ANA SƏHİFƏ / YAZARLAR

Bəlkə bir az rus olaq - Fazil Mustafa yazır

13014    |   2020-06-05 08:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Biz rus deyilik ki, 50 nəfərlə toy edək?" Ümummilli arqumentimiz belədir. Bəli, etiraf edim ki, çox uğurlu arqument gətiriblər. "Şadlıq evləri" gəlirsiz qalıb, müğənnilər toysuz, mollalar yassız qalıb, Mərasim evləri artıq dolub -daşmır. Adamlar hüzrlərini 10-15 adamla yığışıb təmtəraqlı məclislər olmadan keçirirlər. Hamını düşündürən bir ümidverici tarix var: bəlkə gələn ay, bəlkə də o biri ay vəziyyət düzəldi. Böyük çoxluq həvəslə əvvəlki adətlərə qayıtmaq eşqində. Ancaq virisun islah olunmaq fikri üfüqdə görünmür, proses uzandıqca əsəblər daha da gərilir. Virus öz inadında, azərbaycanlılar da öz inadında. Virus gələcəyi yenidən qurmağa çağırış edir, azərbaycanlılar da bir neçə ay öncə yaşadıqları və uzun illərdir yaşatdıqları adətlərə, vərdişlərə qayıdış üçün həsrət çəkirlər.

Anlaşılandı, bir şadlıq evində hamı dolanırdı: müğənnidən başlamış qabyuyana qədər, aşppazdan tutmuş "Limuzin" sürücüsünə qədər. Gəlini bəzəyən də, bəy tərifi edən də dolanışığını bunun üzərində qurmuşdu. Bazar şadlıq evləri ilə kəsirini doldururdu, bir çox insan qidasını Mərasim evlərindən qayıdan aşla təmin edirdi. Tamadası da, mollası da, xidmətçisi də, zirzəmidə saxta araq dolduranı da, çöldə dayanacağa baxanı da zəncirvari formada birlikdə göstərdikləri yaxşı-pis xidmətə görə bir qismət çörək qazanırdı. Anlaşılan bir gerçək var ki, bütün bu qazancların hamısı toy və ya yas sahibi sayılan Azərbaycan vətəndaşının aldadılaraq soyulması hesabına baş verirdi. Ancaq bu soyulmaq və aldadılmaq da məcburi şəkildə olmurdu, vətəndaş özü də bu soyulmaqdan və aldadılmaqdan xoşallanırdı.

Hələ burası bir yana dursun, uzaq məmləkətlərdən böyük məbləğlər ödəyərək müğənni gətirirdi ki, desinlər adam prestij sahibidir. İndi birdən-birə virisin təhdidi ilə hamımızın həyatı sadələşib. Bu o deməkdir ki, artıq şadlıq evlərinin funksiyası dəyişməlidir, bir çox insanlar yeni ixtisasa keçməlidirlər, çünki bu xidmət sahəsinin yaxın zamanlarda arzulanan gəlirləri olmayacaq. Bu, eyni qaydada Mərasim evlərinə də aiddir. Virusa yoluxma təhlükəsinə görə bir yerə toplaşmaq imkanı olmayacaq, bu o deməkdir ki, tədbirləri təxirə sala-sala getmənin də ağlabatan izahı yoxdur. Ən ciddi sosial gərginliyin bir mənbəyini də burada axtarmaq lazımdır. Burada dövləti rahatsız edən ən başlıca məsələ xeyli sayda vətəndaşın məşğulluqla və gəlirlərin aşağı düşməsi ilə bağlı problemlər yaşamasıdır. Odur ki, dövlət bu qəbildən olan vətəndaşlarını sıxıntıdan qurtarmaq üçün məşğulluqla bağlı şəbəkələşməni gücləndirməlidir, yeni iş yerlərini açmağa çalışan sahibkarları stimullaşdırmalıdır. Özəl sektorun alternativlərini artırmaq üçün inhisarçılığın hasarlarını söküb atmaq zərurəti hər kəs tərəfindən anlaşılmalıdır.

İndi "biz rus deyilik ki, toyumuzu 50 nəfərlə keçirək", yaxud da "biz iranlı deyilik ki, yasımızı məsciddə sadə formada keçirək" deyən azərbaycanlılar əslində bu məsələdə milli dirənişin öncülləri sayıla bilərlər. "Danabaş kəndinin məktəbi"ndə də böyük Mirzə Cəlil belə bir ifadəni məhz yüz ilin, yüz əlli ilin sonrasını düşünərək yazmışdı ki; "Biz rus deyilik ki, uşaqları uşqola verək".

Bəlkə biz sadələşmək üçün bir az rus olaq, ağlımızı işlətmək üçün bir az yəhudi olaq, intizamlı olmaq üçün bir az alman olaq, yüksək əxlaqi dəyərləri əxz etmək üçün bir az yapon olaq, yaxşı-pis gözüyumulu Çingizxan Yasasına tabe olan monqol olaq! Yuxarıdan bir az aşağı enək, görək axı bu millətlər niyə hər dəyişim prosesini bizdən erkən anlayaraq yaşam şərtlərini dəyişə bilirlər, yeni dövrün çağırışlarını dərhal duya bilirlər, bizsə inadla öz keçmiş və faydasız vərdişlərimizi yenidən dirçəltmənin hesabını aparırıq.

Bu məmləkəttə ildən-ilə boşanmaların sayı artır. Adamlar öz maddi xoşbəxtliyini başqasına hansısa təmtəraqlı formada nümayiş etdirməyə aludə olduqlarından, çox vaxt ailənin ruhani mahiyyətini diqqətdən kənarda saxlayırlar. Bu isə qısa müddət sonra dünyagörüşlərin təzadını ortaya qoyur və ailələr dağılır.

Bu məmləkətdə ildən-ilə erkən yaşda xəstəliklərdən ölənlərin sayı artır. Düşürəm ki, insanlar öz yaşamını, qidasını, ünsiyyətini, sadələşdirə bilmədiyinə görə, əsəbin, gərginliyin, qohum, övlad yükünün ağırlığı altında əzilərək yaşamaqdan yorulurlar. Bir çox ağır xəstəliklərin mənbəyi bu stresdir, bu intriqalardır, bu paxıllıq simptomlarıdır.

İndi uzun müddət- bir aymı, on aymı, bir ilmi- bəlli deyil, virusla dost kimi görüşüb düşmən kimi mübarizə aparmaq məcburiyyətini anlamış durumdayıq. Heç nəyi təxirə salmamalıyıq, yeni şərtlərə uyğun yolunu tapmalıyıq, kimsə yasda qarnını doyurmadığınıza görə sizdən inciməyəcək, kimisə toya çağırmadığınıza görə giley etməyəcək, elə fürsət düşmüşkən yeni və daha sadə adətlərin əsasını qoyaq, özümüzü gərginlikdən çıxaraq. Bu kimi yeniləşmə məsələlərində keçici də olsa rus olmağı gözə almağa dəyər məncə...



İmza:

YAZARIN ARXİVİ

2013-06-15 : Ərdoğana istefa
SON XƏBƏRLƏR
2020-07-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.73%)
Pullsuz (11.27%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK