adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

MEŞƏDƏ çAQQAL AZ iDi, BiR NEçƏSi DƏ...

BABƏK YUSİFOĞLU
45221 | 2012-11-15 14:57
Niyəsə hələ də elə vətəndaşlarımız var ki, ermənilərin nə vaxtsa türk düşmənçiliyindən əl çəkəcəklərinə, ağıllarını başlarına yığıb insan balası kimi bizimlə qonşuluq edəcəklərinə inanırlar. Amma təəssüf ki, onlar kökündən yanılırlar. Çünki bu, kin-küdurət onlarda artıq xəstəlik mərhələsinə keçib. Çünki heç bir xalq ona yaşamaq üçün yer verən, qucaq açan, nəhayət dövlət qurmasına imkan verən millətə bu mərtəbədə nifrət, pislik... edə bilməz- ermənilərdən savayı. Özü də bu anormallığın tarixi son 20-30 ilin "məhsulu" deyil. Bu xəstəliyin keçmişi 2-3 əsrə dayanır. Təxminən son yüz illikdə isə erməni ideoloqları xəstəlik həddinə gəlmiş həmin iddiadan küllü miqdarda pul da qazanmağa başlayıblar ki, bu da onlar üçün böyük biznesə çevrilib. Vazkeçilməz stimul yaradıb.
   
   Bu gün haylar Ermənistanın belə tanımadığı qondarma "Dağlıq Qarabağ respublikasının" müstəqilliyinin tanınması üçün ağıla gələn-gəlməyən hoqqalardan çıxırlar. Həmişə "erməni sevgisi" ilə seçilən Uruqvay siyasətçiləri son vaxt separatçılara dəstək verən fəaliyyətlərini daha fəallaşdırıblar. Tərəflər arasında "diplomatik səyahətlər", sövdələşmələr ara vermir.
   
   İki gün öncə Uruqvay Respublikası nümayəndələr palatasının rəhbəri Xorxe Orrikonun başçılıq etdiyi nümayəndə heyəti beynəlxalq qanunları tapdayaraq separatçı "respublika"ya təşrif buyurublar. Girdirmə qurumun girdirmə lideri Bako Saakyan da onları böyük təmtəraqla qarşılayıb. Erməni informasiya mənbələrinin yaydığı məlumatda bildirilir ki, tərəflər bir sıra vacib məsələləri müzakirə ediblər. Saakyan gələn "qonaqlara" bu vizit üçün çox minnətdarlığını bildirib, uruqvaylıları ermənilərin ən yaxın dostu kimi dəyərləndirib.
   
   Lakin məsələlər heç də bununla bitməyib. Danışıqlar zamanı Uruqvaydan gələn nümayəndə heyətinin üzvü, Ermənistan-Uruqvay parlamentlərarası dostluq qrupundan olan Ruben Martines Uelmo bəyan edib ki, ölkəsi "Dağlıq Qarabağ Respublikası"nı tanıyan ilk dövlət ola bilər. "Tanınma üçün səmimiyyətlə deyə bilərəm... Nəzəri cəhətdən bunun cavabı - "hə"dir. Eyni zamanda bu siyasi prosesdir və ona görə də məsələ tədricən həllini tapmalıdır. Biz bütün addımları hasablamalı, siyasi arqumentlər tapmalı, onları siyasi güclərə təqdim etməliyik".
   
   Xatırladaq ki, onların belə təxribatçı addımlarının analoqu artıq vardır. Belə ki, uzun illərdir erməni milyarderlərinin pul kisəsindən faydalanan bir sıra uruqvaylı siyasilərin fəaliyyətləri sayəsində Uruqvay hələ 1965-ci ildə ermənilərin Türkiyəyə qarşı qondarma "soyqırım"ı iddialarını rəsmən tanıyan ilk dövlət olub.
   
   Separatçıların böyük dəstəkçilərindən olan Ruben Matines Uelme aşıqlamalarında "təvazökarlıq" da nümayiş etdirməyi unutmayıb. Erməni jurnalistləri qarşısında o deyib: "Bura səfər etmək heç də xüsusi cəsarət tələb etmir. Bu, sadə bir addımdır. Biz erməni xalqının dostuyuq".
   
   Beynəlxalq qanunlara həqarət olan bu səfərlə bağlı Azərbaycan xarici işlər nazirliyindən reaksiya verilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, Uruqvay nümayəndə heyətinin Dağlıq Qarabağa səfəri ilə bağlı məsələ araşdırılır və Azərbaycan tərəfi bu məsələyə aydınlıq gətirmək üçün qarşı tərəfə nota vermək niyyətindədir.
   
   Elman Abdullayev: "Bu səfəri təşkil edən dairələr, xüsusilə erməni diasporu danışıqlar prosesinə zərər vurmaqdan başqa heç nə əldə etmirlər. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi həssas bir andadır və Ermənistan bu kimi addımlarla bu prosesə zərbə vurur. Rəsmi İrəvan bilir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün bütün vasitələrə sahibdir. Təəssüf ki, bunu bilə-bilə məqsədyönlü şəkildə belə addımlar atırlar. Bəzi parlamentarlar erməni diasporunun maliyyəsi hesabına onların əlində alətə çevrilir. Uruqvay dövləti bilməlidir ki, bu kimi addımlar sülh prosesinə zərər yetirir".
   
   Əslində bütün bunlar diplomatik anlamda hər şeyi özündə ehtiva edir, lakin görünən odur ki, belə məsələlərdə daha ciddi tədbirlər görülməlidir. Bütün vasitələr işə salınmalıdır ki, bir yığın uruqvaylı ermənipərəst siyasətbazın əməllərinə görə separatçılar həvəslənməsinlər. Təkcə nota ilə baş verə biləcək proseslərin qarşısını almaq yetərli olmaya bilər. Bundan ötrü effekt verəcək bütün yollara əl atmaq gərəkdir.
   
   Onu da nəzərə almaq lazımdır ki, təxminən 3,5 milyon əhalisi olan bu kiçik ölkədə xeyli sayda ermənilər yaşayır. Təqribi hesablamalara görə, onların sayı burada 19 minə yaxındır. Lakin hər yerdə olduğu kimi, Uruqvayda da özlərinin kilsələri vardır. Və əsasən bu kilsə sayəsində də təşkilatlanıblar. Argentina və nəhəng Braziliya ilə sərhəddi olan Uruqvayın iqtisadiyyatı elə də güclü sayıla bilməz. Onların kənardan dəstəyə daha çox ehtiyacı var. Və ölkəmizin gücü və potensialı imkan verir ki, biz bu cür ölkələrdə erməni yalanlarının, şantajlarının qarşısını alaq, həqiqətin, reallığın nədən ibarət olduğunu hər kəsə anladaq.
   
   Anladaq ki, sonra hər şeyi erməni diasporunun boynuna atmayaq.
   
   

TƏQVİM / ARXİV