hacklink Adalet.az | ADİLİN ADİL ÖMRÜ Adalet.az | ADİLİN ADİL ÖMRÜ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ADİLİN ADİL ÖMRÜ

(X yazı)

17429    |   2010-04-10 00:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən saylarımızda)
   
   
   
   Nə qədər ki, yaşın azdır, üzdə-gözdə deyilsən, arxanca danışan, daş atan, kölgəni qılınclayan təsadüfən tək-tük bir neçə nəfər ya ola, ya olmaya. Elə ki, həddi-buluğa çatdın, bir balaca yaşıdlarından fərqləndin, tanındın, cəmiyyətdə müəyyən mövqe tutdun sağdan-soldan o qədər rəqibin, qənimin tapılır, gəl görəsən. Mətbuat yalnız dövlətin əlində idi. Müharibə şəraitində senzura və digər əlaqədar qurumların nəzarəti ikiqat gücləndirmişdi. Gürcüstandan Bakıya köçən gəncin yazıçı istedadı, jurnalist qabiliyyəti tərcümeyi-halındakı "ləkə"ni ört-basdır edə bilməzdi. Naxçıvanın ilk xalq komissarlarından olan Qafar Babayevi 1925-ci ildə "xalq düşməni" kimi həbs edib güllələmişdilər. O zaman Adil lap körpə idi. Amma böyüyəndə bəziləri kimi "xalq düşməni"dir deyə, atasından imtina etmədi. Zəncirdən möhkəm, daşdan ağır mənəvi buxovların, ağırlığına baxmayaraq, gənc şairin ilham pərisinin necə pərvazlandığını təsəvvür etmək çətindir. Yalnız güclü iradəsi, ruhən nikbinliyi, həyatda yaxşı adamların varlığına inamı sayəsində bu alınırdı.
   
   
   
   ***
   
   "Kommunist" qəzetinin redaksiyası şəhərin mərkəzində, Kaqanoviç küçəsində 12 nömrəli binada yerləşirdi. Adilin gəlişi barədə Rza Şahvələdin xəbəri vardı. Özündən bir neçə yaş cavan dostunu birinci mərtəbədə, binanın girişində qarşıladı. Birlikdə Nəsir müəllimin yanına qalxdılar.
   
   Yaxşı igidin adını eşit, üzünü görmə, deyib atalar. Amma igidin üzünü görmək də pis olmaz, məncə.
   
   - Demək, Adil Babayev sənsən, bir daha xoş gördük. Amma oturmağı təklif etmirəm. Əli müəllim gözləyir. Gedək sizi görüşdürüm. Sonra imkan olmayacaq. Bugün işimiz yaman çoxdur.
   
   Əli müəllimin yazı masasının üstü qəzet materialları, məktublar, xidməti yazışmalarla dolu idi. Bir az əsəbi və narahat görünürdü. Ola bilsin qanqaraldan nəsə baş vermişdi. Adilə elə gəldi ki, ilk tanışlıq üçün heç də münasib məqam deyil. Amma artıq gec idi. Nəsir müəllimin təqdimatından sonra əl sıxışıb masa arxasında yerlərini rahatladılar. Söhbət uzun sürmədi. Əli müəllim dedi:
   
   - Zeynal Cabbarzadənin telefon zəngi barədə Nəsir mənə danışıb. Çox yaxşı ki, Bakıya gəlmisən, işləməyə bizim redaksiyanı seçmisən. Unutma ki, qəzetçilikdə son dərəcə ciddi və məsuliyətli olmaq lazımdır. Bir kiçik səhv, diqqətsizlik, hamımıza çox baha başa gələ bilər. Qəzet güclü silahdır. Biz Mərkəzi Komitəinin orqanıyıq. Bizim qələm əsgərin əlindəki avtomatla eynidir. Nahaq demirlər ki, qılınc, gülə yarası sağalar, söz yarası yox. Elədir?
   
   Adil görkəmli yazıçı kimi Əli Vəliyevi qiyabi tanıyırdı. Neçə vaxtdan bəri qəzetin onun imzası ilə çapa getdiyini də bilirdi. İlk tanışlıqda adətən adamı sorğu-sual edərlər ki, kimlərdənsən, haralardansan... Əli müəllim isə söhbətə öyüd-nəsihət verməklə başladı. Sanki qarşısındakı gənci neçə vaxtdan bəri tanıyırdı. Adil bunu gözləmirdi:
   
   - Haqlısız, Əli müəllim. Redaksiyanın məsuliyyətini azdan-çoxdan bilirəm. "Sovet Gürcüstanı"nda müəyyən təcrübə toplamışam. Tapşırılan işə həmişə məsuliyyətlə yanaşmışam. Etimad göstərsəz, dediklərinizin hamısını nəzərə alacağıma arxayın olun.
   
