
Təsəvvür edək ki, əziz Oxucu, balaca bir karandaşa həyat vermisən. Ona danışmaq, ətraf dünyanı düzgün dərk etməyi öyrətmisən. Və tapşırmısan ki, "əziz karandaş bax, səni mənə sədaqətlə xidmət edən qazandan, çaynikdən xeyli fərqləndirdim, sənə onlardan daha çox düşünmək, anlamaq qabiliyyəti verirəm. Artıq müstəqil düşünmək, seçimini azad etmək kimi bir üstünlüyün var, Ürəyin istədiyin yerə gedə bilərsən, istədiyini yaza, danışa bilərsən, hətta özün kimi karandaşcıqlar törədə bilərsən. Sənə xoşbəxtlik verirəm, yaşamaq, sevmək və sevilmək hüququ. Yaratdığım ən iri və bədheybət əşyaları idarə edəcəksən, hamısı sənə verdiyimə, yəni əqlə, məntiqə təslim olacaqlar. Bir şey istəyirəm səndən deyəcəksiniz, məni unutma, hər addımında mənim sənə nəzarət etdiyimi, edəcəyin günahların qarşılığında cəzalandırılacağını unutma. Bax, unutma haaaa!!!!"
Bəs karandaş neyləyir?... Sizə hamınızın bildiyi cənnətdən qovulma hadisəsini danışmayacağam, daha praktik olaq. Çünki insan əqli praktikanı sevir və yalnız onunla inkişaf edib dərk edə, ən əsası etiraf edə bilir.
Ətrafdakı hər şeyin üzərində qələbə əldə edəndən sonra, özü doğub törətdiklərinin istismarı, sonra müharibələr, şeytanın qızıl və silah təklifi, sonra hakimiyyət davası.
Siz olsanız bu karandaşı neylərdiniz, hə? Yəqin ki, içi mən qarışıq ortadan qırıb bir qırağa tullayardıq. Axı, nəyimə lazımdır bu "nankoru" ağıllandırmaq?!...
Bəli, biz insanlar məhz belə edərdik!
Bəs Allah nə edir düşünmüsünüzmü? O, necə dözür?!... Bax, səbir və məhəbbət buna deyərəm! Qoyduğu son müddətə kimi günahkar bəndəsinə dözür, ona yola gəlmək üçün gizlin və aşkar yuxular göndərir, vicdan əzabı, itkilər, xəstəliklər, ən əsası əbədi narahatlıq, dinclik tapmama...
Qızılın, sərvətin, hakimiyyətin ən üst qatında da insanda bir narahatlıq var, qane olmamaq var. Ən zəngin insan da "Sən xöşbəxtsənmi?" sualına cavab verə bilmir. Heç düşünürmü ki, missiyasını düzgün daşımayıb? Tox olanda acları düşünməyən və bu fikri özünə heç dərd etməyən insan xoş günündə də darıxacaq, bezikəcək, "iynəyə oturacaq" və hayqıracaq, axı mən niyə xoşbəxt ola bilmirəm, niyə gecələr yata bilmirəm, nəyin dərdini çəkirəm axı mən?! Nədir məni narahat edən? Demək, Konfutsi haqlı idi. Ey insan, ətrafındakılar xoşbəxt olmayınca sən heç vaxt tam xoşbəxt ola bilməyəcəksən.
