nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Ömür fraqmentləri - Vaqif Bəhmənlinin təqdimatında Adalet.az | Ömür fraqmentləri - Vaqif Bəhmənlinin təqdimatında Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Ömür fraqmentləri - Vaqif Bəhmənlinin təqdimatında

20498    |   2020-03-13 11:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bağlı qapı açaram...

Şair-publisist, küllü-Qarabağın sevimlisi Əli Mahmudun

söz xalçasından butalar

Mən içərisinə nə az, nə çox, yetmiş sual yazılmış qeyd dəftərini (əslində, babat qalınlığı olan bloknotu) götürüb açmağı düşünəndə və Əli müəllimi "sovet jurnalistləri” demişkən, "sual yağışına tutmaq istəyəndə bizi həyətə gətirən "Hyuindai” markalı qara maşın iyirmi dəqiqə olardı ki, çıxıb getmişdi. Yaxşı, bəs "Hyuindai” maşının mənim yaddaş dəftərimə nə dəxli? Məsələ burasındadır ki, mən məhz babat qalınlığı olan o bloknotoun arasını kəmali-ədəblə aralayıb, orada sıralanan 70 sualı bircə-bircə Əli müəllimə verməli və cavab almalı idim. İndi isə... bax həmin o dəftər bardaçokda qalmışdı, yəni bizi bağa gətirən qara "Hyuindai”nin bardaçokunda qalmışdı, o da bizi bağa düşürdənnən sonra dərhal çıxıb getmişdi...

Bir dəfə 60 yaşı ilə əlaqədar "XXI Gənclik dərgisi”nə yazı hazırlamaq üçün o zamanlar, elə indi də çox sevdiyim şair adaşımla, daha doğrusu, Vaqif Səmədoğluyla görüşərkən, o mənə belə demişdi: bilirsən, adaş, indi mənim elə yaşımdır ki, əlimdə qələm olmadan düşünməyə ixtiyarım yoxdur. Söz xoşuma gəlmişdi. Yadımdadı, Vaqif müəllim bu kəlmələri söyləyəndə zəndlə üzümə baxırdı, sanki bilmək istəyirdi görsün, qarşısında əyləşib ona suallar verməyə hazırlasan digər Vaqifin qələmsiz düşünmək şansı tükənib, yoxsa hələ qalır...

Əlbəttə, Əli müəllimi o dərəcədə ətraflı tanıyıram ki, onunla saatlarca qələmsiz sinə söhbəti eləyə bilərəm. Yəni bədahətən nələrisə soruşa, bədahətən cavablar ala və bədahətən də dostumun dilindən çıxan hər bir kəlməni yaddaşımın bir küncündə saxlamağa gücüm yetər. Digər bir tərəfdən, çox şükür ki, indi, bizim zəmanəmizdə əl telefonlarının muncuq-muncuq xırda, qara gözlərindən sərçə də yayına bilməz, bu başabəla cihazcıqlar səsi səs kimi, görüntünü surət kimi sinəsinə köçürür!..

İntizamlı müxbir düşüncəsini başımdan çıxarmaqdan ayrı bir yolum qalmırdı. Yanvarın ortası, bu çovğun-qiyamətdə ordan durub bura gəlmişik, "Hyuindai isə bizi geri aparmağa, aşağı-yuxarı, altı-yeddi saatdan sonra qayıdacaq.

Əli müəllim dəftərçənin "Hyuindai”də getməsinə yüngülcə təəssüfləndi. Baş verən arzuolunmaz olaya görə, əlbəttə, Əli müəllim bir az daha artıq təlaş keçirməsinə dəyərdi. Amma mən, ayrı illəri qoyuram bir qırağa, yalnız 1987-1993-cü illərdə əsl cəhənnəm həyatı yaşayan bu adamın səbrinin və müdrik susqunluğunun miqyasına da bələdəm...

Vaqif Səmədoğlu ilə söhbətim 1999-cu ildə olmuşdu, indi, bu gün bir qədər keçəcək və mən əmin olacağam ki, nəinki qələmsiz, hətta bloknotsuz düşünmək şansım 21 ildən sonra da qalır!

Kondisioneri işə salıram. Qazı yandırıb ağzınacan suyla doldurduğum çaydanı göyümtül od dilimləri oynaşan pilətənin üstünə qoyuram. Mətbəxin qarşısındakı, bizim əyləşib elə buradaca söhbətləşmək qərarına gəldiyimiz otaq xeyli iridi, yəqin istiləşməyi bir qədər çəkər, Əli müəllim qalın gödəkçəsinin düymələrini açsa da onu soyunmağa tələsmir:



- Otaq soyuqdu, - deyir,- qoy yaxşı isinsin, palto-papaq məsələsinə bir azdan baxarıq.

