
Televizorun pultunu bayaqdan baş və şəhadət barmaqları arasında fırladan Azər özü də bilmədən dedi bu sözləri. Kanalı dəyişib "Çal-çağıra" baxmaq yaman ürəyindən keçirdi. Yanında oturan atası olmasaydı, əsl millətin bugünkü psixologiyasının əksi olan geyimi olduqca zövqlü, amma danışığı bozbaş iyi verən əkə-bükə aparıcının səviyyəsiz qonaqlarını necə prikola tutmasına çoxdan tamaşa eləmişdi. Hələ anasını da çağıracaqdı. Yazıq arvad dədəsinin bu siyasət marağı üzündən bütün maraqlı verilişlərə, "qonaqlıq şouları"na həsrət qalırdı. Dost-tanışın yanında biabır olacaqdı. Hamının xəbəri olacaqdı, o isə yenə də "şok açıqlamalar" barədə ondan-bundan xəbər tutacaqdı. Atasının qınağından yaman çəkinirdi. Hər dəfə də özünə söz verirdi ki, işə düzələsi olsa ilk maaşına iri bir televizoru kreditə götürüb o biri evə qoyacaq. Yaşı da az deyildi, 25-in qapısını döymüşdü. İşdən və işləmək arzusundan isə bir soraq çıxmırdı.
Vəfa Quluzadənin yeni şərhləri Azəri məəttəl qoymuşdu. Nəhayət ki, atası veriliş bitənə yaxın ona kanalı dəyişməyi söylədi. Amma başqa kanalın Xəbərlər buraxılışına. Kanalları dəyişəndə arada Elza Seyidcahanı gördü. Şam ağacına verəcəyi konsertin açıqlamalarına təzə başlamışdılar. Amma görüb görəcəyi bu oldu. Kanalları ötürüb arvadsifət xəbər aparıcısının üzərində dayandılar. Bu dəfə o, deyinməyə başladı:
-Bu özünü nə günə qoyub e. Saçı da başına bu qədər dolayıb göyə qaldırmaq olar, ay ata? Bu nə təhər xəbər aparıcısıdır? Bunlar xarici kanallara baxmırlar?! Tez-tez də elə danışır ki, özü də bilmir nə oxuyur. Saxlayıb bir yerindən sual versən gözləri bərələ qalar. Amma türklərin, rusların aparıcılarına baxırsan adamın ürəyi açılır.
Atası üstünə çəmkirdi:
-Az danış, qoy görək nə danışırlar?! Sən onun dərdini çəkmə e, o düzələr. Düzəlməsə də olar. Adamı var, bir şeyi var, oturub işləyir də. Sən də məcbursan yeməyə, yesən də yeməsən də gördüyündür. Düzəlməyən şeylərin dərdini çəkmək lazımdır. Bu dey ha. Türkiyə Ermənistanla protokolu imzaladı. Hələ nazirə bax, nə təhər irişir eee. Elə bil dədəsini qucaqlayıb Nalbəndin əvəzinə. Di qal yana-yana. Bu da sənə türk qərdeşlərimiz.
Axır ki, maraqsız təqdim olunan bu xəbəri atası rəngləndirə bildi. Azər ləngimədən:
-Gözünə dönüm, qardaş rusdur e. Heç gör ermənini boşlayır?! Amerika da dağılsa, xeyri yoxdur. Heyf ki, araları yoxdur də biznən.
Atası lap qəzəbləndi. Soyumuş çayından bir qurtum içib oğlunun başına yüngülcə şapalaq vurdu.
-Külü qoyum ağlına. Guya o, unverset dağılmışı qurtarmısan də sən?! Dağıl a, dünya! Ə, adam da özünə qardaş axtarar?! Ə, şərik yaxşı olsa idi Allah özünə götürərdi də. Ondan çox biləssən?! Doğulanda necə oluruq. Tək! Kim ki bir-birinə bitişik doğulur çox yaşamır, ölür e. Yəni qardaşın da özü yeri var. Otdelni. (televizora tərəf yana-yana) Ə, di götür dana bu silahı. Axşama kimi "stroy" gedirlər. Göydə ora-bura uçullar. Ə, maa göstərmə e, erməniyə göstər. Ə, türk adamı bir gün evində qonaq saxlamır. O adama ömürlük yol yoldaşı olandı?! Ə, başına dönüm sənin, qurvan olum saa, al dana hamımızın hayfını dədəm-nənəm saa qurvan. Qırıldıx batdıx axı.
Atanın ağzı köpüklənirdi. Azər dedi:
-Mənim uje türklərdən zəhləm gedir. Allaha and olsun, dədə. Ta onlardan dönər də alıf yemirəm. Qonşuluqdakı kirayənişin türklərə heç salam de vermirəm. "Abi-abi" deyə-deyə qalırlar. Əvəzində Styopa dayıya qəşəng bir araq aldım o gün. Necədir?
Azər heç gözləmirdi bu reaksiyanı. Əslində, belə bir şey eləməmişdi. Özü elə deyirdi. Heç olmasa bir dəfə atasının xoşuna gəlmək istəmişdi. Kişi qəfildən dayandı, səsi dəyişdi. Peşman bir ifadə çökdü gözlərinə.
-Niyə a bala?! Dədəni gülləliyiflər? Heç əmin oğlunu şəhid eləyən o, rusların kolbasalarını təpişdirəndə torpağını düşünmürsən, dönər yeyəndə boğazın tikilir?
Azər əslində dönər yeyirdi. Bir-iki dostu vardı. Onlar belə eləyib qürurlanırdılar. Amma Azər məsələnin o biri yanını düşünməmişdi. Qürurlanmağın, bayraqları hər yerdən götürmək təkliflərinin, türklərdən aralanmağın o biri başında bir milləti parçalamaq, bir-birinə nifrət etdirmək kimi bir siyasət dururdu. Əslində, yenə də bu biri tərəfini düşünmədi. Sadəcə düşündü ki, deyəsən dədəsinin yenə xoşuna gələ bilmədi.
-Dayan a bala, dayan. Heylə iş görmə haa bir də.
Azər lap maraqlandı:
-Niyə, ay dədə?!
Dədəsi indi başqa adam idi.
-Bala, biz bir millətik. Deyəsən, bu mafiya bizi içimizdən bölür axı. Gör, nəyin müzakirəsini aparırıq?! 2 müəllim adam belə düşünürsə, gör kütləni nə günə qoyublar e. Camaatı necə sındırırlar e, nur verə-verə. 2 ay bundan qabaq sənə belə söz desəydilər üzünə tüpürərdin həmin adamın. Bizim kimi vətənpərvər adamlar belə türklərdən uzaqlaşmışıq və bunun reaksiyalarını göstəririk. Düşmən də olsa, halal olsun onun planına. Ömürboyu türklər özləri-özlərini xoşluqla qırmayıblar. Həmişə onların güclənəcəyindən qorxub beləcə qızışdırıb, aralı salıb, bir-birinə nifrət oyadıb bizi qırdırıblar. Çaldırandan üzü bəri hamımız düşmən olmuşuq. Aralanıb lap gücsüzləşmişik. Heç tarix öyrətməyiblər, sənə?!
Başları boş mübahisəyə necə qarışdısa ayılıb baxdılar ki, "Xəbərlər" qurtarıb. Şapkadakı oğlan ox atır. Amma millət kimi onun da hədəfi bəlli deyil.
- Bu de qalmışıq paralellər arasında, dünya da bu haqsızlıqlara göz yumub, dilini çıxarır. Yəni bizi ələ salır. Nə isə. Ay bala, mən getdim yatmağa. Amma sən unutma. Nə qədər ki, gəncsən öyrən, oxu. Xəbərlərə bax, siyasi şərhləri dinlə. Məlumatın çox olsun. Sabah bir düşmənlə üzləşəndə heç nəyi bilməsən də tarixdən məlumatlı ol. Onsuz da barışmalı olacağıq. Bu namərdlər axır bizi barışdıracaqlar. Əslində, yenə də ziyana düşənlər biz olacağıq. Aradakı hadisələrə görə yox ha. Biz onsuz da unutqan xalqıq. Elə unudacağıq ki elə bil heç belə bir iş olmayıb. Danışanın da ağzından vurub repressiya edəcəklər. Bəla burasındadır ki, onlar unutmayacaq. Növbəti planlar qurub daha çox ərazilərə göz dikəcəklər. Axçilərini sırıyacaqlar gədələrimizə. Onlar da evimizi yıxacaq gülə-gülə. Bu de üçbucaq kanalı, üstündə də dana boyda göz. Millətin əxlaqını yıxırlar. Bu da bir növ düşmənçilikdir də. Nəyə göz qoyur bu göz. Əxlaqımıza göz qoymur e, izləyir yanlışlarımızı. İlk axsamada zərbəsini endirəcək.
Ata başqa sözlər də dedi. Amma Azər daha qulaq asmırdı. Yalandan başını tərpədirdi. Səsini də çıxartmırdı. Yalnız hörmət əlaməti deyildi bu susqunluq. Dillənmirdi ki, atası mübahisə etmədiyini görüb, tək danışmaqdan yorulub gedib tez yatsın. Müsahibi sakitləşdirən ən gözəl üsuldur bu. "Nə deyirsən, düz deyirsən!" Fontanı bağlamağın daha başqa yolu yoxdur. Çətini kişi çarpayıya uzanana qədərdir. Başını qoyan kimi yuxulayacaqdı.
O da açacaqdı üçbucaq kanalının iri gözünü, asta xodla Azərbaycan qadınından çox erməni mama rozalarına oxşayan silikon dodaq, kəsmə burun şansanetkalara baxıb-baxıb elə divandaca mürgüləyəcəkdi. Xəbəri olmayacaqdı ki, sonra onun üstünü örtən bacısı Azərin ekranın lap qabağına gələrək Bagiranın çəkmələrinə, göbəyi açıq köynəyinə həsrətlə baxır. Daha sonra yığdığı pulları hesablayaraq rəfiqəsi Günelə zəng edib şikayətlənir ki, "Allah onu necə bəxtsiz yaradıb, adi bir səs də verməyib. O, imkan Azərində olsa bilirsən Bakının küçələrində nələr eləyər!!!" Belə şirin arzularla da Azərin televizoru söndürüb yatağına getdi.
Atanın hərdən narahat sayıqlamaları otaqdakı ölü sükutu pozurdu. Yatanlar heç xoruldamırdılar da, mışıldayırdılar.