Gözü pərdəli insan dəbdəbəli eyvanına çıxacaq, göylərə baxacaq, hər şeyi düşünəcək, bənzərsiz ulduzları seyr edəcək, amma qaranlıqlar arasından ona baxan vicdanını görməyəcək. Görməyəcək ki, səhər "Porshe"sinin təkərlərindən çıxan palçığın üzərini batırdığı o yaşlı qadın vardı ha, cəbhə xəttində, gündə bir qara xəbər gələn hərbi hissədə qulluq edən balasının vəziyyətini öyrənmək üçün bir mobil telefon tapmaqdan yana hər gün yaradana yalvarır, onun kimi. Halbuki, maşınını yavaşıdıb qarının narahat bəbəklərinə baxsaydı, halını soruşsaydı, 60 konturundan keçə bilsəydi... Axşam BMVV-nə mindirib, kef çəkib yarım saat sonra tərk etdiyi 25 yaşlı qadın bu pula balaca oğlunun çoxdan arzuladığı "hörümçək adam paltarı"nı onun namusunu məcburiyyət üzərində sataraq alacaq, ikinci belə bir "yağlı klient" tapmaq üçün o da göyə əl açacaq onun kimi. Hər gün idarəsinin qarşısında maşınını parkovka etdiyi dayanacağın gözətçisi həsrətlə ürəyində Allaha yalvarır ki, "kaş bu dəfə bu oğlan bir 5 manat verə idi". Oğlunun təhsil haqqını birtəhər yığa bilmək üçün o da içində soyuq və key gözlərə baxa-baxa Allaha üz tutub. Ondan iş istəməyə gələn bir qızın ora-burasına əl atanda, o qızın da ürəyində "ay Allah, keç günahımdan, hara gedirəm iş tapa bilmirəm, sən bilən məsləhətdir, elə et, bu oğlan mənə aşiq olsun, məni alsın, sənə pənah" deyib "işə girişməsini" görmür və rahatlıq axtarır. Allah isə məhz bu şanslı insana digərlərinin ehtiyacını ödəyə bilmək və başqalarından daha asanlıqla rahatlıq tapmaq imkanı verib. Axı Allah bəndələrinin birinə verib, o birindən isə alıb sınayır! O isə özünü vurub karlığa, karlığından vicdanı da lal olub. Çünki karlar həmişə lal olur. Dünən rahatlıq tapmadığından müraciət etdiyi baxıcı da ürəyində Allaha yalvarırdı ki, "ya Allah, sən elə et, falım duz çıxsın, bu oğlanı özümə inandırım, qızımın cehizləri hazır deyil, özün bilirsən". Beləcə hamı o gözəgörünməzə yalvarır. Hərə də ürəyində bir məqsəd ilə.
Qorxmayın, özünüzü Allahın yerinə qoyun. Allah nələrinizə dözüb, bu müqayisə nədir ki.... Nə edərdiniz, yaratdıqlarınız sizi yalnız özünə lazım olanda yada salsaydı?! Amma yetim malı yeyəndə, rüşvət alıb kasıbın savadlı övladının yerinə bir pullunun keybalasını xaricə göndərib cibini dolduranda, bir körpünün tikintisinə lazım olandan 3 qat artıq maya dəyəri qoyub dövlət büdcəsini yeyəndə, bir sözlə "xoş günümüzdə" Yaradanın ulu qüvvətinə müraciət etməyi unuduruq.
Bəs Allah yazıq deyil, nədir? Düzdür, o güclüdür və bütün bunları və bundan betər iyrənclikləri bir həmlədə dağıdar, amma axı Allah dağıtmaq üçün yaratmamışdı. O, insanlara ümid etmişdi, hər şeyi vermişdi, bir tək "tez-tez məni xatırlayın, bir-birinizə rəhm etməklə özünüzə də rəhm edin" demişdi.
Əmin olun, Allah bizi eşidir və görür. Niyə inanmırsınız, bəs radara necə düşürsünüz? Nə olsun ki, texnika hələ Allah səviyyəsində inkişaf etməyib?
Fikir verirsinizmi, hamımız bilirik ki, o, bizi görür, bilirik ki, günahlar edirik, yenə səhv yoldayıq, amma utanmaz-utanmaz hansısa xəbis niyyətimiz üçün hər an ona əl açırıq. Uzaqbaşı bir qurban deyirik, ondan da qohum-əqrəbamıza, yaxın qonşumuza pay düşür, kasıblar yada da düşmür. Bir qonşu ilə danışmırsansa, artıq ona verməyə də bilərsən, verməməlisən də, borcun yoxdur ki, ona! Cəzalandırırıq öz aləmimizdə o, "nankor"u. Və sonra Allahdan kömək istəyirik. "Böyüksən" ona görə deyirik ki, əminik ki, həqiqətən böyükdür, sözlərim xoşuna gəlsə yox yerdən məni deputat seçdirər, kərimsən ona görə deyirik ki, qoy görsün ki, onun böyüklüyünü etiraf edirəm. Amma dediyimizə nə dərəcədə inanırıq?! İnamın kökündə dərketmə durmursa biz hansı inamdan danışırıq? Yazıq, işlətdiyimiz bütün sözlərin arxasında bir mən və arzu, yəni məqsəd durur. Hələ onun niyə böyük olduğunu dərk etməmiş...Amma onun marağı naminə bir dönüb ətrafdakı ac-yalavac üçün dua edirikmi? Çünki şeytanın içimizə doldurduğu dəhşətli "eqo"su bizi qorxudur. Qorxuruq ki, bəlkə, "olar, hər şey olar, birdən ağzım fal olar və o, gözəgörünməz bu duamı daha tez eşidər, özüm bilə-bilə özümü geri salmış olaram. Niyə? Onun dili mənimkindən də uzundur, özü eləsin dəəəə". Yaxud ümumbəşəri bir şey axırıncı dəfə nə vaxt Yaradandan istəmişik? Məsələn, ey böyük Allah, bugünkü duamda səndən İradqakı əhaliyə rəhm etməyini diləyirəm. Qurtar onları bu lənətdən.
