Kimdənsə eşitmişdim ki, ümid inamın öləzimiş dövrüdü. Yəni, insanın inamı zəiflədikcə ümidə çevrilir. Və o da bitdikdən sonra hər şey, mövcudluq belə bitir. Lakin görünən budur ki, onların arasında heç bir çevrilmə yoxdur. Söhbət əsl inamdan gedirsə, o ya var, ya da yoxdur. Çevrilirsə demək o artıq inam yox, başqa bir şeydi. Ümid haqdasa bunları demək olmaz. O daha kövrəkdi və dəfələrlə yarana, dəfələrlə itə bilər.
Əlbəttə, ümidlərsiz və inamsız insan həyatının anlamı və mahiyyəti fərqli olardı. Əslində onları yasamın stumulu adlandıranlar da var. Və bu qənaəti rədd etmək doğru deyil, çünki həm tarixdə, həm günümüzdə deyilənlərin saysız-hesabsız, özü də çox ibrətamiz örnəkləri mövcuddur. Bəlkə də ilk baxışdan belə görünmür, amma insanların həyata bağlanması üçün ümidlərin və inamın həqiqətən də hava, su qədər əvəzsiz önəmi vardır. Şübhəsiz bu fikirlərin təsdiqini ətrafımıza, mövcud olduğunuz mühitə daha diqqətlə baxarkən tapmaq mümkündü. Ümid və inam zaman-zaman kimləri, nələri xilas etməyib ki?..
Hətta möcüzəyə bənzərlərini, mümkün görünməyənləri belə həyatda gerçəkləşdirə bilib. Əlbəttə, bu haqda çox danışmaq, müxtəlif təhlillər aparmaq mümkündü. Lakin təkcə məşhur alim, elmi fəaliyyətinə görə çoxlu sayda mükafatlar, ödüllər alan Stiven Vilyam Hokinqin həyatına nəzər salsaq çox mətləblərə şahid olarıq. O Stiven Hokinqin həyatına ki, hamı həmin insana böyük heyranlıqla baxır...
(Əvvəli qəzetin 2 iyun sayında)
Belə qeyri-adi vəziyyətdə yaşayan, hətta inanılmaz mürəkkəb elmi araşdırmalar üzərində çalışan, digər alimləri heyrətləndirə biləcək elmi tezislərlə çıxış edən, professor adını qazanan Stiven Hokinq bir vaxtlar təhsil aldığı Kembric Universitetinin tətbiqi-riyaziyyat kafedrasına rəhbərlik etməyə başladı. Yeri gəlmişkən, bu həmin kafedraydı ki, yüz illər öncə bəşəriyyətin tərəqqisi üçün möhtəşəm elmi kəşflərə imza atmış İsaak Nyuton ona başçılıq etmişdi.
"ZAMANIN QISA TARİXİ”
Amma deyəsən həyat onunla başladığı sərt oyunlarını bitirməmiş, necə deyərlər, sadəcə olaraq fasilə vermişdi. Belə ki, əlil arabasından heç yerə tərpənə bilməyən Stiven sətəlcəmlə xəstələndi. Professoru xəstəxanaya yerləşdirsələr də bir sıra cərrahi əməliyyatlarsız vəziyyəti sabitləşdirmək mümkün olmadı. Lakin bu dəfə də Yaradanın rəhmi onunlaydı. Hokinq çətinliklə olsa da bu imtahandan keçdi.
Onun bir-birinin ardınca yazdığı məqalələr, irəli sürdüyü elmi tezislər, nəzəri fikirlər elm aləminin diqqət mərkəzindəydi. Kosmos və zaman anlayışının təhlilləri, "Qara dəlik" haqqındakı yeni mühakimələri ciddi elmi müzakirə obyektinə çevrilmişdi. Üzərində işlədiyi əsərlərindən biri - "Zamanın qısa tarixi" 1988-ci ildə işıq üzü görəndən sonra inanılmaz dərəcədə böyük maraqla qarşılandı. Və şöhrət qapılarını onun üzünə açdı.
Bioqraflar qeyd edir ki, müəllifin elmi yanaşmalarını, təhlillərini daha anlaşılan dillə yazması nəinki mütəxəssislərin, hətta digər oxucuların da böyük marağına səbəb olmuşdu. Hətta bədii romanlar kimi. Sadəcə bunu təsəvvür etmək kifayətdi ki, həmin kitabın dünya üzrə satışı 25.000. 000 nüsxəni adladı. Bu inanılmaz bir göstəriciydi. Yeri gəlmişkən Stiven özündən və şəxsi həyatından da bəhs edən bir kitab yazmışdı. "Mənim qısa tarixçəm" adlanan bu əsər də oxucular tərəfindən əl-əl gəzdi. Hər kəs inanılmaz bir həyat yaşayan adam haqqında daha çox bilmək istəyirdi.…
AYRILAN YOLLAR VƏ YENİ EVLİLİK
Bu qəribə elm adamının qazandığı uğurlarda, əldə etdiyi başarılarda, gün işığına çıxmasında, hətta həyatını sürdürməsində arvadı Ceynin əvəzsiz xidmətləri vardı. Onun bütün əzab-əziyyətini, qayğıyla dolu yaşam tərzini, olan-olmayan bütün kaprizlərini bezmədən, yorulmadan qarşılayan bu qadın hər şeyə rəğmən sonunda Stiven Hokinq tərəfindən rədd edildi. Belə bir insana qarşı etdiyi haqsızlıq sözün əsl mənasında bir insan olaraq Stivenə başucalığı gətirmirdi.
