramırdı. Hava pis olduğundan kəndin qırağına çıxa bilmirdik, tələni kəndin içində qurur, lakin heç bir nəticə əldə edə etmirdik. Sanki dil bilən canavarlar tələyə düşümür, yenə öz işləri ilə məşğul olurdu. Gecələri heyvanlara keşik də çəkmək olmurdu, gündüzləri soyuq olan kənd, gecələri adəta bir cəhənnəmə çevrilirdi. Kim bu soyuqda çöldə dura bilərdiki, heç kim. Çöldə beşcə dəqiqə qalmaq donmaq üçün bəs edərdi. Sabaha qədər yanan sobanın yanına qoyduğumuz yataqlarımızda güclə soyuqdan qorunurduq. Anacaq fikrimiz çöldə, heyvanların yanında qaldığı üçün yuxumuz gözümüzdən gəlirdi.
Və bir gün qorxduğumuz başımıza gəldi, canavar qonşumuz Cəfər kişinin tövləsinə girib, beş qoynunu öldürdükdən sonra, birini də aparıb, getmişdi. Daha gözləmək olmazdı, canavarlara göz dağı verməsək, kənddə bir tək canlı qalmayacaqdı yaza qədər.
Kəndin ağsaqqalları bir yerə yığılıb, çox dərdləşdilər, danışdılar. Ən sonunda qərara gəldilər ki, canavar ovuna çıxıb, onlara dərs vermək lazımdır.
Kəndin bütün silahlı, ürəkli kişiləri bir yerə yığılıb ov planları qurmağa başladılar. Mən də onların içində. Belə qərara gəldik ki, ovun ilk günü bir neçə iz bilən adam kəndin girəcəyindən başlayaraq, dağların ətəyinə qədər tələlər quraq. Daha sonraki günlərdə isə hücuma keçib, canavarlardan külli miqdarda öldürüb, kəndin girəcəyində hündür ağaclardan asaq. Bir inanışa görə belə edərsək canavarların gözləri qorxar və bizim kənddən uzaq olarlar. Canavarlar yırtıcı olsalar da ailə sistemi ilə yaşayan tək-tük heyvanlardan biridir. Onlar burada itki ilə üzləşərlərsə, bir daha yoldaşlarından birini itirməmək üçün uzaqlaşacaqlar bu obadan. Axşamdan vədələşib, evlərimizə dağıldıq. Səhərin ilk aydınlığı ilə mən, Cəfər kişi və digər bir neçə adam yola çıxacaqdıq. Yatdıq, gecə yel qanadında keçdi və sabah açıldı.
Sabah açıldı. Günəş görsənmirdi, lakin öz işığı ilə, aydınlığı ilə özünü hiss elətdirirdi. Qar yağması dayansa da, soyuq şaxda qarın əriməsinə izn vermirdi. Qar az qala belimizə qədər çıxırdı bəzi yerlərdə. Bir izlə getməyə başladıq. Hamıdan güclü və böyük olan Cəfər kişi öndə iz aça-aça gedir, biz də onun ardınca, onu izləyirdik. Ağ saqqalları olan bu kişi üzündə illərin təcrübəsini, cəsarətini daşıyırdı. Soyuq külək qarı onun üzünə vurduqca, cod üzü, mənalı saqqalı ilə daha da cəsarətli görsənir, bizə də ürəkli olmağımızı deyirdi mimikaları ilə. Gündüzlər heç vaxt canavar olmazdı buralarda. İnsanların canavarlardan qorxduğundan daha çox qorxurdu canavarlar insanlardan. Ancaq nə yazıq ki, başqa yolları yoxuydu. Kəndə gəlməsələr aclarından öləcəkdilər.
Yavaş-yavaş yol gedir, harada canavar izlərinə rast gəlsək, ora bir tələ quraşdırırdıq. Çox maraqlı olan yalnız bir canavar izinin olması idi. Bizə bu hal qəribə gəlsə də Cəfər kişi gülərək, canavarların da bizim kimi tək bir izlə, öz liderlərini izlədiklərini dedi. Düşməni tanıdıqca, onun ağlı, cəsarəti bizi qorxutmurdu, deməyəcəm. Qəribə bir vahimə bürüyürdü canımızı. Babamdan eşitdiyimə görə canavarla qarşılaşan insanın bədənindəki bütün tükləri biz-biz olarmış. Bu düşüncələrlə addımlayırdım. Axırıncı tələni bir qayanın dibinə quraşdırdıq, kənddən xeyli uzaqlaşmışdıq, qar da yağmağa başlayırdı, geri qayıtmalıydıq. Gəldiyimiz izlərlə geriyə qayıtdıq. Kəşfiyyat xarakterli ilk ovumuz uğurlu olmuşdu, tələləri başarı ilə istədiyimiz yerlərə quraşdırmışdıq.
Gecəni yata bilmirdim, bir canavarı tələdə görmək mənə çox maraqlı gəlirdi. Azadlığına bu qədər vurğun olan bir canlını tələdə görmək, bu düşmən belə olsa məni incidirdi. Bir təhər yuxuya getdim. Gecə sabaha qədər qəribə-qəribə yuxular görür, tez-tez ayılırdım. Həyat yoldaşım həmişə deyirdi ki, insan ən çox nədən düşünürsə, yuxusunda da onu görür. Mənim düşüncəm də, ancaq canavarlar olduğundan, gecə yuxularım da canavarlarla bağlı idi. Birtəhər gecəni sabah elədik, sabah ovun ikinci günü idi. Dayanmaq olmazdı. Bu gün canavarlara ilk zərbəni endirməliydik. Sabah tezdən dünənkilər bir də bir neçə adam yola çıxdıq. Bu gün hava dünənkindən betərdi. Güclü qar yağır, göz-gözü görmürdü. Küləkdə ki, bir yandan əsəblərimizlə oynayırdı. Yenə öndə Cəfər kişi, arxada biz gedirdik. Tələləri bir-bir yoxlayırdıq, hələ ki, heç birində ov yox idi. Bu hal bizi bir az üzsə də, rudan düşmədən irəliləyirdik. Tələyə düşən bir canavar bizim üçün çox önəmliydi. Onu sağ-salamat kəndə gətirməliydik, çünki yaralı canavarı kəndə yaxın bir yerdə ağaclardan hazırladığımız qəfəsə qoyub, gecə canavarların onun səsinə gəlməsini gözləyəcəkdik, gəldikləri zamansa onlara heç vaxt unuda bilməyəcəkləri bir dərs verilməli idi, plana görə.
Bir az getdikdən sonra üzümüz güldü tələyə bir qara canavar düşmüşdü, yaralı olsa da hələ yaşayırdı. Onu hələlik orada qoyub, yolumuza davam etdik, çünki bütün tələlər yoxlanmalıydı. Nəhayət ki, axırıncı, qayanın dibinə qoyduğumuz tələnin də yanına çatdıq. Burada da bir canavar vardı. Bu dişi bir canavardı döşlərindən anladıq, dişi olduğunu. Yoxsa bu çovğunda onun cinsinə baxmaq barədə kimsə düşünməzdi. Sağ, ön ayağından tələyə düşüb, yaralanmış, çoxlu qan itirmişdi, lakin hələ yaşayırdı. Azad etsək bu yaradan ona ölüm olmazdı. Bir an qəlbimdə mərhəmət hissi baş qaldırsa da, elə o dəqiqə itimizin son zingiltisi qulaqlarıma gəldi. Tez fikrimdən vaz keçdim. Canavara yaxınlaşıb, onu tutmaq, tutmaq və kəndə gətirmək istədik. Lakin bizi görən yaralı canavar ətrafa qorxu saçmağa başladı. Onun ulaması bizi vahimələndirdi. Tələdə olan o azad və silahlı olan bizləri qorxuda bilirdi, özü isə bizdən qorxmurdu, bunu gözlərində oxumaq olurdu. Yaxınlaşmaq istəyəndə dişlərini elə şaqqıldadırdı ki, ən cəsarətlimiz Cəfər kişi belə yaxınlaşmağa qorxurdu və geri çəkilirdi. Vaxt itirmək olmazdı, əlimizdəki ucunda biz dəmirlər olan ağaclarla ona yaxınlaşmağa başladıq. Onun olduğu yer üç yanı uçurum, sadəcə bir çıxışı olan bir qayanlıqdı. Yəni buradan xilas olsa belə əlimizdən qurtula bilməzdi. Getdikcə ona yaxınlaşırdıq. Birdən qəribə bir hal baş verdi. Yaralı canavar cəld bir hərəkətlə yaralı ayağını dişlədi, öncə nə baş verdiyini anlaya bilməyib, bir az duruxduq. Bu ona az da olsa zaman qazandırdı. Canavar tələdəki ayağını dişləri ilə kəsib, özünü hündür qayalıqlardan aşağıya atdı.
