adalet.az header logo
  • Bakı 18°C

Düşmən qabağından qaçan "səfirlərimiz" - Rza Rzayev yazır

RZA RZAYEV
1304 | 2022-11-22 13:43

Son günlər məlum hadisələr tez-tez baş verir - düşmən ordusu Qarabağda tez-tez təxribatlar törədir və son dəfə açıq hücuma keçdi, ordumuz düşmənin qarşısını qətiyyətlə aldı.

Və bunun ardınca ermənilər bir çox ölkələrdə səfirliklərimizin binalarına hücum etdilər.

Hücum edənlər də Qarabağdakı kimi silahlı deyildilər, ən uzağı daş çatan məsafəyə qədər gəlib binanı daşa tuturdular.

Və heç bir səfir qapını açıb Qarabağda döyüşdən qaçan, müharibəni uduzmuş bir "millətin" qalıqlarının qarşısına çıxmağa cürət etmədi.

Səfir də rejissor kimi bir millətin, bir dövlətin uniformasız hərbçisidir. Başqa bir dövlətdə millətinin, dövlətinin maraqlarını, məqsədlərini həyata keçirən uniformasız döyüşçüdür. Həm də toxunulmazdır, beynəlxalq qanunla qorunur, amma səfirlərimiz bu küçük, azğınlaşmış kütlənin qarşısına çıxmaqdan qorxdular.

Və belə anda yada Ramil Səfərov düşür, gənc yaşda, Türkiyədə Hərbi Akademiya bitirir, ölkəyə dönür, təkrar xaricə kurs keçməyə göndərilir, qarşıda onu böyük gələcək gözləyir, amma o, düşmən zabitlərinin təhqirlərinə tab gətirmir, zabit şərəfini, Azərbaycanlı şərəfini hər şeydən üstün tutur, nə işini, nə ailəsini, nə də sağ qalıb-qalmayacağını düşünmür, sonra baş verənlər məlumdur...

Bu qədər səfirlərin, səfirlik əməkdaşlarının içindən bir Ramil Səfərov çıxmadı (puluna qıyıb bir balta alanı olmadı), çıxa da bilməz, çünki onlar millətinə, dövlətinə münasibətdə Ramil deyillər, çünki səfirləri Ramilin mənsub olduğu təbəqədən seçmirlər.

Səfirliklərimizdə zaman-zaman problemlər yaşanıb.

İllərdir cəmiyyətimizdə bu mövzu gündəmdən düşmür, cəmiyyətdə belə bir fikir var ki, səfirlərimizin çoxu düzgün seçilmir, düzgün adamlar səfir təyin edilmir.

Və son günlər yeni səfirlər təyin edildi, bəzilərinin yeri dəyişildi. Yeni təyin olunanlardan birini şəxsən tanıyıram, bilikli, vətənpərvər, vicdanlı, əxlaqlı, mədəni, dövlətinə və millətinə bağlı şəxsdir. Çoxdan səfir olmağı haqq edirdi, subyektiv səbəblərdən ola bilmirdi, yəni keçmiş nazirin maraq dairəsində olan biri deyildi. Bu təyinata çox sevindim, çünki həmin şəxsə böyük hörmətim var və bu təyinat millətimizə, dövlətimizə faydalı olacaq, amma ağrı yaradan tərəfi var, bu hörmət bəslədiyim şəxs yuxarıda sadaladığım keyfiyyətlərinə görə səfir təyin olunmayıb, əsas səbəb təsadüfdür. Və bu əsas səbəb digər səfirlərin təyinatında da əsas rol oynayıb və Dövlət başçısı hər dəfə yeni təyin etdiyi məmurlara işçi götürəndə bu səbəbi əsas götürməmək tapşırığı verir!

Və öncələri olmayanlar!

Səfirliklərimizin önündə baş verən məlum hadisələr bir daha öncə dediklərimi, yazdıqlarımı sübut edir. Məmurların (yeni təyin olunanlar da daxil) çoxunun materialı elədir ki, onlarla nəinki düşmən qarşısına çıxmaq, hətta onlarla toy davasına da düşmək olmaz, dönərsən ki, kürəyin boş qalıb...

Düşmən bizdən yaxşı bilir kimin üstünə gedir, düşmən alacağı cavabı da, təpkini də öncədən hesablayıb, onlar bizim səfirləri bizdən yaxşı tanıyırlar.

Və cəmiyyətdə çoxluğun səfirlərimizin kimliyindən xəbəri yoxdur, onları çoxluq tanımır. Niyə? Çünki insanlar öncələrinə görə tanınırlar, bu adamların öncələri yoxdur, yəni əvvəllər heç bir ictimai-siyasi prosesdə iştirak etməyiblər, zaman-zaman milli maraqlarımız, dövlətçiliyimiz üçün təhlükə yarananda öndə olmayıblar, sınaqdan keçməyiblər, xalq onları tanımır.

Və öncələri olanlar, bu xarakter məsələsidir!

Bir səfirimiz var - Həsən Zeynalov, əvvəl Qarsda, İstanbulda konsul olub, keçmişdə cammat və yaxud nurçu kimi tanınan, indi isə FETÖ-çü adlanan zinadan dönənlərin qılıncının dalı-qabağı kəsən vaxtı sinəsini önə verdi, ifşa etdi onları, Prezident aparatındakı "gizli" FETÖ-çülər (bəziləri sonra işdən uzaqlaşdırıldı) haqqında ölkə başçısına yanlış informasiya versələr də, Dövlət başçısı keçmiş konsulun öncələrini bildiyindən onu konsulluqdan alıb daha yüksək vəzifə sayılan Səfir təyin etdi.

Və bir də, ən əsası, bir anlıq düşünün, daxili işlər naziri Vilayət Eyvazov xarici işlər naziridir, onun cavabdeh olduğu səfirliklərə düşmən belə asan hücum edə, bu hücumlar belə cavabsız qala və ya ona tabe olan səfirlər belə qaçıb gizlənə bilər?!

Öncələri olmayanların sonrası da olmur.

Allah sonrasından saxlasın.

 

Rejissor, aktyor Rza Rzayev

TƏQVİM / ARXİV