NO TO RACİSM !

İRADƏ TUNCAY
50404 | 2008-06-28 17:46

... Avropa futbol çempionatı bizim evdə əməlli ikitirəlik yaradıb. Türk millisinə tərəfdarlıq öz yerində, amma evdəki böyüklərin ruslara rəğbətlə yanaşması oğlumu əsəbləşdirir. Oğlum bizi anlamır - onun yaxın qonşuları ruslar olmayıb, həyətdə rus uşaqları ilə oynamayıb, o, Moskvaya paytaxt kimi baxmayıb, həmin paytaxtın küçələrində veyllənməyib, həmin millətin mahnıları, filmləri ona doğma deyil. Ötən əsrin 80-ci illərində doğulan uşaqlar başqa dövrün övladlarıdı. Onlar üçün Rusiyanın Dövlət Himni qulağa xoş gəlmir (Putinin çoxbilmiş siyasətindən biri də Dövlət Himninin yeni redaktə ilə Sovet himninə qayıtması idi. Keçmiş Sovet xalqları bu himni hələ də çox doğma sayırlar. Nostalji adamları rahat qoymur), komandalarda oynayacaq oyunçuların adları açıqlananda avropalıların təhriflə ifadə etdikləri sözlərə düzəliş vermirlər. Yeni nəsil rus idmançılarına bizim kimi "bizimkilər" demir. Əksinə, oğlum məndən "xeyir ola, rusdan sənə nə var" soruşur. "İndi heç nə" deyirəm, "amma əvvəl var idi". "Nə var idi" deyir. "Ay balam, rusların vaxtında bizim ən ucqar dağ kəndimizdə də məktəb var idi. Onların vaxtında qız uşaqlarını məktəbdən çıxarıb 12 yaşında ərə vermirdilər. Onların vaxtında 12 yaşında uşaqlar məktəbdən yayınıb avtobuslarda konduktorluq eləmirdi" -deyirəm- "Bir də bu qədər olub-keçəni unutmaq olmaz. Ürəyimlə, qanımla türklərə bağlı olsam da, şüurumla, beynimlə ruslara yaxınam". "Ruslar olmasa məktəb olmazdı?"- deyir oğlum. "İndi niyə yoxdu, başqa müstəmləkələrdə niyə olmayıb?"- cavab verirəm. "Əşi, qoy futbola baxaq". Hərə öz fikrində, öz düşüncəsində ekranı izləyir. Futbol çempionatı özünə yeni deviz tapıb: "İrqçiliyə yox deyək!" (İngiliscə "No to racism!") Bu avropalılar çox saxtakardılar. Dünyanın ən böyük irqçiləri özləri, bütün millətlərə yuxarıdan baxan özləri, nə qədər xalqları dünyanın etnoqrafik xəritəsindən silən özləri, irqçiliyə "yox" deyən də özləri? Gözünün, saçının, dərisinin rənginə görə insanları ayıran kimdi görəsən? Mən sərhəd məntəqələrində aşağılayıcı prosedurları gözümlə görmüşəm. Elə bizim şəhərdə yerləşən Avropa səfirliklərində viza alarkən bizlərə olan münasibəti də gözümlə görmüşəm. Bu, irqçilik deyil? Elə bu çempionatda hakimlərin türklərə və ruslara yanaşması nə idi görəsən, irqçilik deyildi? Türk komentatorun dediyi "Əynindəki forma qırmızıysa, gördüyün sarı kart olacaq" ifadəsi çox yerindəydi. Amma dəxli yoxdu, nə qədər qarşısını almağa çalışsalar da yenidən dirçəlişin önünü rəngbərəng kartlarla almaq mümkün olmayacaq. Sadəcə türklərə də, ruslara da bir az ağıllı olub birləşmək lazımdır. Sovet İttifaqı böyük anlamda slavyanların və türk respublikalarının ittifaqı idi. Bu gün də Rusiyanın ərazisində milyonlarla türk yaşayır. Elə rus millətinin də kökü slavyanların və türklərin birliyindən gəlir. Tarix boyu ingilis siyasəti bu xalqların arasına girib, müharibələr olub. Yenə deyirəm, bu iki ölkənin xalqı bir az ağıllanmalıdılar. Bax, onda yenə Avropa onların ayaq səslərindən diksinəcək. Bax, onda irqçiliyə son qoyulacaq. Məlum həqiqətdir ki, bu iki xalq fəth elədiyi torpaqlarda irqçi siyasət yürütməyib.
   
   
   
    ***
   
    1529-cu ildə Sultan Süleymanın ordusu Habsburq imperiyasına yürüş eləyəndə və paytaxtını mühasirəyə alanda Vyana kiçicik bir şəhər idi. Hətta Dunay çayı da şəhərin hüdudlarından kənarda idi. Demək olar ki, bütün Avropanın qorxu ilə izlədiyi Sultanın döyüşçüləri ilk dəfə burda yaxşı döyüşə bilən ordu ilə üzləşdilər. Sentyabr-oktyabr aylarında şəhər mühasirədə qalsa da Sultanın ordusu Vyanaya girə bilməmişdi. Soyuqların başlaması ilə Sultan Süleyman geri qayıtmaq fikrinə düşür və böyük vəzir İbrahim paşa özlərinin geri çəkilmələrinin səbəblərini izah edən bir məktub göndərir şəhərin hakimlərinə: " Mən İbrahim paşa sizə - cəsur və nəcib döyüşçülərə bildirmək istəyirəm ki, biz bura şəhərinizi fəth eləmək üçün yox, sizin ershersoqla döyüşmək üçün gəlmişdik. Məhz buna görə burda vaxt itirdik və hersoqla döyüşə bilmədik. (Ershersoq Ferdinand şəhərdən qaçmışdı - müəllif)".
   
    Vyananı ala bilməsələr də bütün Habsburq imperiyası türk süvarilərinin ayaqları altında qaldı. Vətənə döndükləri 20 gün ərzində Avstriya talan olundu, minlərlə əsir götürüldü. Dekabrın ortalarında İstanbula qayıdan Sultan yenidən Vyanaya çox illər sonra ahıl yaşlarında dönəcək. Amma 1529-cu ildən sonra Avropa türk qorxusu ilə yaşayır. Vyananın mühasirəsi Avropa kral saraylarını çox həyəcanlandırmışdı. Reformasiyanın banisi Martin Lüter böyük izdiham qarşısında dua edərək türk terrorundan xilas olduqlarına görə Yaradana minnətdarlıq etmişdi. "De Bello Turcica" traktatında türkləri Allahın düşməni adlandırmışdı. Qəribədir ki, 1530-cu ildə qalib avstriyalılar guya məğlub osmanlılara müttəfiqlik təklifi ilə müraciət edirlər. İmperator Karl öz adından olmasa da ershersoq Ferdinandın adından türklərə sülh təklif edir. İbrahim paşa elçiləri böyük ustalıqla yola salır: "Siz iddia edirsiniz ki, İspaniya kralı da, Ferdinand da Roma Papası ilə barışıblar. Amma bizə elə gəlir ki, bu barışıq səmimi deyil, çünki sizin qoşunlarınız Romanı talan edib, Papanı isə əsir alıb. Macarıstan taxtına oturmaq arzusunda olan Ferdinanda gəldikdə isə... Biz Buddaya çatanda onu orda tapmadıq, qaçmışdı. İrəliyə gedib gözəl Vyanada da axtardıq, orda da tapmadıq. Ershersoq ordan da qaçmışdı. Biz Avstriyanı işğal etmək niyyətində deyildik, sadəcə o başından bu başına yürüş etdik. Bizim akınçılarımız sizin ərazilərdə göstərdilər ki, əsl sahib kimdi... Ferdinand indi hardadı? Siz iddia edirsiniz ki, Macarıstana qayıtmağa hazırlaşır, amma bu doğru deyil. Çünki onun ordusu da ora getməkdən boyun qaçırır. Onlar, yəni ordu bizim taxtda oturtduğumuz Yanuş Zapolyayiyə tabe olublar. Ferdinand gözəl yalanlar sənətinə sahiblənib, amma kral taxtına sahiblənə bilməyib".
   
    Bu elə bir dövr idi ki, Avropa saraylarında kimin taxt sahibi olacağını Osmanlı müəyyən edirdi. İki əsr sonra ruslar da bu fürsəti ələ keçirdilər. Napoleonun məğlubiyyətindən sonra da, Birinci və İkinci Dünya Müharibələri zamanı da Avstriya rusların ayaqları altında qaldı. Eyni vaxtda hakimlik etmiş iki möhtəşəm şəxsiyyətin - Sultan Süleymanın və İvan Qroznının uzaqgörən siyasəti hesabına. Qərb tarixçiləri bu iki monarxı müqayisə edəndə yazırlar ki, İvan Qroznı Süleymandan daha çox aziat idi. Onun sələfləri tatar istilasında yaşamışdılar və 250 il Şərqin birbaşa təsiri altında dəyişmişdilər. Ruslar bu fikri inkar edir, amma neçə əsrdir ki, Sultan Süleymanın sahibləndiyi Qara dəniz uğrunda savaşdan da tam qalib çıxa bilmirlər. Qara dəniz heç zaman bütünlükdə rusların olmadı. İndi isə... İndidən heç danışmağa dəyməz.
   
    Avropalıların, xüsusilə Vatikanın təsiri altında rus çarları öz köklərindən uzaqlaşıb üzlərini Qərbə çevirdilər və avropalılar kimi türkləri də, türk sultanlarını da "xəstə" adlandırmağa başladılar. Dünyanın iki böyük qüdrəti üzbəüz dayandı. Amma Qərb bu gün də həm rusları, həm də türkləri vəhşi adlandırır. Nə rusları, nə də türkləri qəbul edir. Heç biri də olub-bitənlərin üstündən bir xətt çəkib birləşə bilmir. Rusların gözü hər zaman Dardanel və Bosfor boğazlarındadı. Türklərin gözü də Qara dənizin şimal sahillərində. Və bu gün tərəfdarların, yəni fanatların mühasirəyə aldığı Vyanada hər ikisi uduzur.
   
   
   
    ***
   
    Oyun rusların məğlubiyyəti ilə bitdi. Oğlum mənə qalib nəzərlərlə baxır:
   
    - Səninkilər uduzdu!
   
    - Mənimkilər?.. Hə, nolar, hər dəfə qalibiyyət olmaz ki?.. Əynindəki forma qırmızı olarsa, görəcəyin bu olacaqdı da.
   
    - Nə vaxt olub ey, qələbə?
   
    ...
   
    Cavab vermirəm, uşaqdı, hələ çox mətləbləri anlamır. Anlamır ki, dünyanın mizan-tərəzisinin düzəlməsi üçün yenidən türkün də, rusun da dirçəlməyi lazımdır. Bax, onda "No to racism!" olacaq.

TƏQVİM / ARXİV