   - Etimad göstərdiyim üçün yanımdasan. Yazılarını oxumuşam, uzaqdan da olsa, azçox sənə bələdəm. Tiflisdən göndərdiyin şeirləri bəyənməsək çap eləməzdik. Nəsirin otağında otur, mənim adıma bir ərizə yaz. Özün də sabahdan çıx işə. Nə görəcəyini o, ətraflı başa salar. Şeir yazmağa da davam elə. Mənə başqa sözün var?
   
   Bəli... Tərcümeyi-halımda problem var, onsuz da anket dolduranda qeyd edəcəm. Amma qoy indidən deyim. Bəlkə heç kadr uçot vərəqi yazmağa ehtiyac qalmayacaq?
   
   - İkibaşlı danışdın, bala, başa düşmədim, fikrini aydın söylə, görüm nə istəyirsən?
   
   Atam Naxçıvan Muxtar Respublikasının xalq komissarı olub. 1925-ci ildə onu vəzifə başında həbs edib, "xalq düşməni" kimi güllələyəndə bir yaşım tamam olmamışdı. Xoşagəlməz söz-söhbətdən, sorğu-suallardan qorunum deyə, yeddinci sinifdən sonra anamın təkidi ilə Tiflisə, dayımın yanına köçdüm. Orta məktəbi və iki illik Pedaqoji institutu Gürcüstanda bitirib qəzetdə işlədim. Mənim üçün sizin kollektivdə çalışmaq şərəfdir. Amma istəmirəm kiməsə əlavə başağrısı yaradım.
   
   Qırıq-qırıq danışdıqca səsinin titrəyişindən Adilin həyəcanı aydın duyulurdu. Araya bir anlıq sükut çökdü. Zarafat deyil, 20 yaşlı gəncin gələcək müqəddəratı həll olurdu. Söhbət heç də onun bu redaksiyada işləyib-işləməyəcəyindən getmirdi. Allah lütf eləyib şairlik istedadı verdiyi bəndəsini bir parça çörəyə həsrət qoymazdı. Amma bax elə o an eşidəcəyi cavabdan asılı olaraq haqqa, ədalətə qəlbindəki son ümid qığılcımları da əbədi sönə bilərdi. Yenə illərdən bəri içini dağıdan atası ilə bağlı cavabsız suallar, uşaqlıq illərinin sevincini baltalayan qanlı hadisələrin kimsəylə paylaşmadığı acı xatirələri canını alacaqdı. "Olum, ya ölüm?" sualına cavab axtaran şahzadə Hamlet kimi, " xalq düşməni" nin oğlu da intizarla məsul redaktorun nə deyəcəyini gözləyirdi:
   
   - Oğlum, onsuz da bura işə götürülən hər bir kəsin sənədləri lazımı qaydada, özü də ciddi surətdə yoxlanılır. Atan barədə başqalarından eşitməkdənsə, sənin özündən bilməyim lap yerinə düşdü. Bu hərəkətin bir daha göstərir ki, namuslu adamsan, halal süd əmmişsən. Mənə sənin barəndə Əziz Şərif, Rza Şahvələd də danışıb. Çox cavan olmağına baxmayaraq artıq istedadlı, çalışqan, dürüst adam kimi tanınmısan. Atanı bilmirəm nəyə görə cəzalandırıblar. Heç soruşub yaranı təzələmək istəmirəm. Amma, Stalin yoldaş gözəl bir söz deyib, eşitmiş olarsan: "oğul atasına görə cavabdeh deyil". Sən ərizəni yaz, mən də üstünə dərkənar qoyum. Lazım olan digər sənədləri də hazırla gətir. Çalışaram bu məsələ müsbət həll olsun.
   
   
   
    ***
   
    O vaxt redaksiyada əsas şöbələrdən başqa hərbi və ədəbiyyat bölmələri də yaradılmışdı. Əli Vəliyevin əmri ilə Adili ədəbiyyat bölməsinə müdir təyin edildi. Məsul redaktorun ürək genişliyini, xeyirxahlığını, yazıçı ürəyinin həssaslığını, ata qəlbinin yanğısını, mərhəmətini, vətəndaş təəssübkeşliyini ifadə edəcək sözləri tapıb yanyana düzməkdə indi kim köməyimə çata, dadıma yetə bilər?
   
   İşə başladığı birinci həftə Əli müəllim onu yanına çağırıb Azərbaycanın sovetləşməsinin 25 illiyi ilə əlaqədar tanınmış yazıçılardan müsahibə almağı tapşırdı. Bu iş ürəyincə oldu. Axı qəzetin əməkdaşı kimi, Mirzə İbrahimov, Abdulla Şaiq, Mir Cəlal, Süleyman Rüstəm kimi maraqlı insanlarla görüşüb yaxından tanış olacaqdı, ətraflı söhbət edəcəkdi.
   
   Mir Cəlal Paşayev dərs dediyi Universitetdə ədəbiyyat dərnəyi yaratmışdı. Ora kənardan da cürbəcür adamlar gələrdi. Aralarında cəbhədən qayıdanı, rayondan Bakıya köçəni də vardı. Adil Bəxtiyar Vahabzadə, Novruz Gəncəli, Hüseyn Abbaszadə, Qabil İmamverdiyev, Nəbi Babayevlə orada dostlaşdı. Gənclərin ədəbi görüşləri odlu-alovlu keçərdi. Hər dəfə yeni şeirlər, hekayələr oxunar, tənqidi fikirlər dinlənər, məsləhətlər verilərdi. Mir Cəlal dərnək üzvlərinə böyük diqqət və qayğı ilə yanaşardı. Gənclərə irad tutanda, əsərə qiymət verəndə təmkinini pozmaz, kimsənin qəlbinə dəyməz, heç kimi ruhdan salmazdı. Bəyəndiyi əsərlərin mətbuatda dərc olunmasına da köməklik göstərərdi. Adilin "Dilək" adlı şeiri Mir Cəlal müəllimin məsləhəti ilə mart ayında qəzetdə çıxdı. Düzdür, bu cavanların hamısı sonradan qələm sahibi olmadı. Amma hər birinin ürəyində ədəbiyyata, sənətə məhəbbət ömürlük yuva şaldı. Bu çox vacib məsələdir. Çünki savadlı, səviyyəli oxucu olmayan yerdə, ciddi ədəbi əsərlər yaransa da, dəyər qazanmaz, qiymətini almaz, yazıçı nüfuzu gözlənməz.
   
   
   
   ***
   
   Adil "Kommunist" qəzetində çalışmaqda davam edirdi. Ara-sıra həmyaşıdları ilə birlikdə səsi radio verilişlərində eşidilərdi. O zaman yayım ancaq canlı olardı. Qırxıncı illərin gəncliyi ədəbiyyata yeni imza deyil, yeni nəfəs gətirməyi ilə tanınmağa başlayırdı. Adilin həmin günlərdə yazdığı şeirlərdən biri "Çinar" adlanırdı. Gəncliyində ev-eşiyindən, vətənindən didərgin düşmüş, başı min bir bəla çəkmiş, çarəsizlikdən qürbət ellərdə dolaşmaqla yetərincə qocalmış, nəhayət ixtiyar çağında vətənə dönməyə özündə güc tapmış bir insanın hekayəti, etirafı kimi qələmə alınmışdı. "Çinar" öz üslubu, ifadə tərzi, məna yükü baxımından xeyli fərqlənirdi. Bəxtiyar da, Hüseyn də bu münasibətlə dostlarını təbrik etdilər. Məsləhət gördülər ki, şeiri "Ədəbiyyat" qəzetinə təqdim etsin. Məmməd Cəfər şeiri oxudu, bəyəndi. Dedi ki, bu mövzuda maraqlı mənzum dram yazmaq olardı. Qocanın söhbəti də qəhrəmanın son monoloqu kimi təsirli səslənərdi. Amma müstəqil halda çap etməyə tərəddüd etdi. Müharibə yenicə bitib. Ancaq nikbin ruhda yazılan şeirlər dərc olunur. Bu şeir o tələblərə cavab vermir. Məsləhət gördü ki, qoy hələ bir qədər qalsın, sonra baxarıq.
   
   Bu münasibətdən Adil pərt olsa da, baş redaktorun vəziyyətini başa düşməyə çalışdı. O illərdə əsərlər daha çox ədəbi şablonlara uyğun yazılırdı. Təzə söz demək çətin idi. Məmməd Cəfərin özünü "Səni kim unudar?" adlı məqaləsinə görə möhkəm çəlçevirə salmışdılar. Yazı Məhəmməd Hadiyə həsr olunmuşdu. O səbəbdən daha ehtiyatlı davranırdı ki, növbəti dəfə yuxarıların qəzəbinə gəlməyə. Beləliklə, yayın qızmar çağında dənizdən əsən sərin mehə, böyük cinar kölgəsinə ehtiyacı olan gənc şairin "Çinar" şeri bir müddət kölgədə qaldı. Bİr gün yenə köçəri quşların uçub gedən vaxtı gəldi. Tənəffüs zamanı redaksiyada çay içən yerdə külək pəncərəni açıb, içəri hücum çəkəndə qovluğun arasından saralmış vərəqləri yerə səpələndi. Adil pəncərəni örtüncə Rza kağızlara daha yaxın oturduğundan əl uzadıb onları yığdı. Bir vərəqdə iri hərflərlə yazılmış başlıq onun diqqətini cəlb elədi:
   
   "Qocanın söhbəti"? Bu hansı qocadır? - deyə, Rza Şahvələdi maraq bürüdü. Adil dedi:
   
   - Başıbəlalı şeirimin qəhrəmanıdır. İstəyirəm adını dəyişəm.
   
   - Onda nə olacaq?
   
   - Ola bilsin, qocanın bəxti açılar, şeir işıq üzü görər.
   
   Qoşanın qara bəxtindən nigaran qalan Rza istədi ki, yazını gözdən keçirsin. Amma bəzi misralar qəlbinə elə oxşadı ki, şeirin tamamını diqqətlə oxumağa başladı.
   
   - Əhsən, əməllibaşlı şeirdir. Mən deyərdim ki, indiyədək yazdıqlarının ən yaxşısıdır. Əli müəllimə göstərmisən?
   
   Yox... Burda işlədiyim üçün tez-tez bizim qəzetdə şeirim getməsi düz olmaz. "Ədəbiyyat"a vermişdim. Dedilər, hələ qoy qalsın. Odu-budu qovluğumda saralır.
   
   - Mən bu şeiri ilk fürsətdə Əli müəllimə göstərəcəm.
   
   Bu məqamda Nəsir müəllim hövlank halda otağa girdi. Elə bil kimisə axtarırdı:
   
   - Gün yarı oldu, materiallar gecikir, nəyi müzakirə edirsiz?
   
   Sualına cavab gözləmədən üzünü Rzaya tutub dedi:
   
   - Birinci səhifədə bəzi dəyişiklik olacaq. Əlindəki kağızları qoy bir yana, gəl mənim otağıma.
   
   Bunu deyib elə bil canı rahatladı, səsi də yumşaldı, üzündəki gərginlik sanki havaya buxarlandı. Nə baş verdiyindən baş açmaq olmadı. O, redaktorun otağında keçirilən yığıncaqdan çıxmışdı. Kim bilir, nə demişdilər, yuxarı təşkilatda qəzetin bugünkü nömrəsində nədən narazı qalmışdılar? Axı, hər söz, hər şəkil nəzarətdə idi. "Kommunist" qəzetində müəyyən qəliblər, çərçivələr, yanaşmalar mütləq qaydada gözlənilirdi Hər yazıda xüsusi tələblər, rəsmi dil və üslub qaydaları qorunmalıydı. Bir balaca sağasola sapma olanda Mərkəzi Komitənin təbliğat şöbəsindən məsul redaktora xatırlatma, xəbərdarlıq xarakterli telefon zəngləri çalınardı. Görünür bu dəfə də nəsə baş vermişdi. Yoxsa, bulanıq siyasət sularında okean gəmisi kimi çalxalanmadan, ləngər vurmadan rahat üzən, tədbirli və təmkinli Nəsir müəllim daxili həyəcanını büruzə verməzdi. Adil onun narahatlığını hiss edib dedi:
   
   - Nəsir müəllim, sabahkı nömrənin materiallarını təhvil vermişəm. Əlimdə vacib işim yoxdur. Nə tapşırıq varsa, məni də cəlb edin.
   
   Söhbət rəsmi materiallardan gedir, yeni göstəriş gəldi. Bir-iki yazını nömrədən çıxarıb əvəzləməliyik deyib, Rza ilə bərabər otağı tərk edəndə, nə fikirləşdisə, qapının kandarında ayaq saxlayıb Adilə səsləndi:
   
    Son hazırladığın materiallar yaxşı alınıb. Səmimidir, oxunaqlıdır. Əli müəllimin də bəyənib. İclasda xüsusi qeyd elədi.
   
   (ardı var)


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (86.36%)
Pullsuz (13.64%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK