adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Mahir Muradov nümunəsi - Rza Rzayev yazır

RZA RZAYEV
989 | 2023-02-10 11:21

Hamımızın bildiyi bir söz (həqiqət) var, amma onu heç kim demir.

Əvvəl polisdə, prokurorluqda işləyənlərə “sistemdə işləyir”-deyirdilər, üz-üzə gələndə hamının üzünə gülümsədiyi sistem işçilərinin haqqında daldada yaxşı danışmırdılar.

Daldada edilən söhbətlərin obyektiv və subyektiv tərəfləri var.

İnsan psixologiyası belədir ki, özünü heç bir halda günahkar hesab etmir. Sistem işçisi də peşəkar və ədalətli olanda qanunun tələblərinə uyğun hərəkət edir, vicdanlı və ən əsası insan olanda isə qanunun ötəsinə keçə bilir, insanlıq qanununu əsas götürür.

Elə bir dövrdə yaşayırıq ki, insanlar “Allah heç düşmənimin də işini polisə, prokurora salmasın!” - deyir.

Mahir Muradov yaşadığım rayonda prokuror işləyirdi. Yenə hamıya görə dözməli olduğum vəziyyətə dözə bilməmişdim, dayanacaqda dayanan xanıma maşın saxlayan sürücüyə bir yumruq vurmuşdum, adamın əməli nə qədər alçaq olsa da, arxası yuxarıya bağlı çıxmışdı.

Və bu hadisədən bir neçə il qabaq yenə qanunu "pozmuşam", hadisənin üstündən bir neçə ay keçib, bölməyə dəvət edirlər, əlimə qandal vururlar, guya istintaqdan yayınmışam, ölkədən qaçmışam və baş verən hadisənin səbəbləri, məzmunu tam dəyişdirilib, xəbərim olmadan cinayət işi açıblar, bölmədən idarəyə aparırlar, prokuror təqdimat verməlidir ki, məni məhkəməyə aparsınlar, haqqımda həbs qətimkan tədbiri seçsinlər.

Arxamca gələnləri polis idarəsindən prokurorluğa göndərirlər, deyirlər, “Bizlik bir şey qalmayıb, artıq sənədlər prokurorluqdadır, prokuror sənədə qol çəkən kimi məhkəməyə aparacağıq”.

Bu hadisəni 2011-ci ildə yazdığım bir məqaləmdə belə təsvir etmişdim: "Son dəfə dalaşanda Naxçıvanlı polislər və müstəntiqlər mənə müştəri gözü ilə baxdıqları halda, bakılı prokuror – “Belə gənci qorumaq lazımdır” - dedi və bütün məsuliyyəti öz üzərinə götürdü". 

Adını çəkməmişdim, çünki Mahir Muradovun mövqeyi daha da möhkəmlənmişdi, o isə bu möhkəmlənmədən istifadə etməmişdi. Sonra özünə daha sakit yer seçdi, prokurorluqdan Konstitusiya məhkəməsinə bir üzv kimi sığındı.

Xarakter hadisələrə ardıcıl göstərilən eyni məzmunlu düşüncəvə münasibət formasıdır. İnsan çətin anda, ehtiyac zamanı mütləq xarakterini (var olanı) qorumalıdır. Pula və vəzifəyə görə hər şeyə gedənlər, sonra yaxşı pul qazansalar da, böyük vəzifə tutsalar da, “keçmişin zibilxanası”ndan çıxa bilmirlər.

Vəzifə tutanlardan həmişə uzaqda dayanmışam, tanıdığım yaxşılar yaxşı sözü haqq etsələr də, açıq deməyə çəkinmişəm, sonraya saxlamışam...

İlk hadisədə üz-üzə gəlməmişdik, yəni onu şəxsən görməmişdim və tanımırdım, amma qəlbimdə ona qarşı hörmət yaranmışdı.

İkinci hadisədə şəxsən özümü qəbul etdi, çünki bu dəfə polislər məni qorumaq istəyirdi, amma yuxarıdan həbsim üçün tapşırıq prokurora gəlmişdi, yəni Mahir Muradova. O, bu işlə maraqlananda deyiblər ki, “Keçən dəfə kömək etdiyiniz oğlandır”.

Hadisənin necə baş verdiyini soruşdu, diqqətlə gözlərimin içinə baxırdı, gözlərinin içinə hadisəni olduğu kimi ətraflı danışdım, gözlərini bir an olsun çəkmədi, söhbətimiz bir az uzandı...

Sonda gözlərini gözlərimdən çəkmədən dedi, "Səni bu dəfə tutmaq istəyirdim, yenə tutmayacağam, amma mən gedəndən sonra səni tuta bilərlər...”

Və 2018-ci il, FETÖ-çü məktəb direktoru ilə aramızda baş verən hadisə ilə bağlı yenə haqqımda əsassız, bütün qanunları tapdalayaraq cinayət işi açdılar, yenə səbəb eyni, yenə tanış maddə, yenə "xuliqanlıq".

Məhkəmə prosesi başlayır, Dövlət İttihamçısı, yəni prokuror tanış gəlir, nə qədər fikirləşirəm, haradan tanıdığımı xatırlaya bilmirəm, savadlı və məntiqlidir. Proses vaxtı saxta ittihamı müdafiə etsə də, mənə hörmətlə yanaşır, 3-4 prosesdən sonra qurama şahidlər dindirilir, prokurorun rəngi qızarır, hakimə başını bulayır, fikrə gedir, proses bitir. Çöl qapıda prokuror ilə rastlaşıram, deyir, “Gələn prosesdə mən olmayacağam, bu işdən imtina edəcəyəm”. Səbəbini soruşuram. Deyir, "Qalsın sonraya...” (gələn prosesə başqa prokuror çıxır və hər mənada başqa...)

Prosesdən sonra vəkilim ilə çay içirik, prokurorun kimliyini, əvvəl harada işlədiyini soruşuram, deyir, “Əvvəl Nizami rayonunda işləyib, prokurorun köməkçisi olub, Mahir müəllimin”.

Vəkilimə keçmişdə baş verənləri danışıram və deyirəm, “Mahir müəllim Baş Prokuror olsaydı, bütün prokurorlar onun ədalətindən, vicdanından, insanlığından və ən əsası, kişiliyindən pay götürərdilər, necə ki, keçmiş köməkçisi götürüb...”

Bu məsələdə millətimizin bəxti gətirmədi, Mahir Muradov nə baş prokuror, nə də Ali Məhkəmənin sədri olmaq istəmədi, məhz istəmədi...

Adamlar var ki, əllərindəki imkanı pislik etməyə istifadə edirlər, Mahir Muradov isə üstündə yaxşı iş olmayanları belə yaxşılıqla yola verirdi.

Qızıl zibillikdə öz dəyərini itirmədiyi kimi, yaxşı insan da pis adamların içində sona qədər öz dəyərini qoruyur.

Mahir Muradov bütün pisliklərin içində ancaq yaxşılıq edən biri idi.

Və ən dözülməzi, dayanacaqda dayanmışqıza maşın saxlayan oğlana yumruq vurduğum yerdən hər gün keçirəm, indi orda hər axşam, yolun qırağında bir "dəstə" dayanır, hamının gözünün qarşısındabədən alveri gedir və həmin yol əsas yoldur, kimisi qızı ilə, kimisi həyat yoldaşı ilə o yoldan keçir, yolda duranları, onlara maşın saxlayanları da hamı görür, heç kim də buna etiraz etmir, çünki hər şey adiləşib, ata-bala yanında da, ər-arvad gözündə də.

Niyə, səbəb nədir?! Niyə kimsə etiraz etmir?! Niyə cəmiyyətimiz getdikcə mənəviyyatsızlaşır?! Niyə ölkəmizə turistlər gəzməyə yox, başqa məqsəd üçün gəlirlər?! Niyə turistlər mərkəzi meydanımızda hamının gözü qarşısında gələnə-gedənə baxırlar, ilişirlər?! Niyə "adımız" belə çıxıb? Niyə bizi belə tanıyırlar? Niyə mərkəzi küçələrimiz, yollarımızın qıraqları hamının gözünün qarşısında belə çirkinləşir?!

Və hamı da bu baş verənləri "yeyir"!

Bilirsiniz niyə?

Çünki indi Mahir Muradov kimi Prokurorlar yoxdur, çünki indi Mahir Muradov kimi polis rəisləri yoxdur, çünki indi Mahir Muradov kimi Məhkəmə Sədrləri yoxdur!

Və ən çəkilməzi, bu baş verənlərə etiraz etsən, birinə bir şillə vursan, hələ onlara (yolun kənarında bədən alveri edənlərə) maşın saxlayanları demirəm, "yolda duranların", yəni bədənini satanların arxasından polis rəisləri, prokurorlar, məhkəmə sədrləri çıxacaq, dərini dartıb boğazından çıxaracaqlar ...

Və ən acınacaqlısı, necə ki, gənc müəlliməni tək otağına çağırıb, adının mənasını soruşan, sonra sənin adının mənası gözündən od yağan, atəş yağan deməkdir deyən FETÖ-çu məktəb direktorunun arxasından polis rəisi, prokuror, məhkəmə sədri çıxdı! Tapşırıq və pul qarşılığında onu qorudular, amma sabah övladlarını belələrindən qoruya bilməyəcəklər.

Mahir Muradovu həyatda cəmi bir dəfə görmüşdüm və belə görmüşdüm, belə tanımışdım.

Və iki il bundan öncə cəmiyyətimizdə xüsusi hörmətə malik, çoxları tərəfindən sevilən, tanınmış bir sima ilə təsadüfən görüşdük, baş verən son hadisəni bilirdi, söhbət etdik, dedi - bu işi ədalətli həll etsə, Mahir müəllim həll edə bilər, biz ondan xahiş edək səni qəbul etsin. Onu tanıdığımı, necə tanış olduğumuzu danışdım. Dedi - lap yaxşı, onda get yanına, danış hər şeyi olduğu kimi. Dedim - heç vaxt.Dedi - onda biz gedək!Etirazetdim. (Səbəbini həmin şəxsə danışdım, burada yazmağa ehtiyac duymuram, amma gec-tez hamı o hadisəyə şahid olacaq və səbəbini biləcək.)

Və ən ağır gələni, xəstə olduğunu da həmin insan söyləmişdi,çox üzülmüşdüm. Belə bir şəxsin belə ağır xəstəliyə tutulmasını qəbul edə bilmirdim.

Üzümü göyə tutub Allahı görmək, ondan soruşmaq istəmişdim. Bu qədər "əlində" qaldıqların, öhdəsindən gələ bilmədiklərin, yaratdıqlarına zülm edənlər varkən?Niyə o, niyə də, niyə?

Xərçəng ağır xəstəlikdir, ən ağırı isə yaxşı insanların da bu xəstəliyə yaxalanmasıdır.

Yaxşılıq insanları doğmalaşdırır! Yad bir insanın vəfatı çoxlarını kədərləndirirsə, deməli, o insan ölməyib, dünyasını dəyişib...

Bir neçə insanın "ölümünə" ağlamışam, özümü saxlaya bilməmişəm, gözümdən axan yaşın səsinə diksinmişəm.

Xəbərləri oxuyuram, Mahir Muradov vəfat edib, gözüm dolduğundan yazını sona qədər oxuya bilmirəm, içimi çəkirəm, başımı divara dayayıram, göyə baxıram, hər yer ağappaqdır, kəfən rəngində...

 

Rejissor, aktyor - Rza Rzayev

TƏQVİM / ARXİV