Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | GƏNC DOSTUMA Adalet.az | GƏNC DOSTUMA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

GƏNC DOSTUMA

15293    |   2007-09-15 06:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Birinin övladı anadan olanda gözaydınlığına gələn qohumların, yaxınların adətən nə arzuladığı hamıya bəllidir. Arzular sırasında bu ikisi də mütləq var: "O gün olsun, uşaq məktəbə getsin", "O gün olsun, böyüyüb instituta girsin".
   
   Çoxları üçün bir vaxtlar arzu olan həmin gün gəlib çatdı. Yeni dərs ili başladı, balalar artıq məktəbə yollandı. Kimi birinci sinfə, kimi birinci kursa... Məncə birinci sinfə gedənlərin sevinci daha böyük olacaq. Bəlkə ona görə ki, orada hər şey əlifbadan başlayacaq - "A" hərfindən. Sonra öyrənə-öyrənə hərflərin sayı 32-yə çatacaq. Sonra sözlərin düzgün tələffüzü, yazılış qaydası. Dünyaya açılan bu kiçik pəncərə getdikcə bö-yüyəcək, böyüdükcə sinif otağı da dar gələcək. Çünki yaşadığın mühit, cəmiyyət tədris ocaqlarında keçilən fənlərdən fərqli olan real həyat dərsini verməyə başlayacaq. Əslində məktəblərdə öyrənəcəklərin qarşıdakı həyat məktəbi üçün bir hazırlıq kursudur. zünü ona hazırlayanlar nəticədə udacaq. Sən də onlardan ol.
   
   
   
   ***
   
   
   
   Bu gündən tələbəlik ömrün başladı. Naməlum yaşıdlarınla tanışlıq, yeni müəllimlərinlə ilk görüş, yeni fənlər öyrənmən görən nə verəcək sənə? İlk günlər auditoriyada hamı bərabərdir, birdir. Günlər sıralandıqca, həftələr ötdükcə ilk semestr imtahanı gələndə kimi birinci, kimi axırıncı olacaq. Kimi əlaçı tək önə çıxacaq, kimi dərsə davamiyyət gətirməyənlərin siyahısına düşəcək. Axı, Mİrzə Ələkbər demiş, "Çalxalandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur". İmtahan da əsl tələbəylə tələbə biletini cibində gəzdirəni, vaxt keçirmək, bir müddət əsgərlikdən yayınmaq, baş girləməklə diplom almaq istəyənləri bir-birindən ayıracaq. Heç təəccüblənmə, binayi-qədimdən belə olub. Sən özün üçün nə edəcəyini müəyyənləşdir. Nə verib, nə alacağının fərqindəmisən? Verdiyin - həyatda ən qiymətli şey, - gənclik illərin olacaq. Bu qiymətə quru diplom almaq azdır, sən bacar bilik topla. Gənclikdə qazanılacaq sərvət budur. Pulgir müəllim tapıb zaçot və imtahan qiyməti yazdıranları ciddiyə alma. Kurs və diplom işlərini muzdla yazanlar ətrafında dolaşan hansısa fərasətsizə yüksək qiymət də verəcəklər. Bunları görəndə ruhdan düşmə. İndi zaman təzələnir. Dünya yalnız fırlanmır, həm də dəyişir. Sabahın ciddi iş sahibləri işbilməzə, istər kim olursa-olsun, iş verməyəcək. Əsl bazar iqtisadiyyatı, siyasəti qohum-tanış bilməz, xahişlə, rüşvətlə işə adam götürməz. Sən elə bilmə ki, elm-bilik ocağını söndürüb közüylə oynayanlar həyatda udacaq. Mən inanıram ki, gələcəkdə yeniləşən Azərbaycanın xoşgüzəran qapıları atasının varına, vəzifəsinə arxalanan bəzi boşbeyin, lovğa, təkəbbürlü cavanların deyil, yalnız ağlı, biliyi, savadı, əxlaqı yerində olanların üzünə açılacaq. Hələlik çətin də olsa, buna inanmalısan. zünü inandırmalısan. Bilirəm, artıq birinci sinfə yox, birinci kursa gedəcəksən. O dediyim həyat dərslərini paralel olaraq küçədə-bacada hər gün almağa başlamısan. Eşıtdiklərin birdir, qarşılaşdıqların, gördüklərin başqa. Adətən deyərlər ki, gördüyünə inan.Sən həmişə gördüklərinə inanma. İnsan yalnız hər gün gördüklərinə inansa, o meyarlarla yaşasa bunun sonun nə olacağını düşünə bilirsənmi? Çalış ki, gördüklərinə yox, xəyallarına inanasan. Xəyallara ina-nanların xəyalları gerçəkləşir. Bütün böyük kəşflər xəyallardan doğub. Xəyallar insanı quşqanadlı edib. Uçan xalçalar təyyarələrdən öncə arzuları pərvazlandırıb. İnsanın fəzaya yüksəlmək istəyi, uzaq məsafələr qət etmək niyyəti ümidlərə yol açıb. Televizordan əvvəl bədənnüma aynalarla yanaşı, hər şeyi nümayiş etdirən sehrli güzgülər xalq nağıllarında mövcud olub. Bəşəriyyətin yenilik istəyi, arzusu, xəyalı həmişə elmi ixtiraların önündə gedib. Sən də böyük arzularla yaşa, xırda hisslərə könlünü əsir etmə. Bir şeyə qəti inan ki, haqq-ədalət tez-gec zəfər çalır. Vaxtilə ömrünün çətin günlərində ümidini bayraq edən o böyük İnsan da belə demişdi: "Qoy ədalət zəfər çalsın!"
   
