Yeni il hədiyyəsi

İRADƏ İSHAQ
21764 | 2010-01-06 05:43
Az-çox balalarımız sevinir yeni ildə. Daha nağıllara inanmırıq. Çünki biz böyüklər əlimizdən inamımız, sevincimiz, ümidimiz alınıb. Allahın ətəyindən yapışmışıq. Elə buna görədir ki, çoxumuzun yolu falçıların qapısından keçib və keçir. Çünki bilirik ki, daha Allahdan və ya nəsə fövqəl qüvvədən başqa heç nə köməyimiz ola bilməz. Arxalandıqlarımız bizə əsəbdən başqa bir şey vermir çünki. Qanunlardan kənar bir həyat yaşayırıq. İnsan və ona sayğının sıfır olduğu bir yerdə təbii ki, uşaqlar da bu sıfırın altında qalıblar. Balalarımıza qayğı, sevgi bunlar artıq boğazdan yuxarı deyilən sözlərə çevrilərək TV-lər üçün efiri doldurmaqdan başqa bir şeyə yaramır da zatən. Elə bu Yeni ildə mən bir daha bu kəlmələrin fakt olduğunu bir daha məyusluqla duydum. Yəni bu qədər mənəviyyatsızlaşmışıqmı artıq onsuz da gələcəklərini zəhərlədiyimiz balalarımızın sağlamlığını da bəh-bəhli qutuların içərisində zəhərləyək?!
   
   Sözüm Yeni ildə hədiyyələr adı ilə balacalara sırınan üstü bəzək, içi təzəkdən də betər hədiyyə paketlərindən gedir. Elə bu hədiyyələrdən görünür uşaqlarımıza qayğımız. Üstü bəzək onun göstəricisidir ki, biz yalandan efirlərdə, orada-burada, uşaq bayramlarında xatırlayırıq ki, bu məmləkətin böyük bir hissəsini hüquqlarını hər gün tapdaladığımız balalarımız təşkil edir. Və ona 5-6 ulduz közərtisinin fonunda yalançı şənliklər düzəldirik. Üstü təzək isə məlum məsələdir. Boyalar altında gizlətdiyimiz gerçək üzümüzdür. İlahi, sən yalanı necə yaratmısan və onun saxta olduğu üçün necə eybəcər hala salmısan. Əhsən sənin qüdrətinə. Fikir vermisinizmi, balalarımız Şaxta Babadan bu paketi alanda necə sevinirlər, özlərini necə xoşbəxt hiss edirlər?! Bir də onu düşünün ki, onlar bu bəzəkli qutulardan çıxan hər bir şirnini necə həvəslə açırlar! Əvəzində isə iyrənc, insan sağlamlığına birbaşa zərbə vuran keyfiyyətsiz, bəzən vaxtı keçmiş, harada istehsal olunduğu bəlli olmayan şirniyyat növləri, peçenyelər, qurdlamış şokoladlar çıxır. Hansı mənəviyyata, hüquqa sığır bu hədiyyələr?!
   
   Biz nə qədər qəribə millətik, ilahi?! Ölkənin ən nüfuzlu teatr səhnələrində də paylanır bu hədiyyələr. Hələ üstəlik, xəbərlərdə göstərdilər ki, Gəncədə uşaqlara paylanan bu hədiyyələrin içərisindəki şirniyyatların Ermənistanda istehsal olunduğu aşkara çıxarılıb. Nə deyəsən, kimə şikayət edəsən? Kim baxacaq? Hər şeyə dözürük, dözəcəyik, dözməliyik də. Sizin insafınız yoxdur, bizim də hünərimiz. Amma bəs bu körpələrə necə qıyırsınız, ay işbazlar! İş adamı olanda nə olar?! Mütləq mənəviyyatsızmı olmalısınız?! Əgər bir baxça müdirəsi ödənişsiz dövlət baxçasında ayda 20 manat pul alıb rahat şəkildə cibinə qoyursa və "nazirin sözü mənimçün heçdir, bu şəraiti özü yaradıb" deyirsə, uşaqlar üçün nəzərdə tutulan paltarlardan tutmuş, karusellərə qədər hər şey olduqca bahalı, eyni zamanda keyfiyyətsizdirsə bu məmləkətdə uşaqların Yeni il hədiyyəsi də belə olmalı idi. Əslində, bəlkə mən sadəlövhəm, gözləyirdim ki, heç olmasa ötən ilki hoqqanı bu il çıxarmayacaqlar. Axı, biz bu böhrandan tamamilə üzüağ çıxmışdıq. Yox, deyəsən mən də heç böyüməmişəm. Sonra nə haqla deyirik ki, biz insaflı millətik. Heç vəhşi tayfalar da öz övladlarına belə düşmən kəsilməzlər.
   
   Biz insaflıyıqmı, mədəniyikmi, ümumiyyətlə Koroğlunun nəsli niyə belə oldu? Axı, heç bizim bu günə düşməyimizdə günahkar bildiyimiz avropalılarda, türklərdə, ruslarda da belə analoq yoxdur. Kimdir müqəssir və yalançı özümüzdən başqa? Mən adi bir vətəndaş kimi bu günlə yaşayıram artıq, çünki sabaha inamım yoxdur. Mən VÖEN-lə işləməyə razıyam və məmnunam, çünki bu gün bu üsulla daha çox maaş alıram və mənim vecimə deyil ki, qocalanda təqaüdümü az alacam. Çünki heç qocalacağıma ümidim yoxdur. Bir məmləkətdə ki, körpəliyimiz məhv edilir, orada çətin ki qocalasan.
   
   Bu günün körpələri sizə arzum budur ki, kaş siz atalarınıza oxşamayasınız. Yediyiniz hər bir şirninin acılığında dərk edin bu millətin dərdlərini. Əlinizdəki qurdlamış şokolad kimiyik. Əlimizdən alıb atana ehtiyacımız var. Mədəd ya sizdən, ya Allahdan! Bizdən sizə bir xeyir gəlmədi. Üstəlik, hər şeyinizi zəhərlədik. Havanızı, yeməyinizi, beyninizi, təhsilinizi, hədiyyənizi, arzularınızı. Tanrı köməyiniz olsun, zəhərlənmiş balalar! Çünki biz böyüklər zəhərlədiklərimizə "soyuqlayıb, mədəsi xarab olub" deməkdən qətiyyən qorxmuruq. Amma siz qorxun. Allahsızlıqdan qorxun, başqa heç nədən. Yeni iliniz mübarək!

TƏQVİM / ARXİV