İstədiyimiz qələbəni 30 ilə yaxın gözlədik, hər gün gözümüz önündə canlandırdıq, sonda canından keçənlərin hesabına qazandıq.
Əsl siyasətçi və dövlət adamı yaşadığı dövrdə dövrün gerçəklərini və həll olunmayan problemlərin səbəblərini açıq söyləyə bilmədiyi üçün ona cəmiyyətdə inamsızlıq yaranır.
Bu məsələdə bəxtimiz gətirmiş oldu, cəmiyyətdə belə bir düşüncə var idi ki, Böyük Heydər Əliyev nə edir, düz edir və Böyük Heydər Əliyev edə bilmirsə, kimsə edə bilməyəcək.
Bu inam bizi uzun illər ayaq üstə saxladı və qələbəyə səbəb olacaq siyasi kursun sona qədər həyata keçməsinə yardımçı oldu.
Uzun illər bu inamı öldürmək istəyənlər çox işlər gördülər, amma edilənlər bir işə yaramadı, özləri kimi.
Ürəyin istəkləri, ürəkdə olanların dilə gətirilməsi böyük problemlər yaratmışdı.
Böyük Heydər Əliyev bütün daxili və xarici təzyiqlərə baxmayaraq, real olan ilə istənilənlərin və arzu edilənlərin uzlaşmadığı bir vaxtda dəqiq kurs müəyyən etdi, mövcud şərtləri nəzərə aldı, vaxt qazandı. Bu vaxt gələcəkdəki böyük qələbəmizin mənbəyi oldu.
Və dünyanın dəyişməyən qanunları var, Böyük Heydər Əliyev də dünyasını dəyişdi və dəyişən şərtlərdə dəyişməyən məqsədi həyata keçirəcək şəxs sükan arxasına keçdi.
Və Cənab İlham Əliyev ilk olaraq millətin düşüncəsini dəyişdi. Millətin gizli potensialını üzə çıxardı. Pianonun heç vaxt əl dəyməyən dillərinə toxundu, qaranlıqda qalan yerlərə işıq tutdu.
Həyatda elə şeylər var ki, onlar cüt yaranıb. Məsələn, ayaqqabıların sayı kimi, biri olmayanda o biri tay da yararsız olur. Bu, cütlük, birgəlik mənasını daşıyır, biri olmayanda o biri də məzmun və mahiyyətini itirir.
44 günlük müharibədə Dövlət Başçısı ilə xalqın tam birliyi, bütövləşməsi, birgəliyi böyük qələbənin əsas səbəbi oldu.
Hələ illər öncə çıxışlarımda cənab İlham Əliyevin milli məsələlərdə cəmiyyətdən daha radikal olduğunu söyləmişdim, Dövlət Başçısı kimi bəzi çıxışları daha sərt olurdu, ehtiyatlı danışmır, milli məsələlərdə fikirlərini açıq və qəti söyləyirdi.
Çünki cənab İlham Əliyev heç vaxt milli məsələlərdə tərəddüd etmədi, Qarabağ məsələsində heç bir güzəştə getmədi, dünya güclərinə yeri gələndə meydan oxudu, hakimiyyəti itirməkdən qorxmadı, çəkinmədi.
İnsanın davranışları daha çox genetikasına bağlıdır, genetika özünü daha çox çıxılmaz, çətin anlarda göstərir.
Uzun illər Cənab İlham Əliyevə qarşı mübarizə aparanlar onun Böyük Heydər Əliyev kimi güclü siyasətçi və yaxud şəxs olmadığını tirajlayır, onu gözdən salmağa çalışırdılar.
Amma Cənab İlham Əliyev ən çətin vəziyyətlərdə Böyük Heydər Əliyevin əsl davamçısı olduğunu sübut etdi və dünya liderlərinə siyasət dərsi keçdi.
Cənab İlham Əliyev 44 günlük vətən müharibəsində siyasəti tək kitabdan öyrənmədiyini bir daha sübut etdi. Siyasətin kitablarda yazılmayan qanunlarının yeri gələndə yerində necə tətbiq edildiyini bir daha göstərdi.
Rejissor, aktyor - Rza Rzayev