çal-çağırlara tutulan toy

İRADƏ İSHAQ
18167 | 2009-10-10 00:57
Axır ki, telekanallara barmaq silkələndi. Bəlkə bundan sonra nəsə düzələ. Biz biçarə yazarlar nə qədər yazırdıqsa sanki televiziyalar acıqca bir az da üstünə qoyurdular. Məlum məqalə ilə bizim yazılarımızın arasından heç də çox vaxt keçməmişdi. Görünür, yuxarıların da əsəbləri bizim kimi son həddinə qədər gərilib.
   
   Bundan sonra başlandı çal-çağırların qəmgin havası. Biz beləyik də, qılıncı dadmasaq düzəlmirik. Məlum məqalədən bir həftə əvvəl hamıya yandıq verən şou proqramlar dəyən toppuzdan sonra elə bil xabi-qəflətdən ayıldılar. Dalbadal "daha özümüzü yaxşı aparacağıq" tipli bəyanatlar səsləndi. Telekanal rəsmiləri quzu-quzu açıqlamalar verdilər. İrsimizə müraciət etdiklərini göstərən hələ hazır olmayan verilişlərin anonslarını tələm-tələsik yığdılar. Amma bu kanalların rəsmiləri içərisindən bir tək Mirşahinin cavabı maraqlı oldu. Yəni qabaqdan qaçaraq, "bundan sonrakı verilişlərimizə diqqət edəcəyik" mahiyyətini daşıyan təcili iclaslar keçirmək yox, indiyə qədər olunanları ortaya qoymaq lazım olduğunu göstərdi. Hərə öz boxçasını açsın. Başqa vaxt yekə-yekə "bizim kanalın formatı budur" deyə özlərinə bəraət qazandıranların millətin zövqünü necə xaraba qoyduqlarını sübut etdi. Xalq, xalq dedikləri, gözü Təzə bazarın tərəzisi kimi səyriyən millətimizin zövqü elə pis vəziyyətə salınıb ki, bir zamanlar Lütfi Zadənin "Təmiz söhbət"inə valeh olmuş ötən illərdəki dinləyici kontingenti indi artıq bu verilişi məmnuniyyətlə Rəqsanələrin bir qadına əslində utanc gətirməli olan səviyyəsiz etirafları ilə dolu "təmiz söhbəti"nə dəyişir. Sizi əmin edirəm bu gün "Xonça" verilişi "Maşın Şou" ilə eyni vaxtda efirə getsə birincinin reytinqinə baxıb ağlamaqdan başqa bir şeyə gücümüz çatmayacaq.
   
   Hətta bu günlərdə tanınmış aparıcılarımızdan birinin belə bir etirafını eşitdim: "Millət normal bir verilişə baxmır ki, bizim də bu səviyyəsiz manıs tayfasının dalına düşməkdən canımız qurtarsın. O gün verilişə millət vəkili çağırdım, reytinqlər gəldi 1,5. Sabahısı Rəqsanəni çağırdım, reytinq 5,4". Bu faktdır, cənablar. Deyəsən, bir az gecikmişik axı. Millətin zövqü artıq korlanıb. Və AZtv-yə, İTV-yə də heç kimə zorla baxdırmaq olmaz, hətta Allah da əmr etsə mümkün deyil. Bu məsələdə heç kimin boğazına çökmək olmur.
   
   Bəs deyən gərəkdir ki, bu şou əhlinə kimdir dalbadal adlar verib başlarını zirvələrə qaldıran?! Hələ "Onlar" kanallardan düşməməkləri ilə fəxr də edirlər. "20 ildir sənətdə can qoymuşam, xalq artisti adına tamamilə layiqəm" bəyanatlarını səsləndirən üryan sənətçilərimiz ekranlardan xalqın tələbi ilə düşmədiklərini bildirərək yüz yolla qazandıqlarına bu cür də don geyindirməli idilər. Bəs, hələ Azərbaycan teatr səhnəsində bir fərli-başlı, yaddaqalan rol oynamamış, Azərbaycan mədəniyyətinə zərrə qədər də xidməti dəyməmiş adamları yuxarı başa niyə çıxarırlar? Dövlətin verdiyi fəxri adı "Çal-çağır"a görə alıblar, bu gün kimi aydındır və "Çal-çağır"ın efirə çıxdığı kanal da bu gün hədəfdədir və "setka"sında əməlli-başlı islahatlar edir.
   
   Hələ bu sənətsiz sənətçilərə fəxri adlardan sonra ev verilməsi bəlası da var. Amma xalqın problemlərini yazmaqdan barmaqları döyənək, əlləri mikrofondan, diktofondan qabar bağlamış ciddi jurnalistlərin hamısı qalıb qəpik-quruşla pul verən İpotekanın ümidinə?! Niyə ciddiyə qiymət verilmir ki, yüngül də öz səviyyəsindən xəbər tutsun, heç olmasa utansın?!
   
   Bu gün əsas tələb kimi vətənpərvər verilişlərə daha geniş yer ayrılması durur. Amma belə verilişlərin yaradılmış duzsuz və sönük obrazı gözləri döyənək eləyib. Bəlkə biz vətənpərvərliyin təbliğatını düzgün qurmuruq?! Əslində, vətənpərvərlik proqramı aparıcıya hərbi paltar geydirib N saylı hissələrə əsgərlərin təlim hazırlığına göndərməklə bitməməlidir axı! Bu hətta insanı gülməyə vadar edir. Bir dəri, bir sümük əsgərin dili dolaşa-dolaşa "mən vətənimə xidmət edirəm" sözü axı qətiyyən inandırıcı deyil! Mən adi bir tamaşaçı kimi bunu hətta vətənə təhqir sayıram.
   
   Həqiqətən, bu gün kanallarımızda islahatlara böyük ehtiyac var. Nəinki verilişlərin, mən deyərdim kadrların. Bu gün hətta təriflənən ciddi kanalların ciddi verilişləri də daxil olmaqla, bəzi kanalların rəhbər kreslosunda Sadıqcanın tarzən, yaxud müğənni olmasından, İbn Sinanın təbib, ya şair olmasından bixəbər, Çingiz Aytmatovun titrini qazax şairi kimi yazan, Quantanamanı ABŞ-ın şəhərlərindən biri sayan, efirdə Rio de Jeneyroya Braziliyanın paytaxtı deyən nə qədər savadsız, hətta əyri yollarla, televiziyada işləməsindən istifadə edərək diplom alan və ya heç ali təhsil alması ilə bağlı diplomu olmayan telekadrlar olması kimi dəhşətli faktlar var. Yazılan titrlərdə gündə 100 dəfə primitiv (mexaniki yox) orfoqrafik səhvlər edən neçə-neçə redaktorlar çalışır. İnanın ki, dərindən və vicdanla yoxlanılsa bütün faktlar üzə çıxar. Savadsız insandan səviyyəli proqram gözləmək düzgündürmü?! Pinti qadının evi çirkli olduğu kimi, belə kadrların da hazırladığı verilişə bənzərlər öz səviyyələrindən uzağa getməyəcək.
   
   Qadağalar, danlamalar bir yerə qədər mane ola bilər, amma bu çarə deyil, problemi köklü həll etməz. Problemi həll etmək üçün mən deyərdim ki, artıq gecikməyə başlamışıq. Hətta indi gec belə olsa yenə gec deyil.
   
   Bəlkə televiziyalar işə götürülən hər bir kadrı üçün daxili yoxlama təşkil etsin və ya bu sahəyə də qəbul test imtahanları ilə keçirilsin. Ümumiyyətlə, istənilən bir metod tətbiq edilməlidir. Çünki televiziya özəl bir müəssisə də olsa o, bütün kütləyə yönəldiyi üçün mütləq müəyyən qayda-qanunlara tabe olmalıdır.
   
   Artıq qurunun oduna yaş da yanıb. Kütləni maarifləndirməyə, onları problemlərini sərgiləməyə, xəbərləməyə və bilgiləndirməyə yönəlmiş kanallar da artıq reytinqli verilişlər hazırlamağa can atır. Çünki bazarda uduzmaq istəmir. Axı, bunlar bir özəl müəssisədir. Dövlət tərəfindən heç bir maliyyə yardımı almır. Hətta artıq işçilərin maaşı da bu reytinqlərdən asılıdır. Reklam bazarı reytinqli verilişlə maraqlanır. Demək artıq hər kəs bu axınla üzməyə məcbur olubsa düşünmək zamanıdır, cənablar! Hər şeyi itirməyə və bərpa edə bilməməyədir üzümüz.
   
   Fikrimin sonunda yenə B.Brextlə, bu qoca almanla razılaşıram. Böyük sıçrayış etmək istəyən bir neçə addım geriyə getmək zorundadır.
   
   İnşallah ki, bu geri getməyimizin üzü sıçrayışa olar.

TƏQVİM / ARXİV