   
   
   ***
   
   
   
   Sənə auditoriyada mərdlik dərsi keçəcəklər, sənsə yaşadığın həyatda namərdlərin meydan suladığını görəcəksən. Müəllimlərin sənə "düz ol" deyəcəklər. Nadürüstlərin, buqələmunların, hər mühitə uyğunlaşanların daha rahat yaşadığıyla rastlaşacaqsan. Qaydaları pozma deyənlərin özlərinin qaydasız, qayğısız həyatlarının sirlərini anlaya bilməyib pərişan olacaqsan. Nələrisə anladıqca, öyrəndikcə, bildikcə bilmədiklərin daha da artacaq və bir gün, bəlkə də bədbinliyə qatılıb məktəblərdə öyrəndiklərindən imtina etməyə qərarlı olacaqsan. Qəzetlərdən, efirdən yalan-iftira püskürtüsü duyanda buna da təəccüblənmə. İndi mətbuat bəzilərinin əlində qurşunsuz silaha çevrilib. Əvvəllər deyərdilər ki, kitab biliyin anasıdır. İndi kitab-ana evsiz-eşiksiz qalıb, küçələrdə gecələyir, səkilərdə satılır. Şəhərdəki coxsaylı kitab evləri öz ilkin təyinatını itirib. Biganəlikdən kitab-ananın özü də ögeyləşib. Dəyərli kitabları çap etməyə imkan tapılmayanda imkanlıların dəyərsiz cızmaqaraları nəşriyyatların çörək ağacı olur. Bizlərə də kitab adına onları sırıyırlar. Hansısa kiçik qələm sahibi böyük mövzudan yapışıb tanınmaq istəyir. Nə yazıq ki, başqa bir gerçək istedad sahibi də kiçikləri qələmiylə şərəfləndirib ucaltmağa cəhd etdikcə, bir ziyalı kimi əriyib yox olur. Külüng yerinə qələm çalıb hər şeydən öncə özünü, öz istedadını, adını, şərəfini xırdalayanlar nə qədər acı tale yaşadıqlarını təəssüf ki, sonradan dərk edirlər. Həyatda çox şeyin alınıb satıldığına kimsənin şübhəsi olmasın. Amma alınıb satılmayan şeylər də var. Məsələn, savad, bilik, Tanrı payı olan istedad. İstedadlı, bilikli, savadlı adamın özü satıla bilər, amma malik olduğu bu mənəvi sərvəti başqasına sata bilməz. İndi bəzi harınlar, keçid dövründə haqq etmədən sərvət qazananlar, nəhayət ki, iki uzunqulağın arpasını bölməyi öyrənənlər və bunun həqiqətən bir hünər, elm olduğuna inananlar cəmiyyətdə üləma kimi görünmək istəyir, elmi dərəcə almaq üçün bazarlığa çıxırlar. Bu ucuzlaşdırılmış mallar dükanından çalış uzaq dolanasan.
   
   
   
   ***
   
   Əldəqayırma ələbaxım qəzetlərdə hər yazılanı oxuyub fikirlərini zəhərləmə. Beş günlük həyat adlı çürük oyunda şeş qoşa atanlar arasında özlərinə dübarə məşuq tapanlardan, Dubaya gedib hərraca çıxarılanlardan efirdə bar-bar bağırırlar, qəzetlərdə palaz-palaz yazırlar. Amma namuslu, ismətli qızların sevdiyi gənclə ailə qurmasından, müqəddəs analıq borcundan bəhs edən bir yazıya rast gəlmək müşkülə dönüb. Sən ailə quracaqsan, o yazıları axtar. Hansı qəzetdə, jurnalda oxudun ki, gözəl bir qız özünə ömür-gün yoldaşı seçərkən vara-dövlətə yox, ləyaqətə, nəcabətə üstünlük verib? Bahalı maşınlarda dolaşan, dəbdəbəli mənzillərdə qonaq-qara qəbul edən, xarici ölkələrin qaranlıq gecə klublarını üst-başındakı daş-qaşıyla işıqlandıran, fövqəlqadir məşuq sahiblərindən günün qəhrəmanı etmək kimə lazım? Böyük səhnə ulduzları qalıb bir yanda, mediya mikrofon cırcıramalarının peşində dolaşır. Bu da çox sürməz. Bunlar səni yolundan çıxarmasın, hədəfindən yayındırmasın. Sən tək özünün yox, həm də nəslin, Vətənin gələcəyinin qurucususan.
   
   
   
   ***
   
   
   
   Gənc dost, sənin adın nədir, bilmirəm. Mənim adım Etibardır. İndi bu ad heç dəbdə deyil. Aramızda etibarlı adamlar da azaldığından təzə doğulanlar arasında da etibarlar azalıb. Bir vaxtlar doğulan körpələrə Cəfər Cabbarlı qəhrəmanlarının adlarını verərdilər: Aydın, Sevil, Almaz, Qorxmaz, Dönməz, Sönməz, Yaşar... Vay o gündən ki, içimizdə mematilər, çakırlar, alkaponelər, qılınclar peyda olsun. Onda aydınlar qaralacaq, sevillər əvvəlki tək sevilməyəcək, qorxmazlar daldalanmağa kölgə axtaracaq, yaşarlar yalmanaraq yaşayacaq, kimlərəsə yaltaqlanacaq, dönməzlər fırfıraya dönəcək, sönməzlər közərəcək, fəqət bir daha yanmayacaq.
   
   
   
   ***
   
    Auditoriyada bir şey eşidəcəksən, küçədə başqa şeylə qarşılaşacaqsan. Nə etməli? Qəlbinin səsini dinləməli. Yolundan dönməməli. Kiminsə yumruğu daha güclü ola bilər. Amma, içindən özünü sındırmasan, kimsə səni yıxa bilməz. Bunu yaxşı bilməlisən. İdmanla məşğul ol, əzələlərini möhkəmlət. Amma əsas işin zəkanı itilətmək olsun. Yemək yedikcə mədə dolub-boşalar. Əgər boşalmasa, insan məhv olar. Baş biliyi, savadı, təcrübəni beynində saxlar. Bu da beynin qidasıdır. Baş da mədə kimi qəbul etdiyini ifraz etsə adama başıboş, yelbeyin deyərlər.
   
   
   
   ***
   
   Dərslər başladı. Dərs alanlar üçün də, dərs verənlər üçün də. Görən, imtahandan kimlər və necə çıxacaq? Elə zənn etmə ki, hər şey qış sessiyasında bilinəcək, əsla. Doğru qiymət Tanrı dərgahındakı imtahanda veriləcək. Sən özünü ömür boyu ona hazırla. Son zəng də həmişə orda çalınır, ən doğru qiymət də orda verilir. Yanılmayan tək Tanrıdır!
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK