Bənövşənin bənövşələri

VAQİF YUSİFLİ
44827 | 2016-12-10 10:21
Həsrət nə ağırdır, çəkə bilmirəm,
Üzümə bağlıdır yolu dağların.
Daha öz yurduma köçə bilmirəm,
Uzanılı qalıb qolu dağların.

Kəkotu, əvəlik, qırxbuğum, şomu,
Özgədir ləzzəti, başqadır tamı.
Min dərdə dəvadır bir gülün qomu,
Sinəsi dərmanla dolu dağların.

Beşbulaq yaylağı, Bacılı düzü,
Qatarpdaşın yayı, Qırxqızın yazı,
Kişnəyir köhlənlər, mələşir quzu,
Gözəldir həm sağı, solu dağların.

Zirvəsində daşdan qala quraydın,
Keşiyində gecə-gündüz duraydın.
Bitib bənövşə tək boynun buraydın,
Olaydın Bənövşə, qulu dağların!

Həsrət qaldığı Laçın dağlarına böyük nisgillə yazdığı bu şeirin müəllifi Bənövşə Daşdılıdır. Laçında balaca bir kənddir Daşdılı, gözəlliyi göz oxşayan bir kənd və Bənövşə xanım o kənddə dünyaya göz açıb. İndi o kəndi tez-tez yuxularında görür. Şeirlərinin əsas mövzusu isə Laçındır, onun dağlarıdı, meşələridi, kəndi Daşdılıdı.
Doğma torpaq, doğulduğun kənd, ocaq, ana mehri, hətta oradakı bir solğun yarpaq belə illər keçdikcə xəyallarına qovuşur. Amma bu xatirələr təkcə xəyal deyil, hər gün canında, qanında yaşanan hisslərdir.
Bənövşə Daşdılı hisslər, duyğular, xatirələr şairidir. İndiyə qədər çap etdirdiyi "Yurd həsrəti", "Bənövşəsi solan Laçın", "Səndən aralı" və "Sən yanımda olmayanda" şeir kitablarında da duyğulu şeirləri ilə qarşılaşmışıq.

O əsir qarlı dağlardan
Görünən mənim elimdir.
Şaxta vuran o tağlarda
Saralan mənim gülümdür.

Çadırları qurulmayıb,
Ceyranları vurulmayıb,
Bulanıqdır, durulmayıb,
Ağlayan Ala gölümdür.

Çiçəkləri saçın yolur,
Balı pətəyində qalır,
Nə otları naxış salır,
Nə biçin yeri kilimdir.

Torpaqları torpaq deyil,
Yarpaqları yarpaq deyil,
Bulaqları bulaq deyil,
Gözümdən axan selimdir.

Laçın həsrətiylə yazılan çox şeirlər oxumuşam, amma Bənövşə xanımın bu şeiri doğrudan da bir həsrət çələngidir. Laçına qovuşmaq üçün küləyə üz tutur: "Qurban olum apar məni, ay külək, Bu həsrətdən qopar məni, ay külək!" deyir.
Bənövşə Daşdılının bir neçə şeiri bənövşəyə həsr edilib. Bəlkə də bunda bir sirr var, adı Bənövşə, şeirlərinin qəhrəmanı da bənövşə. Amma şeirlərində bənövşəyə bu məftunluq, bu heyrətamiz sevginin bir səbəbi ola bilər: o da təbiəti, onun zərif güllərini, çiçəklərini, hər ağacını, o ağacın hər yarpağını sevməkdir.

Sən dağ çiçəyisən, dağ gözəlisən,
Gedib özgə yeri gəzmə, bənövşə.
Sevgisindən küsən gözəllər kimi,
Boyun büküb, dodaq büzmə, bənövşə.

Qurbanidən üzü bəri Azərbaycan poeziyasında bənövşə vəsf edilib. Bənövşə çiçəyi gözəllik rəmzi kimi şairlərin şeirlərinin zərif qəhrəmanı olub. Bənövşə Daşdılı da bu ənənəni zərif misraları ilə yaşadır.

Mən sənə baxmaqdan doymadım axı,
Heç zaman qəlbinə dəymədim axı.
Bircə ləçəyinə qıymadım axı,
Sən də ürəyimi üzmə, bənövşə.

Çiçəklə insan kimi danışmaq, onu da öz həmdəmi sanmaq təbiət şairlərinin içindən gəlmir. Şair öz içindəki, duyğularındakı təbiətdən əsl təbiətə boylanır. Bənövşəyə həsr etdiyi başqa bir şeiri də Bənövşə xanımın ən yaxşı şeirlərindən biridir. Daşın arasında bitən bir bənövşə görür Bənövşə xanım, duyğuları dilə gəlir:
Boynunu əyibdir vətən qəmindən,
Hara getsə ona yetən qəmindən,
Bağrının başında bitən qəmindən,
Boğur gözlərində yaş bənövşəni.

Bu şeirdə iki obraz diqqəti cəlb edir: Bənövşə və Daş. Zəriflik və Sərtlik. Bənövşə zəriflikdə çiçəklərin ən gözəlidir və əsrlər boyu poeziyamız bu zərifliyi tərənnüm edib. Amma sən demə, zəriflik sərtliyin önündə daş olarmış. Bənövşə daşa dönür. Amma şeirin sonunda təskinlik tapır:

Baxma, boynun büküb ellər içində,
Sıxılıb daş barmaq, əllər içində.
Çiçəklər içində, güllər içində,
Yaradan yaradıb baş bənövşəni.

Bənövşə Daşdılının şeirləri bizim hamımızın gözümüzün, qulağımızın, hissiyyatımızın alışdığı qoşmada, hecada yazılıb. Demək olar ki, bu şeirlər dilimizin zərifliyinə, incəliyinə heç bir xələl gətirmir. Hiss olunur ki, Bənövşə xanım xalq şeirinə, aşıq poeziyasına yaxşı bələddir. Fikrini sadə, amma obrazlı şeir dililə ifadə etməyə çalışır. Bəzi şeirlərində az da olsa nəzərə çarpan zəifliklər (ayrı-ayrı misralar, bəndlər arasında məntiqi əlaqənin pozulması) nəzərə çarpsa da, əksər şeirlərində sözün, ifadənin gözəlliyinə diqqət yetirir.
Bənövşə Daşdılının sevgi şeirləri də öz səmimiyyəti ilə seçilir. Bu şeirləri bütövlükdə yaşanılan hisslərin məcmusu adlandırmaq olar. Lirik qəhrəmanın keçirdiyi hisslərin təbiiliyinə inanırıq. Çünki sevgi insan qəlbində bir fırtına yaratmırsa, onu hisslərin burulğanına qərq eləmirsə, ondan danışmaq süni olar. Yanğısız sevgimi olar? Bənövşə xanımın lirik qəhrəmanı-eşqi həyatının mənası bilən o zərif qadının sevgiyə münasibəti "Ölməyə dəyər" şeirində belə ifadə edilib:

Gizli-gizli baxıb səni süzərsə,
Yoluna çiçəklər, güllər düzərsə,
Nə səndən yorulub, nə də bezərsə,
Düşərsə Məcnuntək çöllərə əgər,
Bax, onun Leylisi olmağa dəyər!

Əlbəttə, indi Məcnun dövrü deyil, kimsə Leylisinə çatmayanda səhralara düşsün. Amma Məcnun kimi eşqdə sabitqədəm olmaq gərək! Məcnunluq divanəlik deyil, aqillikdir.

Səni sultan bilib, səni xan bilib,
Öz canın unudub səni can bilib.
Canını yolunda bir qurban bilib,
Fərhadtək Bisutun çaparsa əgər,
Bax, onun Şirini olmağa dəyər!

Təbii ki, indiki zəmanədə Fərhad kimi Şirin eşqinə fədaəkarlıq edən aşiqlər tapa bilməzsən. Bax, Bənövşə xanım elə bu həqiqəti nəzərə çarpdırır ki, sevən Aşiq Fərhad kimi bütün məşəqqətlərə dözməlidir. Beləliklə, sevginin klassik qəhrəmanları müasir sevənlər üçün bir örnəyə çevrilir.
Bənövşə xanımın qoşmalarında xalq poeziyasının ətri gəlir, desəm, bunu mübaliğə hesab etməyin. Amma onun qoşmalarında xalq poeziyasından nə qədər təsir dalğaları görünsə belə, o qoşmalar bu günün şeirləridir. Yəni təzə qoşmalardı:g

Fələk qılıncını vurub köksümə
Qəfil ürəyimi doğradı qat-qat.
Köklədi bəxtimi daim əksimə,
Qara saplar ilə bağladı qat-qat!

Salıb fırtınaya sıxdıqca sıxdı,
Soymadı qəzəbi, şimşəktək çaxdı.
Qoca palıd idim, köksümdən yıxdı,
Yandırıb sçinəmi dağladı qat-qat!

Yoxdur bir gümanı, yoxdu pənahı,
Görən Bənövşənimn nədir günahı?
Yüksəlib göylərə yenə də ahı,
Sel olub göz yaşı çağladı qat-qat!

Bənövşə Daşdılı el şairlərinin çox müraciət etdikləri deyişmələrə də maraq göstərir. Və onun Qalib Şamxal oğlu, Qalib Həsən oğlu və Səadət Gəncəli ilə deyişmələri aşıq ədəbiyyatının bu dəbdən düşməyən janrına bir təzə hava gətirir. Deyişmələrdə kiminsə qalib gəlməsi əsas şərt deyil, əsas odur ki, dərdini bölüşürsən, səni düşündürən məsələlərə münasibət bildirirsən.
Bənövşə xanıma yaradıcılığında uğurlar arzulayıram. Tövsiyəm budur ki, daha gözəl şeirlər yazsın, bir gün Laçının azad olunacağına inamı daha da artsın. Yenə də bənövşələrdən yazsın, onların qəmli görkəmindən yox, ətrindən, gözəllik saçan rayihəsindən yazsın. Və onun bir şeiri-bu şeir Allaha müraciətlə yazılıb-İnsan haqqındadır və hamımızın ürəyindən keçən bir misra ilə sözümü bitirirəm: "Nə olar, qocaltma, Allah insanı!"

TƏQVİM / ARXİV