AH AVROPA, AVROPA...

İRADƏ TUNCAY
65404 | 2008-07-05 17:08

"Hər böyük sərvətin altında böyük günah yatır".
   
    Onore de Balzak
   
    Heç olmasa, bircə dəfə Avropanın inkişaf eləmiş ölkələrini görən adamlar bilirlər - o gözəlliyin, səliqə-sahmanın, zənginliyin və sadəliyin, qanunlara hörmətin heyranı, əsiri olursan. Möhtəşəm və əzəmətli binaların, elə həmin binalar qədər soyuq, biganə ağ adamların baxışları altında əzilə-əzilə fikirləşirsən - nə xoşbəxtdirlər, İlahi, nə xoşbəxtdirlər... Bəs biz nə vaxt belə yaşayacağıq - deyə fikirləşirsən. Lüks həyat haqqında eyforiyalarım çoxdan dağılıb - nə qədər ki onlar yaxşı yaşayacaqlar, biz belə yaşamağa məhkumuq. Bu dəyirmanın suyu hardansa gəlməlidir, axı. Kimsə belini büküb işləməlidir, kimsə burnunu dik tutub gəzməlidir. Dünya yaranandan qanun budur. Anlamasan nə yaxşı, amma anlayıb içindən keçirəndə çox ağrılı olur...
   
    Keçən həftəki yazımda avropalıları rasist adlandırmışdım. Elektron poçtuma Brüsseldən məktub gəldi. Mən anladığıma görə 10 il əvvəl burdan Avropaya mühacirət etmiş azərbaycanlıdır. İlk baxışda bəxti gətirmiş birisi sayıla bilər - indi avropalılar öz ölkələrinə Çin səddindən, dəmir pərdədən də qüdrətli bir hasar çəkiblər. Nəinki yaşamaq üçün, hətta on günlük gəzməyə getməyə də viza almaq mümkün deyil. Məktub müəllifi bunu belə izah edir ki, onlar özlərini gəlmələrdən qorumaq üçün irqçi olmağa məcburdurlar. Və ölkədəki bütün qanun pozuntularını, bütün cinayətləri gəlmələr edir. Ola bilər - amma mənim mətbuatdan izlədiyimə görə bütün səs-küy yaratmış hadisələri elə mədəni avropalılar özləri törədirlər axı. Lap elə son günlərdə Almaniyada valideynlər körpə uşaqlarını öldürüb neçə illər soyuducuda saxlayıblar. Ya da yenə Almaniyada yenə valideynlər öz körpə övladını qızardıb yeyiblər. Avstriyada bir manyak 10 yaşında bir qızcığazı oğurlayıb, 8 il zirzəmidə saxlayandan sonra yaxalanmışdı. Beş-altı ay əvvəl Almaniyada türklərin yaşadığı binaya od vurub körpə uşaqları yandıran da elə yerlilər idi. Kimsəyə nəyisə sübut eləmək həvəsim yoxdur. Əgər orda yaşayıb, o gözəlliyə heyran-heyran baxmaq istəyirlərsə, "üzümünü yeyib, bağını sormaq" istəkləri yoxsa nə deyim. Məktub müəllifi həm də yazır ki, oralarda bir "marok" qorxusu var. Belə başa düşürəm ki, həmin "marok" yəqin ki, Mərakeşdən gələnlərə deyirlər. Amma mən düşünürəm ki, saçının, gözünün rəngi qaradırsa avropalıyçün elə bir fərqi yoxdur, sən Mərakeşdən, Tunisdən, Əlcəzairdən gəlmisən, ya hansısa başqa ölkədən. Onların gözündə Şərqli elə şərqlidi. Hətta öz aralarında da qaralarla ağları seçirlər. İngilislər, ümumiyyətlə, hər kəsə yuxarıdan baxır. Təbii, haqları var - bataqlığın üstündə xaraba bir yerdə cənnət yaradıblar və bütün dünyaya öz iradələrini diqtə edirlər. Amma gəlin yada salaq nəyin hesabına...
   
   
   
    ***
   
    Qədim yunan mifologiyasında Avropa Finikiya çarı Aqenorun Zevs tərəfindən oğurlanıb Krit adasına aparılmış qızıdır. Həmin bu oğurlanma süjeti bir çox məşhur rəssamların yaradıcılığında istifadə olunub. Yunanlar "Europe" sözünü assuriyalıların "Ereb" - yəni qərb sözündən götürüblər. O vaxtlar Egey dənizindən qərbdə yerləşən ərazilər Europe adlanırmış. Tarixi mənbələrə inansaq bu materiki kritlilər eramızdan əvvəl XVI əsrdə kəşf ediblər. Yəni görünür, materikin ilkin mənbələrdə təsviri o vaxtdan var. Həm mifologiyada, həm də tarixdə Krit adı hallandığından Avropanın bu ada ilə yaxın qohumluğu qənaətinə gəlmək olar. Amma sözüm onda deyil. Bizim bu gün görməyə öyrəşdiyimiz gözəl-göyçək, zəngin, təmiz-tarıq Avropa hardasa XIII-XIV-cü əsrlərə qədər kasıb, yoxsul bir yer olub. Tarixin ilkin qüdrətli dövlətləri eramızdan əvvəl şərqdə yaranan dövlətlərdir. Sonralar antik yunan dövlətləri və Roma imperiyası həmin mədəniyyətin üstündə bərqərar olub. Tarixçilər (qərbli) bunu elə-belə sətirarası qeyd edirlər. Sərf eləmir. Nə isə, səlib yürüşlərinə qədər Avropada Şərq ölkələrinin zənginliyi, gözəlliyi haqqında əfsanələr gəzirmiş. Valter Skottun cəngavər romanlarını oxuyanlar o dönəm Avropası haqqında müəyyən qədər məlumat alıblar. Qərblilərin ən böyük sərvəti onların ağlıdı. Bu artıq isbat olunmuş bir həqiqətdir ki, həyat şəraiti çətin olan yerlərdə insanın beyni yaxşı işləməyə başlayır. Onlar da beyinləri yaxşı işlədiyindən Şərqi necə ələ keçirmək haqqında düşünməyə başladılar. İlk olaraq dənizçi-səyyahlar kəşfiyyata çıxdılar. Şərq dünyasının zəif və güclü nöqtələrini öyrəndilər. Sonra ruhani missionerlər gəlməyə başladı. Lap sonra Şərqdən aparıb satdıqları ədviyyat vasitələrindən qazandıqları pullarla banklar, şirkətlər yaradıb (təsəvvür edin ki, o vaxt qara toz bibərin qiyməti qızıldan baha imiş) yenidən Şərqə döndülər və istila etdilər. Hər zaman zirvədə qalmaq mümkün deyil. Həmin vaxtlar Şərq tənəzzül dövrünü yaşayırdı. Üç dövlətin timsalında tarixə nəzər salaq:
   
   
   
    MƏRAKEŞ
   
   
   
    Avropalılar bu ölkəyə XV əsrdən soxulmağa başlayıblar. Ölkə ərazisində bütün ticarəti öz inhisarına alan portuqaliyalılar burda liman şəhərləri tikirlər. Tədricən sahilboyu ərazilər bütünlüklə onların əlinə keçir. Sonradan ispanlar da gəlir. Və ölkənin içinə yürüşlər etməklə yerli qəbilələri qarət edir, taxılı, mal-heyvanı əllərindən alır, həm də insanları qul edirlər. Yerlilər nə qədər müqavimət göstərsə də qərblilərin hiyləsi qarşısında duruş gətirə bilmirlər. Bura feodal hərc-mərcliyini də əlavə etsək aydın mənzərə alınır. Məsələn, bir şəhərin hakimi o biri şəhəri tabe eləmək üçün qərblilərin silahlı qüvvələrindən istifadə eləmək fikrinə düşür, buraxır onları ölkənin içinə. Bir də ayılır ki, hər şey tar-mar olunub, yağmalanıb, ölkənin sərvətləri daşınıb, hər yer avropalıların nəzarətindədi. Təsəvvür edin ki, Mərakeş uğrunda gedən mübarizə hətta böyük Qərb dövlətlərini də üz-üzə qoyub, beynəlxalq konfliktlərə də gətirib çıxarıb. Fransa, İspaniya, Böyük Britaniya, Almaniya - hərə daha böyük pay qoparmaq üçün 1906-cı il Alxesirass konfransında Mərakeş məsələsini müzakirə ediblər. Nəticədə ölkə fransızların protektoratı altına düşüb, bir-iki şəhəri də inciməsin deyə İspaniyaya pay veriblər. İkinci Dünya Müharibəsindən sonra Amerika da özünün var olduğunu göstərmək üçün Mərakeşdə hərbi bazalarını yerləşdirib. Həmin dövrdə başqa bir güc də mövcud olduğundan (Sovet İttifaqı) və guya həmin gücün xalq azadlıq hərəkatlarını dəstəkləməsinə görə 1956-cı ildə Mərakeş müstəqilliyini elan edib. Amma heç bu gün də Mərakeşin müstəqil olduğunu kimsə iddia edə bilməz.
   
   
   
    ƏLCƏZAİR
   
   
   
    Bu ölkə Şimali Afrikada fransız ekspansiyasının ilk qurbanlarındandı. Bütün işğal olunmuş ölkələrdə kolonizatorlar eyni siyasət yürüdürlər. Bərəkətli torpaqlar yerli camaatın əlindən alınır, ölkə xammal bazasına çevrilir. Təsərrüfat dağıdılır, yerli istehsal qadağan olunur. Avropanın avantürist acları gəlib ölkənin ağasına çevrilirlər. Yerli feodalların da ağzına bir-iki yağlı tikə atırlar ki, dinib-danışmasınlar. Birinci Dünya Müharibəsində 173 min əlcəzairli orduya çağırılır, 25 mini həlak olur, 120 min adamı səngərlərin, müdafiə qurğularının tikilməsi üçün zorla ölkədən çıxarırlar. Eləcə də İkinci Dünya Müharibəsi zamanı Afrikada hərbi teatrda ətdən divar hörmək üçün əlcəzairlilərdən istifadə olunur. 1954-cü ildən sonra Əlcəzairdə milli azadlıq hərəkatı başlanır. Üsyanı yatırtmaq üçün Fransadan böyük hərbi birləşmələr göndərilir (400 min nəfərlik qoşun), dinc əhaliyə divan tutulur, üsyançılarla əlaqəni kəsmək üçün insanları deportasiya edirlər, kəndlər dağıdılır. Milyon yarım insan həlak olur, iki milyon adam həbsxanalara, konslagerlərə salınır, 9 min kənd yandırılır. Bu hadisələr baş verir 1967-ci ildə Əlcəzair öz müstəqilliyini elan edənə qədər. Sonra isə seçkilər keçirilir, neft, banklar, xarici şirkətlər milliləşdirilir. Amma bu gün də orda sakitlik yoxdur, bu gün də kimsə Əlcəzairin müstəqil olduğunu iddia edə bilməz.
   
   
   
    HİNDİSTAN
   
   
   
    Bir məşhur şirkət var tarixdə - Ost-İnd kampaniyası. Həmin bu şirkət 1600-cü ildə hollandlar tərəfindən yaradılıb, sonra ingilislərlə birləşib. XVII əsrin başlanğıcında dəniz ticarətini portuqalların əlindən alıb bu vasitə ilə həmin əraziləri tədricən özlərindən asılı vəziyyətə salıblar. Burda da eyni siyasət. Xammal üzərində inhisar, torpaqların yerlilərdən alınması, feodalların satqınlığı. Hindistan tarixi boyu daim işğalçılarla mübarizə aparıb. Amma Böyük Moğol İmperiyasının çökməsi ilə mərkəzləşmiş dövlətin yoxluğu, feodal hərc-mərcliyi burda da öz sözünü deyib. Ölkə bu şəkildə Ost-İnd kampaniyasının vassalına çevrilib. Hindistan tarixən çox zəngin ölkə olduğundan ingilislər indiyə qədər talan etdikləri daş-qaşın, qızılın hesabına kef eləyirlər. Başqasının var-dövləti ilə təbii ki, bataqlığı gülüstana çevirmək olar. Ölkənin qiymətli xammalını dəyər-dəyməzinə apararsan, əvəzinə baha qiymətə öz cır-cındırını gətirərsən, olar-bitər. XX əsrin ortalarına qədər bu talan davam etdi. 1947-ci ildə Hindistan müstəqil oldu. Amma oldumu?
   
    ... Bütün Asiya ölkələrinin tarixini araşdırsaq orda da eyni hadisələr baş verib. İndi Avropa dövlətlərinin mədəni vətəndaşları vəhşi gəlmələrin hərəkətlərindən narahatdı. Bəs onları görəsən Asiya və Afrikaya kim çağırmışdı? Bu qitələri viran qoyanda görəsən fikirləşmirdilər ki, bir gün ordan da bir axın gələcək? Tarixi niyə unudurlar? Yoxsa elə düşünürlər ki, tarix onların yazdığı, təqdim elədikləri kimidir. Yəni avropalı böyük İsgəndər dahi sərkərdədi, tutduğu ölkələrdə qan tökməyib, şəhərləri dağıtmayıb, işğal elədiyi dövlətlərin əhalisinin başını sığallayıb. Napoleon da eləcə. Amma Atilla, Çingiz xan, Əmir Teymur vəhşidi, çünki asiyalıdı. "Asiya" sözü də qədim assuriyalıların dilində "Acu", yəni şərq deməkdir. Təbii, təbii, şərqlisənsə, vəhşisən. Amma qəribədir, deyilmi? Hər iki qitənin adı şərq dillərindən götürülüb. Bu iki qitə birlikdə Avrasiya materikini təşkil edir, bu materik isə Yer kürəsində qurunun ən böyük payıdır. Amma avropalılara az gəlir. Avstraliyanı da, Amerikanı da işğal eləyəndə yerli əhalini qırıb qurtardılar. Görünür, özlərini bu şəkildə sığortalamaq istəyiblər. Axı ordan da gəlmə axını ola bilərdi. Ən gözəl çıxış yolu - xalqın kökünü kəsirsən, vəssalam...
   
    ... Son dövlərdə də bizim üstümüzdə eksperiment gedir. Onlar bura gələnə qədər çox rahat yaşayırdıq. İndi gərək onların dediyi kimi oturaq-duraq, onların verdiyini yeyək, dinib-danışmayaq, heç nə istehsal eləməyək, bataq cəhalət girdabına. İstədikləri dərmanları bizim orqanizmimizdə təcrübədən keçirsinlər. Millətin kişilərini qadınlaşdırsınlar. Əziz avropalı oxucum, sən niyə mühacirətdəsən, düşünmüsənmi? Bilirəm, burdakılardan şikayətçisən. Amma burda baş verənlər nəticədi, səbəb deyil. 200 il müstəmləkədə yaşayan bir ölkə öz vətəndaşlarına xoş gün yaratmaq üçün nə qədər çalışmalıdır? Özü də bütün dünya öz yırtıcı caynaqları ilə sənin üstünə çökübsə, necə yaşayacaqsan? Oralarda sənə "gəlmə" demirlərmi?
   
    Öz ölkələrində humanist, gülərüz avropalılar bütün dünyanı qana bələyiblər. Dünyadakı ən böyük cinayətləri onlar törədiblər. Ancaq hər zaman zirvədə qalmaq mümkün deyil. Bir gün enmək vaxtı da gələcək. Onlar da bunu çox gözəl anladıqlarından vaxtı uzadırlar. Amma dəxli yoxdur, qocalırlar, arta bilmirlər. Fransa futbol millisi qapqara oğlanlardan ibarət idi. Bu mənzərədən böyük ləzzət aldım. Ölkədə kişi qalmayıb. Fransız tapılmadığından prezidentləri də başqa millətdəndi.
   
    Əziz avropalı oxucum, bir az düşün, tarixi yadına sal. Gör cinayətkar kimdi? Axı hər böyük sərvətin altında böyük günah yatır. Bunu da avropalı deyib...
   
   
   
    P.S. Parlament seçkiləri vaxtı bizə nəzarət üçün gəlmiş "bomj" avropalılar gözümün qabağından getmir.

TƏQVİM / ARXİV