adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

DƏYƏRLİ TƏƏSSÜF HİSSİ VƏ QARA KÜRÜ MƏSƏLƏSİ...

BABƏK YUSİFOĞLU
68118 | 2013-06-20 00:09
Etiraf edirəm ki, neçə illər idi bir sual məni çox narahat eləyirdi. Düşünürdüm ki, dünyanın böyük, güclü dövlətləri görəsən Azərbaycanla Ermənistan arasındakı münaqişədən razıdırlar, yoxsa narazı. Çünki bu məsələdə o qədər nala-mıxa vurulmuşdu ki, nə nalda nalllıq qalmışdı, nə də mıxda mıxlıq... Ona görə də bu sualı ha fırlayırdım, ha çevirirdim, dəqiq cavabını tapa bilmirdim. Hətta iş o yerə gəlib çatmışdı ki, həmin ölkə başçılarına teleqram vurub soruşmaq istəyirdim ki, ay lotular, münaqişədən razı və ya narazı olduğunuzu açıq-açığına bildirin. Çünki kimi dindirirsən, deyir bu münaqişənin müəllifləri elə o maygülülərin özləridir.
Və heç kim düşünməsin ki, onlara teleqran vurub cavab alcağıma elə-belə, boşuna inanırmışam. Xeyr, qardaş, teleqramı vuranda cavab verməyənə söyüş qoyacaqdım. Qoy görüm, onda necə cavab verməyəcəkdilər. Nə isə, mətləbdən çox da uzaq düşməyim...
İş elə gətirdi ki, teleqrama-zada ehtiyac qalmadı. Çünki onlar bu yaxınlarda hər şeyi açıb qoydular ortalığa. Və onların fikirlərini dünyanın bütün böyük xəbər agentlikləri də hər tərəfə yaydı. Sən demə, Vladimir Putin, Barak Obama və Fransua Olland Dağlıq Qarabağla əlaqədar çox-çox mötəbər, daşdan keçən bir bəyanat veriblər. Açıq-aşkar deyiblər ki, tərəflərin sülh danışıqları prosesi zamanı münaqişənin həlli yolunu tapa bilmədiklərinə görə dərin təəssüf hissi keçirirlər.
Öz aramızdı, bu yekəlikdə dövlətlərin başçıları çox vacib işlərini-güclərini - Amerika müsəlman dövlətlərinin başına bomba tökməyi, Fransa Türkiyəyə qarşı düşmənçilik sürdürməyi, Rusiya isə min cür hoqqa ilə Ermənistana silah-sursat ötürməyi bir tərəfə buraxıb niyə təəssüf hissi keçirsinlər ki?! Lap tutaq ki, bu zəhrimar təəssüf hissini keçiriblər, onda niyə bunu hər kəs qarşısında etiraf eləyirlər? Elə gizlində təəssüflənərdilər, qurtarıb gedərdi də...
Hələ bu harasıdı, dünyanın "vor zakon"u sayılan bu adamlar özlərini böyük əziyyətə salıb münaqişə tərəflərinə məsləhətlərini də veriblər. Vallah, çox sağ olsunlar, indi kim kimə müftə salam verir ki? Məsləhətdə deyilir: "Biz tərəflərin rəhbərlərini, güc tətbiq etməmə və ya güc tətbiqi təhlükəsi, ərazi bütövlüyü, hüquq bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə hüququ prinsipləri daxil olmaqla, Helsinki prinsiplərinə bir daha sadiq olduqlarını təsdiqləməyə çağırırıq". Maşallah, tay bundan artıq nə söyləməlidirlər ey? Dünyanı barmaqlarına dolayan bu boyda adamlar tay hər şeyi deyiblər də. "Tem bole" mən də narahatlıq yaradan suala cavabı almışam və çox rahatlanmışam.
Lakin təzəlikcə məlum olub ki, yaxın vaxtlarda ATƏT-n şefi Bakıya gələcək. Mənə qalsa ona xəbər eləmək lazımdı ki, bir də özünü əziyyətə salıb buralara təşrif buyurmasın. Guya gəlib neyləyəsidi ki. Bir az gəzib dolaşıb, qara ikradan doyunca yeyib, cəhənnəm olub gedəsidi xarabasına. Əsas Minsk Qrupunun sədri dövlət başçıları idi ki, onlar da nəhayət 20 ildən sonra təəssüflənərək məsələni həll eləyiblər.
Qara ikra dedim, vəzifəli bir tanışdan eşitdiyim sözlər yadıma düşdü. Tanışımız deyirdi ki, xaricdən gələn bu "bezdarnı" diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri ölkədə qara ikra qoymayıblar. Yediklərini yeyiblər, yemədiklərini götürüb aparıblar. Qırılmış elə bilir Xəzər dəniz yox, okeandı. Hətta o bizimkilərə top-top oynamağı öyrətməyə gələn nemes Foqts da aeroportda düşən kimi ikra istəyib. Özü də sağ olmuş Bakıya niyə gəldiyini heç gizlətməyib də. Və neçə ildi ki, başı ikraya elə qarışıb ki, futbol da yaddan çıxıb. Hər dəfə millimizin uduzmağının səbəbi soruşulanda deyir sizin futbolçuların səviyyəsi aşağıdı. Amma qara ikranıza söz ola bilməz...
İndi bütün bu olanlara nə deyəsən???

BABƏK YUSİFOĞLU
[email protected]

TƏQVİM / ARXİV