Sonuncu cərrahi əməliyyatlar seriyasından sonra Stivenin əlavə baxıcılara ehtiyacı yaranmışdı. Çünki həm üç övladının, həm məişətlərindəki gündəlik qayğılarının, həm də bütünlüklə kənar adamdan asılı vəziyyətdə yaşayan Stivenin tələbatlarının öhdəsindən Ceyn təkbaşına gələ bilmirdi. Bunun üçün də belə qərara gəldilər ki, günün müəyyən hissəsidə Hokinqə bir baxıcı tutsunlar.
Tutdular. Və hər şey də bundan sonra başladı. Həmin vaxtlarda ərlə arvad arasında yaranan narazılıqlar elə bir həddə çatdı ki, cütlük 1991-ci ildə boşandı. 1995-ci ildə isə Stiven baxıcısı - Elayn Mensonla evləndi. Amma bir müddət keçəndən sonra məlum oldu ki, Hokinqin bu seçimi heç də doğru deyilmiş. Özünün şəxsi maraqları naminə Stivinə ərə gedən baxıcı qadın Ceyni əvəz edə bilməzdi. Birgə yaşadığı dövrlərdə həyatını bütünlüklə sevdiyi və ona möhtac qalan insana həsr etməyi başqa birisi necə bacaracaqdı ki?..
Belə ki, bir müddət sonra başlayan professorun qeyri-stabil ailə həyatı, arvadıyla mübahisələri uzun - 11 il sürsə də nəhayət 2006-cı ildə bitdi. Stiven Elaynla da ayrıldı. Əslində Stiven Hokinq sonralar həyatda qazandığı hər bir uğurda məhz Ceynin böyük zəhməti olduğunu söyləyirdi.
İkinci boşanmadan sonra hər bir işi baxıcılara həvalə edildi. Çox maraqlıdır, hətta ailədəki narazılıqların aşıb-daşdığı bir dövrdə belə Hokinq özünün elmi fəaliyyətini davam etdirirdi. Və əslində onun yaşaması üçün ən əsas stimul elə elmi fəaliyyətiydi.
MÜKAFATLARI
Onun "Qara dəliyin" şüalanması kəşfi, milyon kilometrlərlə uzaqlıqda kosmosa ötürülən informasiyaların udulmasıyla bağlı yeni nəzəriyyələri, kainatın yaranma prosesiylə əlaqədar elmi mülahizələri, kvant kosmologiyasının əsasının qoyulması yolunda əvəzsiz çalışmaları... və digər qiymətli fəaliyyətləri daim Hokinqi elm aləminin ön sıralarında durmasına səbəb olmuşdu. Əlbəttə bütün bunlar diqqətdən kənarda qala bilməzdi. Elə həmin xidmətlərinə görə idi ki, yalnız bir barmağının, üz əzələləri və göz qapaqlarının ümidinə qalmış bu qeyri-adi adam əldə edilə biləcək bütün mükafatları, təltifləri qazandı.
O, "Eddinqton medalı" (1975), "Hyuz" (1976), "Maksvell" (1976), "Albert Eynşteyn" (1979), "Franklin" (1981), Kral İncəsənət Cəmiyyətinin "Albert" (1999), "Oskar Kleyn" (2003) kimi medallara layiq görülmüşdür. Astranomiya üzrə Kral Cəmiyyətinin Qızıl medalını da almışdır. Bunlardan başqa Hokinq riyazi-fizika üzrə "Denni Hayneman" (1976), fizika üzrə "Volf" (1988), "Avstrya Prinsi" (1989), "Endryu Qemant" (1998), "Neylor" (1999), "Yuli Edqar Lilienfild" (1999) və Fundamental fizika üzrə mükafatlarıyla da təltif edilmişdir.
Stiven Hokinq habelə London Krallıq Cəmiyyətinin (1974), Papa Elmlər Akademiyasının (1986), ABŞ Milli Elmlər Akademiyasının (1992) üzvüdür. (ABŞ-da aldığı mükafatı prezident Barak Obama şəxsən təqdim etmişdir). Nadir hallarda geniş auditoriya qarşısna çıxsa da mühazirələri olduqca maraqla qarşılanır, onu dinləməyə gələnlər həyatıyla, elmiylə, bacarıqlarıyla, xüsusən də həyat eşqiylə bir möcüzə yaradan bu adama heyrət və təbəssüm içərisində baxırlar. Bütün bunlar həqiqət idimi?..
Bəli, həqiqət idi. Stiven Hokinqin haqqında əsərlər yazıldı, filmlər çəkildi. 21 yaşlarındaykən iki illik ömrünün qaldığı söylənən Stivenin hazırda 73 yaşı var və o, eyni qaydada çalışmalarını davam etdirir.
Hər üç övladı artıq müstəqil həyata qədəm qoyublar. Və indi bu möcüzə adamın üç nəvəsi də var...


Bakı -°C