Heç kim danışmırdı, geriyə dönərkən. Tələdə olan digər canavarı götürüb, kəndə qayıtdıq. Onu qəfəsə salıb, gecənin gəlməsini, böyük ovun başlamasını gözləyirdik. Mənsə hələ də özümə gələ bilmirdim, birdən bir xəyal məni ildırım kimi vurdu. Uşaqlığıma, keçmişimə qayıtdım bir anlıq və babamın; - oğlum dişi bir canavarı sağ ələ keçirmək olmaz - sözləri beynimdə dolandı. Gözlərimdən axan yaşlara əngəl ola bilmədim. Qızım - ata niyə ağlayırsan sulanı verdikdə verəcəyim bir cavabım yoxuydu, yaxşı ki, xanımım araya girib; - qızım atan ağlamır, sadəcə gözləri ağrıdığı üçün gözlərindən yaş gəlir, dedi. Məni böyük bir yükdən xilas eləmişdi.
***
Günəş sonuncu nəfəslərini də soyuq havada alıb, dağların arxasında gözdən itdi. Gecə gəlmişdi, bir azdan canavarlar kəndə enəcək, insanlarla savaşları başlayacaqdı və bu savaşda insanlar qazanacaqdı. Bir canavar nə qədər cəsarət göstərsə də insan oğluna qalib, gələ bilməzdi. Qəfəsdəki canavar durmadan ulayır, yoldaşlarını yardıma çağrırdı. Onun səsində qorxan uşaqlar yataqların altında gizlənirdilər, qız-gəlin isə rəngi qaçmış halda bu işin bir an öncə bitməsi üçün dua edirdi. Canavar isə dayanmadan ulayırdı. İsti nəfəsi soyuq havada bilinir, o uladıqca sanki alovlu bir ocağın tüstüsü ərşa doğru yüksəlirdi. Qəfəsi düz kəndin girəcəyinə, evlərin yaxınına qoymuşduq və evlərdə pusquda gözləyirdik. Bir az sonra canavar sürüsü qəfəsin yanına gələcək, biz də atəş açaraq onları məhv edəcəkdik. Birdən kənddə hay-küy başladı, kəndin digər tərəfində canavarlar bir tövləyə hücum etmişdilər. Biz, bütün silahlı ovçular tez həmin tərəfə qaçdıq, havaya atəş açır və onları heyvanlara zərər vermədən qorxudub, qaçırmaq istəyirdik. Biz ora çatanda artıq canavarlar çoxdan kəndi tərk etmişdilər. Heç bir heyvana toxunulmamışdı. Bizə buna çox sevindik, ancaq bu hay-küydə qəfəsdəki canavarı unutmuşduq. Tez qəfəs olan yerə qaçdıq, bir də nə görsək yaxşıdırğ - Qəfəsdəki canavar ölmüşdü. Bunun necə olduğunu ancaq ora yaxınlaşanda anladıq. Yoldaşlarını qəfəsdən xilas edə bilməyəcəklərini anlayan canavarlar onu bizlərin əlində qoymaqdansa, şah damarını kəsərək öldürmüşdülər. Bizlər bir dəfə daha, canavarla məğlub olmuşduq. İndi içimizdəki qorxu daha da artmışdı. Şüursuz dediyimiz heyvanlar, ağıllı savaşçılar kimi davranır və qalib gəlirdilər. Daha doğrusu, onlar müdafiə taktikasi uyqulayır və hər dəfəsində pusqudan xilas ola bilirdilər.
Bu insanlarla canavarların savaşı deyildi. Bu canavarların həyat uğrunda, elə bizlərində yaşamaq üçün apardığı mübarizə idi. O heyvanları aparmasalar onlar, aparsalar da bizlər acından ölərdik. Yəni canavar sürüsü hələ bizləri çox narahat edəcəkdi. Bu arada qar az da olsa ərimişdi. Mən də gedib, qonşu kənddən bir qoyun əvəzində canavarlarla döyüşə biləcək bir it alıb, gətirmişdim. Bu çox maraqlı bir itdi. Ayağının biri tələyə, canavar tələsinə düşmüşdü. İlk öncə bu üç ayaqla neynəyə biləcəyini düşünsəm də, tezliklə bu fikrimdən azad oldum. Adı Qanıxdı, bu ağ itin. Yolda gələrkən birdən qarşıma boz bir tülkü çıxdı. İndi onun bir qoyuna dəyib, dəyməyəcəyini anlamağın tam zamanı idi. Zəncirini açıb, onu ovunun arxasınca göndərdim. Üç ayaqlı Qanıx bir göz qırpımında tülkünü tutub, öldürdü. Boynundan tutub, sürüyə-sürüyə yanıma gətirdi.
Bu kəndin itləri balacalıqdan, ancaq savaş üçün yetişdirilirdi. Sahibi onun zəncirini açıb, kimə versə yeni sahibi o olurdu, ona itaət edirdi. Beləliklə Qanığı həyərimizə gətirdim. Balcaların sevincinin həddi-hüdudu yoxuydu. İndi yenə bizim həyətdən it səsi gələcək, balacalarım da rahat yata biləcəkdilər.
Ovçular isə daha diqqətlə hazırlanırdı ova. Canavarları gündüz tapmaq olmazdı. Günəş doğan təki, bu yırtıcılar çox uca zirvələrə qalxır, gecə isə ov üçün kənddə gəlirdilər. Artıq hər kəs əlində tüfəngi sabaha qədər gözləyirdi. Yenə gecəydi. Ay işığı qarın üzərinə düşür, biz tərəfdə şavaşlıq deyilən bir hal olurdu. Mən də gündüz yatmış, indi isə pəncərənin kənarında canavarları gözləyirdim. Qanıx isə həyətdə hürür, bizlərə həyan olurdu. İt səsindən qorxmurdu canavarlar. Bu kənddə çox iti apardıqları üçün elə it səsi gələn tərəfə gəlir, iti aparırdılar. Yəqin ki, bu dəfə də Qanığı aparmaq üçün gələcəkdilər, ancaq bu dəfə onlara izn verməyəcəkdim. Balacalarımın bir dəfə daha ağlamasına, pis olmasına razı ola bilməzdim. Birdən vahiməli bir səs kəndi başına bürüdü. Bəli, onlar gəlirdilər, özü də bizdən qorxmadıqlarını göstərərcəsinə uluya- uluya. Əynimi geyib, hazır dayandım. Qanıx da daha hürmür, sakitcə gözləyirdi. Elə bu an bayırda boğuşma səsləri gəldi, tez həyətə qaçdım. Kəndin dörd bir yanından atəş səsləri eşidilirdi. Mən həyətə çıxanda üç canavarın Qanıxla boğuşduğunu, onu aparmağa çalışdığını gördüm. Bu dəfə canavarlar da deyəsəcən şoka düşmüşdülər, ilk dəfə birisi onlardan qorxmur, bir neçə canavarla savaşacaq qədər cəsarət göstərirdi. Qanıx canavarlardan birinin boğazından yapışdı, canavar nə qədər zingildəsə də it onu buraxmır, ayaqlarının altına salıb, boğurdu. Digər ikisi isə iti parçalamağa çalışırdı. Tez atəş açdım, canavarlardan biri zingildəyib, yerə yıxıldı. O biri canavar qaçmağa çalışsa da, Qanıx da onun arxasınca gözdən itdi. O biri canavar isə yerdə xırıldayırdı. O gecə bütün kənddə canavarlara qarşı amansız bir mübarizə oldu. Onlarla canavar öldürüldü.
Bu bir yaşamaq mübarizəsi idi və biz yaşamaq üçün oları öldürməyə məcbur idik. Sabaha qədər Qanığın gəlməsini gözlədim, canavarların onu kəndin qırağına aparıb, öldürəcəyindən qorxurdum, lakin səhərə yaxın qanlar içində o gəlib çıxdı. Buna çox sevindik. Sabah onun yaralarını bağladıq və o, tezliklə sağaldı. O gecədən sonra bir daha bizim kəndə gəlmədi, canavarlar. Ov bitmişdi, lakin mən yırtıcı da olsa, bu heyvanlardan çox şey öyrənmişdim. Onu da deyim ki, nə qədər ac olsalar da, biz atəş açsaq da, onlar heç vaxt bizə hücum eləmədi, sadəcə yaşamaq istəyirdilər.

Tural SAHAB

TƏQVİM / ARXİV