adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

OLUM VƏ ÖLÜM ARASINDAKI HƏYAT...

BABƏK YUSİFOĞLU
57674 | 2015-06-02 00:34
Kimdənsə eşitmişdim ki, ümid inamın öləzimiş dövrüdü. Yəni, insanın inamı zəiflədikcə ümidə çevrilir. Və o da bitdikdən sonra hər şey, mövcudluq belə bitir. Lakin görünən budur ki, onların arasında heç bir çevrilmə yoxdur. Söhbət əsl inamdan gedirsə, o ya var, ya da yoxdur. Çevrilirsə demək o artıq inam yox, başqa bir şeydi. Ümid haqdasa bunları demək olmaz. O daha kövrəkdi və dəfələrlə yarana, dəfələrlə itə bilər. 

Əlbəttə, ümidlərsiz və inamsız insan həyatının anlamı və mahiyyəti fərqli olardı. Əslində onları yasamın stumulu adlandıranlar da var. Və bu qənaəti rədd etmək doğru deyil, çünki həm tarixdə, həm günümüzdə deyilənlərin saysız-hesabsız, özü də çox ibrətamiz örnəkləri mövcuddur. Bəlkə də ilk baxışdan belə görünmür, amma insanların həyata bağlanması üçün ümidlərin və inamın həqiqətən də hava, su qədər əvəzsiz önəmi vardır. Şübhəsiz bu fikirlərin təsdiqini ətrafımıza, mövcud olduğunuz mühitə daha diqqətlə baxarkən tapmaq mümkündü. Ümid və inam zaman-zaman kimləri, nələri xilas etməyib ki?.. 

Hətta möcüzəyə bənzərlərini, mümkün görünməyənləri belə həyatda gerçəkləşdirə bilib. Əlbəttə, bu haqda çox danışmaq, müxtəlif təhlillər aparmaq mümkündü. Lakin təkcə məşhur alim, elmi fəaliyyətinə görə çoxlu sayda mükafatlar, ödüllər alan Stiven Vilyam Hokinqin həyatına nəzər salsaq çox mətləblərə şahid olarıq. O Stiven Hokinqin həyatına ki, hamı həmin insana böyük heyranlıqla baxır... 

(Əvvəli qəzetimizin 26 may sayında)

Bu, insan üçün, xüsusən də gənc bir adamdan ötrü ağır, özü də çox ağır psixoloji durum idi. O ətrafa, dünyaya, əvvəllər həvəsində olduğu hər şeyə marağını itirərək günlərini sayırdı. Bunu istəməsə də.

                                                                    İBRƏT DƏRSİ...

Yaxınlarının və həkimlərin təsiriylə Stiveni xəstəxanaya yerləşdirdilər. Çünki belə bir vəziyyətdə onun mütəxəssislərin nəzarəti altında olması şərt idi. Bəlkə də bu, həyatın onun üçün hazırladığı bir oyun, ya da acı istehzasıydı. Qonşu çarpayıda leykemiya xəstələyinə mübtəla olmuş bir oğlan uşağı yatırdı. Stiven hələ həddi-büluğa çatmamış bu oğlanın nələr çəkdiyini, keçirdiyi əzabları, tibbi prosedürlərini müşahidə etdikcə ani olaraq özünü unudur, ona ürəyi yanırdı. 

Sonralar yazdığı xatirələrində Hokinq bunlardan təfərrüatıyla bəhs edəcəkdi. Hər gün yuxudan gözlərini açıb qaranlıq fikirlərin əlində qaldığı, özünə acıdığı zamanlarda həmin oğlanı yadına salaraq daha ağır dərdlərin varlığını görürdü. Və özündə güc-qüvvət tapırdı. Onu da öyrənmişdi ki, düçar gəldiyi bu bəladan bəzi məşhurlar - Çinin lideri Mao Tsedun, bəstəkar Şostakoviç, amerikalı beysbolçu Lu Qeriqa... da əziyyət çəkmişdir. Xususən də Lu Qeriqa üçün beysbol meydanında düzənlənmiş mərasimdə beysbolçunun vida sözləri - "...Bütün bunlara baxmayaraq bu gün mən özümü başqalarından daha şanslı hesab edirəm. Amma... Amma mən dəhşətli dərəcədə yaşamaq istəyirəm..." - söyləyərək ağlaması, onunla bərabər meydana gəlmiş 60 min tamaşaçının da göz yaşlarına boğulması Stivendə inanılmaz təəssürat yaratmışdı. 

Hokinq özü də etiraf edir ki, nə olursa-olsun bütün bunlar onu həyata bağlamışdı. Bu əslində Allahın bəndəsinə olan rəhmi idi. Və o, yavaş-yavaş ölüm haqqında, dəhşətlər haqqında deyil gələcəyi, işləri haqqında daha çox düşünməyə başladı. Yenidən elmi araşdırmalara, kitabları mütaliə etməyə girişdi. 

                                             MƏHƏBBƏTİN QƏRİBƏ "SEÇİMİ"...

Bəlkə də çoxları inanmayacaq, amma bu bir həqiqətdi ki, günlər keçdikcə hərəkətləri məhdudlaşsa da Stiven təsadüfən Ceyn Vayld adlı gənc bir qızla tanış olaraq onu sevdi. Və əlbəttə bu böyük daxili enerji, əvəzsiz stimul Hokinqin yaşamaq eşqini daha da gücləndirdi. İndi o çalışırdı ki, quracağı ailəsinin keçimişini saxlamaq üçün işləsin və pul qazansın. Özünə uyğun iş tapdı və 1965-ci ildə cütlük ailə qurdu.

Bəziləri bu nikaha real bir şey kimi baxmırdı. Çünki adamlar innana bilmirdi ki, sağlam, gənc, gözəl, təhsilli bir qız, ağır xəstəliyi olan, özü də tezliklə öləcəyi ehtimal edilən birisiylə həyatını bağlaya bilər. Amma bilmirdilər ki, dünyada hər şeyin öhdəsindən gələ bilmək qüdrətinə malik bir güc, bir enerji var ki, onu adına məhəbbət deyirlər. Yeri gəlmişkən onu da qeyd edim ki, Stivenin bu nikahdan üç sağlam övladı - 1967-ci ildə oğlu Robert, 1970-1979-cu illərdə isə Lüsi və Timoti adlı qızları dünyaya gəldi.
Özü də çox maraqlıdır, həmin ərəfələrdə Stivenin xəstəliyi daha da güclənmişdi, ayaqlarını zorla sürüyürdü. Və çox keçmədi ki, Hokinq heç bunu da bacarmadı və əlil arabasına yerləşdi, həm də ömürlük. Amma buna baxmayaraq bu cəfakeş qadın elə ilk günlərindən tədricən ərinin hər şeyinə çevirildi, ayaqlarına, əllərinə, dilinə, səsinə, bir sözlə beynindən başqa hər şeyinə... 

Çeyn bunlarla da kifayətlənmədi. Hətta onun qələminə belə döndü. Onun elmi işlərinin üzünü köçürdü, hazırladı, göstərişlərini usanmadan, yorulmaq bilmədən bir maşın kimi yerinə yetirdi. Məhz qadınının köməyi ilə Stiven dissertasiya yazdı, ardınca onu müdafiə edib elmi dərəcə də aldı. Lakin heç də dissertasiyanı onun ilk və son elmi işi hesab etmək olmaz. 

                                             XƏSTƏLİYİN NÖVBƏTİ HƏMLƏSİ

Əksinə bu bir başlanğıc idi. Bundan sonra Stiven daha çox düşünür, daha çox işləyirdi. Bəlkə də ömrünün tezliklə bitəcəyi əndişəsi idi ki, o daha çox çalışmağa cəhd edirdi. Hokinq onu həmişə düşündürən sahələri öyrənir, nəzəri fizika üzrə təhqiqatlarını sürdürür, elmi mərkəzlərdə, simpoziumlarda, auditoriyalarda kütləvi leksiyalar deyirdi.

Amma amansız xəstəliyin irəliləməsi durmamışdı. Ötən hər ay, hər il az-çox qalan hərəkət qabiliyyətlərini onun əlindən alırdı. Bir qolunun bütün hissiyyatı, digərininsə hərəkət qabiliyyətinin 50-60 faizi yoxa çəkilmişdi. Vəziyyətin daha faciəvi şəkil almasına baxmayaraq Hokinq qeyri-adi müəmma hesab edilən Günəş sisteminin tarixi, planetlərin yaranması prosesləri, kosmik fəzadakı "Qara dəlik" haqqında elmi mühakimələrini yazmağa başlamışdı...

Sən demə, Stiven Hokinq hələ bundan da ağır vəziyyətə düşəcəkmiş. Elə bir vəziyyətə ki, bunları təsəvvür etmək belə insanı dəhşətə salır. Xəstəliyin yeni qorxunc həmləsindən sonra Stiveni təcili xəstəxanaya apardılar və məlum oldu ki, onun nəfəs borusu da sıradan çıxıb və kəsilib götürülməlidi. Bu da o demək idi ki, müəyyən çətinliklərlə danışa bilən Stiven artıq səsdən, bircə söz söyləməkdən, heç olmasa dərdini anlatmaqdan, ən vacib istəklərini ifadə etməkdən belə məhrum qalacaq. Lakin alimin həyatının bitməməsi üçün buna məcbur idilər.

Danışmaq qabiliyyətini də itirəndən Stiven tamamən arvadı Ceynin həsasslığından, yəni onun istəklərini baxışlarından, üz mimikalarından, göz qapaqlarının və sağ əlinin şəhadət barmağının hərəkətlərindən oxuya bilmək bacarığından asılı qalmışdı. Bir neçə ildən sonra isə bu möhtəşəm elm adamının şəhadət barmağından, gözlərindən, üzündən başqa hər yeri "öldü". 

                                ALİM ƏTRAF MÜHİTƏ NECƏ BAĞLANMIŞDI?

Qəribə olanı isə bu idi ki, Hokinqin beyni, şüuru yüksək səviyyədə işləyirdi. Optik eynəyinin şüşəsinin küncünə bərkidilmiş kiçik həcmli xüsusi cihaz gözlərinin, habelə üz əzələlərinin hərəkəti sayəsində aldığı müəyyən siqnalları xüsusi aparata ötürür, lazım olan informasiyalar bu mürəkkəb sistem - nitq sintezatoru vasitəsiylə anlaşılırdı.

Əlil arabasına bərkidilmiş aparatın monitorunda isə xüsusi olaraq hazırlanmış mətnin sətrləri "qaçır" və bunu müşahidə edən Stiven Hokinq lazım olan sözü seçmək istərkən üz əzələsiylə siqnalı ötürür. Və beləliklə sözlər, ardınca da cümlələr qurulurdu. Bu nitq vasitəsi çox vaxt aparsa da ona fikirlərini ifadə etmək üçün lazımi şəraiti yaradırdı. "Nitq" zamanı isə bir söz təxminən bir dəqiqəyədək olan bir zamanda başa gəlirdi. Mühazirələr vaxtında xüsusi vasitələrlə bu zamanı nisbətən sıxlaşdıra bilirdilər... 
(Ardı qəzetin 09 iyun sayında)



babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV