adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

BiZ OLMAQ iSTƏDiYiMiZDƏN FƏRQLi OLA BiLMƏYƏCƏYiK!

RZA RZAYEV
61679 | 2011-02-10 06:05
Son dövrlər gündəmi Misirdəki hadisələr işğal edib. Hər kəs Misirdən danışır. Deyirlər Misirdə təhsilin səviyyəsi aşağı olub. Təhsilə ayrılan pullar mənimsənilib. Misirdə dərs keçməyiblər, indi Misirə dərs verirlər, Mübarək də dərs almaq istəmir.
   
   Şərqdəki dərs İraqdan başlayıb. Səddam dərsini yaxşı oxumadı. Yəni müəllimlərin dediyini etmədi. Müəllimlərin də əlində son vasitə qulaqburmasıdır. Səddamın qulağın elə burdular ki, çoxları qulağından qorxdu.
   
   Bu şərq heç vaxt qərblə düz gəlməyib, yəni yolları ayrı olub. Amma şərq üzünü qərbə tutur, qərb də yolunu şərqdən salır, yol salır, yol xəritəsi cızır, qulaq çəkir.
   
   Deyirlər baş verənlər şərqdəki problemlərin nəticəsidir. Amma səbəbi axtarmaq istəmirlər, çünki səbəbi axtarmaq istəsən gərək, Amerika ilə Avropa ilə düşmən olasan. ABŞ ilə düşmən olsanda gərək ələ keçməyəsən, ələ keçdin qulağını kəsəcəklər. Ya da gərək qaçıb sığınasan Bin Ladenə.
   
   Şərqin mahiyyətində həmişə problem olub, amma şərqə heç vaxt imkan verməyiblər ki, mahiyyətindən doğan probleməri həll etsin. Şərqdə həmişə süni problemlər yaradıblar.
   
   İndi isə problem nədir, cəmiyyətin mahiyyətindən doğan və süni yaradılmış problemlər hansılardır sualına cavab tapaq.
   
   Problem həllini gözləyən prosesdir, hadisədir. Zamanında həll edilməyəndə kor bağırsaq kimi partlayır.
   
   Problemin həlli dedikdə ardıcıl, qarşılıqlı, əlaqəli, sonsuz sayda addımlardan ibarət proses başa düşülür.
   
   Hər bir cəmiyyətdə problem var. Problemlər yaranma səbəbinə, xarakter və xüsusiyyətlərinə görə fərqlənirlər. Problemlərin həlli yolları da fərqlidir. Hər bir problemin həlli yeni problem yaradır. Necə ki, hər nəticə yeni nəticə doğurduğu kimi.
   
   Problem var ki, cəmiyyətin mahiyyətindən doğur, eləsi də var ki, o süni şəkildə yaradılır.
   
   Cəmiyyətin mahiyyətindən doğan problemlər, çətinliklər inkişaf prosesinin bir hissəsidir, yəni həmin problemlər həll olunduqca cəmiyyət inkişafa doğru gedir. Cəmiyyətin mahiyyətindən doğan problemlər cəmiyyətin inkişaf göstəricisidir.
   
   Süni yaradılmış problemlər cəmiyyətin mahiyyətindən doğan problemlərin həll edilməməsinin qarşısını alır və yaxud on illərlə uzadır. Süni problemlər ona görə yaradılır ki, cəmiyyətin mahiyyətindən doğan problemlər həll edilməsin. Çünki cəmiyyətin mahiyyətindən doğan problemlər həll edildikcə cəmiyyət bütövlüyə, birliyə, özünü dərkə doğru gedir.
   
   Süni yaradılmış problemlər cəmiyyətin mahiyyətindən doğmayan, xarici qüvvələr, təsirlər nəticəsində yaradılan problemlərdir. Bu probləmlərin zamanında qarşısı alınmayanda onların həlli üçün on illər lazım olur.
   
   Süni yaradılmış problemlər dövlətçilik üçün böyük problem yaradır. Süni yaradılmış problemlər çox vaxt dövlətin və cəmiyyətin mahiyyətini dəyişir. Yəni məqsədini, vasitələrini, düşüncə tərzini və siyasətini. Süni yaradılmış problemlər həllini ədalətli tapmayanda, həmin problemlər dünya üçün gələcək potensial problemə çevrilir.
   
   Süni yaradılmış problemlərin qarşısını yaradılmazdan öncə almaq lazımdır. Bəzən bu problemlərin qarşısını həmin zaman kəsiyində almaq mümkün olmur. Buna dövlətin iqtisadi imkanları, bəzənsə iqtidarın səriştəsizliyi və yaxud cəmiyyətin müqavimət sisteminin zəifliyi səbəb olur.
   
   Bu gün Azərbaycanda yaradılmış süni problemlər: Qarabağın işğalı, bəzi partiyaların və QHT-lərin xaricdən maliyyələşdirilməsi, təriqətçilik, missionerlik, iqtidar və müxalifət münasibətləridir.
   
   Bu gün cəmiyyətimizə demokratiyadan, doğrulardan, həqiqətlərdən danışan insanlar yox, doğruları, həqiqətləri yaşayan insanlar lazımdır.
   
   Bu gün bəzi siyasi partiyalar və insanlar tərəfindən demokratiyaya, həqiqətlərə edilən çağrışlar xalqın, millətin maraqları, rifahı üçün deyil, özəl maraqlar üçün edilir. Bu insanlar söylədikləri, bəyan etdikləri doğruların, həqiqətlərin ifadəçisi deyillər. Bu dəyərlərdən çətir kimi istifadə edirlər.
   
   Bu gün bəzi siyasi partiyalar, insanlar tərəfindən aparılan siyasi mübarizə öz istiqamətini, mahiyyətini dəyişməlidir. Aparılan siyasi mübarizə insanlara kin-küdurət, nifrət, intiqam, qisas aşılamamalıdır, insanlara xeyir, sevgi, yaxşılıq, dostluq, tərəfdaşlıq, birlik, vətənpərvərlik və əməkdaşlıq hissi aşılamalıdır.
   
   Alternativlərlə, rəqiblərlə aparılan mübarizə onları düşmənə yox, dosta çevirməlidir.
   
   Cəmiyyətimizdə elə insanlar var ki, onlar fürsət gözləyirlər, yəni pusquda durublar. Yarana biləcək boşluqdan həmin an istifadə edə bilərlər. Bu insanlar fürsətçidirlər... Bunlara fürsət vermək olmaz !!! Buna görə də, məmurlar bütün insanlara bir gözlə baxmalıdır.
   
   İnqilabın marşrutu Azərbaycandan keçmir və keçməyəcək də. 15 ildən artıq müxalifətdə olan insanlar dünyanın hər hansı bir ölkəsində baş verən hadisəni həmin an kserekopiya edib Azərbaycanda tətbiq etmək istəyirlər.
   
   Hadisə bir anda baş verir. Hadisə - bir neçə özünə məxsus prosesin bir anda birləşməsidir, üz-üzə gəlməsidir.
   
   Azərbaycanda gedən proseslər inqilaba aparmır, yəni Misirə. Amma Azərbaycan inqilaba hamilədir, yəni tərəqqiyə. Azərbaycanda inkişaf prosesləri var, gedir, bu proseslər uğurla davam etdirilsə inqilab olacaq - TƏRƏQQİ.
   
   Azərbaycan dəyişikliklərə də hamilədir. Azərbaycandakı inkişafın qarşısını alan əsas problem Qarabağ problemi və qonşu dövlətlər problemidir. Azərbaycanda demokratyanın tam bərqərar olmasına maneə, inkişafın daha sürətlə getməməsinə səbəb qonşu dövlətlərin Azərbaycana olan münasibətidir.
   
   Bir çox islahatlar aparmaq lazımdır ki, bu gün onları etmək olmur. Bu islahatlar tək Azərbaycan dövlətindən asılı deyil. Qonşu dövlətlərin anti-demokratik, işğalçı və imperialist düşüncələri, hərəkətləri bu islahatları həyata keçirtməyə imkan vermir və yaxud yubadır. Bir dövlətin inkişafı həm də qonşu dövlətlərdən asılıdır. Necə ki, deyirlər, bir dövlətin ixracı o biri dövlətin idxalıdır. Qonşu dövlətlərin demokratikləşməsi - Azərbaycanın da daha demokratikləşməsinə, inkişafına, getdiyi yola böyük imkanlar yaradacaq.
   
   Biz qonşularımızı dəyişə bilməyəcəyik, qonşularımız da bizə olan münasibətdə dəyişməyəcək. Buna görə də, biz cəmiyyətimizin müqavimət sistemini gücləndirməliyik. Bu sahədə bir çox addımlar atılıb və atılması da gərəklidir. Bütün məqsədlərə bir anda çatmaq mümkün deyil. Əsas məqsədə çatmaq üçün təminedici məqsədləri həyata keçirmək lazımdır. Hər məqsəd gələcək məqsədin mənbəyidir. Bir inkişaf mərhələsi özündən sonrakı inkişaf mərhələsini doğurur və müəyyən edir. Cəmiyyətin inkişaf mərhələsi həm də cəmiyyətdəki problemlərin mahiyyəti ilə müəyyən olunur. Yəni cəmiyyətin problemlərinin mahiyyəti və diaqnostikası ilə cəmiyyətin inkişaf mərhələsini müəyyən etmək olar.
   
   İslahatlar ardıcıl və mərhələli aparılmalıdır. Dövlət başçımızdan cəmiyyətimizdəki problemlər gizlədilməməlidir. Prezidentimiz hansı regiona səfər edir, həmin rayonun icra başçısı ancaq prezidentə inkişafdan danışır, regionun problemlərindən heç bir söz açmır. Bu düşüncə dəyişməlidir.
   
   Məmur vətəndaş münasibətləri dəyişməlidir. Məmur vətəndaşa üstdən aşağı yox, altdan yuxarı baxmalıdır. Məmur anlamalıdır ki, onun hər bir addımı, münasibəti dövlətin vətəndaşa olan münasibəti kimi başa düşülür.
   
   Məmur vəzifəyə biznes mənbəyi kimi baxmamalıdır. Məmur işə gedəndə bu gün nə qədər para qazanacam düşüncəsi ilə işə getməməlidir və yaxud da hakimiyyətə gəlmək istəyənlərin - hakimiyyətə gəlsəm bunu yaradaram, onu quraram, bunu alaram (şəxsi maraqlar üçün) düşüncəsi dəyişməlidir. Təəssüflər ki, bu gün bu düşüncə bizim cəmiyyətimizdə var.
   
   Bir çox məmurlar da vəzifələrindən getməlidirlər. Məmurların da sifəti dəyişməlidir. Məmurların sifəti dəyişməyincə mahiyyət və məzmunda dəyişməyəcək. Görən, hansı nazir Azərbaycanda vəzifəsindən könüllü istefa verəcək və tarixə düşəcək.
   
   Vətəndaş da anlamalıdır ki, problemsiz cəmiyyət yoxdur. Hər bir problemin həlli özü ilə yeni problemlər yaradır.
   
   Bu gün cəmiyyətimizdə dialoq mədəniyyətinin azlığı var, siyasi və hüquqi mədəniyyət aşağı səviyyədədir. Müxtəlif düşüncə insanları bir-birləri ilə dialoq qura bilmirlər. Siyasilər müxtəlif, fərqli düşüncəyə düşmən müvqeyindən baxırlar.
   
   Fərqli düşüncələr cəmiyyəti inkişafa doğru aparır. Amma mənim düşüncəm doğrudur, mən düşündüyüm doğrudur fəlsəfəsi - cəmiyyətdəki inkişafın, münasibətlərin, dialoqların qurulmasına maneələr yaradır.
   
   İnsanlar müxtəlif olduqları üçün, müxtəlif düşündükləri üçün doğrunu cəmiyyətdə çoxluq müəyyən edir, yəni çoxluq hansı düşüncənin, hansı insanın yanındadırsa o doğrudur, onu azlıq qəbul etməlidir.
   
   Cəmiyyətimizdə siyasi partiyalara mənsub olan insanların düşüncəsində dəyişiklik olmalıdır. Bu gün siyasi partiyaların dəstək qazanmaq üçün apardıqları əsas ana xətt budur - gəl bizimlə ol - hakimiyyətə gələndə filan vəzifəni sənə verəcəyik.
   
   Cəmiyyəti tam siyasiləşdirmək olmaz. İnsanlar hansısa bir siyasi partiyaya vəzifə üçün yazılmamalıdır. Vəzifə insanların sayı qədər deyil, çox azdır. Insanlarımız bunu anlamalıdırlar.
   
   Siyasi partiyaların sifəti, siyasi partiyalardakı sifətlər də dəyişməlidir. Bu günki hakimiyyətin ən zəif yeri müxalifətdir. Düşmənsə həmişə zəif yer axtarır, zəif yerdən vurur. Bu gün dövlətimizi zəif yerdən vurmaq istəyənlər çoxdur. Elə zəif yerimizi də tapıblar. Bu gün müxalifət daha çox xarici havalara oynayır. Müxalifətdəki sifətlər dəyişməlidir. Sifətlər dəyişməsə müxalifət elə bu sifətdə qalacaq, yəni müxalifətdə.
   
   Azərbaycanda kino industriyası yaradılmalıdır, filmlər və seriallar çəkilməlidir. Müasir dövrdə kinosu olmayan cəmiyyət inkişaf edə bilməz. Kino atom bombasının mənbəyidir. Kino atom bombasıdır. İran kinosunu yaradandan sonra atom bombası yaratmağa başladı. Türkiyə son dövrlər serial yaratmaqla, çəkməklə cəmiyyətin inkişaf mərhələsini müəyyənləşdirir - ideoloji, iqtisadi.
   
   Bütün xarici seriallara və filmlərə qarşı marağı azaltmaq lazımdır. Dövlətimiz bu məsələ ilə ciddi məşğul olmalıdır. Özümüzün kino məktəbini yaratmalıyıq və gənclərə daha çox önəm verilməlidir. Müəllif filmləri çəkilməlidir. Xarici ölkələrdə təhsil almış rejissorlara nəzarət edilməlidir.
   
   Kino bir başa milli və yeni düşüncənin yaranmasına səbəb və vasitədir. Ayrıca kino akademiyası yaradılmalı, ancaq milli düşüncəyə malik ziyalılar tədris proqramı hazırlamalıdırlar.
   
   Rejissor peşəsi elə bir peşədir ki, o çox sürətlə inkişaf edir. Yəni kino çox sürətlə inkişaf edir. Kinonun qayda-qanunları çox sürətlə dəyişilir. Dünən aldığın təhsil bu gün köhnədir. Dünənki qanunla bu gün kino çəkmək olmaz. Başqa sahələr ilə kino sahəsini eyniləşdirmək olmaz. Azərbaycan kinosunun əsasları yoxdur, yazılmayıb. Kino Azərbaycanca danışmayana qədər bizi yad düşüncələr, yad xəyallar təhdid edəcək.
   
   Kino (sinema) sözünün mənası "hərəkət" (hərəkat) deməkdir. Bu gün Misirdə baş verənləri ona görə misirlilər daha dərindən dərk etmir ki, Mübarək Misir yönətməni yetişdirmədi, Misir kinosu yaratmadı. İndi xarici qüvvələr misirliləri yönəldir Misirə qarşı. Axı YÖNƏTMƏN (rejissor) yön verəndir.
   
   Misirdə baş verənlər hərəkətsizliyin hərəkətidir (hərəkatı). Problemlər hərəkətsiz qalanda, yəni həll olunmayanda hərəkata çevrilir. Hər kəs öz hərəkətini bilməlidir, bilməyəni yerində oturdurlar. İndi xaricilər Misirdə kino çəkirlər, hərəkət edirlər, hərəkat yaradırlar.
   
   ABŞ-a yeni problemlər lazım iqtisadi böhrandan çıxmaq üçün. Axı ABŞ problemsiz yaşaya bilmir. Axı ABŞ problemsiz inkişaf, tərəqqi edə bilmir. Axı ABŞ-da yaxşı kino çəkirlər. Biz kinosuz (hərəkətsiz) qalsaq kino çəkənlər bizim də ölkəmizə gələcəklər.
   
   Biz kim olmaq istəyirik - ya Misir, ya da inkişaf, tərəqqi etmiş, demokratik, güclü, böyük, bütöv Azərbaycan?! Biz olmaq istədiyimizdən fərqli ola bilməyəcəyik!
   
   Biz bir neçə gün susuz, çörəksiz ola bilərik, amma bircə gün Azərbaycansız ola bilmərik! Bizə su, çörək, iş verənlər ola bilər, amma heç kim bizə Azərbaycan verə bilməz.
   
   Hələ bu ölkədə Azərbaycandan yana olanlar çoxdur. Suyun, çörəyin nə qədər qiyməti qalxsa da, Azərbaycanın dəyərini heç nə üstələyə bilməyəcək.
   
   Azərbaycanlılar misirli olmayacaq! Azərbaycan Misir olmayacaq!
   
   Hadisənin və qərarın özündən çox onun verəcəyi nəticələr haqqında düşünmək lazımdır!
   
   

TƏQVİM / ARXİV