WOMAN IN LOVE

İRADƏ TUNCAY
63386 | 2010-10-02 04:04

Nə gözəl yoldu. Heç bitməsin. Bitəcək amma. Hər şey kimi... Yol boyu gözünə dolan yaşıl da bitəcək, saralacaq bir gün. Özü kimi...
   
   Life is moment in space.
   
   Həyat bircə andır...
   
   Bircə an...
   
   - Gözəl
   
   - Mənə gözəl demə...
   
   - Qulaqcığı çıxar görüm niyə deməyim?
   
   - Adımı de, adım var.
   
   - Yenə başlama... Ora bax...
   
   - Baxıram, çox göz... qəşəngdi, yaxşıdı.
   
   Deməli, bu sözü də çıxardı dilindən. Çox iyrənc səslənir. Amma yol çox göz... qəşəngdi.
   
   - Neçə gün qalacayıq orda?
   
   - İki gün göz... xanım.
   
   - Az deyil?
   
   - İşimiz var axı, qayıtmalıyıq.
   
   Qayıtmaq... Heç istəmir qayıtmaq.
   
   - O işləri sonra da eləmək olar!
   
   - Yenə gələrik!
   
   Bir vaxtlar çox sevimli idi gözləri. İndi ancaq orda yalanmı, doğrumu gördüyünə əmin olmaq üçün baxır. Gözlər də qaçır ora-bura. Gözlər qaçır, baxışlar da Allah bilir hardadı.
   
   - Nəyə qulaq asırsan, qulaqcığı çıxart.
   
   - Sevdiyim mahnılara.
   
   - Mən sənin üçün oxuyaram, çıxar qulaqcığı.
   
   - Yaxşı, çıxardım, rahatlan...
   
   Əlbəttə, oxuyarsan... Oxuyarsan, ədbəttə... Nə oxuyarsan?
   
   Life is moment in space
   
   When the dream is gone
   
   It"s a lonelier place
   
   I kiss the morning good-bye
   
   But down inside you know
   
   We never know why
   
   Həyat bu dünyada bircə andı,
   
   Arzular puç olanda, çox qərib bir yerdi həyat...
   
   Qoymadı qulaq asmağa.
   
   - Bax, az qalıb çatırıq. Heyf şəhəri tanımıram, yoxsa...
   
   - Mən tanıyıram. Gəzdirərəm səni.
   
   - Onu demirəm, maşın sürə bilməyəcəm.
   
   -g Burdan sağa dön, qalx bir küçə ilə yuxarı.
   
   - Niyə?
   
   - Orda otel olmalıdı, səhv etmirəmsə.
   
   - Bizimçün yer hazırlayıblar da...
   
   - Özümüz yerləşsək nə olacaq ki...
   
   - Düzdü, özümüz yerləşərik. Buradı?
   
   - Dayan, həmin yerdi, amma gəl soruşaq.
   
   ***
   
   Üzünü otağın iri şüşəli pəncərələrinə söykəyib baxır.
   
   Hər şey dəyişib. Mehmanxananın adı da, görkəmi də, içi də dəyişib. Özü də dəyişib, axırıncı gəlişindən iyirmi il keçib. Amma aşağıdan Kür axdığı yerdən axır. Yaxşı ki, bunları dəyişə bilmirlər insanlar. Yaxşı ki, çayların, dənizlərin, arzuları insanların əlində deyil, puç olmur...
   
   - Bura yatmağa gəlmisən? Vaxtımız azdı, gedək gəzək.
   
   - Neçə yüz kilometr yol sürmüşəm, insafın olsun, yorğunam.
   
   - Hə, mən çox insafsızam. Civə kimi olanda...
   
   - Yenə başladın... Mən həmişə civə kimiyəm!
   
   ***
   
   Bu həmin o körpü, bu həmin o qala, bu da həmin o heykəl.
   
   - Buralarda hardasa bir restoran olmalıdı.
   
   - Nə yadında qalıb, bir neçə saat olmusan burda, amma mən yaxşı tanıyıram şəhəri.
   
   - Yox, yadımdadı, buralardadı.
   
   - Tam vse peli, burda indi hər yerdə kafe-restorandı da...
   
   - İndi tapacam həmin yeri. Maraqlı yer idi. Milli zir-zibilləriylə doldurmuşdular.
   
   - Ay aman, bunların xasiyyəti də, hər yeri belə bəzəyirlər. Amma mən bilən buralarda Pirosmaninin... bunlar nə deyirlər belə zirzəmilərə?
   
   -
   
   - Hər nə isə. Onun öz əliylə çəkdiyi rəsmlər olan, özünün tez-tez gəldiyi bir kafe, meyxana olmalıdı. Axtaraq!
   
   Bu kafe Pirosmaninin kafesi deyil təbii. Bura çayın sahilindədi. Mənzərəli yerdədi, amma Pirosmaninin yeri deyil... Görən o nə içməyi sevirmiş? Bəyaz ev şərabı?
   
   - Arım, balım, pətəyim...
   
   Yenə gözlərinin içinə baxır.
   
   Görəsən ürəkdən deyir? O qədər yalan eşidib ki...
   
   - Eşidirəm.
   
   - Xoşuna gəlir buralar?
   
   - Mən buraları birinci gəlişimdən sevmişəm...
   
   Melodiya yenə qulaqlarında çımlayır.
   
   The road is narrow and lon
   
   When eyes meet eyes
   
   And the feeling is stron
   
   I turn away from the wall
   
   I stumble and fall
   
   But I give you it all.
   
   Gedəcəyimiz yol dar və uzundu... Baxışlarımız toqquşanda, duyğularımız coşanda ayağım büdrəyir, yıxılıram mən. Amma dünyanı sənə verirəm...
   
   - Göz... Gülüm, nə fikirləşirsən?
   
   - Heç...
   
   - Yenə!
   
   - Heç...
   
   - Niyə fikirləşirsən?
   
   - Şən vaxtlarımı çox görmüsən?
   
   - Bəs mənim də istədiyim odur ki, deyəsən, güləsən, şənlənəsən.
   
   - Gec deyil?
   
   - Luçşe pozdno, çem nikoqda.
   
   - Belə getsə rus dilini əməlli öyrənəcəksən.
   
   Beynindəki faylları da kompüterindən pozduğu kimi poza bilsəydi... Əksinə olur, ordan pozduqları da beyninə yüklənir.
   
   - Gülüm, yeməkdən sonra hara gedək?
   
   - Tamaranın yanına.
   
   - Nə, Ta..., hansı Tam...
   
   - Özünü itirmə, canlı Tamaranı demirəm, heykəl Tamara, çariça Tamara...
   
   - Ora çox yuxarıdadı. Görək funikulyor işləyir? Ya da taksi ilə...
   
   Çariça yuxarıda olmalıdı da. Nə qadınmış amma bu çariça. Əsl "Woman in love". Nə ondan öncəsi, nə ondan sonrası bu millətin belə bir sahibi olmadı. 20 yaşında hakimiyyətə gələsən, nə qədər kişini ram edib yerində oturdasan, sarayın qeybət yuvası yox, şairlərin, filosofların məkanı olsun, Rustaveli sənə aşiq olsun, sənə şeirlər yazsın...g Gənc və tənha bir qadın, söykənə biləcəyi dayaq axtarışında. Gözəlliyi yardımçısıdı. Rustaveli onu vəsf edib deyir ki, vücudu büllur kimi, baxışları Tanrı qəzəbindən sərt, yerişi dişi aslanınkı kimi şahanə... Dünyanın çox hakimləri ona sahib olmaq istəyində... Nə qadınmış bu çariça! Amma nə kişilər də varmış o vaxtlar! Çariçayla birlikdə olmaq naminə edamı da gözə alırlarmış. Təbii, çariçalar zəifliyini kiməsə göstərə bilməzdi. Onlar güclü olmağa məhkumdu. Hər sevgi gecəsinin səhəri başı kəsilirmiş növbəti aşiqin...
   
   Bəs, bu avara rus knyazı hardan gəlib çıxıb həyatına? Heç siyasi ittifaq da deyildi axı, qadın özü onu qaldırıb yüksəkliklərə. Çariçalar da səhv eləyirlər əlbət.. Amma sonra səhvini düzəldə bilib, knyazı qovub, uşaqlıq dostunu gətirib saraya. Rustaveli də bu məhəbbət üçbucağında artıq olduğunu anlayıb baş götürüb gedib Fələstinə.
   
   ***
   
   - Yox, sürücülər deyir ki, indi orda heç nə işləmir. Bağlıdır hər yer, səhər gedərik.
   
   - Mən ora iyirmi il əvvəl qalxmışdım, sənə göstərmək istəyirdim. Qalxmışdım, özümü də çariça hiss edirdim. Cavanıydım.
   
   - İndi nə olub ki?
   
   - İndi... Sınan sınıb, qırılan qırılıb...
   
   - Yaxşı, yenə başlama. Ora bax...
   
   - Baxdım və gördüm.
   
   ...Bu həmin o küçə, bu həmin o döngə...
   
   - Əvvəl bu küçədə suvenir satırdılar...
   
   - İndi də meyvə satırlar. Yoruldum, qayıdaq otelə.
   
   ***
   
   İndi bu ağarmış, seyrəlmiş saçları sığallaya-sığallaya fikirləşir ki, deyəsən heç bu saçların qara, gur vaxtlarını görmədi axı...
   
   - Xəbərin var, necə qəşəngləşmisən, cavanlaşmısan?
   
   - Hə, hamı deyir ey, sənə görədi.
   
   - Təbii, mənə görədi. Kimlə oturub-durursan, ona da oxşayırsan...
   
   - Yaxşı da!g
   
   - Bilirsən, indi ağlıma gəldi ki, mən heç sənin cavan vaxtlarını görmədim. Xatırlamıram!
   
   - Heç özüm də xatırlamıram, xərclədim getdi. Bunu başa düşmək üçün səni divara dirəməliydim?
   
   - Sənin bağışlamaq xasiyyətin yoxdur bilirəm, amma... bacarırsan bağışla...
   
   - Mənim xasiyyətlərimi bilirsən ki...
   
   Qız düz yazmışdı da, məni heç tanımadın, yorğunluğumu tanımadın...
   
   - Bitdi dedim, keçmişi yada salma, gələcək haqqında fikirləş.
   
   - Bütün olanlar, yaşananlar...
   
   - Nə istəyirsən məndən?
   
   - Heç nə, mən heç kimdən, heç nə istəmirəm. Özümçün anlamağa çalışıram. Bu qarışıqlığın, xaosun səbəblərini...
   
   - Yat, səhər danışarıq!
   
   Bu "səhər danışarıq" sözü də öldürür onu. Amma heç danışmırlar. Günah kimdədi? Kimi bağışlasın - özünümü, onumu? Ya Freydin fəlsəfəsinə dalsın, kişilər ömür boyu analarına bənzəyənən qadın axtarışındadırlar. Amma yaxın bir dostu ona demişdi ki, Freyd düz demir - kişilər özlərinə bənzəyən qadın arayırlar həmişə. Lənət olsun, gecənin bir aləmi bu fəlsəfə də onu girinc eləyib.
   
   ***
   
   "Müqəddəs Məryəm Ana, sən oğlunu bizim günahlarımıza qurban elədin. Bağışla bizi, övladlarımızı bizə bağışla" - deyir ürəyində. Qəhərdən boğulur. Heç doğru-düzgün dua edib-etmədiyini də bilmir. Nə fərqi var, axı. O da anadı. Tanrı övladı doğub. Günahkar bəndələrə düz yola qayıtmaq səadəti bəxş edib. Qaytar, İlahi, qaytar!
   
   Bu möhtəşəm kilsənin içində özünü qum zərrəsi hiss edir. Başını qaldırıb çarmıxdan asılmış Peyğəmbərin əzablı simasına baxır. Hamının əvəzinə əzab çəkəng Müqəddəs Məryəm Ana, sənki hər kəsi sevirsən! Unutdunmu məni, İlahi?!
   
   - Nə möhtəşəmdi, nə düzgün yer seçiblər, şəhərin hər yerindən görünür.
   
   - Enəkmi aşağı?
   
   - Burda qalası deyilik...
   
   ...İsti yay günəşinin altında alışıb yanan çay sərinlik verir ürəyinə. Çay sahilində gəzməyi sevir axı. On gün əvvəl bir başqa çayın sahilindəydi, orda çəkdiyi şəkilləri də köçürmüşdü kompüterin yaddaşına. İndi də çəkir, bunları da köçürəcək...
   
   - Bu aktrisanı tanıyırsan?
   
   - Yox.
   
   - Tanıyırsan, canım. Öldüyü heç bir il deyil, büstünü qoyublar, özü də şəhərin düz ortasında. Bu millətin belə xasiyyətləri var da... Maraqlı qadın idi. Atası da, anası da buraların ünlü, məşhur aktyoru olublar, birinci əri də çox tanınmış bir adam idi. Yaşı 48-49 olanda ərini qoydu, getdi bunların məşhur futbol şərhçisi vardı ha, Maxaradze, onun yanına.
   
   - Nə olsun?
   
   - Heç, büstünü gördüm əhvalat yadıma düşdü.
   
   -Orta yaş krizisi vurur hamını.
   
   - Bu krizis-zad da boş söhbətdi, adamların uydurması.
   
   - Psixoloqların... Mən qayıtmaq istəmirəm.
   
   - Söz verirəm, yenə gələrik.
   
   - Verdiyin sözləri heç tutmadın...
   
   - Onu demisən, demisən! Bildim!g Keçdi...
   
   Keçdi əlbəttə. İki gün də tez keçdi. Life is moment in Space. Həyat bircə andır. Düz oxuyur qadın, arzular puç olanda çox qərib bir yerdi həyat.
   
   Vaxt azdı, az...
   
   ***
   
   - Yaddan çıxan heç nə qalmadı ki...
   
   - Yoxladım hər yeri.
   
   - Sənədləri götürüm çıxaq. Yolumuz uzaqdı.
   
   Oturacaqda yerini rahlayır, qulaqcığı taxır.
   
   I kiss the morning good-bye
   
   Əlvida, səhəri öpüb gedirəm. Səhərimi, şəhərimi?!
   
   - Gözəl, səfər xoşuna gəldi?
   
   - Mənə gözəl demə, mən gözəl deyiləm.
   
   - Bəs nəsən?
   
   - I am a woman in love!
   
   - Nə?!
   
   - Heç, mahnının sözlərini deyirəm.
   
   - Çıxar qulaqcığı, yenə nəyə qulaq asırsan...
   
   - Bilirsən, yadıma düşdü, onlar meyxanaya duxan deyirlər...

TƏQVİM / ARXİV