ANA SƏHİFƏ / YAZARLAR

YERİN ÜSTÜNDƏ BAYRAMDI

Bəs görəsən altında necə?!

36293    |   2016-03-18 16:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Səhərin gözü hələ açılmamışdı. Tək-tək pəncərələr işıq-işıq oyanırdı. Adama elə gəlirdi ki, oyanan pəncərələr göy üzündəki sayrışan ulduzların əvəzidi - İndi ulduzlar çəkilib gedəcək, pəncərələrin işıqları bəzəyəcək dünyamızı, şəhərimizi.

Gecənin yuxusuzluğunu əsnəməklə canından silkələyib tökməyə çalışan və tək-tək yanmağa başlayan pəncərələrə ümid yeri kimi baxan ürəyim yataqdan qalxıb həyətə çıxdı. Əslində bu, təkcə ürəyimin, oyaq duyğularımın yarıqaranlıq səhərə üz tutması deyildi. Bu, həm də ürəyimin bütün gecəni içində qovurduğu vurub-çıxdığı, toplayıb böldüyü, amma nəticəsini, hasilini tapa bilmədiyi bir yaşamın narahatlığı idi. Mənə elə gəlirdi ki, gecənin qaranlığı Ayın, ulduzların işıqlarına bələnsə də, ürəyimə yükdü, ürəyimə zindandı, sıxır məni. Sıxdıqca da ürəyimin döyüntüsü də artır, həyəcanı da... və mən elə məhz bu səbəbdən dan yerinin sökülməsini gözləməyə özümdə güc tapmadım. Bircə onu bildim ki, adəti üzrə işıqlarını söndürüb yatdığımız otaqdan özümü həyətə atdım (bu yerdə yadıma həmişə məndə təbəssüm doğuran bir dostun "mən on yaşımdan həyata atıldım"- sözləri gəlib düşür, məsələyə dəxli olsa da, olmasa da).

Qəribədi, şəhərdə yaşasam da, məskunlaşdığım ərazidə əməlli-başlı bir kənd abu-havası hökm sürür. Xoruzlar banlayır, itlər hürür, hətta beş-on mal-davarını otarmağa aparan məhlə adamlarının da söhbətləri eşidilir. Çox təəssüf ki, bu mal-davar saxlayanlar hərdən şəhərin yaşıllığına da bir "qayçı gəzdirirlər" fərqinə varmadan. Bax, belə bir səhərdə daha doğrusu, açılmaqda olan səhərdə mən narahatlığını anladığım ürəyimlə var-gəl edirəm. Kənardan baxan bunu səhər idmanı da saya bilər. Ancaq mənim bu anda nə idmanlıq, nə də onun barəsində düşünəcək həvəsim yoxdu. Çünki çoxumuza problem olan təzyiq məsələsi də iki gündür mənimlə xudahafizləşmir, çağrılmamış qonaq kimi kəsdirib yanımı. Təbii ki, burada təbiətin də öz diktəsi var, necə deyərlər, arğac ondan keçib. Üstəlik də bizim ekoloqlarımız əməlli-başlı "qaş düzəltmək əvəzinə göz tökürlər". Onlar obyektivlik naminə hava proqnozunun sonunda hər gün meteohəssas adamlara da xəbərdarlıq edirlər. Təbii ki, bu onların vəzifəsidi, ancaq insanların psixologiyasını, hazırkı iqtisadi durumdan yaranan stresslərini nəzərə almamaq da doğru deyil. Gərginlik içində olan insanlara elə meteohəssas sözü kifayət edir və belə olanda istər-istəməz Sovet dönəmini xatırlayıram. Az qala 45-46 dərəcə isti altında kətmən vuran, pambıq yığan, təsərrüfatla məşğul olan insanlar görəsən meteohəssas deyildilər, yoxsa onda Günəş başını basdırıb yatmışdı, partlayışlarla işi yox idi?! Və yaxud göydən hansısa bir cisim qopub üzü yerə tərəf gəlmək fikrinə düşmürdü, zəlzələlər, vulkanlar baş vermirdi, nə isə...

Bu sualları elə-belə sözgəlişi yazdım, onsuz da ekoloqlarımız da bilir nə edir, stresi yaradanlarımız da, onu yaşayanlarımız da. Bu yerdə "çax-çaxın baş ağrıtmasına" ancaq ironiya ilə gülmək olar. Necə ki, düşündüklərimə məhz özüm də elə o cürə gülürəm...

Deməli, cəmiyyət, quruluş dəyişsə də problemlər dəyişməyib, sadəcə kosmetik əməliyyatlar, bir az da cərrahi müdaxilələr olub və olmaqdadı. Bu hər şey olmadığı kimi, hər şeyin olmağı da demək deyil. Elə kədərin, dərdin özündə də bunu hiss etmək olar.


Oyana bilmirsən əvvəlki vaxtda

Qopmur kirpiyindən bu yaz yuxusu…

Sanki bədəninə isti yataqda -

Bükülüb bu fəslin bəyaz yuxusu!..


Dağılıb yastığa qarışıb telin,

Üzündən gözəllik boylanan gəlin…

Qurulmuş saata uzanan əlin -

Uzatmaq istəyir bu naz yuxusun…


Gördüyün ruhmudu, yoxsa ki, mələk,

Əbülfət, beləsi doğulur tək-tək!

Durub bir kənarda ya şəklini çək -

Ya da ki, şair tək sən yaz yuxusun!..

***

Səhərin gözləri açılmağa başladı. Bu vaxt qulağıma çox tanış və şirin bir səs gəldi. Bir qəribə duyğu ilə sağa-sola boylandım. Hələ budaqları çılpaq olan ağacların arasından gəlirdi bu səs. Xüsusi bir maraqla o səsi axtarmağa başladım və tapdım. Sinəsi sarı, ovuc içi boyda olan bu balaca quşcuğaz (nədənsə kənddə biz ona Bayramquşu deyirdik -Ə.M) Bakıya da gəlib çıxmışdı. Özü də Novruz bayramının əvvəlində, axır çərşənbədə. Çox qəribə oxuyurdu, elə bil darıxmışdı. Səsində ayrılıqdan qurtuluşun istisi də vardı, qayıdışın sevinci də. Doğrusu məni çox mütəəssir etdi, haldan-hala saldı və özüm də hiss etmədən sinəsinin altı sapsarı olan bu balaca bayram quşuna çevrilib Bakıdan Qarabağa sarı uçub getdim. Öz üdə birbaşa kəndimizə... amma evimizə yox, öncə kollarının arasından əlimi tikanlar didə-didə bənövşələr dərdiyim "Quşlu dərə"dəki bulağın üstünə. Ürəyim susamışdı o bulağın dodaqları üçün, gözləri üçün. Ürəyim, əllərim, gözlərim hansı kolun dibində neçə bənövşə olduğunu yadda saxlamışdı, ona görə də birbaşa ora uçub getdim. Getdim ki, ürəyimin yanğısını söndürüm.. getdim ki, sayını, yerini bildiyim bənövşələri dərim, bulağın üstündə heç kimin ağlına gəlməyən sıx böyürtkən kollarının arasındakı nərgizləri toplayım. Yaşıdlarım arasında təkcə mən o nərgizlərin yerini bilirdim. Onu başqa kimsə dərməsin deyə, gizləndiyi yerə ətrafdan quru çör-çöp gətirib bir çəpər çəkirdim, gizlədirdim onu hamıdan, gizlədirdim ki, onu heç kim görüb dərməsin. Mən o nərgizi həmişə ən çox sevdiyim müəllimimə aparırdım. Amma çox-çox illər sonra bildim ki, sən demə müəllimim nərgiz gülünü sevmirmiş, sadəcə mənim qəlbimə toxunmamaq üçün nərgizləri qəbul edirmiş. Özəl bir həyatın xatirəsi nərgiz gülünü mənə doğma, ona isə yad edibmiş...

Topladığım güllərlə məğrur bir görkəm alıb görüşə gedənlər kimi yavaş-yavaş evimizə tərəf gedirəm. Getdikcə heyrət və ağılasığmaz dəhşətli bir ağrı məni bürüyür - evimiz yoxdu, çəpərimiz yoxdu, həyətimizdəki meyvə ağacları necə doğranıbsa izi də qalmayıb. Bir anlıq mənə elə gəlir ki, yolu səhv salmışam, harasa özgə bir yerə gəlib çıxmışam. Ancaq yox... mən yanıla bilmərəm. Özümü yanılmadığıma inandırmaq üçün evimizin qarşısından keçən yolun üstündəki qaya parçasını axtarıram. Hə, bu daş parçası yerindədi. Deməli onun üstündə dəmir parçası ilə ovduğum hərflər də yerində olmalıdı. Əlimi daşın mamır tutmuş çöhrəsinə sürtürəm, ovcumun istisi ilə bu daşı əzizləyə-əzizləyə onun sinəsindəki yazıları axtarıram. Mamır dolub dəmir parçası ilə ovduğum rəqəmlərin izlərinə. Qoparıram onları. Tarix olduğu kimi qalır - 24.05.1976. Bu mənim orta məktəbdəki son zəngimin tarixidi. Başqa heç nəyi axtarmağa gücüm çatmır, əlim daşlaşır sanki, ruhum donur sanki, eləcə o daşa söykənib bünövrəsinə qədər yanıb dağılmış evimizə baxıram. Həyətimizdə bitən qaratikan kollarını seyr edirəm. Bu kollar da puçurlayıb. Baharın nəfəsi buralara da gəlib çatıb. Mən isə...

Həsəd apardım sənə, Bayramquşu!. Çünki səni orda da gördüm, Bakıda da. Sən nə qədər cəsarətli, nə qədər qoçaq imişsən! Sən səngəri də rahatca ötüb getmisən, sən o dağılmış yurdumda da öz nəğməni oxuyursan. Amma Bakıdakından fərqlidi o nəğmən. Çünki o nəğməndə daha çox çağırış, fəryad, qisas notları var. Yadıma zindandan məktublar yazan böyük şair Musa Cəlil düşür. "Quşcuğaz" şeirini xatırlayıram. Nə isə...


Gəlib çatdı vaxt, vədə

Bənövşə gözün açdı.

Nə varsa təbiətdə

Damarına su qaçdı...


Torpaq yarıyuxulu,

Ağaclar da puçurlu...

Bu gələn yaz quşları

Budaq-budaq uçurtdu...


Ömrün təzə səhifəsi

Yazılır yenə gül-gül...

Qıra bilmir qəfəsi -

Hələ ki, Xarı bülbül...


Bir coşqunun içində

Süzür hər kəs bu vaxtı.

Baharın gəlişiylə -

Açılır yerin baxtı...


***

Son vaxtlar hər şeydə nəsə bir qeyri-adilik axtarıram. Hətta aylarla, günlərlə gözümün qarşısında olanlarda da nəsə yeni cizgilər tapmaq istəyirəm. Bu bəzən alınır, bəzən isə yox. Bundan üzülsəm də, fikrimdən, israrımdan çəkilmirəm, eləcə axtarıram... bax öncədən dediyim kimi yuxusunu kirpiyimdə yandırdığım, dan yerini gözlərimdə açdığım həmin bu səhərdə də mən nəsə axtarırdım. Bəri başdan deyim ki, bu axtarışım boşa getmədi, Bayramquşunu tapdım, kəndimə gedib-gəldim və bir də həmişə qanımda, canımda olan ən əziz varlığı özümlə birlikdə bu gün gedə bilmədiyimiz o yerlərə aparıb gətirdim, özünün xəbəri olmadan. Apardım ki, o da görsün, tanısın, xatırlasın, onun da yaddaşı təzələnsin. Mən bacardığımı elədim - apardım onu! Ancaq bilmədim ki, o, mənimlə getmişdi və bir də o da mənim yaşadıqlarımı yaşadımı?..

Deyə bilərsiniz ki, bunu özündən niyə soruşmursan. Ancaq unudursunuz ki, mən heç vaxt ondan heç nəyi soruşmuram. Onun baxışlarından, görkəmindən, nəfəsindən, hərəkətlərindən, davranışından soruşmaq istədiklərimi oxuyuram, özü də bacardığım kimi. Bəzən bütöv cümlələrlə, bəzən qırıq-qırıq, ancaq özüm oxuyuram.

İndi artıq evdəkilər də oyanıblar, dan yeri də sökülüb, Günəşin "üst dodağı görünür". İşığı getdikcə ətrafı bürüyür. Mənə elə gəlir ki, bir neçə saatdı ki, dayandığım yerdən tərpənməsəm hara gedib-gəldiyimi də biləcəklər, yanımda kimin dayandığını da görəcəklər, bu gecə də yuxusuz qaldığımı anlayacaqlar və sonra da başlayacaq çoxlu suallar, narahatlıqlar. İndiki halda isə suallara cavab verməyə iynə ucu boyda da gücüm qalmayıb. Sadəcə getmək istəyirəm, çıxıb getmək. Hara olur, olsun! Bu dan üzü yaşadıqlarımı axtarıb tapmaq üçün getmək istəyirəm. Ancaq necə? Adam özü özündən çıxıb gedə bilirmi? Çox qəliz sualdı. İnanmıram ki, kimsə özündən çıxıb, axtardığı özünə gedə bilsin. Mən bu qarışıq fikirlərin içində evdəkilərdən ayrılıb işə yollanıram. Yolboyu həmin o düşüncələr məni tərk etmir, üstəlik mənə elə gəlir ki, indi sən artıq yanımda deyilsən, məni tək qoyub sən də öz işinə çıxıb getmisən. Qınamıram. Burda faciə sayılacaq heç nə yoxdu, amma düzünü deyim ki, getməyini istəmirəm, tək qalmaq istəmirəm. Səbəbini özün düşünərsən. Mən isə özümə təsəlli kimi öz misralarımı təkrarlayıram.


Gəlib öpə bilmirəm,

Gözə təpə bilmirəm,

Vallah səpə bilmirəm -

Torpaq, yarama səni!


Sözdən böyük ölçüm yox

Başqa fikrim-öcüm yox!

Bağlamağa gücüm yox -

Yarpaq, yarama səni!


Uzaq düşmüş didərgin…

Yoxdu başqa bir dərdim.

Məni hara and verdin -

Dedi, arama səni!..


Hə, bu yazı ilaxır çərşənbə ilə Novruzun üz-üzə gəldiyi və dan yerinin hələ qaranlıqdan çıxa bilmədiyi bir məqamda bilgisayara köçürüldü. Necə deyərlər isti-isti. Bilmirəm necə alındı, ancaq inanın ki, mən yaşadıqlarımı və duyğularımı yazdım, necə varsa elə. Başqa cür yaza bilmirəm. Sadəcə, bu yazının yaranmasında bir məqam var. Onu da dilə gətirmək istəyirəm. Əslində son bir ayda həmin o bir məqam bir an da olsun məni, üstəlik ailəmi tərk etməyib. Necə deyərlər, yatanda da, ayaqda olanda da ağlımda, ürəyimdə qövr edir həmin fikri… O da sığındığım evin sökülmək təhlükəsidir. Artıq dəfələrlə köç etdiyimdən təkərlər üstündə olan ailə həyatımın bu sığınacaqla da vidalaşacağına şübhə yeri qalmayıb. Çünki tikdiyim ev, daha doğrusu, onun aid olduğu ərazi metro üstündədi və bu da onun sökülməsini zəruri edibdi. Deməli, məni yenə daşınmaq, köçmək gözləyir. Amma hara?!

Təəssüf ki, bu sualın cavabını verməyə təkcə çətinlik çəkmirəm, həm də konkret olaraq o cavabı bilmirəm. Sadəcə, bu bayram ovqatımızın üzən məzənnəli qayğısı öz rəngini elə tündləşdirib ki, eləcə köçmək… köçmək və yenə köçmək fikri başımdan çıxmır. Bir də ki…

Hə, bir də ki, deyəsən yerin üstü getdikcə daralır mənim üçün. Nə isə…

Bayramınız mübarək!

Əbülfət MƏDƏTOĞLU


İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK