KOBRA

FAİQ QİSMƏTOĞLU
36884 | 2013-08-17 08:07
... Qaratel anadan olanda buna o qədər də sevinmədilər. Nə atası Camal kişi sevindi, nə də anası Gülyetər arvad. Çünki onlar düz on ildi ki, oğlan uşağı gözləyirdilər. Camaat da kənddə deyirdi ki, Camal kişi sonsuzdu. Rəhmətə gedəndə cənazəsinə çiyin verən və son mənzilə aparan oğlu olmayacaq. Amma camaat onu da deyirdi ki, kənddə o qədər sonsuz adam var ki, onlar rəhmətə gedəndə dünya dağılmayıb. Cənazəyə çiyin verən çoxlu adamlar olub və bu çoxlu adamların arasında rəhmətə gedəni həddindən artıq istəyən insanlar varmış...
...Gözləri gömgöy, saçları da sapsarı idi. Baxanada elə bilirdin ki, bu qızın nə dədəsindən xəbəri var, nə də anasından. Anasının da, atasının da saçları və gözləri qapqara idi. Gözləri o qədər qapqara idi ki, ayırmaq olmurdu ki, bu Camal kişinin gözləridi, yoxsa Gülyetərin. Adətən ərlə-arvadın torpağı bir yerdən götürürlər. Camal kişi ilə də Gülyetərin torpağı elə bir yerdən götürülmüşdü. Bir-birilərini yaxşı başa düşürdülər. Elə günlər olurdu ki, pul sarıdan çətinlik çəkərdilər, amma bunu heç kimə bildirməzdilər. Ona görə bildirməzdilər ki, yaman günün ömrü az olardı. Bir də görərdin ki, həyət-bacada becərdikləri mer-meyvəni, bostan-tərəvəz məhsullarını elə gəlib qapıdan aldılar və onlara bir ətək pul verdilər...
Bax onda Camal kişi əlini göyə qaldırar və deyərdi: İlahi, sənə min şükür və səni tanımayana lənət! İnsanı quyunun dibinə salan da sənsən və ordan çıxaran da! Camal kişi dindar adam idi: oruc tutub, namaz qılardı. Üstəlik də kəndin xeyrinə-şərinə gedəndə çoxları ona hörmətlə yanaşardı. Çünki Camal kişi həm də halal və zəhmətkeş insanıydı. Elə ki, yas məclisinə gəlirdi, elə ki, orda molla gözə dəymirdi, bax onda "Fatihə"ni də o verərdi. Bundan sonra yas məclisində əyləşənlər bir stəkan çay içər, yas sahibinə dil-ağız eləyib çıxardılar.
Ancaq Qaratel dünyaya gələndən onların günü göy əskiyə bükülmüşdü. Çünki Qaratelin gözlərinin yamyaşıl olması və saçının da sarıya çalması çoxlarının xoşuna gəlmirdi. Hətta balaca uşaqlar onunla bir yerdə oynayanda deyirdilər ki, bu qız urusdu. Onunla bir yerdə oynamayaq. Ancaq onunla bir yerdə oynayan qızlar da vardı. O qızların da bəzisinin saçları sarışın idi. Sarışın qızların elə sifəti də sarıya çalırdı. Sifətləri və saçları sarıya çalan qızlar Qarateli daha çox xoşlayırdı. Qarateli ən çox xoşlamayan, onunla həmişə bir yerdə oynayan əmisi qızları idi.
Əmisi qızları Qaratelə heç cürə yovuşmurdular. Əmisi qızı Gülnaz Qaratelə ona görə yovuşmurdu ki, onun dili çox acı idi. Dili acı olan Qaratel nəinki tay-tuşlarını, hətta evdəkiləri tez-tez acılayırdı.
... Buna görə də ona əmisi qızı Gülnaz Kobra deyirdi. Uşaq vaxtı çoxları ona Kobra deyib çağırardı. 18 yaşına çatanda da Qarateli məhəllədə Kobra kimi tanıyırdılar. Atası Camal kişi deyirdi ki, bu qızı ərə versəydim tay mənim dərdim olmazdı. Amma Kobranı kənddə çoxları tanıdığına görə heç kim bu qapıya elçi gəlməzdi. Düzdü, onu istəyən oğlanlar da vardı. Belə ki, bu oğlanlar Kobranı istəməkləri barəsində böyüklərinə söz deyirdilər. Bax onda onların böyükləri oğlanların ağzından vururdular. Deyirdilər ki, bizə göygöz, sarışın gəlin lazım deyil. Görmürsünüz, o qızın gözləri Kobranın gözlərinə oxşayır. O qızın gözlərinə baxanda adam qorxusundan səhərə qədər yata bilmir...
Bir gün qonşu kənddən Kobraya elçi gəldilər. Və Camal kişi də bu elçiləri can-başla qarşıladı. Ortaya çay gətirdilər. Oğlan evindən biri söhbəti şirin eləmək istədi:
- Ay Camal kişi, bizim oğlumuz sənin qızın Qaratelə vurulub. Nə qədər eləyirik dediyindən dönmür. Biz də eşitmişik ki, sənin qızın çox acı dildir. Ancaq oğlumuz Aydın iki ayağını bir başmağa dirəyib Qarateldən yapışıb. Xeyir-dua versəydiniz, çayımızı şirin edib içərdik...
Camal kişi bir xeyli fikrə getdi. Əlini stəkana tərəf uzadaraq dedi:
- Qız mənimdir, kəramətinə yaxşı bələdəm. İşgüzarlığına, təmizliyinə söz ola bilməz, amma dili zəhərdir. Bunu bəri başdan deyirəm ki, evinizə aparandan sonra mənə deməyəsiniz ki, niyə qızınızın dili belə acıdı.
Oğlanın atası Məmməd kişi Camalın dediklərini diqqətlə dinlədi və sonra da dilləndi:
- Onun acı sözü də bizə bal kimidi, təki sən "hə" de.
Camal kişi Məmmədin stəkanına bir kəllə qənd atdı və gülərək:
- Allah mübarək eləsin! Allah xoşbəxt eləsin! - deyərək xeyir-dua verdi.
Stolun ətrafında əyləşənlər Camal kişinin xeyir-duasını eşidən kimi stəkandakı çayın içərisinə kəllə qənd atdılar və qaşıqla qarışdırdılar. Çayı içəndən sonra stolun ətrafında oturanların hamısı bir ağızdan dedilər:
- Allah mübarək eləsin!
...Bir aydan sonra Kobranı gəlin köçürdülər və Kobra getdiyi evdə çox az müddətdə özünə böyük hörmət qazandı. Hətta qayınanası və qayınatası gəlinləri barəsində harda gəldi ağızdolu danışırdılar. Üç-dörd ay keçdi, Kobranın sifətləri bir-bir üzə çıxmağa başladı. Bir gün həyat yoldaşı ilə dalaşdı, bir gün qayınatası ilə söz güləşdirdi, bir gün də qayınanasının üzünə ağ oldu.
Elə gün olmazdı ki, Kobra evdə dava salmasın. Həyat yoldaşı Aydın isə Kobranın bu hərəkətlərindən lap boğaza yığılmışdı. Bir dəfə necə əsəbiləşdisə, Kobranın qulağının dibindən bir şillə ilişdirdi. Şillə güllə səs çıxardı və Kobra şillənin zərbəsindən divanın üstünə sərildi...
Özünə gələn Kobra həyat yoldaşı Aydının üstünə bağırdı:
- O şilləni sənə yedizdirəcəyəm. Görəcəksən ki, mən Qaratel sənin başında necə turp əkəcəyəm!
Aydın sakit-sakit Kobraya baxdı. Onun gözlərinin dərinliyində dəhşətli bir qorxu hiss etdi. Kobranın sifətindən və gözlərindən zəhər-zəhrimar yağırdı. Sanki ilanın quyruğunu tapdalayan kimi o da dik ayaqüstə durub gözlərini Aydına zilləmişdi və ona nəsə etmək istəyirdi. Bir də Kobra diqqətlə Aydına baxdı. Stolun üstündəki güldanı əlinə götürdü. Aydın üzünü çevirib evdən çölə çıxmaq istəyəndə əlindəki güldanı arxadan onun başına tərəf tulladı. Qəfil zərbədən Aydın ağzı üstə yerə yıxıldı...
... Yerə yıxılanda bərkdən "ana" dedi. Səs-küyə anası gəldi. Sonra atası Məmməd kişi özünü çatdırdı. Gördülər ki, Aydın yerə yıxılıb və başından qan axır. Qız da durub sakit-sakit ona baxır. Məmməd kişi Kobranın üstünə yeriyib:
- Belə qudurmusan ki, ərinin başına güldan çırpırsan? - dedi.
Kobra:
- Əcəb eləyib vurmuşam! O məni şillə ilə vurmasaydı, mən də ona güldan atmazdım. İndi canı çıxsın görsün ki, başqasını vurmaq nə deməkdir.
...Yerdə al-qan içində olan Aydını güc-bəla ilə özünə gətirdilər. Başını sarıdılar və onu yatağa uzatdılar. Bu hadisədən sonra Aydın dedi ki, mən qələt eləyərəm bu gəlinlə bir yastığa baş qoyaram. Elə həmin gündən Kobra ilə Cəfər ayrıldılar...

FAİQ QİSMƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV