Əhsən sənə, Qəddafi!

İRADƏ İSHAQ
18831 | 2009-10-03 04:27
(əvvəli ötən sayımızda)
   
   
   
   Daha maraqlısı odur ki, o, digər ərəb şeyxlərindən fərqli olaraq, yalnız 1 dəfə nikaha girməyə üstünlük verir və hərəmxana saxlamağın əleyhidarıdır. Düzdür, Müəmmər bəy özü 2 dəfə evlənib. Amma birinci ailəsindən rəsmi şəkildə boşanandan sonra. Onun ilk həyat yoldaşı əvvəlki monarx İdrisin yaxını olmuş kral ordusunun generalı Xalidin qızı Fatimə olub. Ancaq bu nikah uğursuz olub. Ayrıldıqdan sonra bu qadından dünyaya gəlmiş bir oğlunu yanında saxlayıb. Bu oğlan indi adi mühəndis kimi çalışır. Boşanandan 2 ay sonra o, çox subay qalmayıb. İkinci həyat yoldaşı Səfiyyə ilə isə nikahı bu günə qədər davam edir. Səfiyyə hərbi hospitalda tibb bacısı işləyib. Bu qadından 5 oğlu və bir qızı var. O, uşaqlarına qarşı sərt atadır. Qızı Aişəyə fortepianoda çalmağa uzun təkidlərdən sonra icazə versə də, ona bu musiqi alətini hələ də almayıb. Gün ərzində 16-18 saat çalışsa da yatmağı və idmanı da unutmur, buna görə də həmişə gümrah görünür.
   
   O, həmişə qadın müxbirlərə müsahibə verməyə çalışır. Bununla göstərmək istəyir ki, Liviyada qadınlarla kişilər bərabər hüquqa sahibdir.
   
   Liviya inqilabının başçısı Müəmmər Qəddafi yalnız xristian dünyasını deyil, ərəb ölkələrini də sərt tənqid edir. Hətta zəngin Ərəb dövlətlərinin liderlərini İsrailin Qəzzaya hücumu qarşısında qorxaqlıq nümayiş etdirməkdə də ittiham edib. "Ərəb ölkələri dəstəyi yalnız fələstinlilərə humanitar yardım göstərmək və vəziyyətin ərəb sammitində müzakirəsini aparmaq üçün təkliflər verməklə bitirməməlidir. Onlardan biri sülh təşəbbüsü, digəri əhəmiyyətsiz humanitar yardım təklif edir, üçüncüsü mənasız nitqlə çıxış edir, daha birisi isə yüksək səviyyədə ərəb görüşünün təşkilindən danışır. Fələstinlilərə isə real, əməli yardım lazımdır".
   
   Bu analoqu olmayan təkliflər sahibinin olduqca maraqlı həyatı var.
   
   O, 1942-ci ildə doğulub. Ailəsi köçəri həyat sürüb. Atası elə hey dəvə, keçi sürülərini ora-bura sürməklə həyatını keçirib. Özündən böyük 3 bacısı olub. Uşaqlığını belə xatırlayır: "Mən indiki cavanlardan fərqli olaraq, böyüklərə sayğı duyulan, infeksiyalardan, mikroblardan uzaq təmiz havada, ancaq müstəmləkə altında inləyən mühitdə böyümüşəm. Biz bədəvilər təbiətin qoynunda böyümüşük, orada yerlə göy arasında heç bir sərhəd yox idi".
   
   Hələ məktəbli olarkən İtaliyanın müstəmləkə siyasətinə qarşı gizli siyasi təşkilatlarda fəaliyyət göstərib. O, bir sıra mitinqlərdə çıxış etdiyi üçün sürgün olunmuşdu. 1964-cü ildə Liviya Universitetinin hüquq fakültəsini bitirib və daha sonra özü demişkən, "Liviyada siyasi dəyişikliklər etmək" məqsədilə Hərbi Akademiyaya qəbul olub. Bu fərasətli tələbə Böyük Britaniyada da təhsil almağa göndərilib.
   
   1969-cu ilin 1 sentyabrında 12 zabitlə bir yerdə ölkənin Benqaz, Tripoli və başqa şəhərlərində üsyan qaldırdı. Amerikan bazalarına gedən bütün yollar bağlandı. Hərbçilər dövlət çevrilişi etdilər. O, illəri Qəddafi belə xatırlayır. "Mən bu üsyan olana qədər əsas rolu oynamışam. Bundan sonra isə mən sıravi iştirakçı oldum. Biz 4 saat yarıma bütün strateji obyektləri ələ keçirməli idik. Ələ keçirdiyimiz radiostansiyada da çıxışı mən etməli idim". Səhər saat 4-dəki ilk rəsmi çıxışında 27 yaşlı polkovnik Qəddafi xalqı ilə yanaşı "xarici dostlarına" da üz tutdu. O, hər bir xarici şirkətə ölkəni tərk etməməyi təklif etdi. Çünki bu çevriliş dövlət daxili məsələ idi və heç bir xarici müqaviləyə xələl gəlməyəcəkdi.
   
   Xarici təşkilatlara dəyməsə də, Qəddafi İngiltərə, ABŞ, İtaliya hərbi bazaları, nefti inhisara almış şirkətləri ölkədən çıxardı. Liviyanın zəngin təbii sərvətləri olsa da o, çox kasıb və geridə qalmış idi. O, ölkəsinin qərb atributlarından uzaq, tamamilə fərqli bir yol seçdiyini vurğulayırdı. Burada etnik milliliklə, sosializm, islam və hərbi diktatura qarışdı. O, ölkə xaricində yürütdüyü siyasətdə hay-küy qoparsa da, ölkə daxilində çox sakit lider kimi tanınır. Onun dövləti ordu, dövlət aparatı və kənd təsərrüfatına arxalanırdı.
   
   Qəddafi siyasətdə Hüsnü Mübarəkin yolunu tutdu. O, xaricilərin siyasəti ilə razılaşmasa da, onlarla iş birliyinə gedirdi. Məsələn, keçmiş İtaliya ilə müstəmləkə yox, sərbəst ölkə kimi iqtisadi əməkdaşlığa başladı. Onun tutduğu yol həmkarları Ənvər Sədat və Səddam Hüseyndən tamamilə fərqlənirdi, elə aqibətləri də fərqli oldu.
   
   Qəddafinin siyasi konsepsiyası onun çəhrayı üzdə dərc edilmiş, ancaq adı "Yaşıl kitab" olan əsərində verilib. O, islam ideyalarını rus anarxistləri Kropotkin və Bakuninin nəzəriyyəsi ilə qarışdırıb. Buna görə də o, ölkəsini Cəmahiriyyə, yəni "xalqın hakimiyyəti" adlandırıb. 1977-ci ildən isə dövlət tam olaraq Liviya Sosialist Xalq Ərəb Cəmahiriyyəsi adlanır. Qəddafi qanunverici orqanı Ümumxalq Konqresi, icraedicini isə Ali Xalq Komitəsi adlandırdı.
   
   Ölkəsində apardığı böyük islahatlara baxmayaraq, Qərbdə onu da bir ərəb diktatoru kimi qəbul edirlər. Amma onun hakimiyyətini ilk 7 ilində Liviyada bir dənə də olsun edam cəzası tətbiq edilməmişdi. Və o, öz "Volksvagen"ində xalq arasında açıq gəzərək həyat yoldaşı ilə birgə supermarketlərdən alış-veriş edirdi. Ancaq 1980-ci ildən hər şey dəyişdi. Ona sui-qəsd etmiş müxalif fikirli adamları nəinki ölkə daxilində, hətta xaricdə də təqib etdirməyə başladı. O, dünyaya səs salan bir neçə beynəlxalq qətllər törətdi. Bu haqda bir dəfə o, özü belə demişdi: "Mənim xalqım düşmənini öz ölkəsində olduğu kimi, xaricdə də cəzalandırmağa qadirdir. Hətta günün gündüz çağında da".
   
   2001-ci ildə o, bütün ağ insanların Afrikadan qovulması ilə bağlı təklif irəli sürdü. Onların təbii sərvətindən istifadə etdikləri üçün ağ adamlar, yəni qərblilər vurduqları ziyan və qazandıqları mənfəətə görə Afrikanın aborigen xalqlarına külli miqdarda təzminat ödəməli olduğunu düşünürdü.
   
   Qəddafi ömrünü təhlükə içərisində yaşayan liderdir. Onun həyatına dəfələrlə sui-qəsd olunub. 1975-ci ildən ilk dəfə müxalifət dəstəsindən bir neçə cəhd edilib. 1981-ci ildə isə Sudanın prezidenti Cəfər Nimeyri ilə açıq şəkildə bir-birlərinə ölüm hökmü kəsdilər.
   
   Qəddafi hər zaman ölkəsinin digər Afrika ölkələri ilə əməkdaşlığa aparan layihələrdə iştirak edib. Onlara hərbi, maddi yardım göstərməyə hazır olub. 1980-ci ildən adı terror aktlarında da hallanan Qəddafiyə iqtisadi sanksiyalar tətbiq olundu. O, "Vaşinqton Post" qəzetinə müsahibəsində bu haqda deyirdi: "Mən xalqların azadlığını dəstəkləmişəm, terror aktlarını yox. Namibiyanın prezidenti olmuş Nelson Mandelanı və Sema Nyumu, Fələstin Azadlıq Təşkilatını dəstəkləmişəm. Bu gün bu adamları Ağ Evdə hörmətlə qarşılayırlar. Mənə isə yenə terrorçu kimi münasibət göstərirlər. Mən onlara dəstək verməkdə səhv eləməmişəm. Onlar yenə müstəmləkə olsalar mən yenə onlara kömək edərəm".
   
   1998-ci ildə BMT Lokerbidə partlayış törətmiş terroristləri geri verəcəyi şəkildə Liviya üzərindən sanksiyaların götürülə biləcəyini elan etdi. 2002-ci ildə Qəddafi ölkəsinin Lokerbi terror aktını etdiyini boynuna aldı və qurbanların qohumlarına müavinət ödəməyə razılıq verdi.
   
   Xatırladım ki, o, İtaliyanın 1911-1947-ci illərdə müstəmləkəsi olan Liviyadan üzr istəyib əvəzində təzminat ödəməsinə nail olub. Bu gün də Berluskoni ilə dostluq edir. İtaliyaya sonuncu səfərinə dost kimi getsə də, yaxasına 1931-ci ildə Italiya hökuməti tərəfindən edam edilən "Səhra Aslanı" ləqəbli xalq qəhrəmanı Ömər Muxtarın şəklini də sancıb. Italiya ictimaiyyətinin narazı suallarına belə aydınlıq gətirib. "Siz yaxanızdan sizin əzabınızı çəkmiş və edam edilmiş İsa peyğəmbərin medalyonunu asırsınız, mən də xalqı uğrunda böyük əzablar çəkib edam edilmiş qəhrəmanımızın şəklini gəzdirirəm. Burada nə xoşunuza gəlmir?!"
   
   Bu sualı dairəsini bir az da genişləndirək. Doğrudan, Qəddafidə nə xoşumuza gəlmir? Məncə, uzaqlara baxıb fikrə gedən ağıllılardansa, öz xalqının rifahı üçün imicindən tutmuş təhlükəsizliyinə qədər hər şeyə tüpürmüş, çayı vurub keçən dəli daha yaxşıdır. Güldürənlərin yanında çox oturduq, bəlkə bir az da öz günümüzə ağlayaq?! Axı, "bəlkə də qaytardılar" bayatısının xeyrini hələ görən olmayıb!!!

TƏQVİM / ARXİV