ATA OLMAQ HAQQI

İRADƏ TUNCAY
254834 | 2007-05-19 00:56

Bu sevgi mənim ürəyimdə çoxdan yaşayır - yeniyetməlik çağlarından. Yaddaş heç bir yasağa, qadağaya baxmır. Eşitdiyin söhbətlər, ixtiyarların ara-sıra danışdığı nağılabənzər əhvalatlar çocuq qəlbinin hansısa bir guşəsində özünə yer salır. Və sonra yaşlanıb könlünə üz tutanda, xatirələrini yır-yığış edib lazımlısını, lazımsızını götür-qoy edəndə şimşək çaxar kimi gözünün qabağına gələn, heç vaxt görmədiyin, səsini eşitmədiyin insanlara bir özləm, bir istək duyursan...
   
   
   
   ***
   
   
   
   Hər zaman belə olub. Böyüklər danışanda qulaq asmırıq. Sonra özümüz böyük olanda və həmin söhbətləri xatırlayıb xırdalamaq istəyəndə danışanlar artıq yanımızda olmur. Öyrənə biləcəyimiz çox hikmətləri sinələrində aparırlar...
   
   ... Nənəm yatağında oturub öz-özüylə danışır. Eyni söhbətləri eşidəcəyimi fikirləşirəm - yenə atasından, əmilərindən, babasından, müharibədə ölən qardaşından, Nikolay padşahdan. Qulaq asmağa həvəsim yoxdur, həyətdə oynamaq varkən... Amma deyəsən bu dəfə mövzu dəyişib:
   
   - Nikolay padşahın çörəyini yeyirdik, amma qocalarımız namaza oturanda Ənvər paşaya, Kamal paşaya dua edirdilər.
   
   - Onlar kimdir, nənə? (Nikolayın kim olduğunu "Tarix" kitabından oxumuşam, bəs bu paşalar? Doğrusu "paşa" sözünün nə anlama gəldiyini doğru-düzgün bilmirəm. 10 yaşım var)
   
   - Bizi qırırdılar, onlar qurtardı.
   
   - Bizi kim qırırdı ki?
   
   - Ruslar, ermənilər.
   
   - Nə vaxtı, ay nənə? (Elə bir yaşdayam ki, mənim üçün savadsız nənəmin danışdığı yox, dərs kitabları mütləq həqiqətdi. O vaxt mən sidq-ürəklə günəşin şimaldan doğduğuna inanırdım).
   
   ... Nənəm vaxtını demədi, görünür uşağın yanında qorxulu söhbət elədiyini başa düşdü. Savadı olmasa da siyasətdən anlayırmış. Bir az susub davam elədi:
   
   - O vaxt uşaqlar mahnı da oxuyurdular - "Sən yaşa, mən yaşa, Mustafa Kamal paşa!"
   
   ... Vəssalam. Söhbət bitdi. İndi təxmin eləyə bilərəm ki, bəlkə nənəm mənə baxıb öz uşaqlığını xatırlayıb, öz nənəsini xatırlayıb. Onun uşaqlığı I Dünya müharibəsinin qızğın vaxtlarına düşüb. Həmin vaxtda II Nikolayın müsəlman rəiyyəti ürəyində müsəlman padşahının (yəni sultanın) qələbəsinə ümid eləyirmiş. Təbii ki, sadə insanlar üçün savaş səhnəsinin qəhrəmanlarına rəğbət onların dini kimliyi ilə bağlı ola bilərdi. Nənəmin nənəsi də namaz qılanda müsəlman paşalara dua edirdi. Onlar əslində nə Ənvər paşanın, nə də Kamal paşanın kim olduğunu heç bilmirdilər də. Amma görünən budur ki, uzaq cəbhələrdə atılan topların əks-sədası Azərbaycanın ucqar kəndlərində də insanları diksindirirmiş. Və taleyin cilvəsinə bax ki, tamam əks-qütbdə dayanan bu iki generalın adı müsəlman ümmətinin dualarında yanaşı çəkilir. Nənəmin sadəcə adlarını bildiyi bu şəxslər haqqında çox sonralar öyrəndim. Oxuduqlarım, öyrəndiklərim ürəyimdə böyük və möhtəşəm bir obraz yaratmışdı. Əlbəttə, onda mən çox təəssüfləndim ki, nənəmin söhbətlərinə əməlli qulaq asmamışam. Çünki bəzən olurdu ki, o, Qubadakı evlərinin ermənilərin yandırdığını da deyirdi. Mənim üçün isə həyətdəki gülərüz erməni uşaqları ilə oynamaq daha maraqlı idi. Çox ola bilər ki, bir vaxt biz də nəvələrimizə olub-bitəndən danışmaq istəyəndə bu uşaqlar da qaçıb həyətdəki erməni dostları ilə top qovalamaq həvəsində olsunlar...
   
   
   
   ***
   
   May ayının ortalarında İstanbuldan Anadoluya istiqamət götürmüş kiçik, köhnə "Bandırma" gəmisinin göyərtəsinə qalxanda onları da, gəmini də əməlli-başlı yoxlamadan keçirdilər. İstanbul - ehtişamlı Osmanlının paytaxtı işğal altındadı və hər tərəf ingilislərin nəzarətindədi. İndi onlar özlərini ağa sayırlar. Ancaq inam, iradə və əzm əllə toxunulan, gözlə görünən silah deyil. ?əminin göyərtəsində dayanıb sis və dumanın içində qalan məlul İstanbula tamaşa edən hərbçi çox düşüncəlidi.Ona elə gəlir ki, minarələr də insan kimi əllərini göyə qaldırıb imdad diləyirlər. Şəhər gözdən itdikcə əminliyi artır. O, bu şəhərə qalib kimi dönəcək. Bir neçə gündən sonra gəmi Samsunda lövbər salacaq. Tarix 1919, may ayının 19-u. Yeni dönəmin başlanğıcı. Əslində o, dekabrda doğulmuşdu. Salnamələrə isə onun doğum tarixi 19 may kimi düşdü. Bu gün onun yaratdığı Türkiyə Cümhuriyyətinin yüksəlişi də məhz bu tarixlə bağlıdır. Mustafa Kamalın Anadoluya gedişi və İstiqlal savaşının başlanması. Mustafa Kamalı - Atatürkə çevirən tarix. 19 may 1919.
   
   
   
   ***
   
   Onun haqqında indiyədək cild-cild kitablar yazılıb. Müxtəlif ölkələrdə müxtəlif müəlliflər tərəfindən. Müəlliflərin ona münasibəti birmənalı olmayıb. Kimsə onu diktator adlandırıb, kimsə qəhrəman, kimsə situasiyalardan, təsadüflərdən gözəl istifadə edə bilən avantürist siyasətçi. Ancaq hamı bir fikirlə razılaşır - o, böyük unikal şəxsiyyət idi. Zəngin panoramlı XX əsrin ən ziddiyyətli, ən maraqlı fiqurlarından biri idi. 57 illik qısa ömründə uzun və əzablı həyat yaşamışdı. Həbsxanalar, sürgünlər, inqilablar şəxsi faciələrdən keçmişdi. Bu həyat romantik düşüncəli gənc zabiti mahir və bəlkə amansız bir siyasətçiyə çevirmişdi. Valideynlərinin Mustafa adı verdiyi, zəkasına görə müəlliminin Kamal çağırdığı, minnətdar insanların Atatürk dediyi bu şəxs qazandığı bütün rütbələri də, adları da zəhməti və əziyyəti bahasına qazanmışdı.
   
   19-cu ildə Anadolunu istiqlal savaşına qaldırmağa gedən paşanın arxasında isə Çanaqqala zəfərinin müəllifi imzası dayanırdı. Çanaqqala savaşı I Dünya müharibəsinin ən möhtəşəm və ən müəmmalı döyüşlərindən biridir. Burda türklər özlərindən iyirmi dəfə böyük qüvvə ilə üz-üzə gəlib zəfər qazanmışdılar. Mustafa Kamalın yüksəlişi də ?eliboludakı yüksəkliklərdən başlamışdı. Hər zaman bütün döyüşlərdə əsgərlərin önündə olan bu komandan öz məşhur kəlamını da bu savaşda söyləmişdi: "Mən sizə döyüşmək, hücum əmri vermirəm! Mən sizə ölməyi əmr edirəm! Biz ölənə qədər keçəcək zaman ərzində yerimizə başqa qüvvələr gələ bilər!" Döyüş bilək işi deyil, ürək işidir. Kim bilir , səngərdə əsgərlərlə yatıb-duran, özünü onlardan ayırmayan bu gənc zabit olmasaydı Çanaqqala döyüşünün aqibəti nə olacaqdı? Ancaq tarixdə təsadüfünmü, zərurətinmi daha önəmli olduğundan danışmaq olmur. Bu sərt, acıdil, çılğın, bir az da hikkəli türk oğlunun mavi gözləri insanlar içində tənha olmanın nə anlama gəldiyini çox gözəl ifadə edirdi.
   
   
   
   ***
   
   Əslində tənhalıq bütün ömrü boyu yol-yoldaşı olmuşdu. Atasının ölümündən sonra ailə çox məhrumiyyətlərlə üzləşirdi, varlı qohumlarının evinə sığınıb birtəhər günlərini başa vururdular. Belə həyatdan bezib ikinci dəfə ərə gedən Zibeydə xanım oğlunun onu nə vaxtsa anlayacağını, bağışlayacağını düşünür. Ancaq nə bağışlamaq - onun xarakterinə bu anlam çox zidd idi. Və görünür ailə, yuva kimi sözlər onun uşaq qəlbində elə o vaxtdan öz əhəmiyyətini itirmişdi. Heç zaman da doğru-düzgün ailəsi olmadı. Oxuduğu hərbi məktəblər, kazarmalar ailə ortamının əvəzi oldu.
   
