Biabırçı verilizlər

İRADƏ İSHAQ
23830 | 2009-09-05 05:03
Doğrudan da mövcuddur. Televiziya rəhbərlərinin indi dəbdə olan alışdım-yandım ipəkdən hazırlanan qırmızı, sarı və ya əlvan rəngli yekə qalstuklarının içərisində özlərini boğaraq "biz millətimiz üçün fəaliyyət göstəririk" deməsinə də qəti əhəmiyyət verməyin. Məsələ burasındadır ki, onlar çox şeyi dərk etmirlər. Anlamırlar ki, televiziya yeganə təşkilatdır ki, onların qüsurunu bütün dünyanın görmək imkanı var. Əgər sən Su və Meliorasiya İdarəsinin rəhbərisənsə sənin işdəki qüsurların görsənməyə bilər, yeyintini, işbilməzliyini, tənbəlliyini cəmiyyətdən müəyyən müddət gizlədə bilərsən. Amma televiziya rəhbərlərinin də millət vəkilləri kimi elədikləri göz qabağında, reklamları isə dağ başındadır. Əslində, çox çətin vəzifədir. Sənə, hətta, de yure olmasa da, de fakto baş nazirdən də məsul vəzifə tapşırılıb. Millətin təhsili qədər vacib məsələ. Cəmiyyətin dünyagörüşünü, ictimai düşüncəsini, zövqünü, əxlaqını, əyləncəsini, savadını, istedadını, təhsilini, tərbiyəsini formalaşdırmaq. Haqq-hesabın düz deyilsə cəzasını o biri dünyanda belə verib qurtara bilməzsən. Amma görəsən onlardan hansısa bunu papağını qarşısına qoyub düşünübmü və bu gün mənim və onlarla jurnalistin belə kəskin danışmağına nə qədər şərait yaratdığını götür-qoy edibmi?! Heç birinin inkar etmək və özünü durulamaq şansı yoxdur, çünki hər şey göz qabağındadır. Verilişlər, onların səviyyəsi, ucuz reytinqi, mənasız reklam çarxları. Onlar, sadəcə olaraq, dünya standartlarına cavab vermir.
   
   Bu gün dünya TV-sini, ən azından keçmiş MDB ərazisini maraqlandıracaq hansı telelayihələrimiz var? Gəlin, maddiyyatdan danışmayaq. Bəzi TV-lərimiz dövlətdən keyfiyyətli işləmək üçün kifayət qədər maddi yardım alırlar, studiyaları da olduqca böyükdür, bəziləri hətta öz texniki avadanlığını Qafqazda analoqsuz adlandırırlar. Yaxşı, bəs üzə çıxardıqları nədir? Demək ki, dövlətin ayırdığı maddi yardım, bir super marketin sığa biləcəyi iri studiyalar, ən son modern texniki avadanlıqlar məsələnin çözümü deyil və dövlətin pulu yeyilir. Əsas olan isə kadr resursudur, əziz direktorlar! İstedadlı və işləməyi bacaran işçi heyəti. Siz öz fikri, fərqli düşüncə tərzi olan işçiləri bir saniyəyə işdən atmaq səlahiyyətinə maliksiniz, amma o, işçinin sənə reytinqli veriliş hazırlayaraq tamaşaçı marağını oyatmağa qadir deyilsiniz! Demək itirən kimdir? Sizsiniz! Bəs işləyənlər kimdir? Hansı kadrlardan söhbət gedir? Niyə TV-lərdən beyin axını edilir? O, hansı gözəgörünməz əldir ki, tele kadrların savadlılarını dənləyir? Niyə TV-lər sürətlə yaxşı kadrlardan imtina edirlər, yetərincə maraq doğura biləcək personalar çıxdaş edilir? Özlərinin belə pisləməsinə baxmayaraq, bütün televiziyalar diletant sözündən də aşağı hansısa düşük şouların, qalmaqalların və onların "layihə ilə lahiyə" sözlərini bir-birindən fərqləndirə bilməyən düşük aparıcılarının ixtiyarına verilib? Bəlkə Azərbaycanda heç savadlı televiziya mütəxəssisləri yoxdur. Biz demokratiya istədik, amma beləsini yox. Hanı 2000-ci ilin əvvəllərinədək fəaliyyət göstərən inkişafa meylli, ümidverici və rəqabət etməyə maraqlı heyət?
   
   Əslində, heç kim anasının qarnında öyrənmir, hamı işləyə-işləyə öyrənir. Bu faktdır. Təcrübə idmançı Arnold Şvarsneygeri uğurlu kinoaktyor, daha sonra qubernator etdi. Ayı da velosiped sürməyi öyrənə bilir. Özü də çox keyfiyytəli şəkildə, 12 yaşındakı bir oğlan uşağının sürəti qədər sürət yığa bilir. Amma bəs niyə artıq 5 ildən çoxdur ki, televiziya ekranlarımızı və balalarımızın beynini işğal edib xarab edən bu adını aparıcı qoyanlar düzəlmirlər, təcrübə öz möcüzəli əlləri ilə onları üzə çıxara bilmir. Ümumi danışmaq istəmirəm. Keçək xüsusi bölməyə.
   
   Məşhur "Etraf" verilişinin məşhur aparıcısına. Və onun bugünkü layihəsinə. Bu adam bəlkə də 5 ildən çoxdur ki, həftənin bir günü bu zavallı xalqımıza guya öz astrofiziki biliklərini vermək adı ilə şouya yaxın, janrı bəlli olmayan bir veriliş sırıyır. Kimə, nə xidmət göstərir, bu verilişi ilə nə demək istəyir bəlli deyil. 5 ilin təcrübəsi İlham bəydə heç nəyi dəyişməyib. TV-nin əfsunlu kameraları onda heç bir televiziyaçılıq, ən bəd yerində şou qabiliyyəti inkişaf etdirməyib. Anası onu baxıcı doğub, elə də qalacaq. Əvvəl nə idisə indi də həmindir. İlk verilişi ilə sonuncu arasında inkişafa yaxın bir fərq də yoxdur. Bu sualı ona ünvanlasaq əminəm öz plastik əl hərəkətləri və gözlərini süzdürə-süzdürə deyəcək ki, "aaaa, nə danışırsınız, xalq məni sevir. Mənim də öz sevənlərim var, bilirsiniz mənə nə qədər zənglər edirlər? Zövqlər müxtəlifdir. Axı, hamı məni sevə bilməz. Mənim arxamda xalq dayanıb". Bəs, görəsən, onu maraqlandırmır ki, onun auditoriyasının kontingentini kimlər təşkil edir? Onların içərisində ev qadınlarından başqa (indi məşhur olan Tükəzban deyimi daha uyğun olar) kim var? Əslində, bu adamın öz peşəsi və gəlir mənbəyi var. Bu adam astroloq adı ilə fala baxır, dua yazır, yəni min bir əməldən çıxır. Xalqlar Dostluğu metrosunun qarşısından da öz elanını asıb ki, gəl ay, müştəri! Hər şey bu qədər açıq-aydın və biabırçıdır.
   
   İndi də yeni bir layihə üzərində işləyir bu dahi aparıcı. Psixoloqları dəvət edir studiyaya. Öz aləmində onun bazarını öldürən "Lider TV"-nin falabaxanlar (yəni verilişin adı vacib deyil, söhbət mahiyyətdən gedir) verilişinə rəqib yaradıb. İnsafən, deməliyəm ki, bu layihə o birisindən babatdır. Qonaq psixoloqların tamaşaçılarla telefon ünsiyyəti daha yaxşı alınır, zavallı aparıcı burada yenə də yamaq kimi görünür. Axı, bu insan heç zaman televiziya mütəxəssisi ola bilməz. Bədhabəddə səhər proqramına ovqat açmaq üçün bir dəfə qonaq çağırmağa yarayar. Mən İlham bəyi təhqir fikrindən uzağam. Məncə, hərə öz işi ilə məşğul olsa daha yaxşı olar, deyilmi? Baxıcılarla bağlı layihələr bütün dünyada var. Və heç bir baxıcı bundan nə qaçır, nə utanır. Çox keyfiyyətli şəkildə öz qabiliyyətini insanlara sübut edir. "Daha mən falçı deyiləm" deyib özünü göstərmək üçün astroloq və aparıcılıq adı altında gizlənmir. Əziz televiziya rəhbərləri, falçılar işinizə yarayır, lap yaxşı! Onlar haqqında verilişlər hazırlayın, tərifləyin də. Hətta, reytinqiniz yüksək olacaq. Amma lütfən, keyfiyyətli layihə üzərində işləyin.
   
   Və ya başqa bir parapsixoloq Vaqif bəy. Xeyli yaşlı olan bu insanı tanımıram. Xarici görkəmində savadlı alim obrazı var. Amma televiziya onun yeri deyil, axı?! Nəyə görə, bu insan kiminsə, hansısa gülünc ideyasına görə bu rolu oynamağa razılıq verib? Vaqif bəy, tutalım sizə hörmət etməyib bu işi veriblər? Bəs, sizin özünüzə hörmətiniz harada qaldı? Yəni aparıcı olmaq, televiziya ekranında görünüb, qohum-qonşuya, düşmənlərə yandıq vermək, onların yanında öyünmək bu qədərmi vacibdir sizin üçün? Nəvəsi yaşda olan bir qızla qoşa hava proqnozu vermək. Belə olsa idi, cəhənnəm. "Space" kanalı ona daha ağır iş tapşırıb. Hər bölgədəki hava proqnozundan sonra o, gülə-gülə insanların bürclərinə uyğun astroloji əhval-ruhiyyəsini analiz etməlidir. Özü də mənasız, həqiqətə uyğun olmayan cümlələrlə. Anlamıram Vaqif Mustafayevi bu parapsixoloqlara, belə mənasız layihələrə tərəf nə çəkir və niyə insanları belə naqolay vəziyyətə salır? Bəlkə, bundan da maraqlı bir şey etmək olardı. Amma bu ideyanı nəyə görə belə gülüncləşdirmək lazım idi?
   
   Və yaxud ən baxımlı vaxtda "Hər gün" xəbərlər buraxılışı bitir. Və aparıcı xanım sözü İdman buraxılışına verir. Bunun üçün o, güc-bəla ilə, üstündə bütün qarnitur, aparatlarla, şunurları dartışdırıb çıxara-çıxara birtəhər ayağa qalxır, vərəqləri əlinə alır və hündür dabanlarının tappaturupu ilə studiyanı tərk edir. Eyni vəziyyətdə də studiyaya İdman buraxılışının aparıcısı gəlir. Yalan olmasın, 2 dəqiqə tamaşaçılar onların "vəziyyətdən çıxıb kadrı tez tərk etmək" həyəcanını izləməli olurlar.
   
   "Space"in uçurumdakı vəziyyətinə daha nə qədər misal göstərmək olardı. Amma yer məhdudluğu və hövsələnizi nəzərə almağa məcburam, əziz oxucular. Bəlkə bu yazımı öz vacib layihələrini hazırlamaqdan başı ayılsa Vaqif bəy oxuyacaq. Arzu edərdim ki, o, iradlarımı düşmən mövqeyi kimi yox, bu məsxərələrdən bezən bir tamaşaçı kimi nəzərə alsın. Amma bir tərəfdən də qorxuram ki, oxusa daha pis olsun. Cumsun proqramların canına. Onları mənim və mənimkimilərin acığına lap abırdan salsın. Hərçənd, heç kim bizi bu bəladan sığortalamayıb.
   
   Sovet diktor məktəbinin yaradıcılarından olan İqor Kirillovun 70 illik yubileyində ondan soruşurlar ki, "siz diktorları hansı üsullarla öyrədirsiniz?" O, maraqlı bir cavab vermişdi: "Diktorluğu öyrətmirlər, onu öyrənirlər". Məncə, aparıcılıq, ümumiyyətlə jurnalistika haqqında da eyni sözləri demək olar. Axı, bu da bir sənətdir, onu özün öyrənməlisən. Təbii ki, bu sənətə öz sifətini göstərmək üçün yox, peşəkar olmaq üçün gəlmisənsə işin daha keyfiyyətli olacaq.
   
   Qeyd edim ki, tele iradlarım "Space" kanalı ilə bitməyəcək. Hədəfimdə hələ çox döşünə döyən telekanallarımız və onların gülünc, kefaçıcı, eyni zamanda ovqat təlx edici layihələri, iş prinsipləri var. Bəlkə hekayə filan da yazdım, sağlıq olsa. Oxuyub kef çəkərsiniz ki, bizim tele mətbəxdə nələr baş verir?!

TƏQVİM / ARXİV