hacklink Adalet.az | APARDI SELLƏR ARANI... Adalet.az | APARDI SELLƏR ARANI... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

APARDI SELLƏR ARANI...

Bəs özün hardasan, Tanrım?!.

18240    |   2010-07-03 00:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kim nə deyir-desin, kənddə yaşamağın üstünlükləri çoxdu. Burda adamlar şaiyələrə az inanır, küyə getmirlər. Bütün həyəcanlar evlərin, həyətlərin öz içində boğulur. İndi də kənardan, lap elə axmazın qırağındakı bəndin üstüynən gedə-gedə Abdulabada, Kolanıya, Talışa baxsan, daşqınla bağlı elə bir gərginlik hiss eləməzsən. Bəlkə ona görə ki, kənd adamı təbiətlə daha çox təmasdadı, onun gözəlliyini də, fəlakətlərini də eyni dərəcədə yaxından duya bilir. Yağışdan başı, şehdən ayaqları islanır, göylərin gurultusunu canında duyur, yayın qızmarında , qışın şaxtasında çöldə-bayırda olur. Bununla belə adamların içində bir nigarançılığın, təlaşın gizləndiyini duymamaq da mümkün deyil. Mən gəldiyim gecə bizimkilərin də bağlamaları hazır idi. Balkonun bir küncünə yığıb üstünü də örtmüşdülər. Dedilər, bu şeyləri neçə dəfə maşına, maşından da balkona yığmışıq...
   
   13.05.2010. "... Sabirabadda su altında qalan bir neçə ailəni helikopterlə xilas ediblər. Mürsəllidən yarılmış bəndi hələ bağlaya bilməyiblər..." Bunları ATV-nin xəbərlərindən eşidirəm.
   
   Orada türk yaşayırsa, başı dərddədi. Gürcüstanın Qardabani rayonunda da soydaşlarımız həyəcanlı günlər keçirirlər. Bir qadın göz yaşları içində yana-yana danışır...
   
   Hacıkənddə də uçqunlar davam edir...
   
   Kürdə suyun səviyyəsi artır. Mingəçevir su anbarında böhran həddinə 58 santimetr qalıb. Dağlarda qarın əriməsi, Kürün dibinin lil tutması əsas səbəblərdəndi... Diktor qız fəlakət bölgələlərindən xəbərləri gülərüzlə oxuyur. Xəbərlər bitən kimi çal-çağır başlanır. Şou proqramlar düşük-düşük jestləri "Şok! Şok!" deyə təqdim edirlər. Canı, malı-mülkü suya qərq olanlar hansı ölkənin vətəndaşlarıdı, görəsən?!
   
   Hava tutulub...
   
   "Ulduz" jurnalının 4-cü nömrəsini özümnən götürmüşəm. "Pəncərə" hekayəsini oxuyuram. Nə gözəl yazıçıdı bu Natiq Rəsulzadə! Uzun illər bundan qabaq "Azərbaycan qadını" jurnalında bir hekayəsini oxuyan gündən qələminə vurulmuşam. Amma elə az görünür ki... Digər "dahi" yazıçılar gözlərimizi döyənək eləyib...
   
   14.05.2010. Sakitlikdi. Gəlinbacım bostandadı. "Ulduz"u vərəqləyirəm. Azər Abdullanın "Sevgi" şeiri diqqətimi çəkir...
   
   
   
   Qışın, yazını gördüm,
   
   Dərin-dayazını gördüm.
   
   Alında yazını gördüm,
   
   Bəs, Özün hardasan, Tanrım?!
   
   
   
   (Bun nə sirrdi, oxuduğun hər şeir parçasında, eşitdiyin nəğmələrdə öz yaşantılarına, halına-əhvalına uyğun nəsə tapırsan həmişə?! Bəlkə əsl sənətin və sənətkarın qüdrəti də elə bundadı?!) İndi nə qədər əllər dərgahına uzanıb, nə qədər gözlər göyə dikilib səni axtarır! Alın yazımızdan daha nələr çəkəcəyik, görəsən? Qabaqda yaxşı günlərimiz qalıb, yoxsa pis? Niyə oxumaq olmur alınlara yazılanları? Allahım, neçə min illərdi insan çabalayır, nə səni dərk edə bilir, nə də özünü! Gah dumanlar, gah da tufanlar içində keçir ömrü. Əzəli möcüzə, sonu naməlum...
   
   Bu gün hava isti olub. Səhərdən göyün üzü təmizdi. İndi gün batır. Axmazın üstündə göyün üzü sapsarı olub. Külək qalxıb, neçə gündən bəri uzaqlarda göyün ətəyindən sallanıb durmaqdan bezən buludlar üzüyuxarı axışırlar...
   
   Günorta qonşuma zəng vurmuşdum. Deyir, hələ, sakitlikdi. Ayın 15-i 16-sı daşqın gözlənilir. Ondan da qurtarsaq, yaxşı olacaq...
   
   "Qladiator" filminə baxırım. Sezar Maksimusa deyir: "Sənin yaxşı ailən, evin var. Bundan ötrü döyüşməyə dəyər". İndi gecə-gündüz Kürün sahilində keşik çəkən, bənd bərkidən kişilər də belə düşünürlər. Şirvanda çadırlarda yaşayanlarsa öz evlərini gözləri baxa-baxa suyun qoynunda buraxdılar. Onların daxması da şah sarayıdı özlərinə görə. Təkcə qalaları, sipərləri deyil, həm də qürurlarıydı...
   
   Mən yaxşı salnaməçi ola bilmirəm. Bunu əngəlləyən səbəblər çoxdu. Çox şeylərdən də özümün xəbərim yoxdu. Gələcək nəsillər əsl həqiqətləri məndən yaxşı biləndə rəhmət oxuyacaqlarına şübhəm var.
   
   Şirvan tayına keçəndən bir bayatı ara-sıra yadıma düşür, vaxt ayırıb dəqiqləşdirə bilmirəm...
   
   15.05.2010. Hələ ki, sakitlikdi. Qulağımıza çatan xəbərlərdən Kürün suyunun getdikcə qalxdığı bilinir. Ayağı quruda, evi, malı-mülkü əlində olanlar "Yağ kimi"yə baxırlar.
   
   ... Xatırladım. O bayatını xatırladım:
   
   
   
   Şirvanın yastı yolu
   
   Su gəldi, basdı yolu.
   
   Gedirdim yar görməyə,
   
   Əzrayıl kəsdi yolu.
   
   
   
   Deyəsən, bu Şirvanın yollarını təkcə indi su basmır, elə dönə-dönə su altında qalıb, axı...
   
   Bu vurhavurda yar görüşünə də getmək istəyən var, görəsən?! İnanmaq istəyirəm. Varsa, əsl sevgi onunkudu. Amma Kür elə Əzrayıldı ki, durub. Lap uşaqlıqdan eşidirdik. Hər Kür daşanda böyüklər deyirdilər ki, çay qurban istəyir, bir adam boğulmasa, yatan deyil. Vaxtilə fikir vermədiyim bu sözləri indi yazanda ətim ürpəşir. Bu, doğrudanmı belədi?! İnsan qurbanı bu çayın nəyinə gərəkdi? Bəlkə təbiət dediyimizin özü elə bir hökmdardı?! Çaylar, dənizlər, dağlar, şəlalələr, vulkanlar, bir sözlə, onun əmriynən hərəkətdə olan nə varsa, hamısı da onun vəzir-vəkili, əyanlarıdı. Bəziləri də cəlladı. Biz də deyirik ki, insan təbiətə qalib gəlir... Yaxşısı budu, belə şeylər barədə düşünməyim. Belə fikirlər adamı dibi görünməyən uçuruma aparır...
   
   Əgər bizim kəndi də su bassa, camaatımızın yerinə olsam, düz üzü Şamaxı dağlarına-ata-baba yurduna qalxaram. Su qıtlığından bu şoran torpağa sığınan adamlarımızı Kür dönə-dönə buralardan köçürüb. Amma yenə qayıdıblar.
   
   Anam Kür daşqınları haqqında uşaqlıq xatirələrini danışardı. Deyirdi, daşqın söhbəti başlanan gündən hər səhər çayın qırağına gedib çöp basdırardıq. Səhəri gün gəlib görəndə ki, çöpü su basıb sevinərdik. Təzəsini basdırıb geri qayıdardıq. Su kəndi basanda camaat Qarasuya, Küdrü düzünə köçüb çadır qurardı. O zaman indiki kimi deyildi, adamların yükü yüngül idi. İndiki kimi evlər, ev dolusu avadanlıq yoxdu. Heç kəs bağ, çəpər salmamışdı. Hamının var-dövləti mal-qaradan, toyuq-cücədən ibarət idi. Bir də hamının bostanı olardı - yemiş, qarpız, xiyar, boranı, lobya əkərdilər. Bunlar da suyun altında qalandan sonra çadırda kişilərin işi ancaq mal-qaraya baxmaq olurdu. Arvadlarçın isə həmişə iş var. Orada da ip əyirir, xalça-palaz toxuyur, nehrə çalxayıb yağ tuturdular... Kəndə dönəndə hər şey təzədən başlanırdı...
   
   16.05.2010. Gözümüz göylərdə, qulağımız küləkdə, yağışdadı. Həmişə yağışdan, küləkdən zövq alardım, indi heç birini arzulamıram. Göydən düşən bir damcı da çayın suyunu artıra bilər.
   
   Axşamdan lap uzaqlarda şimşək çaxırdı. Səsi eşidilməsə də işığı görünürdü. Başımızın üstündə göy ulduzla doluydu. Dedik, buralara yağmaz. Gecəyarısı qəfil şıdırğı yağış başladı. Səhər hava buludluydu, günortaya yaxın təzədən yağış başladı. Təbiət elə bil adamların qəsdinə durub. Bu qədər seli-suyu başımıza tökməklə neyləmək istəyir?! Balkonda oturub yağışı görə-görə, eşidə-eşidə yazıram...
   
   Daha darıxıram. Getmək istəyirəm. Amma ürək eləmirəm. Əsas qorxum yolların bağlanmasındadı. Qəribədi, rayonda olanda "getmə" deyənlər indi də "gəlmə" deyirlər... Xeyri yoxdu. Daha könül quşum uçub..
   
   17.05.2010. İki daşın arasında gəlinbacım xəstələnib. Evin qadını bikefləyəndə elə bil divarları da buz kəsir. Bu azmış kimi, yatmağa hazırlaşanda əmim arvadı çağırıb xəbər verdi ki, Kür Talışdan bəndi yıxıb, camaat çıxır, siz də yığışın. İlahi, niyə bütün nəhs işlər gecə baş verir? Bəd xəbərdən elə bil gəlinin ağrıları yoxa çıxdı. Tez qalxıb yır-yığış eləməkdən ötrü yuxarı evə qaçdı. Ani olaraq nə edəcəyimi bilmədim. Xəbər həm gözlənilən, həm də gözlənilməz idi. Birdən ağlıma gəldi ki, Talışda yaşayan bibim oğluna zəng vurum. Onların evi çaya daha yaxındır, bir xəbər bilməmiş olmaz...
   
   Telefonu açdı...
   
   - Yalandı! Qətiyyən elə şey yoxdu. Bax, bu dəqiqə əlimdə fənər çayın qırağında gəzirəm. Metrhesabı dayanmışıq. Bir şey olsa, özüm sizə zəng vuracam, panikaya qapılmayın. Rahatca yatın...
   
   Gecə saat 2-yə işləyir. Yatağımda uzansam da, gözümə yuxu getmir. Xəbər gələndə yağış başlamışdı. İndi kəsib, külək başlayıb. Təbiətin işdəkləri elə bil adamların həyəcanlarına bağlıdı. Biri başlayanda, o biri də tüğyan eliyir. Yerimin içində kəndə qulaq verirəm. Külək səngiyib. Hava bürküdü. Ağcaqanadlar vızıldaşır. Pəncərənin yuxarı gözündən ulduzlar görünür. Elə sakitlikdi ki, elə bil bayaqkı xəbərdən yüz il keçib...
   
   
   
   Səs-küy baş götürüb dünyadan qaçar,
   
   Çölləri, düzləri sakitlik qucar.
   
   Gecənin günəşi - Ay şəfəq saçar
   
   Ulduzlar elə bil nəsə höccələr - gecələr...
   
   
   
   Bu şeir hardan yadıma düşdü? Müəllifini də unutmuşam. O şeirdə belə bir misra da vardı:
   
   
   
   Gündüz bir həyətə sığmasalar da,
   
   Bir qanad altında yatar gecələr...
   
   
   
   Biz də elə bu cücələr kimiydik. Sığındığımız qanadların sahibləri də sağ idilər...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (86.36%)
Pullsuz (13.64%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK