09 Sentyabr 2025 17:02
101
GÜNDƏM

AYNA aeroport ərazisinə daxil olan taksilərlə bağlı məsələyə münasibət bildirib

Taksi fəaliyyəti göstərən nəqliyyat vasitələri və onların sürücüləri üçün qanunvericilikdə müvafiq tələblər müəyyən edilib.

Adalet.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, taksi operatorları ilə qurulmuş səmərəli əməkdaşlıq nəticəsində bu tələblərin tam şəkildə tətbiq olunması istiqamətində məqsədyönlü işlər davam etdirilir. Xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər artıq müsbət nəticəsini göstərməkdədir:

"Bu çərçivədə Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində sərnişinlərə nümunəvi xidmətin təmin olunması məqsədilə qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl edilməsinin vacibliyi bütün taksi operatorlarının diqqətinə bir daha çatdırılıb. Qeyd olunan taksi şirkətləri məsuliyyətlərini qəbul edərək AYNA ilə birgə bu istiqamətdə əlavə tədbirlərin icrasına başlayıb", - deyə məlumatda qeyd edilib.