ALLAHA YALVARDI...

FAİQ QİSMƏTOĞLU
69412 | 2012-08-11 08:54
... Əlini yuxarıya qaldırıb Allaha yalvardı. Sonra üzüüstə torpağa uzanıb dırnaqları ilə yeri eşməyə başladı. O qədər eşdi ki, axırda heydən düşdü. Onu tər basmışdı. Özü də bilmirdi ki, Allahdan nə istəyir. Nə istədiyini bilmədiyi halda yenə dizini yerə atıb Allaha yalvarmağa başladı. Dedi ki, ilahi, sən məni bu çətinlikdən qurtar. Oğul-uşağın, qohum-əqrəbanın yanında lap xəcalətli olmuşam. Belə yaşamaqdan ölüm yaxşıdı...
   
   ... Bu vaxtı onun yanından bir molla keçirdi. Molla gördü ki, yaxınlıqdakı adam əlini göyə qaldırıb nəsə dua eləyir. Amma bu yaxınlıqdakı adam ətrafında heç nə hiss eləmirdi. Daha doğrusu, hər şeyi görürdü, ancaq içindəki böyük dərdi ona çox şeyi unutdururdu.
   
   Molla:
   
   - Ay qardaş, dizini yerə qoyub Allaha yalvarırsan. Elə bilirsən Allah hər adama kömək eləyir. Allahın da sevdiyi və sevmədiyi bəndələr var. Sevdiyinə əl tutur, sevmədiyinə kömək eləmir. Axşam gəl bizə, sənə bir dua yazım, bütün işlərin düzəlsin.
   
   Allaha yalvaran adam:
   
   - Ay molla, əgər sən belə iş düzəldən olsaydın, elə oğlun Nazimə bir gün ağlayardın. Nazimin qul bazarında, günün altında durmaqdan rəngi misə dönüb. İndi sən mənə nə kömək eləyə biləcəksən?!
   
   Molla:
   
   - Axşam bizə gələrsən hər şeyi aydınlaşdırarıq. Qalx ayağa, get evinizə! Əl-üzünü yu, bir az rahatlan, dincini alandan sonra biz tərəfə gələrsən...
   
   Mollanın dedikləri həmin adamı bir qədər düşündürdü. Dedi ki, onsuz da bayaqdan Allaha yalvarıram, gedim bir az da mollaya yalvarım, görüm mənə nə kömək eləyəcək.
   
   ... Evə çatanda uşaqlar qabağına qaçdı. Yenə evə əliboş gəlmişdi. Yəni bütün günü iş gözləsə də, kimsə aparıb onu işlətməmişdi və pul verməmişdi. Qabağına qaçan uşaqları görəndə gözləri doldu. Ağlamaq istədi, bir təhər özünü saxladı. İstəmədi ki, balaları onun acizliyini hiss eləsin və göz yaşını görsün...
   
   Arvadı onun həddindən artıq yorulduğunu görüb, bir söz demədi. Guya bir söz desəydi nə olacaqdı. Onsuz da hər gün Əhməd işdən qayıdanda pul gətirə bilməyəndə söz-söhbət olurdu. Arvadı da görürdü ki, Əhməd bir tikə çörək üçün səhərdən-axşama qədər imkanlı adamların bağında, bostanında və tikintisində işləyir ki, çörəkpulu qazansın. İş olanda, pul qazananda evə sevinə-sevinə gəlir, amma elə ki, iş olmadı, bir şey qazana bilmədi, bax onda nəinki Əhmədin, evdə həyat yoldaşı Gülyazın da qanı itin qanına dönür. Bu dəfə də Gülyaz yaxşı bilirdi ki, Əhmədlik bir şey yoxdu. İş olmayıb və o da evə əliboş qayıdıb...
   
   ... Stolun üstünə günorta bişirdiyi kartof qızartmasını və bir də pomidor salatını qoydu. Əhməd əlini heç nəyə vurmadı. Elə yuxu onu stolun arxasında tutdu. Bir də o vaxt ayıldı ki, mollanın dediyi vaxtdan xeyli keçib. Tez əyin-başını geyindi və mollagilə üz tutdu. Molla Əhmədin gəldiyini görən kimi çiçəyi çırtladı. Dedi:
   
   - Əhməd, mən hamıya ruzi duasını pulnan yazıram, amma sənə yazığım gəlir və bir çətən külfətin olduğuna görə səndən pul almıram. Hər şeyi müftə eləyirəm. Haçan pul qazanarsan, onda pulumu verərsən...
   
   Əhməd başını aşağı sallayıb, fikirli-fikirli mollaya baxırdı. Mollanın stolunun üstündə kağız, əski və bir də qələm vardı. Molla səliqə ilə qələmi götürüb ərəb əlifbası ilə kağıza nəsə yazdı. Sonra yazdığı kağızı təmiz əskiyə büküb Əhmədə verdi. Dedi ki, bu yazdığım ruzi duasıdır. Arvadın Gülyaza deyərsən ki, bu duanı sənin pencəyinin içindəki cib yerinə tikər. Tezliklə bunun təsirini görəcəksən...
   
   ... Mollanın evindən Əhməd çox böyük sevinclə çıxdı. Gözününün qabağına çoxlu pul, var-dövlət gəldi. Hava isti olduğundan tər onun çöhrəsini basmışdı. Cibindən dəsmalını çıxardıb üz-gözünü yaxşı-yaxşı sildi. Sonra fikirləşdi ki, elə yaxınlaqdakı arxdan su axır. Bu arxın suyu da o biri arxların suyundan deyildi. Kəndin artezianının suyuydu. Bumbuz olurdu bu su həmişə. Arxın kənarına gəlib dizini yerə qoydu və əlləri ilə suyu götürərək üz-gözünü, boynunu yudu. Hiss elədi ki, isti onun canından çıxır və yavaş-yavaş sərinləməyə başlayır. Amma daxilindəki od-alovu və ehtiyac istisi onu yandırıb-yaxırdı...
   
   ... Səhər açılanda çox sevindi. Çünki neçə gün idi ki, Allaha yalvarmışdı və dünən axşam da kəndin mollasının evinə gedib özünə ruzi duası yazdırmışdı. Evdən çıxıb "qul bazarı"na tərəf gedirdi. Bu vaxt onun yanında bir maşın dayandı. Sürücü Əhmədə baxıb dedi:
   
   - Bizim Əhməd deyilsən, hara gedirsən, gəl aparım səni?!
   
   Əhməd:
   
   - "Qul bazarı"na iş tapmağa gedirəm...
   
   Bu sözü eşidəndə sürücü dilləndi:
   
   - Elə mənim özüm də bir fəhlə axtarırdım ki, bağımda işləsin. Bir az ağacların dibini belləmək lazımdı, bir az həyətin otunu-kolunu təmizləyərsən, bir az da başqa şeylərə əl gəzdirərsən. 30 manat versəm narazı qalmazsan ki?!
   
   30 manat sözünü eşidən Əhmədin gözləri sevincdən par-par yandı. Dedi ki, 30 manat nədir, 20 manat da versən, narazı deyiləm...
   
   Sürücü:
   
   - Müqəddəs "Quran"da buyurulur ki, qulun təri soyumamış onun zəhmət haqqını verməlisən. Əgər ləngitsən böyük günaha batarsan. Mən o böyük günaha batmaq istəmirəm və sənin əziyyətini dəyərləndirəcəyəm.
   
   ... Yarım saatdan sonra onlar bağa çatdılar. Sürücü həyətin dəmir qapısını açıb, maşını içəri saldı. Nə lazımsa, Əhmədə bir-bir yenidən dedi. Dedi ki, bu işləri görərsən, axşam saat 6-da gəlib sənin həm pulunu verərəm, həm də maşına mindirib evə gətirərəm.
   
   Əhməd çox halal və zəhmətkeş adamıydı. Beli əlinə götürüb işə başladı. Həyəti kol-kosdan təmizlədi, ağacların dibini bellədi. Bütün işləri çox səliqə və səhmanla gördü. Bir az yorulanda dincini aldı. Cibindəki siqaret qutusunu çıxarıb ordan bir papiros götürdü. Papirosu yandırıb, qullab vurmağa başladı. Bir neçə qullab vurandan sonra öskürək onu tutdu. Əhməd öz-özünə deyindi: bu zəhrimardan canımı qurtarsam, yüküm yüngülləşər. Həm ciyərlərim pis günə düşməz, həm də pulum çıxmaz. Siqareti yerə tullayıb ayağı ilə söndürdü və sonra da onu yerdən götürüb zibil qabına atdı...
   
   Evin sahibi nə demişdi hamısını yerinə yetirmişdi, hətta həyətdəki gülləri, çiçəkləri də suvarmışdı. Hələ indiyə qədər bu bağda kimsə belə səliqəli iş görməmişdi. Hava yavaş-yavaş qaralırdı. Bir də eşitdi ki, sürücü siqnal verir. Tez qaçıb dəmir darvazanı açdı. Evin sahibi həyətə girəndə gözlərinə inanmadı. Gördü ki, həyət-baca gül kimi tər-təmizdi. Üstəlik də güllərə, çiçəklərə və ağaclara su verilib. Evin sahibinin ürəyi açıldı və əlini şalvarının cibinə atıb ordan 3 dənə 10-luq çıxardı. Pulları Əhmədə sarı uzadaraq dilləndi:
   
   - Sənə ana südü kimi bu pullar halaldı. Hələ heç kim mənim bağımda belə səliqəli iş görməmişdi. Kimi gətirirdim bir az torpaqda eşələnib, axşamın düşməyini gözləyirdi. Zalım oğlu elə bilirdi ki, iş görməsə də məndən pul qoparacaq. Mən də pulu çölə tökməmişəm ki, işləməyən adama heç vaxt pul verən deyiləm. Belələri adamları aldatmaq istəyirlər. Amma sənin kimisi halal zəhmətiylə çörək qazanırsa, ona hörmətlə yanaşıram.
   
   Əhməd evin sahibinin maşınına əyləşdi. Yarım saatdan sonra onlar kəndə çatdılar. Sürücü Əhmədi öz evinin qapısının ağzında düşürdü. Düşürəndə dedi:
   
   - Məndən narazı qalmadın ki?!
   
   Əhməd:
   
   - Allah səndən razı olsun. Niyə narazı qalıram. İşlədim pulumu verdin. Amma elə varlı adamlar var ki, adamı səhərdən-axşama qədər eşşək kimi bağında işlədir, sonra da bir şeyi bəhanə edib pul verməyərək söyərək qovur. O qədər belə adamlar görmüşəm ki?!
   
   O, sürücü ilə xüdahafizləşib evlərinə yan aldı. Qapıda uşaqları qarşıladı. Bu dəfə Əhmədin sifəti, çöhrəsi gülürdü. Bu dəfə Əhmədin kefi ala buluddan nəm çəkirdi. Çünki balalarının yanına əlidolu qayıtmışdı. Arvadı da evdən çıxıb Əhmədi kefi kök gördü:
   
   - A kişi, bu gün şükür olsun ki, üzün gülür...
   
   Əhməd:
   
   - Mən naşükür adam deyiləm. Bir tikə çörək qazananda ürəyim sakitləşir. - Bilirsən bu pulu necə qazandım?!
   
   Gülyaz:
   
   - Necə qazandın, a kişi?!
   
   - Getdim mollanın yanına, o da mənə bir ruzi duası yazdı. O ruzi duası yazan kimi, mənim bəxtim açıldı. Səhəri gün bir adam mənə urcah oldu, bağına apardı. Orda işlədim, 30 manat pul verdi. Sonra da dedi ki, lazım olanda sənə tez-tez çörək yeri deyəcəyəm.
   
   Gülyaz:
   
   - Sənin başına at təpib, nədi?! Məgər mollanın yazdığı dua ilə iş düzəlir?!
   
   - Düzəlir, niyə düzəlmir...
   
   Gülyaz:
   
   - Sən lap avam olub getmisən. Axı bilmirsən, hər şeyi yoluna qoyan Allah-Təaladır.
   
   Bu sözləri dinləyəndən sonra Əhməd dərindən fikrə getdi. Allaha yalvardığı an yadına düşdü. Yadına düşdü ki, iki əlini yuxarı qaldırıb, Allaha yalvarırdı ki, ona bir tikə çörək yetirsin. Külfət yanında üzü qara olduğuna görə, Allahdan özünə ölüm diləmişdi. Hər şeyi olduğu kimi arvadına danışdı. Arvadı da dedi ki, bu ruzini sənə yetirən mollanın duası deyil, Allahın özüdür.
   
   ... Həmin gündən Əhmədin hər gün işi olurdu. Yəni biri ona bağını bellətdirir, biri ağacını əkdirir və biri də güllərini sulatdırırdı.
   
   Əhməd hələ də başa düşmürdü ki, indiyə qədər bekar oturub günlərlə, həftələrlə iş gözlədiyi halda indi hər gün ona necə iş tapılır. O, heç cürə müəyyən şeyləri anlaya bilmirdi...
   
   Sən demə, onunla ilk dəfə rastlaşan sürücü hər gün bir adam tapırmış və onu Əhmədin yanına göndərirmiş. Ona görə ki, Əhməd həm zəhmetkeş adam idi, həm də halal insanıydı. O, gündən Əhmədin qapısını hər gün sevinc döydü. Evinə ruzi gəldi. O da əlini göyə qaldırıb Allahına dua elədi. Dedi ki, İlahi, bu bir tikə çörəyi, bir tikə ruzini heç vaxt məndən əsirgəmə. Mən səndən heç nə istəmirəm. Bir tikə çörək, bir tikə ruzi istəyirəm. Bir də istəyirəm ki, ailəmin, balalarımın yanında heç vaxt xəcalətli qalmayım...

TƏQVİM / ARXİV