   Kamalın tələbə yoldaşları sonralar Türkiyə tarixində önəmli yer tutacaq insanlar oldu. Bu da çox təbii idi. Oxuduğu Monastır hərbi litseyində gələcək tarixin iki böyük ismi təhsil alırdı - Mustafa Kamal və Ənvər. Ənvər - Azərbaycan tarixində də imzasını qoyacaq Ənvər paşa. Onları əhatə edən yoldaşları da gələcəkdə onlarla bərabər ya yüksələcək, ya da aşağı yuvarlanacaqlar. Ənvər iki sinif yuxarıda oxuyur. Bu iki illik fərq onların taleyində öz izini qoyacaq - Ənvəri çox-çox irəliyə aparacaq, Mustafanı çox-çox geridə saxlayacaq... ?örünür sonradan düşmənçiliyə çevriləcək rəqabətin də təməli elə o illərdə qoyulmuşdu. Kamalın tələbə yoldaşları Osmanlı ordusunun yüksək rütbəli zabitlərinin övladlarıydı. Əyalət gənci bu şıq geyimli şəhər adamlarından çox fərqlənirdi. Əli Fuad - paşa oğlu, paşa nəvəsi, Kazım Qarabəkir paşa oğludu. İlk günlərdən onu özünə abi sayan, iradəsinə tabe olan Mehmet Arif, Əli Fəthi də var. Onların hər biri Mustafa Kamalla birgə ağır və əziyyətli həyat yolu keçdilər, sonra isə taleyin acı istehzası bu dostları ayırdı. Mustafa Kamalın fərmanı ilə ölkədən sürgün olunanı da oldu, edam ediləni də... O, kimsəni bağışlaya bilmirdi...
   
   
   
   ***
   
   Mustafa Kamalı sevməyənlər də məhz bu keyfiyyətlərinə görə ona zalım, zülmkar, despot, diktator deyirdilər. Çanaqqala zəfərinin müəllifi o olsa da, uzun müddət general rütbəsinə təqdimatını imzalamayan Ənvər paşaya bunu xatırladanda demişdi: "Siz bu adamı yaxşı tanımırsınız, o, həmişə, hər şeydən narazıdır. Paşa olsa könlündən sultanlıq keçəcək. Sultan olsa, Allahlıq iddiasına düşəcək". Əslində bu sözlər həqiqətdən uzaq deyildi. Hər halda 35 yaşlı general bu sözləri eşidəndə "Heç vaxt düşünməzdim ki, Ənvər belə müdrik adamdı"- demişdi. Və içində bu qədər hirs olmasaydı ordusu tərxis olunmuş, paytaxtı işğal olunmuş bir ölkəni yenidən yarada bilərdimi? Boğazın sularında ağır-ağır ləngər vuran Antanta gəmilərinə, ağa kimi gəzən Britaniya zabitlərinə baxıb dediyi: "?əldikləri kimi gedəcəklər" -sözünü yeridə bilərdimi?
   
   
   
   ***
   
   Mən liderləri bütləşdirməyin, ilahiləşdirməyin əleyhinəyəm. Onlar da bizim kimi insandırlar - ətdən, qandan, sümükdən. Onların da sevdikləri, sevmədikləri olur. Zəifliyi, qüdrəti olur. Yorulurlar, bezirlər. Haqsızlıq da edirlər, amansız da olurlar, öz zəmanələrinin girovuna da çevrilirlər. Ancaq onlar bizdən həm də fərqlənirlər. Müəyyən zaman kəsiyində, müəyyən şərtlər daxilində verdikləri qətiyyətli qərarlarla, cürətkar addımlarla.
   
   Şüuru orta əsrlərdə qalmış insana nəinki yeni düşüncəni, hətta yeni geyimi də bəzən şallaqla geyindirmək lazım gəlir. Hansı ölkədə inqilablar qansız olur?
   
   Düşmənləri ona deyirdilər ki, "bəli, o, böyük sərkərdədir və onun yeri kazarmadır, yaxşı olar ki, öz yerinə qayıtsın və bildiyi işlə məşğul olsun". O isə cavab verirdi ki, "Türkiyə mənim əsərimdir! Mənə qəsd eləmək Türkiyəyə qəsd eləməkdir, o mənimlə nəfəs alır, mən də onunla yaşayıram. Xalq özünə yeni yol göstərən və rəhbər seçənə qədər mən bu yolu gedəcəyəm!". O deyirdi ki, "Ədalət sistemi bəzən günahsız adamları da mühakimə edir, ancaq Tarix hər zaman günahkarları cəzalandırır!" Və o, haqlı idi...
   
   
   
   ***
   
   Çox şeylərdə haqlı idi. Bu gün onun yaratdığı dövlətin başında oturub onu bəyənməyənlərin yenə də heç nəyə gücü çatmır. Axı onun Vətənə Oğul, Millətə Ata olmaq haqqı da var.
   
   19 may - Mustafa Kamalı Atatürkə çevirən tarix. Vətənə Oğul, Millətə Ata olmaq tarixi.

TƏQVİM / ARXİV