ANA SƏHİFƏ / YAZARLAR

Kəndi dirçəltsə kəndli dirçəldəcək - Mehman Cavadoğlu yazır

54753    |   2020-07-09 09:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölkə koronavirus məngənəsində sıxıldığı vaxtda bu yandan da susuzluq dərdi onu haqladı. Hər iki hal üçün atalarımızın "elnən gələn bəla toy-bayramdır” adlı hazır sözü də var. Qarabağ dərdinin belə tez unudulması və yaxud arxa plana keçməsi həmin sözün müstəqim mənada deyildiyinin sübutu olsa da, çox güman ki, vaxtilə onu məcazi mənada söyləyiblər. Dərdli insanlar bir-birlərinə baxıb təskinlik tapar.

Susuzluq ən dəhşətli epidemiyadan da, pandemiyadan da ağır dərddir. Hələlik, bunun ilk acısını Aran bölgəsinin camaatı çəksə də, araşdırmalar göstərir ki, proses getdikcə yüksələn xətt üzrə hərəkət edərək bütün ölkəyə yayılacaq. Özü də təkcə bizdə yox, bütün dünyada. Alimlərin illərdir haray saldığı qlobal istiləşmə artıq yavaş-yavaş öz sərt üzünü göstərməyə başlayır. Bunun ilk simptomları nəhəng buzlaqlara yaxın ölkələrdə aramsız yağan leysan yağışlarla, böyük fəlakətlərlə müşayət olunan daşqınlarla üzə çıxacaqsa, bizim kimi episentrdən uzaq yerlərin bəlası quraqlıqla gələcək.

Başbilənlər qlobal istiləşmə haqqında həyəcan təbili çalmağa başlayanda da, adamlar buna indi günümüzü göy əskiyə bükmüş koronavirus pandemiyası kimi inanmır, adına yüz cür şəbədə qoşurdular. Elə dövlət və hökumət rəsmilərinin bir çoxu da özünü adi adamlardan fərqli aparmırdı. Amerikanı leysan yağışlar cənginə alanda, qasırğalar bir-birini əvəz edə-edə ölkəni dağıdanda Donald Trampın alimlərin ünvanına rişxəndlə söylədiyi "bəs deyirdiz planetdə qlobal istilişmə gedir” sözləri, yəqin ki, hələ yaddaşlardan silinməz. Alimlər onun bu istehzasına təmkinlə yanaşdılar, uzun-uzadı elmi mülahizələrə varmadılar. Demədilər ki, istiləşmə elə əvvəl-əvvəl özünü bu cür leysan yağışlar formasında göstərməlidir və göstərəcək. Sadəcə, çox mədəni şəkildə "qlobal istiləşmə” deyimini "qlobal iqlim dəyişikliyi” ilə əvəz elədilər.

Bu günlərdə Rusiyada yaşayan milyardçı yerlimiz Fərhad Əhmədov su probleminin öz doğma vətənində yaratdığı problemlər və ondan çıxış yolları barədə maraqlı bir status paylaşmışdı. Ümumiyyətlə, F. Əhmədov aktiv sosial şəbəkə istifadəçisidir və tez-tez müxtəlif mövzularla bağlı professional şərhlərlə çıxış edir. Qərb cəmiyyətinə baxmayın, bizim toplum belə şeylərə öyrəşməyib. Biz milyardçıları ekranlarda dimdik dayanıb arada sərt və qəzəbli baxışlarla yan-yörəsinə göz gəzdirən müqəvva kimi görməyə adətkərdə olmuşuq. Onlar rəsmi görəvlərindən doğan məcburiyyət ucbatından istisna hallarda danışır, danışanda da ağızlarından güclə çıxan, sanki kəlbətinlə dartılıb qopardılan rabitəsiz sözlərindən nəsə anlamaq çətin olur. Çünki biz gördüklərimiz oliqarx milyardçılardır, nəyi necə əldə etdiklərinin bütün təfərrüatlarını heç özləri də düz-əməlli bilmir və yaxud xatırlamırlar. Amma öz gücü, ağlı, zəhməti, bir sözlə, dişiylə-dırnağıyla milyard qazanan adamlar yuxarıda adını çəkdiyimiz həmyerlimiz kimi həm ünsiyyətcil, həm savadlı, həm də cəmiyyətə açıq olurlar, toplumla qaynayıb-qarışırlar.

Fərhad Əhmədovun öz məqaləsində söylədiyi tezislər konseptual xarakter daşıyır və perspektivə hesablanıb. O demək istəyir ki, ölkənin bu gün üzləşdiyi quraqlıq problemi fərqli problemdir, onu əvvəlki dövrlərdə olduğu kimi "il quraqlıq keçdi, məhsul omadı” kimi təskinedici sözlərlə yola verib ötüşmək mümkün deyil. Bu davamlı prosesə çevriləsi bir durumdur, onun qarşısını almaq üçün indidən fəaliyyətə keçmək lazımdır. Elmi-tədqiqat institutları, müvafiq dövlət orqanları bu yöndə uzunmüddətli proqram hazırlayıb həyata keçirmək üçün işə başlamalıdır.

Amma kəndlini uzunmüddətli proqram-zad kimi məsələlər az maraqlandırır, o, cəmiyyətin gündəlik ruzuyla, bugünüylə yaşayan zümrəsinin üzvüdür. Bu günsə su yoxdur, məhsul batır. Yerlərdə həyəcan artıb, açıq etirazlar başlayıb. Odur ki, uzunmüddətli proqramlar öz yerində, hazırkı vəziyyəti yumşaltmaq, ondan minimum itkiylə çıxmaq üçün addımlar atılmalıdır. Resurslar hələ tam tükənməyib.

Vaxtilə Sovet hökuməti kolxozu necə zorla qurmuşdusa, sonradan onu elə zorla da dağıtdılar. Bir əsrdə kəndin təsərrüfat ukladı, bununla yanaşı isə kəndlinin psixologiyası iki dəfə kəskin dəyişikliyə uğradı. Keçən əsrin əvvəllərində yaşananlar məlum. Bəs həmin əsrin sonlarında nə baş verdi? Kolxozlar bir ilin ərzində dağıdıldı, onun əmlakı pay bölgüsü kimi kolxozçulara paylandı. Tutalım, elə bölgü də ədalətli oldu, prosesə haram qatılmadı. Kiminə bir dana, digərinə, beş-üç qoyun, nə bilim, 20-30 sot, lap elə 1 hektar torpaq düşdü. Adamlar da əlinə düşəni əlavə qazanc bilib tez-tələsik dəyər-dəyməzinə satdı, beş-on günün içində yeyib, üstündən də hələ o vaxtlar qurumayan sərin bulaqların suyundan dürt deyincə içdi. Bir neçə il kəndlər, tarlalar, fermalar, sözün həqiqi mənasında suyu sovulmuş dəyirmana döndü.

Sonra kənd yavaş-yavaş özünə gəlməyə başladı. Sovetdən qalan pulunu nə yollasa qoruyub saxlamağı bacaranlar kənd təsərrüfatı kooperativləri, kiçik fermer təsərrüfatları yaratmağa girişdi, yəni, sovetin axırına çıxdığı qolçomaqların yerində mahiyyətcə eyni olan fermer sinfi formalaşdı. Buna paralel olaraq bəzi diribaş kəndlilər satmağa macal tapmadıqları 50-60 sotluq yerlərində əkin- biçinlə məşğul olmağa, bağ-bağat salmağa, beş-on başlıq tövləsində mal-qara saxlamağa başladı. Çobanlarsa öz peşəsinə ən sadiq adamlardır, hətta Sovetin dövründə də kolxoz sürüsünün bir hissəsi onların şəxsi malı olduğu üçün yaylaq-qışlaq marşrutları heç vaxt fəaliyyətini dondurmamışdı.

Yavaş-yavaş yeni təsərrüfat ukladı, kəndçi vərdişləri formalaşmağa, fermerlər, ortabab kəndlilər zümrəsi yaranmağa başlayırdı ki, şəhərlilərin kəndə səlib yürüşü başladı. Bu sovet nə sirri-xuda bir quruluş olubsa hər addımbaşı ona istinad etmədən keçinmək olmur. O vaxtlar guya kənddə kadrların çatışmaması (oxu: proletarların öz kəndli qardaşlarına etimad göstərməməsi) səbəbindən "onminçilər”, "otuzminçilər” adlı hərəkatlar yaranmışdı. Yəni, "öz kəndli qardaşlarına yardım eləmək” üçün birdən-birə on min, otuz min şəhərli kəndlərə işləməyə yollanır, bütün vacib vəzifələri məngirləyirdi. Bu dəfəsə şəhər əhli kəndə min-min yox, tək-tək üz tutdu. Onun əsas missiyası artıq kənddəki lazımsız vəzifələri tutmaq yox, neft kapitalının ağzını əyalətə tərəf döndərməkdən ibarət idi. Əvvəl-əvvəl bu kapital şəhərlərə sığışmadığı üçün kəndə daşınırdı. Lakin neft ucuzlaşandan sonra kənd, necə deyərlər, qəfil mazata mindi və əkin-biçin bir anın içində yeni gəlir mənbəyi kimi cəlbedici sahəyə çevrildi.

İri kapital yarızor, yarıxoş qamarladığı ucsuz-bucaqsız əkin sahələri, meyvə-tərəvəz bağları, mal naxırları, qoyun sürüləriylə birlikdə kəndi öz cənginə keçirdi və burda adına layiq müasir, dəbdəbəli infrastrukturlar yaratmağa başladı. Beləcə, Kürün, Arazın iqlim dəyişikliyi ucbatından onsuz da, ilbəil azalan suyu yeni kanallarla oliqarxların tarlalarına axmağa başladı.

Bir yandan da bu balıqçılıq təsərrüfatları. İndi az qala hər oliqarxın, hər iri çaplı məmurun özünün balıq gölü var. Çayların olan-qalan suyunu da bu göllərə axıdaraq Kürün, Arazın, eləcə də taleyi onların əlində olan Xəzərin dadlı balıqlarının kökünü kəsir, bazarı lehmə iyi verən balıqlarla doldururlar.

Yeni salınan oliqarx tarlaları və bağları nə qədər gözəgəlimli olub göz oxşasa da total inhisarçılıq heç vaxt və heç bir sahədə inkişafın təməli olmayıb. Xalqın və ölkənin gələcəyi kiçik və orta sahibkarlığa bağlıdır, bolluq və firavanlığın açarı onun əlindədir. Odur ki, təzə-təzə dirilməyə başlayan kiçik fermer təsərrüfatlarının sıradan çıxmasına yol vermək olmaz. Çayların suyu azalıb... problem qəfil haqlayıb – başa düşdük. Ancaq təbiətin yaratdığı obyektiv problemləri qismən də olsa aradan qaldırmaq imkanları heç vaxt büsbütün tükənmir. İndi çayların azalmış suyunu insaf və ədalətlə bölüşdürməklə, iri və bərbəzəkli kanallara axıdılan suyun bir hissəsini quruyub döyənək olmuş kənd arxlarına yönəltməklə vəziyyəti nisbətən yumşaltmaq mümkündür. Dünya dağılmayacaq, uzaqbaşı səlahiyyət sahiblərinin gəlirləri az-maz azalacaq, ancaq əvəzində kasıb da acından ölməyəcək, kənddə təzə-təzə formalaşmağa başlayan təsərrüfat ukladı yenidən dağılmayacaq, son vaxtlar öz peşəsinə doğru geri dönən kəndlinin ümidləri qırılmayacaq, əlləri sallanıb yanına düşməyəcək.

Yuxarıda dediyimiz kimi hazırda biz ilin pis gəlməsindən yaranmış problemlə deyil, əvvəlcədən proqnozlaşdırılmış, hələ bundan sonra nə qədər davam edəcəyini təbiətin özündən başqa bir kimsənin bilmədiyi çətin bir durumla üz-üzəyik. Odur ki, vəziyyətdən maksimum az itkiylə çıxmaq üçün gələcəyə yönəlik dövlət proqramının hazırlanması və gerçəkləşdirilməsi işini sürətləndirməklə yanaşı adamların gündəlik qayğılarına əncam çəkməyi də unutmaq lazım deyil. Çünki kəndi dirçəltsə, kəndlinin özü dirçəldəcək. Haynan gələnlərsə gec-tez huynan da gedəcəklər.

P.S. Bir yandan da içməli su qıtlığı ciddi problemə çevrilməkdədir.





İmza:

YAZARIN ARXİVİ

2017-11-14 : PULUN ESTETİKASI
2017-10-28 : Doktor Jivaqo
2017-09-19 : BMT PEÇENYESİ
SON XƏBƏRLƏR
2020-08-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK