ANA SƏHİFƏ / YAZARLAR

Reklamlı yazı

21289    |   2007-11-10 06:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yeməkdən öncə oxunması məsləhət deyil
   
   Etibar Cəbrayıloğlu
   
   
   
   Əyalətlərin inkişafı paytaxta göndərilən zənbillərdən bilinər. Yeriniz məlum, ötən həftə rayondan bizə yekə bir zənbil göndərmişdilər. Zənbil deyildi, həyat idi, həyat. Nələr yox idi içərisində... Bizimkilər zənbilin içindən çıxan nemətlərdən o gün yaxşı bir yemək hazırlamışdlar. Yeməyin adını telefonda eşidən kimi PKK-a ilə vuruşan türklər demiş, həmən evə döndüm. Oturub iş vaxtının bitməsini gözləmək zamanı deyildi. Özümü evə necə çatdırdığımı xatırlamıram. Yeməyin adı məlum, dadına baxmağa isə dəqiqələr qalırdı. Amma reklamlar imkan vermədi.
   
   Nəyə desəniz and içə bilərəm, ağlım tam yerindədi. Məhz reklamlar ağzımın dada gəlməsinə imkan vermədi. Daha doğrusu, telekanallarda növbəyə düzülən reklam çarxları məni doğulmağa peşman elədi. Yazım, siz də nələr çəkdiyimi bilin.
   
   Yerimi rəngləri bir-birinə qarışan televizorun qarşısında təzəcə rahatlamışdım ki, hansısa kanalda unitaz göstərdilər. Kimsə uşaq bağrı çatladan səsilə tamaşaçılardan tualet mikroblarını necə məhv etmək barədə bilgisi olub-olmadığını soruşdu. Heç cavab gözləmədən yollarını göstərdi. İnsafsız oğlu unitazı təmizləyib abıra salanacan mən oturduğum yerdə o dünyanı görüb gəldim.
   
   Bir az keçmişdi ki, növbəti reklam gəldi, özü də necə. Balaca oğlan unitazda oturub oraları pis günə qoydu. Sonra başladı hamıya məsləhət verməyə. Dedi ki, pis qoxunu ləğv etmək üçün lazım olan bütün incəlikləri bilir. Bir işə baxın, bizə kimin məsləhət verməsini məsləhət gördülər...
   
   Nəinki yeməyə, hətta yaşamağa da həvəsim qalmamışdı. Elə bu an vəziyyət lap "düzəldi". Ekranda yan-yana düzülən siçanlar göründü. Hansısa aktyor öz səsini siçan səsinə oxşada-oxşada adı qəlizdən də qəliz bir kimyəvi preparatın qarasınca deyindi. Belə başa düşdüm ki, həmin dərmandan alsaq, siçanlar evimizin həndəvərindən belə keçə bilməzlər. Ekranda yan-yana düzülən siçan görəndən sonra adamda iştah qalar? Bir neçə saniyə sonra "siçan məsələsi" toya getməli oldu. Toy sözü təsadüfən bu yazıya düşmədi. Ekranda tarakanların toyunu göstərdilər. Reklam çarxından belə başa düşdüm ki, biz reklam olunan həmin kimyəvi dərmanı almayana qədər tarakanlar belə çalıb-oynayacaqlar. Tarakanlar oynaya-oynaya çıxıb getdilər. Amma yenə stola yaxınlaşa bilmədim. Çünki...
   
   Üz-gözündən fevral ayı yağan bir qadın hansısa xəstəliyi barədə sızıldaya-sızıldaya xeyli danışdı. Həmin qadın reklam çarxı göstərilən müddətdə iki litr göz yaşı tökdü. Onun göz yaşlarının arasından isə hansısa bir dərman göründü. Dərman nazlana-nazlana xəstənin bədənindəki hansısa hissəyə daxil olub itdi. Elə bu an başqa bir reklam çarxı gözümün qabağında bitdi.
   
   10-15 nəfər yeyib-içən zaman evin tavanı uçdu. Üst mərtəbədə yaşayan qonşunun kirli corabı məclisdə hamıdan çox yemək yeyən eynəkli kişinin qabına düşdü. Amma o zalım oğlu heç kefini də pozmadı. Çünki kirli corabdan sonra tavandan reklamın əsl mənası- paltaryuyan maşın var gücüylə yerə dəydi. Həmin reklam çarxını çəkənlərin ölənləri cənnətlik. Dərhal sonra göstərilən reklam çörək yemək istəyimi həmişəlik dəfn etdi.
   
   Son dəblə geyinən ata evə daxil olan kimi dörd əkiz oğlu onun qucağına tullandı. Bir saniyə keçməmiş bu dörd əkiz atalarının qucağını elə doldurdular ki, elə bil anadan olandan tualetə getməmişdilər. Ata isə özüylə gətirdiyi cırt-cırtlı pampersləri gədələrinə payladı. Son dəbli, amma tanınmaz hala düşən geyimini ekran qarşısında bir xeyli tutub xoşbəxt təbəssümlə dedi ki, üstünü təmiz görmək istəyənlərin hamısı övladlarına belə pamperslərdən alsın.
   
   Gözləməyə daha taqətim qalmamışdı. Hirslə televizorun düyməsini söndürdüm. Yemək çoxdan soyuyub buza dönmüşdü. Eynən iştahım kimi. Yəqin elə sizin də bu yazıdan sonra iştahanız küsdü.
   
   


YAZARIN ARXİVİ

2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-07-18
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK