Ramazan yasağı (üstəgəl) bir nadana cavab

İRADƏ İSHAQ
12917 | 2009-09-12 05:49
Bu məmləkətdə Ramazan yasağı varmı? "Yox" deməyə tələsməyin. "Var!", özü də necə lazımdır. "Günahdır!" öz yerində. Amma bu məmləkətdə günah elə baş alıb gedir ki, onun hesabatını aparmaqda o dünyada belə xeyli çətinlik çəkəcəklər. Amma Allah vəd verir ki, mən günahkarları lazımi cəzasına çatdıracağam və bu mizan-tərəzidə heç nə qədərindən az, nə də çox gələcək. Əslində, bizi bir də bu ümid yaşadır ya, bizə pislik edənlərin Allahından bulması, orasını keçək mətləbə tərəf.
   
   Mən də ölkəmizin əksər sakinləri kimi dilimə kəlmeyi-şəhadət aldığımdan, Allahın birliyini, Məhəmmədin də onun rəsulu olduğuna şəhadət gətirdiyimdən ibadətlə məşğulam. Yəni oruc tutub, namaz qılıram. Və bütün oruc tutanlar kimi mənim Ramazan ayının feyzləri, Qədr gecələri, Məhəmməd peyğəmbərimizin mübarək hədisləri haqqında gözəl söhbətləri dinləmək ehtiyacım var. Yəqin ki, oruc tutanlar məni anlayar. Amma harada dinləyək? Bu qaçhaqov zəmanəsində az-çox sabit qərar tuta bildiyimiz yeganə məkan evdir. Məscidlərə getməyə elə də vaxt olmur. Müasir texnikanın da son həddə çatdığı bir dövrdə bu tələbatların ödənməsinə yeganə vasitə kimi telekanallarımız mövcuddur. Onların bəzi rəhbərlərinin xəbəri olmasa da, televiziya bu işə baxır, əslində. Bilgiləndirmək, əyləndirmək, maarifləndirmək. Çox təəssüf ki, bu 3 prinsipin heç biri bizim telekanallarımızda öz ünvanını tapa bilməyib. Hamısı alayarımçıqdır. Bu yerdə məsləhət görərdim ki, bizim yarımçıqlıq barədəki ibrətamiz sözləri yada salıb, atalarımıza və cəmi mütəfəkkirlərimizə bir Ramazan rəhməti oxumaqla savaba nail olasınız.
   
   Telekanallarımızda Ramazanla, dinimizlə bağlı bir tək veriliş yoxdur. Əvəzində düşük şoular, mənasız və çiyrindirici mövzulardan ibarət şouya qəti bənzəməyən həftəbecərlər baş alıb gedir. Elgizin, Muradın və karikaturaya bənzər neçə simanın özünü mədəniyyətə sırıma kompaniyası aktiv fəaliyyətdədir. Təsəvvür edə bilirsinizmi, bu insanlar bir müddətdən sonra "Azərbaycan mədəniyyətinə göstərdikləri xidmətə görə" xalq artisti adını almağa iddialı olacaqlar?! Axı, nə deyəsən? Neçə illik stajları var. Guya o biri əskiklərə verdilər - nə deyə bildik ki?! Sənətdə neçə illik stajları var idi?!
   
   Bəs nədir Ramazan yasağının səbəbi? Heç düşünmüsünüzmü? Elə bilməyin ki, bu sualı ona görə verirəm ki, səbəbini bilirəm. Qətiyyən bilmirəm. Bəzi kanallar dini filmlər verməklə, arada bir Ramazanın vaxtını yazmaqla həm xalq, həm Allah, həm də Allah bilir kimlərin yanında balanslarını qorumağa çalışırlar. Axı, ən azından iftar vaxtı bir azan və ya qısa anons xarakterli 2 dəqiqəlik bir rolik hazırlamaq olardı. Bununla həmin televiziya rəhbərləri vəzifəyə girəndən yüz dəfə kəsdirdikləri o qurbanların sayından çox savab qazana bilərdilər. Ən azından kiminsə işinə yarayardılar ki, peyğəmbər bunu böyük savab adlandırıb. Amma ayrı vaxt hamısı dəstə ilə həccə gedir, kabinetlərinə iri-iri Qurandan parçalar əks olunmuş lövhələr vurur, hətta müqəddəs kitabı şıq kabinetlərində ən gözəgəlimli yerdə saxlayır, hərdən də çıxarıb öpürlər ki, Allah onların xımır-xımır yediyi, yuxuda da görmədikləri bu televiziyalardakı vəzifələrini Əzrayılın yadına salmasın. Onların "bir tikə çörəyini" əlindən almasın.
   
   Əgər müsəlman ölkəsi deyiliksə, onda Obamanın səfirimizi iftar süfrəsinə dəvət etməməsini niyə həzm edə bilmirik? Yox əgər özümüzü İslam dövləti hesab ediriksə bu kimlərin təkidi ilə yasaqlanır?! Niyə iftara bir az qalmış bütün türk kanalları maraqlı Ramazan proqramları hazırlamaqda bir-biri ilə yarışa girir, əsl maarifləndirici layihələr hazırlayırlar, biz isə Pişiklə Sultanın "əlimi çəksəm namərdəm" şousuna baxırıq?! Haramız oldu İslam dövləti?! Bizim ixtiyarımız varmı cəmiyyətin bu televiziya kanalları ilə İslam paytaxtının Bakı olmasını dəqiqədə bir vurğulamağa?! Ya da yas keçirməyə yer davası aparmağın mənası nə?! Hərə ölüsünə yer tapacaq, ortada qoyan deyil. Bəlkə sənin ümidinə qalan müsəlman bəndələrinə də bir nəzər qılıb onların haqlarını qoruyasan? Ya şeyx, niyə Ramazanda sən özün də, heç olmasa, xüsusi dini günlərdə efirlərdə görünmürsən? Yoxsa səni də qonaq çağırmırlar?!
   
   Belə bir məşhur deyim var. Ya göründüyün kimi ol, ya da olduğun kimi görün. Görəsən, biz hansındanıq? Yazım sual işarələri ilə doldu, amma kaş bunların biri ritorik olaydı, cavablarını biləydim, amma məntiqə dayanan cavablarını, daha millətin mənəviyyatına sancılan xəncərləri yox!
   
   Qaldı "+ bir nadana cavab" məsələsi. Əslində, nadana cavab vermək doğru sayılmır, amma nadan az-çox ziyalı adam olanda, adam cavab verməyə bilmir. Tanınmış köşə yazarlarımızdan biri deyəsən xristian dinini qəbul edib. Deyəsən, ona görə yazmışam ki, bu adamı şəxsən tanımıram və mətbuatda gedən bir sıra yazılarda onun məqsədli şəkildə xristian dinini qəbul etdiyini oxumuşam. Söhbət Azərsiz Baycandan gedir. Yəni deyəsən o da yarımçıqlıq sindromunun ağır xəstələrindəndir. Savadına, istedadına əskik bir söz deyə bilmərəm. Görünür ki, mütaliəli adamdır. Amma çox pis bir şakəri var. Özünü Azərbaycanın Axundovu hesab edir. Müsəlmanlığı isə Allahın dalda qalmışlığı. Mən onu günaha batırmamaq üçün nadan (yəni dindən bixəbər) deyərdim ki, Allah günahından keçsin.
   
   Seymur bəy, əgər siz xristian dinini qəbul etmisinizsə çox yaxşı. İslam öz tolerantlığı ilə bütün dinlərdən seçilir. Və Allahın varlığını qəbul edən bütün dinləri xoş görür. Hətta dinimizdə bu məqam o yerə çatıb ki İsa həzrətlərinin peyğəmbər kimi qəbul edərək ən əziz məqamda rəhmətlə anılmasını tələb edir. Xristianlıq haqqında isə bunu demək olmaz. Amma məramım bu 2 dini müqayisə etmək deyil. Haşa, çox yanlış yaparam. Çünki hər ikisi tövhidi, yəni Allahın şəksiz varlığını təbliğ edir. Üstəlik peyğəmbərimizin öz dinini yaymaq üçün ona xeyli kömək edib yer verənlər də xristianlar olub. Mənim işim sizinlədir. Xristian dinini qəbul etmisiniz, Allah sizə hidayət versin, bir şey deyəcəyimiz yox. Amma başqa dinlərə çamur atmanıza nə deməli?! Bunu da nəzərə alın ki, dünyada din dəyişməyə görə islama gələnlərin sayı başqa dini seçənlərdən qat-qat çoxdur. Bütün dünya dinlərinin əsasında Yaradan durur. Sadəcə bu Yaradanın adı və ibadətləri fərqlidir. Hətta buddizm də dünyanın bir yaradıcısı olduğunu təsdiq edir.
   
   "Polislər" adlı yazınızda deyirsiniz ki, müsəlman ölkələri bədbəxtdir, xristian ölkələri xoşbəxt. Əgər elədirsə hər iki dinin mahiyyətinə baxın. Hər ikisi Allahdan danışır. Demək, hər ikisi bir olan varlığa müxtəlif üsullarla müraciət edib. Məntiq eynidir, onlar bir-birini danmır. Öz-özünü danan sizsiniz. Əgər dinlərə qarşısınızsa, Axundovun tərəfdarısınızsa sırf ateist olun, heç bir dini qəbul etməyin, o cümlədən xristianlığı. Əgər Allahın varlığını qəbul edirsinizsə, digər dinlərə də hörmətlə yanaşmağa məhkumsunuz. Əks halda səmimi xristian deyilsiniz. Çünki heç bir din insanı, onun inancını təhqir etmir, təriflədiyiniz Avropanın da konstitusiyasının əsas müddəalarından biri etiqad və vicdan azadlığıdır. Deməli, sizin Avropanız da insanların dini seçiminə gülməyi qadağan edir.
   
   Belə məlum olur ki, Avropanın inkişafına səbəb xristian olmaları deyil, onlar da Allaha ibadət edir. Allah da birdir. Tərəqqiyə səbəb onların aydın və dəqiq düşüncə tərzidir. Həm də orada hazırda sürətli şəkildə islama meyl var. Yəqin ki, siz də tez-tez islamı qəbul etmiş avropalılar haqqında xəbərlərlə rastlaşırsınız. Deməli, məntiqsiz danışırsınız. Siz nə müsəlmansınız, nə tam xristian, nə tam ateist, nə tam Avropalı düşüncəli, nə tam solçu, nə də tam postmodernist. Gah sovet dövrünü tərifindən, təhsilindən doymursunuz, gah Avropanın. Axı, bu cəbhələrdən birini seçmək lazımdır. Bu ziddiyyətiniz isə çox güman ki, yarımçıqlıqdan doğur. Bu da nadanlığın bir adıdır. Çünki nə demək istədiyinizi, hansı cəbhədə olmağınızı özünüz də bilmirsiniz. Siz hələ özünüzü təsdiq etməmisiniz. Ateistliyi də səviyyəli, elmi şəkildə qəbul etmək lazımdır. Kiməsə lağ edib, gülmək üçün yox. Xüsusən də bu məsxərə obyektləri sizin soydaşlarınızdırsa daha ehtiyatlı olmaq gərəkdir. Arzu edərdim ki, başqanı olacağınız AYO sizin bu yarımçıqlıq sindromunuzdan əziyyət çəkməsin. Yoxsa oradakı bir sıra istedadlı insanları da itirmiş olarıq.
   
   Başınızı qarpıza yox, faydalı şeylərə sərf edin. Ömür-gün gedir. Sizin gedişinizlə isə yolun hara gedib çıxacağı bəlli deyil. Çünki çox dolaşıqdır. Ayağınızı çox dolaşdırmayın. Sonra ağzı üstə yıxılarsınız. Bizdə də yıxılana gülməkdən başqa nələr edirlər yaxşı bilirsiniz!!!

TƏQVİM / ARXİV