Artıq insan əsrlərdir, geninə-boluna Allahdan da istifadə etməklə məşğuldur, onun mərhəmətindən, səbrindən... Amma əsası, qəzəbindən xəbərdar deyil, daha doğrusu inanmaq istəmir Qiyamət gününün hesabatına. Sual versən elə danar ki... Hələ bir təəccüb edib, sözü sənə vuraraq "lənət olsun elə adama ki, qiyamətə inanmır" da deyər qırmızı-qırmızı. Peyğəmbərdən qiyamət günü haqda dalbadal sitatlar gətirib sonra başlayacaq, "bilirsən, mən əsl Allah bəndəsiyəm. Namazımı vaxtlı-vaxtında qılıb, orucumu da son gününə kimi tuturam. Onun adı hələ uşaqlıqdan dilimdən düşmür. Ona görə də uşaqlıqdan gözümə əcaib məleykələr girirdi, ağsaçlı adamlar da girirdi yuxuma, anama da elə yuxuda deyiblər ki, bunun adını Allahqulu qoy. Özüm də sünnətli doğulmuşam, sübut da edə bilərəm (maraqlıdır necə?), inanmayana seyid babalarımın bu ocağı qənim olsun. Bax, bir saniyəyə bütün həyatını sənə nəql edərəm. Amma əvvəlcə gərək imamlarımızın adına bu kasaya bir onluq atasan ki, onların xeyir-duası bəsirət gözümü açsın, sənə yaxşı baxa bilim..." Amma sülaləsini peyğəmbərə pərçim edəndə dərk etmir ki, elə onun "ulu babası" bu Allah yolundan sapmışlarla mübarizə aparıb ömrüboyu, falçıları cəhənnəm əzabıyla müjdələyib həmişə. Özü də bunu dəfələrlə eşidib. Amma inanmır. Deməli, imanlı deyil, imanlı deyilsə, o zaman müsəlman deyil, müsəlman deyilsə, seyid deyil, seyid deyilsə, ekstrasens deyil, ekstrasens deyilsə, bəs onda nədir?
İnsan təbiətcə özünü inandırmaq istəyən varlıqdır. Hətta Volter deyirdi ki: "Allah olmasaydı belə insanlara onu bir şəkildə uydurmaq lazım gələcəkdi". Tanrı şeytanı yer üzünə endirərkən "get, yoldan çıxaracağın, mənim əmrlərimə asi olan, sehrə, yalana və qızıla uyan bəndələr sənin cərgəndə olsun" demişdi. Deməli, hər şey gün kimi aydındır.
Qəribədir, bütün din və təlimlərin əsasında iki prinsip durur.
1. Qonşunu da özün kimi sev.
2. Özünə arzulamadığını başqasına rəva görmə.
Bu prinsiplər, nəinki, Allah tərəfindən göndərilmiş bütün peyğəmbərlərin, eləcə də Şərq təlimlərinin, antik Qərb ədəbiyyatının da özəyini təşkil edir. Maraqlısı budur ki, bir-birindən xeyli aralı məsafədə və zaman ayrıcında mövcud olan bu mədəniyyət öndərləri çox zaman bir-birlərindən xəbərsiz deyiblər bu kəlamı. Axı, Məsih nahaq yerə deməmişdi ki, "istəyin, Rəbbdən yalnız gözəl şeylər istəyin. Axı hansı ata ondan balıq istəyən övladına ilan verər ?!" Bəlkə elə bu prinsipdir bəşər xoşbəxtliyinin kilid açarı... Başqasını da özün qədər düşünmək və sevmək!!!
Yazıq sənin gününə ey, Yaradan!
Bizim kimi heç zaman dərk etməyəcək və düzəlməyəcək bəndələrin var...
Heç sənin yerinə olmaq istəməzdim!...