hacklink Adalet.az | İKİ ÜZLÜ AY Adalet.az | İKİ ÜZLÜ AY Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İKİ ÜZLÜ AY

29529    |   2007-01-26 23:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Təqvimdə yeni ilin birinci ayını yaşayırıq- Yanvar ayını. Yuli Sezarın tarixə hədiyyə elədiyi tarixi hədiyyələrdən biri də budur- təqvim. Yulian təqvimi. İndiyə qədər insanların istifadə elədiyi ən dəqiq, astronomik ölçülərə uyğun gələn təqvim yulian təqvimi hesab olunur. Sezara qədər qədim romalılar təqvimi ayın fazalarına əhəmiyyət vermədən, yalnız günəşin dövr eləməsiylə hesablayırdılar. İlin uzunluğu 300 gündən 400 günədək artırıla bilirdi. Bəzən bu artırmalar dini və siyasi məsələlərlə də bağlı olurdu. Birinci ay mart sayılırdı, iki ildən bir ortaya bir ay da əlavə olunurdu - Merkedonius. Nə isə, Sezar gəlir, təqvimi qaydaya salır, Yanvar ayını eləyir birinci ay. Bəzən tarix boyu təqvimlərdə dəyişikliklər eləsələr də, uzun müddətdi ki, adamlar bu təqvimin dəyərini anlayırlar və istifadə eləyirlər. Yanvar qədim Roma allahı Yanusun şərəfinə adlandırılıb. Mifologiyada giriş və çıxışların, qapıların və bütün başlanğıcların allahı Yanus idi. Eyni zamanda o, yolların və səyyahların himayəçisi, həm də zaman allahı hesab olunurdu. Romalılar Yanusu iki üzlü təsvir edirdilər- bir üzü keçmişə, o biri üzü gələcəyə yönəlmiş. Yaxşı allah imiş - nə keçmişi unudur, nə də gələcəkdən imtina edir. Ortada qalır nə? Bu gün! Bu günlə də başqa allahlar məşğul olurmuş.
   
   Deməli, yanvar ayının iki üzü varmış. Ümumiyyətlə, biz ayın ikinci tərəfini görmürük, amma yanvarın iki üzü də məlum olduğundan ürəklə ikiüzlülük eləmək olar. Bir də ətrafımızda o qədər simasız adamlarla rastlaşırıq ki, ikiüzlük onlar üçün bəlkə də böyük şərəf sayıla bilər. Yanusun himayəsinə sığınıb bütün bağlı qapılardan, keçidlərdən keçənlər, bütün başlanğıclarda, bütün zamanlarda at belində olanlar yəqin digər ayların da hamiləriylə dil tapa biləcəklər. İstədikləri vaxt bir üzünü dəyişib, başqa üzünü taxacaq, keçmişə də, gələcəyə də istədiyi rəngi verə biləcək. Mən belə fikirləşirəm ki, bizim toplumun içində yanvar ayına iman gətirənlərin sayı çoxdu. Yanus köməkləri olsun!
   
   Beləliklə, Donuz ilinin ikiüzlü ayını yaşamaqdayıq. İndi 20 yaşında olanlar bunu bəlkə anlaya bilməzlər. Bizim ürəyimizdən keçənləri başa düşmək üçün onlara da, bizim yaşımıza gəlib çatmaq gərəkdir. Son illər hər dəfə il tamam olanda müəyyən bir təqvim səhifəsini qapadıb yenisini açanda fikirləşirəm ki, bu il mənim həyatımda və məni əhatə edən cəmiyyətin, mühitin həyatında nə dəyişdi? Kiçik anlamda çox şeylər dəyişə bilər - kimsə ailə qura bilər, kimsə özünə ev ala bilər, maşın ala bilər, böyük vəzifəyə təyin oluna bilər və s. Bəlkə mənim kiçik anlam verdiyim kimin üçünsə böyük məzmun daşıyar - yəni, hər kəsin sevinci də, kədəri də özü üçün böyükdür. Amma cəmiyyətin məzmununda böyük dəyişiklik yoxdusa, enində- sonunda bu bizim hər birimizə toxunur.
   
   Həyatımızda iki böyük defisit var ki, bunu heç cürə qapada bilmirik - sevgi və şəxsiyyət. Bu iki anlam bir-birilə çox bağlıdır - əgər sevgi yoxdursa, şəxsiyyətlər ortaya çıxmayacaq, total nifrət onları müxtəlif boyalarla gizlədəcək. Əgər şəxsiyyətlər ortaya çıxmasa, milləti birləşdirib bütövləşdirmək mümkün olmayacaq. Bu günün gələcəyini nə qədər gözləməli olacayıq?
   
   Qəribədir ki, bütün dünya bu vəziyyətdədir. Hər kəs hegemonluq iddiasında, müharibələr, terror aktları... Adamların bacarmadıqlarıyla da yuxarıdakılar məşğul olur. Yuxarıdakılar - yəni göydəkiləri nəzərdə tuturam, qasırğalar, zəlzələlər, daşqınlar yaradırlar. Elə bil yer kürəsi hansısa sarsaq bir bürcün altına girib, ordan da işıq əvəzinə kin-kidurət, nifrət tökülür. Nə vaxt hərlənib, fırlanıb bu dumanlıqdan çıxacayıq, münəccimlər bilir yəqin. Hələlik isə sevgi, rəhm, görəcəyimiz, dərd bölüşəcəyimiz insan axtarışındayıq. Bütün planetlər Heliosentrik sistemin bir parçasıdırlar. Bir planetdə baş verənlərə Günəş və digər planetlər laqeyd qalmırlar. Yer kürəsində tökülən nahaq qanlara, atılan toplara Günəş biganə baxa blmir. Və sadə dildə desək, qəzəblənir. Orda partlayışlar olur. Təsəvvür edin ki, insan orqanizmində mədə sıradan çıxırsa başqa üzvlər - bağırsaqlar, qara ciyər, böyrək normal işləyə bilərmi? Burda da eyni mənzərədir. Planetin bir küncündə ah-nalə ərşə çıxırsa, o biri küncündə bu ah-naləni yaradanlar kef eləyirlərsə, yuxarıdakılar bir gün bezəcəklər. Eyni fikir bir ölkənin daxilində də keçərli olacaq. Yəni ətrafında səfalət baş alıb gedirsə, nə qədər çalışsan da xoşbəxt və qayğısız yaşaya bilməyəcəksən. Nə şəkildəsə bunun əvəzini ödəmək lazım gələcək.
   
   Deyim ki, bu ay hadisələrlə zəngin ay oldu. Qiymətlərdən danışmıram, onu özünüz bilirsiniz. Vardan Oskanyanla Elmar Məmmədyarov yenə görüşdülər, söhbətləşdilər, yenə anlaşmadılar. Mən axır vaxtlar şübhələnməyə başlamışam - bəlkə sülhsevər ermənilər Məmmədyarovun nitqindən bir şey anlamadıqları üçün danışıqlar nəticə vermir? Amma Məmmədyarovu oralara göndərməklə erməniləri cəzalandırdığımızı birmənalı olaraq qəbul eləmək lazımdır. Bir-iki belə naziri danışıqlara göndərsəydik, ermənilər çərləyərdi və bütün kağızlara qol çəkərdilər. Tarixdə belə hadisələr olub. İsmət İnönü Lozanna danışıqlarında Türkiyəyə sərf etməyən maddələri səsləndirəndə özünü karlığa vururmuş. Bu şəkildə çox məsələləri öz xeyirinə həll edə bilibmiş.Xarici işlər nazirimizin nitqi kimi istəsən hövsələdən çıxara bilər. Onun bu keyfiyyətlərindən istifadə etmək lazımdır.
   
   Bir halda ki, ermənilərdən və Türkiyədən danışdım, son günlər orda baş verənlərdən yan keçmək mümkün olmayacaq. Vallah, əlim üzümdə qalıb. Jurnalistlərin öldürülməyi bütün dünyada baş verir və tez-tez baş verir. Amma heç görmədim ki, bütün ölkə əlində şüar çöllərə tökülsün və desin ki, "Həpimiz Hrant Dinkiz, həpimiz erməniyiz!" Tamam da, həpinizin erməni olduğunu anladıq (sən demə oralarda da erməniyə dayı deyirlərmiş), amma elə bilirsiniz ki, Avropa sizin türk olduğunuzu unudacaq? Türk bayrağına sarmaq istədiyiniz şəxsin xanımı bu bayrağı "qanlı" bayraq adlandırdı. Bunumu eşitmək istəyirdiniz? Mən belə görürəm ki, bizdən başqa hamı bizim türk olduğumuzu dəqiq xatırlayır. Sağ olsunlar, yenə yadımıza salırlar. Bu yazını işləyəndə televizorda "Habertürk" kanalının (türkə düşmənlər hər zaman "Türk" sözünün arxasında gizlənirlər. Türkiyədə nə qədər sonu türk sözcüyü ilə bitən soyadları var. Hansını tərpətsən düşmən çıxır) "Pərdəarxası" tok-şousu efirə gedirdi. Qulağım bir sözü tutdu. Orda canlı-canlı gələn mesajları oxuyurdular və Azərbaycandan bir mesaj gəldi, nə əcəbsə dedilər - "Həpimiz erməniyiz diyorsunuz, Hocalı katliamınıdamı siz yapdınız əcəba?" Cavab verilmədi, sual açıq qaldı. Belə anlayıram ki, orda da televizyonlar eynən bizdəki kimidi. Həyatda gördüyün bir şeydi, ordan göstərilən bir başqa şey.
   
   Ona görə də baxıb gülməkdən başqa bir çarə yoxdur. Ancaq nə qədər gülsəm də işsiz olduğumu, evdar jurnalist olduğumu unutmuram. Qadınların da özəl xərcləri var, saçlarını rəngləmək, qaşını-gözünü qaydaya salmaq, kosmetikası və s. Bu xidmətlər də bahalandığından həyat yoldaşıma müraciət edib, mənə ayırdığı müavinəti partiya, hökumətimiz qədər olmasa da heç olmasa bir az azacıq artırmasını xahiş etdim. Gözəl bir nitq də söylədim - onun mənə göstərdiyi qayğıdan danışdım, uğurlu siyasətini təriflədim - xeyri olmadı. Müraciətim qəti şəkildə rədd olundu. Və belə izah olundu ki, yuxarılarda aparılmış daha uğurlu siyasət nəticəsində indi yolunu 6-cı mərtəbədən ("Ədalət"-in redaksiyası burada yerləşir) salanların sayı çoxaldığından mənə yardımı artıra bilməyəcək. Əmək müfəttişliyinə müraciət edib iş tapmağımı məsləhət gördü. Bütün çabaların mənasız olduğunu görüb mən də hamı kimi susdum. Və ailənin də dövlətin bir parçası olduğuna bir daha əmin oldum. Amma ürəyimdə fikirləşdim ki, Sovet dövründə də biz uğurlu siyasətləri çox təriflədik, xeyri olmadı. Dağıldı.
   
   Bir halda ki söhbət gəldi çıxdı Sovetə, yenə rusları xatırlamaq lazım gələcək. Hər ilin sonunda Rusiya bu xırda-mırda dövlətlərlə cırmaqlaşır, hədələyir, sonra da tüpürdüyünü yalayır. Keçən il Ukrayna ilə, bu il Belorusiya, Gürcüstan, Azərbaycanla oldu. Və hər zaman da özünü qalib sayır. Yadıma 1812-ci il Napoleonun Rusiyaya hücumu düşdü. Gəlib paytaxtlarını od vurub yandırmışdı, yerlə-yeksan eləmişdi, tarix kitablarında yazırdılar ki, biz Borodino döyüşünü udmuşuq. Bu ruslar qəribə millətdilər e, heç bir hərəkətlərində məntiq yoxdur. Onları sevib ətəklərindən yapışanlara məhəl qoymurlar, naz eləyənləri əzizləyirlər. Nə keçmişi xatırlayırlar, nə də gələcəyə baxırlar.
   
   Deməli, İt ilini yola saldıq. Həmin il kimsə it günündə yaşadı, kimsə it kimi hürdü, həmin il mənim sevimli itim öldü. Bütün itlər it günündə yaşamır. Qalır adamların adam kimi yaşamağı. Bəlkə Donuz ilində bu məsələ də həll olunar? Söhbət nədən gedirdi? Hə, ikiüzlü aydan. Bu ayı da yola salırıq. Olmağına ilin 12 ayını da ikiüzlü yaşamaq olar. Yanus allah olsa da ağlı başında idi - nə keçmişi unudurdu, nə də gələcəkdən imtina edirdi. Yalnız bu günlə yaşayıb allahlıq iddiasına düşənlərə isə Yanus kömək olsun.


İmza:?rad? TUNCAY

YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO