ANA SƏHİFƏ / YAZARLAR

Hasarın bu üzündə məşq gedir...

Bəs "Hasarın o üzü"ndə nə var?

66361    |   2013-12-07 00:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət Gənc Tamaşaçılar Teatrı 86-cı mövsümündə daimi tamaşaçılarına daha bir maraqlı layihə təqdim etməyə hazırlaşır. Teatrda kollektivlə sıx yaradıcılıq əlaqələri saxlayan istedadlı dramaturq Əli Əmirlinin "Hasarın o üzü" pyesinin məşqləri yekunlaşmaq üzrədi. Bu, Əli Əmirlinin Gənc Tamaşaçılar Teatrında səhnə həyatı yaşayan dördüncü pyesi olsa da, "Hasarın o üzü" bir çox maraqlı ilklərlə yadda qalacaq.
Bu tamaşa barədə hələ çox danışılacağına əminəm. Bəs necə? Həmişə kinolarda gördüyümüz, milli filmlərimizdə bir-birindən maraqlı və yaddaqalan obrazlar yaradan xalq artisti Həmidə Ömərova ilk dəfə dövlət teatrının səhnəsində məhz bu tamaşa ilə debüt edəcək. Xalq artisti Nurəddin Mehdixanlının pərəstişkarları, istedadlı aktyorun rollarına baxmaq üçün Akademik Milli Dram Teatrına tələsənlər, bu dəfə Gənc Tamaşaçılar Teatrının zalında özünüzə yer axtarmalı olacaqsınız.
Hələ ki, məşq gedir. Mən də Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi, bu yeni pyesə quruluş verən Bəhram Osmanovdan icazə alıb "Hasarın o üzü"nə boylanıram.

İndi hamı Şeytan yolundadı?

Yarıqaranlıq zalın ilk sırasında oturan Bəhram Osmanov siqareti siqaretə calayıb. Bunu məşqlərin gərgin keçməsinə bir işarə kimi də başa düşmək olar. Tamaşanın işıqları hələ qurulmadığından, dekorasiyalar hazır olmadığından səhnə də yarıqaranlıqdı. Stul, üzərində telefon olan balaca masa qoyulub. Növbəti məşqlərə kimi bunlarla da keçinmək olar.
Humay (Həmidə Ömərova) namaz qılır. Bu mənzərəni görən Qərib (Nurəddin Mehdixanlı) əsəbiləşir.
Qərib: - Gündə neçə dəfə namaz qılmaq olar? Rəhmətlik nənəm yadıma düşdü. Sonra da deyir ki, soyumusan məndən. Humay xanım, qurtardız?
Humay: - Qərib, nə tez gəldin?
Qərib: - Tez gəlmişəm, istəyirsən gedib sonra gəlim?
Humay: - Hara gedirsən, yaxşı dolma bişirmişəm. Bir azdan Zərif də gələcək.
Qərib: - Zərif də gələcək? Yanımdan elə keçdi ki, heç məni görmədi. Biz artıq çoxdandı bir süfrə arxasında oturub çörək yemirik, əvvəllər olduğu kimi. Qız da ki...
Humay: - Qızdan heç danışma. Elə bil Şeytan yolundadı...
Qərib: - İndi elə hamı Şeytan yolundadı.
Humay: - Yemək istəyirsən?
Qərib: - Eyni şeyi gündə necə dəfə soruşmaq olar? Bu gün yaman yorulmuşam. Əməliyyat yaman ağır keçdi. 16 yaşlı qızdı, beynində şiş var. Kəllə qapağını açıb o murdar şişi görəndə bədənim elə titrədi ki, bir anlıq elə bildim bıçağın altındakı qız bizim Zərifdi. İndiyə kimi heç bir əməliyyat zamanı belə hiss keçirməmişdim.
Humay: - Ata-anasının xəbəri var?
Qərib: - Ata-anası var ki, yetim qızdı. Uşaq evində böyüyüb, bu il ordan da çıxaracaqlar.
Humay: - Allah köməyi olsun.
Qərib: - Allahdan da, bəndədən də keçib.
Humay: - Belə danışma.
Qərib: - Bəs necə danışım. Yetimdi deyə o qədər həkimlərdən biri də yaxın durmadı. Axırda özüm tək bu riskin altına girməyə məcbur oldum. Həkimləri də qınamalı deyil, xəstənin əlinə baxmasalar acından ölərlər. Amma insaf da dinin yarısıdır, heç kimi yoxdu deyə, xəstə yazıq ölməlidi?
Humay: - Görürsən, Şeytan bəzən sizi yoldan çıxarır. Lakin Allah insanları həmişə doğru yola yönəldir. Allah mərhəmətlidir.
Qərib: - Yaman mərhəmətlidir. Sənin mərhəmətli dediyin Allah o gül üzlü tifili yetimxana küncünə atmaqla kifayətlənməyib, ona sağalmaz dərd də verib...

Allahı tapmaq yolunda qovğa

Tamaşanın quruluşçu rejissoru səhnəyə qalxıb bu epizoddakı mizanları qurur. Qısa fasilədən sonra məşq davam edəcək. Bu dəfə Humayla qızı Zərifin dialoqu başlamalıdı. Bəhram Osmanovun diqqətini səhnədə baş verənlərdən ayırıb söhbətə tutmağın tam zamanıdı. Mən yalnız məşqə baxdım, bəs "Hasarın o üzü"nə baxanlar nə görəcəklər?
Ən yaxşısı hər şeyi elə quruluşçu rejissorun özündən öyrənməkdi: "XXI əsrin birinci onilliyini geridə qoyduğumuz bir zamanda dünyanın müxtəlif ölkələrində yaşayan insanlar Allahın mövcudluğu barədə mübahisə edirlər. İnsanların inanclarından, dünya görüşlərindən, yaşadıqları ölkələrdəki ictimai-siyasi durumdan asılı olmayaraq belə müzakirələr hər yerdə gedir. Ən çətin anlarında, ətrafdakılardan bezəndə insanlar Allaha sığınmaqla təskinlik tapırlar.
Əli Əmirlinin "Hasarın o üzü" əsəri də məhz bu məsələdən bəhs edir. Pyesdəki qəhrəmanlar bizim kimi adi insanlardı. Lakin onlar hasarın o üzündəki hansısa möcüzəni görmək uğrunda yox, Allahı tapmaq, onun sübutu uğrunda qovğa edirlər. Bu ailənin üzvləri anlayırlar ki, Allahın qoyduğu qanunlarla cəmiyyətin diktə etdiyi qanunlar arasında yerlə göy qədər fərq var. Ailədəki qovğa da elə bunun üzərindədi. Əli Əmirlinin bu pyesi tamaşaçıya nəyi isə öyrədən yox, onun əvvəlcə beyninə, sonra isə qəlbinə təsir etmək imkanı verən bir əsərdi".
Quruluşçu rejissor bu tamaşanı maraqlı yaradıcı heyətlə birgə hazırladığını xüsusi qeyd edir: "Kinodakı rollarına görə tamaşaçıların rəğbətini qazanan xalq artisti Həmidə Ömərova ilk dəfə peşəkar teatrın səhnəsinə məhz bu tamaşadakı obrazı ilə çıxacaq. Xalq artisti Nurəddin Mehdixanlı "Hasarın o üzü"nə görə Akademik Milli Dram Teatrından bizim teatra transfer olunub. Dövlət Gənc Tamaşaçılar Teatrının yeni nəslinə mənsub Şəbnəm Hüseynova, Günel Məmmədova, Asya Atakişiyeva və Səbinə Məmmədova bu tamaşada rol alıblar.
Əməkdar rəssam İsmayıl Məmmədov tamaşanın quruluşçu rəssamıdı və bu onun bizim teatrın səhnəsində ilk işidi. Tamaşaya xalq artisti Səyavuş Kərimi musiqi yazıb. Maraqlıdı ki, bu, teatrımızın istedadlı bəstəkarla ilk birgə yaradıcılıq işi olacaq. Necə deyərlər, ilklərlə bol olan bir tamaşadı və əslində bütün bunlar təsadüfi alınmayıb. Teatrımızın direktoru, əməkdar artist Mübariz Həmidovun rəhbərliyi ilə maraqlı bir layihəni tamaşaçılarımıza təqdim etmək istəyirik. İstəyimiz ondan ibarətdir ki, bu tamaşada qoyulan problemlər səhnədən zala düşə bilsin, insanlara təsir etsin".
"Niyə məhz Həmidə Ömərova və Nurəddin Mehdixanlı?" - deyə, soruşanlara Bəhram Osmanovun cavabı var. Quruluşçu rejissor bu seçimini belə əsaslandırdı: "Bayaq qeyd etdiyim kimi, biz bu tamaşa ilə əvvəlcə beyinlərə, sonra isə qəlblərə təsir etmək istəyirik. Hər iki tanınmış aktyorun fərqli diapazonu buna imkan verir. Həmidə xanım uzun müddət kinoda baş rollara çəkilib və onda bəzi aktrisalarda müşahidə edilən teatral ştamp yoxdu. O, daha çox səmimiyyəti ilə uğur qazana bilir. Nurəddin Mehdixanlıda isə yüksək inandırmaq bacarığı var. Bütün bunları nəzərə alaraq hər iki sənətkarı bu tamaşada oynamağa dəvət etmişik".
Yazdığı pyeslərin səhnə həllinə həmişə həssas yanaşan Əli Əmirli məşq zamanı gözə dəymədi. Quruluşçu rejissor bu məsələdə problem görmür və dramaturqun ona etibar etdiyini deyir: "Əli müəllimin özünün dediyi kimi, onun bir neçə çətin pyesinə quruluş vermişəm. Və o, yalnız son məşqlərdə iştirak edib. Görünür, bu da onun mənə inamından irəli gəlir. Həm də sözün açığı, mən dramaturqun məşqlərdə müntəzəm iştirakının əleyhinəyəm. Çünki adətən müəllif bir pyes yazır, rejissor başqa bir tamaşa hazırlayır".

Onların sizə sözü var

Məşqdə yaranan növbəti fasilədən istifadə edib tamaşada rol alan aktrisaların təəssüratlarını öyrənirəm. Onların tamaşaçılara sözü var.
Humay obrazının ifaçısı, xalq artisti Həmidə Ömərova: "Uzun illər kinoda çəkilsəm də, televiziyada veriliş aparsam da teatr mənə yad deyil. Moskvada Yevgeni Matveyevin kursunda təhsil alarkən Şeksprin, Molyerin, Qorkinin pyesləri əsasında hazırlanan tamaşalarda oynamışam. Çalışdığım Mədəniyyət və İncəsənət Universitetinin "Səda" teatrında Firuz Mustafanın "Əqrəb bürcü" tamaşasında səhnəyə çıxmışam. Peşəkar teatr səhnəsinə illər öncə çıxmaq imkanım var idi, hətta iki dəfə təklif də olmuşdu. Lakin vaxt baxımından imkan tapa bilmədim. O zaman bu təkliflərdən imtina etdim, bu günə kimi də heyfislənirəm. Bu dəfə təklif alanda isə imtina edə bilmədim. Çünki həm əsər, həm də rol çox xoşuma gəldi. Bütün dünyanı narahat edən bir problem bu əsərdə müzakirə olunur. Yaxın günlərdə məni tamaşaçılarla canlı ünsiyyət gözləyir. İnşallah bu görüş maraqlı olacaq".
Zərif rolunun ifaçısı Şəbnəm Hüseynova: "Hər bir yeni əsərdə məşq mənim üçün məsuliyyətdi. Bu tamaşada isə məsuliyyətim ikiqat artıb. İllərlə sənətdə öz sözünü demiş iki böyük sənətkarla bir səhnəni bölüşəcəyəm. Hər məşqdə həm Həmidə xanımdan, həm də Nurəddin müəllimdən yeni nəsə öyrənməyə çalışıram.
Mənim düşüncəmə görə, həyatda hər kəsin öz həqiqəti var. Zərif obrazına da bu yöndən yanaşmışam. Sevinirəm ki, əsərdəki Zərif fərqli roldu. Çünki oxşar tipli rollar oynamaq təkrarçılığa gətirib çıxarır. Çox danışmaqdansa obrazı mükəmməl oynamağın tərəfdarıyam. Bu üzdən rol barədə çox danışmaq istəmirəm".
Çiçək rolunun ifaçısı Asya Atakişiyeva: "Bu tamaşada rol aldığıma görə sevincimin hədi-hüdudu yoxdu. Həm iki böyük sənətkarla bir tamaşada oynayacam, həm də Çiçək maraqlı roldu. Quruluşçu rejissorun, teatrın rəhbərliyinin və tərəf-müqabillərimin etimadını doğrultmaq üçün məsuliyyətlə çalışıram".
Zərif rolunun ifaçısı Günel Məmmədova: "Zərif bizim mentalitetdə oturuşmuş qaydaları bəyənməyən, çərçivələri qırmaq istəyən bir qızdı. Çalışıram ki, təqdim etdiyim Zərif tamaşaçılar üçün maraqlı olsun. Tamaşada valideynlərimi oynayan görkəmli sənətkarlarımız Həmidə xanım, Nurəddin müəllim öz məsləhətlərini əsirgəmirlər. Yaradıcılıq elə bir prosesdir ki, gərək hər gün öz üzərində çalışsan, öyrənməkdən yorulmayasan. Məşqlərdə onlardan çox şey öyrənirəm".
Çiçək rolunun ifaçısı Səbinə Məmmədova: "Bu, teatrımızın səhnəsində ilk böyük rolumdu. Xoşbəxtəm ki, Həmidə Ömərova, Nurəddin Mehdixanlı kimi sənətkarların əhatəsinə düşmüşəm. Bunun necə böyük məsuliyyət olduğunu yaxşı dərk edirəm. Yaradıcı heyətə mənə inandıqlarına görə minnətdaram. Tamaşaçılar qarşısına çıxmağı səbirsizliklə gözləyirəm".
Elə mən də bu tamaşanın premyerasını maraqla gözləyənlərdənəm. Məşqi izləyərkən apardığım müşahidələrdən belə məlum oldu ki, Dövlət Gənc Tamaşaçılar Teatrının yeni layihəsi olan Əli Əmirlinin "Hasarın o üzü" tamaşası teatr ictimaiyyətinin, tamaşaçıların rəğbətini qazanacaq.
Sonda onu da xatırladım ki, "Hasarın o üzü"nə baxmaq üçün dekabrın 21-i gözləmək lazımdı.

Etibar CƏBRAYILOĞLU


İmza:

YAZARIN ARXİVİ

2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir məşhur həkim öz işini oğluna tapşırır. Oğlu işdən evə sevinclə qayıdaraq deyir:
- Ata, sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir günə müalicə etdim.
Atası əsəbiləşərək deyir:
- Sən nə etdin?! Mən 30 ildir ailəmi o xəstənin hesabına saxlayıram.




digər lətifələr
ARXİV
FACEBOOK