BLOKADA

İRADƏ TUNCAY
51171 | 2009-01-31 05:12

Təzə söz deyil - vaxt elə sürətlə keçir ki, heç göz açmağa macal tapmırsan. Yanvar bitdi, qarşıda ilin ən qısa ayı gəlir. Onu da elə-belə, tələm-tələsik yola salacağıq. Fevralın ilk günlərindən birində, daha dəqiq desəm, fevralın 2-də ölkəmizdə Gənclər Günü qeyd olunacaq. Əslində gənclər normal yaşamağı öyrənə bilsəydilər ilin hər günü onların olmalı idi. Ancaq əhalisinin çox faizi gənclər olan ölkələri elə günə qoyublar ki, orda gənclərdən nəsə gözləmək müşkül duruma gəlib. Tərtəmiz beyinləri çeşidli zibillərlə doldurmaq çox asandı və bu da dünya siyasətinin uğurla həyata keçirilən bir parçasıdır. Bir qrup cəhalətin cəngində, bir qrup uyuşdurucu şəbəkələrin qurbanı, bir qrup insan alverçilərinə xidmət edir, gözlərində işıq görə biləcəyimiz bir qrup da imkansızlıqdan özlərini realizə edə bilmirlər. Heç nəyi bəzəyib-düzəməsək gerçəklik budur. Hələ ki idarəetmə sistemi vahid bir rejimin yetişdirmələrinin əlindədir. Hələ ki qorxu yoxdur, bəs sabah? 20 ildən sonra sükan kimin əlində olacaq? Biri İstanbulda, biri Londonda, biri Moskvada, biri də nə bilim harda oxuyub gələnlər eyni kursla hərəkət edə biləcəklərmi? Mən hələ burda ağ rəngli ağaların bizə sırıdığı müxtəlif təhsil sistemlərinin fəsadları ilə çabalayanlardan danışmıram. İnsanın harda oxumağı onun gələcəyinə çox böyük təsir edir, bütün həyatına öz möhürünü vurur. İndi deyirik ki, o vaxt Stalin xariclə hər hansı bir əlaqəsi olan adamları güllələyirdi. Mərkəzləşmiş dövlət yaratmaq istəyirsənsə və bu dövlətin vətəndaşlarını eyni ideyaya, eyni əqidəyə xidmət etdirmək istəyirsənsə başqa çarə ola bilməz. Bir dəfə yadımdadı ki, Barat Şəkinskaya ilə Ülvi Rəcəb haqqında söhbət edirdim. Və sözarası onun "pantürkist" olub-olmadığını da soruşdum. Barat xanım özünəməxsus duzlu dili ilə dedi ki, "pan olduğunu bilmirəm, amma türkist idi, çünki İstanbulda təhsil almışdı, qulaq asdığı mahnılar türk mahnıları idi, oxuduğu şerlər türk şairlərinin şerləri idi. O vaxt da belə şeylərə görə adamı tuturdular". Elə anlaşılmasın ki, zülmə haqq qazandırmaq istəyirəm. Yəni demək istədiyim odur ki, müəyyən məqsədə çatmaq üçün qurban verilməlidir.
   
   Ötən əsrin dünya tarixinə ötəri nəzər salsaq, demək olar ki, yenidən dirçəlməkdə olan bütün köhnə imperiyalarda eyni proseslər gedib. Baxın - Almaniya, Rusiya, Türkiyə, İran və s. Əvvəl inqilablar olur, rejim dəyişikliyi gəlir, dalınca repressiyalar, sonradan dinc quruculuq illəri. Eyni ssenari ilə hər şey təkrarlanır. Təbii ki, kim güclüdür, o, başını saxlayacaq. Daha doğrusu, kimin başı daha yaxşı işləyir, ayrı yerlərini də saxlayacaq. Və kimin başı yaxşı işləyir - soxulcandan, həşəratdan içki düzəldib yüz ildi bəşəriyyəti dolayan şirkətlərin. Həmin yerlərdən olan yüksək çinli bir məmurun peyğəmbərcəsinə dediyi məşhur bir kəlam var: "O yerlərə ki "Jeans" və "Coca-cola" girib, oralar zatən bizimdi, ta pul töküb işğal etməyə nə hacət?" Yəni gördüyünüz kimi əhali nisbətində gənclər üstünlük təşkil edən ölkələrin işğalı birinci beyin işğalından başlayır. Beyinlərin yuyulmasından başlayır.
   
   "Gənclər Günü" ərəfəsində bu sahəyə cavabdeh qurumlar müxtəlif nominasiyalar üzrə fərqlənən gəncləri həvəsləndirmək üçün müsabiqə keçirərək mükafat-zad veriblər. Seçim hansı prinsip üzrə olub, xəbərim yoxdu, amma alqışlanası tədbirdi. Və bu tədbiri işıqlandıran TV-nin aparıcısı belə bir nominasiya da təklif edir: "İlin ən vətənpərvər gənci"(?) Mənə qaranlıq qalan budur ki, bu nominasiyanı hansı aparatla, hansı şkala ilə müəyyən etmək olar? Və ən vətənpərvər gənci necə ölçmək olar? Görüntü belədi - neçə illər tərkibində yaşadığımız dövlətin ideologiya tarixindən heç nə öyrənə bilmədik və indi də beyinlərimiz elə blok olunub ki, bu blokadanı yarmaq üçün böyük bir ordunun görəcəyi işdən artıq çalışmaq gərəkəcək.
   
   ... Yanvarın son günlərində ruslar Leninqrad blokadasının bitməsinin 65 illiyini təntənə ilə qeyd etdilər. Bizim KİV-lər susdu. Görəsən niyə? Axı bu şəhər uğrunda gedən döyüşlərdə minlərlə azərbaycanlı da vuruşub, həlak olub. Sovet İttifaqı Qəhrəmanı adını alanlar da var. Məmməd Rahimin "Leninqrad göylərində" poeması həmin səmada həlak olan Hüseynbala Əliyevə həsr olunub. Bu günün gənclərinə xatırlatma eləmək olmazdımı? Ən azından döyüşçü rəşadəti kimi. Həmin bu şəhərdə aclığın, soyuğun, ölümün tüğyan elədiyi günlərdə Nizaminin 800 illik yubileyi keçirilib. Həmin bu şəhərin hərbi qospitallarının baş həkimi, məşhur rus təbibi Mixail Tuşinski olub (Kərim bəy Mehmandarovun oğlu). Tuşinski sonradan Leninqradda təhsil alan nə qədər azərbaycanlıya dəstək olub. Lap bütün bunları qoyaq bir tərəfə - ən azından unikal hərb tarixini öyrənmək baxımından Leninqrad blokadasını yada salmaq olardı...
   
   
   
   ***
   
   
   
   Hitlerin "Barbarossa" planına görə, 1941-ci ilin 3-4 ayı ərzində Sovet İttifaqı bütünlüklə işğal olunmalı idi. Leninqradın ələ keçirilməsi bu planın tərkib hissələrindən biri idi. Leninqradın itirilməsi həm hərbi, həm də siyasi baxımdan yolverilməz idi. Baltikyanı zolaq və Baltik donanmasının almanların əlinə keçə biləcəyi düşüncəsi, həm də Oktyabr inqilabının beşiyi olan şəhərin xüsusi rəmz sayılması Leninqrad uğrunda mübarizəni xüsusilə amansızlaşdırırdı. 1941-ci ilin 8 sentyabrında alman, fin və ispan ordu hissələri şəhəri hər tərəfdən mühasirəyə aldılar. Yeganə yol Ladoqa gölü vasitəsilə gedilən yol idi ki, o da artilleriya atəşi mənzilində idi. Üzü qışa getdiyindən evlərin qızdırıla bilməməsi, aclıq əhalinin kütləvi məhvi ilə nəticələnirdi. İlk vaxtlar aclıqdan əziyyət çəkən əhalinin "Böyük torpaq"a evakuasiyası zamanı toxluqdan ölmə faktları həkimlərə bu sahədə böyük təcrübə qazandıra bildi. Blokada həm də şəhər təsərrüfatını idarə edənlərə ekstremal şəraitdə işləmək üçün hərtərəfli dərs oldu. Belə bir fakta diqqət yetirək. Kütləvi aclıq zamanı şəhərdə heç bir kütləvi epidemiya qeydə alınmamışdı. Baxmayaraq ki, şəhərin bütün infrastrukturu iflic vəziyyətində idi. Bir tərəfdən burda bəlkə də 41-42-ci illərin sərt qışı "köməkçi" amil ola bilmiş, digər tərəfdən isə şəhər icra aparatının, tibb xidmətinin gördüyü effektiv profilaktik tədbirlərlə bağlı idi.
   
   Leninqrad və ətraf rayonların ərazisi o vaxtlar təxminən 5 min kv.km-ə bərabər idi. Bu ərazini qorumaq üçün nə ordu hissələri, nə də silah çatışırdı. Almanlar şəhərin 10 kilometrliyində dayanmışdılar. Yerli hakimiyyət hərbi zavodların partladılması və Baltik donanmasının batırılması əmrini almışdı. Düşmənin irəliləməsini saxlamaq üçün ən ciddi tədbirlərə əl atılırdı. Mövqeyindən azacıq geri çəkilən komandir və əsgərlər güllələnirdi. Məhz bu şəkildə hücumun qarşısı alına bildi. Tank istehsal edən hərbi zavodları bombardmandan qorumaq üçün şəhərdə şayiə yayılmışdı ki, həmin zavodlarda alman əsirləri işlədirlər. Eyni şayiələri NKVD binası ilə də sınaqdan keçirəndə almanların buna inanıb həmin yerləri dağıtmadığı məlum olmuşdu. Qurudan hücumun bir nəticə vermədiyini görən almanlar bombardmanları, artilleriya zərbələrini intensivləşdirməyə başlayırlar. Şəhərdə yanğın törətmək üçün minlərlə yandırıcı bomba atılır. Leninqradın əsas ərzaq anbarları dağıdılır. Bu acı dərs şəhər icra strukturlarına ərzaq ehtiyatlarını az-az və müxtəlif yerlərdə gizlətmək təcrübəsini də qazandırır. Almanların əsas məqsədi şəhəri aclıq yolu ilə çökdürmək idi. Quru mühasirədə olduğundan hava yolu ilə ərzaq daşınması şəhərin qida ehtiyaclarını ödəmirdi. Amma ilk vaxtlar əsas tələfat aclıqdan yox, bombardmanlardan idi. Bunun da çarəsi tapıldı. Əzəl günlərdən şəhərin müxtəlif yerlərində quraşdırılan 1500 səsgücləndirici əhalini hava həyəcanından xəbərdar edirdi. Leninqrad blokadasının tarixinə düşmüş məşhur Metronom sürətli ritmlə hücumu, sakit ritmlə hücumun bitdiyini bildirirdi.
   
   1942-ci ilin sərt qışı öz sözünü deməyə başlayır. Bu dövrü yaşamış "blokadniklərin" (ifadəni tərcümə etmək istəmədim) xatirələrindən: "Ölüm elə adiləşib ki... Əvvəlcə heç nə ilə maraqlanmırsan, sonra yatağa uzanırsan və səhər qalxmırsan. Şəhərin hakimi ölümdü. Bu gün mən küçə ilə gedəndə irəlidə ayaqlarını güclə sürüyən birisinə diqqət elədim. Sir-sifəti göyərmişdi. Fikirləşdim ki, yəqin tezliklə öləcək, üzündə ölümün kölgəsi var idi. Elə bu an yerə çökdüyünü gördüm. Yaxınlaşanda artıq keçinmişdi. İnsanlar o qədər zəifləyiblər ki, ölümə müqavimət də göstərmirlər. Ölüm yatmaq kimi olub. Ətrafdakı yarımcanlar isə heç kimə baxmaq da istəmirlər. Hamı öz saatını gözləyir. Səhər evdən çıxanda meyitlərlə rastlaşırsan, qapının ağzında, küçədə. Yığışdıracaq kimsə də yoxdu. Uzun zaman ortalıqda qalırlar".
   
   42-ci ilin yanvar-fevral ayları blokadanın ən kritik dövrü kimi qiymətləndirilir. Hər gün təxminən 4 minə yaxın adam ölür. Və ölən kişilərin sayı qadınlardan qat-qat artıqdı.
   
   Şəhərin baş həkimi Mixail Tuşinskinin Bakıdakı bacısı Məhbubə Mahmudbəyovaya yazdığı məktubdan sətirlər: "Dünyada hadisələr elə sürətlə inkişaf edir ki... İnsanlar, bütöv bir ölkə, xalqlar, milyonların əməyinin bəhrəsi, dəyərlər, mədəniyyət abidələri - hər şey göz qırpımında məhv olub gedir. Bu günlərdə xəbər tutdum ki, Puşkinin Mixaylovskidəki məzarüstü abidəsi dağıdılıb. Müharibənin dəhşətləri içində bu, xırda bir şey kimi görünə bilər, amma məni çox ağrıtdı. Biz burda əlahiddə vəziyyətdə yaşayırıq. Anlamaq üçün burda yaşamaq lazımdı. Ancaq bircə dəqiqə də olsun burdan getməyi düşünməmişəm. Bilirəm ki, burda lazımam, gərəkliyəm. Bilirəm ki, hara getsəm də rahatlıq tapmayacam. Özümdən ki qaça bilməyəcəm. Oğlumun ölümü ilə heç cür barışmıram. Bizim blokada şəraitində necə yaşamağımızı soruşursansa, bunu sözlə anlatmaq mümkün deyil".
   
   Bu məktubu hansısa ideoloji kitabdan oxumamışam. Kərim bəy Mehmandarovun nəvəsi rəhmətlik Elmira xanım ailə arxivindən vermişdi bunları mənə. Yəni ölümlər içində çarpışan, yeganə oğlunu da itirmiş həkimi Puşkinin abidəsinin dağıdılması ağrıdırsa, həmin milləti aclıqla, soyuqla imtahana çəkmək olmayacaq. Əsas məsələ ruhdu - onu işğal eləyəndən sonra hər şey dağılacaq, necə ki dağıldı...
   
   Yəni "Jeans" və "Coca-cola" girən yerə ordu salmağa nə hacət? Stalinə nə qədər qara yaxsalar da blokada şəhərində Nizamiyə 800 illik yubiley keçirən adam dəli deyildi. Ruhu saxlamaq lazım idi. Bu gün bizim ruhumuzun daşıyıcısı kimdi? Oxudunuz, bütün informasiya vasitələri onun ad günündən necə vəchlə yazdılar, göstərdilər. Hansı şairə belə dəbdəbə qismət olur günümüzdə? İndi siz deyin, kim daha çox blokadadadı?
   
   ...1943-cü ilin yanvarında Qızıl Ordu blokadanı yarmağa müvəffəq oldu. Ladoqa gölünün ətrafı ilə 12 kilometr ərazi təmizləndi. 12 kilometr sizə az görünməsin. Hər kilometr neçə min cana başa gəlirdi. 44-cü ilin yanvarında isə şəhər mühasirədən tamamilə çıxdı. 900 günlük blokadanın nəticələri - sivil əhali arasında 1 milyon itki. Bunun 97 faizi aclıqdan, 3 faizi bombardmandan. 1 milyon əsgər həlak olub, mədəniyyət abidələrinə ciddi ziyan dəyib. Prussiya kralının I Pyotra bağışladığı məşhur "Kəhrəba otaq"ı almanlar şəhərdən çıxarıblar, indiyə qədər də harda olduğu bilinmir. Amma Putin həmin abidəni yenidən olduğu kimi bərpa etdirdi. Rəmzi mənası var axı, ruh məsələsi...
   
   Mənə görə ümumi tarix, ümumi coğrafiya deyilən bir anlam var. Leninqrad blokadası həmin əraziyə daxildi. Deyək ki, Məmməd Rahim öz poemasında bir qəhrəmanın adını əbədiləşdirmişdi. (Bu da bir sualdı -orta məktəbdə öyrədilirmi həmin dövr?) Amma adını bilmədiyimiz nə qədər qəhrəman II Dünya Müharibəsində can qoyub. Həmin müharibənin dərsləri, təcrübəsi var. İdeoloji silah daha qorxuludu, heç gözləmədiyin yerdən vurur səni. Ekranlardan bizə baxan məqsədsiz, amalsız, əqidəsiz, hallı gözlər, heç bir şəxsiyyət tanımayan beyinlər daha faciəlidi. Gənclərimiz savaşdakından daha çox məhv olur. Fərqi nədi, SPİD-dən, uyuşdurucudan, sərxoş adamların bıçağından, şəxsiyyət deqradasiyasından.
   
   ... Yanvarın son günlərində ruslar Leninqrad mühasirəsinin yarılmasının 65 illiyini qeyd etdilər. Xatırlanası tarixdi, hər kəs üçün. Fevralın 2-də gününü qeyd edəcəyimiz gənclər üçün isə ikiqat tarixdi. Vətənpərvər gənc anlayışını hesablamaq, ölçmək üçün heç bir aparat icad olunmayıb. Tarixi bilmədən, hardan, nələrdən keçib gəldiyini bilmədən nəyəsə bağlanmaq da mümkün deyil. Gəlişigözəl sözlər deyil bunlar. Biz ağ rəngli ağaların ağ ölümlərinin mühasirəsindəyik. Bizim üçün Blokada bitməyib.

TƏQVİM / ARXİV