Üzbəüz əyləşirik. O, istiqanlılıq, mərhəmət yuvasına bənzər gözlərini üzümə zilləyib. Yəni, mən hazır, buyur, suallarını ver.

Əli Mahmud həmən o şəxsdir ki, hər dəfə onu görəndə (və məncə, istisnasız olaraq) xəyal məni 1975-ci ilə, yəni burada üzbəüz əyləşdiyimiz gündən 45 il əvvələ aparır. Həm də xəyal məni bir başqa yerə yox, məhz ora, Şuşaya aparır. Avqust ayının axırlarına...

O zamanlara ki, ocağımızın başına keçirtdiyimiz məkrli-maskalı düşmən "miatsum” deyə bağıra-bağıra küllü-Qarabağı qan gölünə döndərmək, məhz müsəlman-türk olduqlarına görə bütün Qərbi Azərbaycan boyunca dədə-babalarımızın məskunlaşdığı torpaqları soydaşlarımıza olmazın işgəncə verərək boşaltdırıb xaraba qoymaq, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Şuşa, Ağdam, Füzuli və ümumən Dağlıq Qarabağ deyilən muxtar vilayətin torpaqlarını işğal altına almaq niyyətlərini hələ örtülü qazanda qaynadırdı. O zamanlara ki, hələ Azərbaycan Respublikasının ərazisinin 20 faizi zəbt edilməmişdi, tapdaq altına düşməmişdi. Qarabağ uğrunda döyüşlərdə, ümumiyyətlə, ölkəmizdə hökm sürən müharibə, işgəncəli qaçqınlıq-köçkünlük durumu ilə əlaqədar 1 milyon 250 min azərbaycanlı yurd-yuvasından didərgin düşməmişdi, 20 min soydaşımız qanlı müharibədə həyatını itirməmiş, 50 min insan əlil olmamış, 6 mindən çox azərbaycaclının qismətinə itkinlik, əsirlik, girovluq yazılmamışdı..

Onda bizim ağlımıza da gəlməzdi ki, erməni cəlladlarının beynəlxalq havadarlara arxalanaraq törətdiyi cinayətlər, terrorizm nəticəsində Azərbaycanın Qarabağ regionunun varidatına 300 milyard dollar həcmində ziyan dəyəcək. Onda Şuşa, mənim unudulmaz şəhərim Şuşa dağlar başında şah qəsrində qərar tutan gözəl, qənirsiz bir pəri kimi bütün Azərbaycana əl eləyib: gəlin, mənə yüksəlin, məni sahibsiz qoymayın deyirdi sanki...

İl o il, günlər o günlər idi. Bəlkə də Şuşa ötən yüzilliklərdə bənzərsiz bir şəhər qismində qüvvətlənərək yetişdiyi keçmiş, şərəfli məqama yenidən qovuşmanın astanasındaydı. 1970-1980-ci illərin birinci yarısında Şuşa yenə də ənənələri qorumaqda, Azərbaycanın dörd bir yanına yaradıcı ruh, estetik motivlər yayan mədəniyyət mərkəzlərindən biri missiyasını yerinə yetirməkdə idi!

Onsuz da hələ otaq soyuqdu, bəlkə elə xəyalımdakı avqusta, xatirimdəki o gözəl Şuşanın sərin istisinə bükülüm bir az... Romantika, nostalji hisslərin doyulmazlığı öz yerində, bizim indi edəcəyimiz söhbətin mükəmməlliyi naminə elə indi taym-aut götürüb, güman ki, Əli müəllimin hövsələsinin dözüm göstərəcəyi vaxt aralığında yaddaşımın həmin o dərinlkdəki nöqtəsinə dalmağa daxili bir qərar verirəm...

Əslində bu barədə nə vaxtsa, tələbə dostum, indi professor, elmlər doktoru Qulu Məhərrəmliyə həsr olunmuş "Səhərin adamı oçerkində söz salmışdım. İndi isə o xatirata açıq-aşkar ehtiyac yaranıb və elə bu səbəbdən də bu müsahibəyə dolğunluq gətirəcəyini düşündüyüm bəzi məqamları qısaca olaraq bir daha yada salıram.

Biz Azərbaycan Dövlət Universiteti jurnalistika fakultəsinin üçüncü kursunun üç tələbəsi - Vaqif Bəhmənli, Qulu Məhərrəmli və Çingiz Aslanov, 1975-ci ilin yayında gözəl şair, o zamankı ADU-nun kafedra müdiri Famil Mehdinin rəhbərliyi altında "Şuşa qəzetinin redaksiyasına təcrübə keçməyə göndərilmişdik. Yay vaxtı redaksiyada çalışan böyük əksəriyətin məzuniyyətdə olması səbəbindən biz bu dağlar arasına göydəndüşmə bir təbərrük, bu balaca redaksiyaya, bu solğun rayon qəzetinə Alllah-təalanın lütfü idik ki, gəlib çıxmışdıq bura; redaktor İsrafil Əbilov, redaktor müavini Qaffar müəllim, məsul katib Ülfət Muxtarov şöbə müdiri Elman Elsevər, Şuşa RPK-nin təlimatçısı Ziyəddin Məhərrəmov, makinaçı Tahirə xanım, mehmanxana müdiri Əhəd müəllim, metrampaj Cəlil və digərlərinin hədsiz qayğıkeçliyi aurasında, onlardan bir çoxunun səhərlər ikram etdiyi çaya, pomidor-yumurta çığırtmasına, günortalar sarımsaq qatıqlı yarpaq dolmasına, düyü supuna, hərdən axşamlar kababa-filana qonaq ola-ola gəlib çıxmışdıq avqustun axırına. Beş-on günə təcrübə müddəti bitəcəkdi və Çingiz Ağdama, mən Füzuliyə, Qulu Zəngilana yollanacaqdı; yenidən Bakıda dərslərə davam etmək üçün... Həmin vaxt, əgər səhv eləmirəmsə Elman Elsevər deyəsən lap sevinə-sevinə dedi ki, bu gün qəzetin məsul katibi, şair Əli Mahmud məzuniyətdən qayıdıb işə çıxıb, günorta bir yerdə çörək yeyəcəyik. Babalı yaddaşımın boynuna, deyəsən, belə olmuşdu. Əli müəllimlə iki-üç dəfəlik təmaslarımızdan sonra, praktikant görəvimiz başa çatdı və biz dağlardan arana endik, Şuşadan, Əligildən ayrıldıq. 25 yaşlı o zamankı Əli müəllimin cazibəsi, onun məxmər kimi yumşaq təbiəti, xeyirxah xisləti heç zaman mənim qəlbimdəki Əli Mahmud adlı işığın nurunu bir zərrə qədər də azaltmağa imkan vermədi. İki-üç il sonra, 1978-ci ildə biz gənc şairlər sırasında Şüvəlan seminarında görüşdük. Əli Mahmudun qulpundan yapışdığı qəhvəyi rəngli, işıldaq, bir qədər də iri əl çantasının görüntüsü indi də gözümün önündədir.

İndi deyə bilərəm ki, həmin illərdə onunla böyük dostluğumuz başlamışdı. Elə Elman Elsevər, Ələmdar Quluzadə, Ziyəddin Məhərrəmov, İlhami Cəfərsoyla da. Onlar rayondan mənim ünvanıma "Sovet kəndi” qəzetində çap olunmaq üçün məqalələr, oçerklər, şeirlər göndərirdilər. İmkan daxilində hazırlayıb, qəzetin tələbinə uyğun həcmə, formaya salıb çap edirdik. Onların yolu Bakıya düşəndə şəhəri birgə gəzib dolaşır, digər dostlara baş çəkir, ala-babat da vururduq...

Zaman keçəcək, mənim "Kommunist” qəzetində çalışdığım vaxtda, Qarabağın qan çanağına döndüyü ərəfədə Əli Mahmud və digərləri "Topxananın harayı məqələsini imzalayaraq ölkənin bir nömqəli qəzetinin üstünə göndərəcək, od püskürın sətrlər 500 min nüsxədən çox tirajı olan qəzetdə işıq üzü görəcək və ilk dəfə insanlar Bakıda meydanlara axışmağa başlayacaqdı, Əli Mahmud indi də davam edən ağır Qarabağ sınağından kişi kimi çıxacaqdı, öz simasını, insaniyətini, şair ürəyini, dağ etibarını qoruyub saxlayacaqdı. "Qarabağ, "Qarabağa aparan yol qəzetlərinin yaradıcılarından və onları yaşadanlardan biri olacaqdı...

Hər zaman olduğu kimi biz yenə də sadə şəkildə, iki qardaş olaraq görüşə bilərdik. Bəs yaxşı indi Əli ilə söhbətləşib onun dediklərini bir yazı halına gətirmək istəyi haradan qaynaqlanırdı, buna bir zərurət vardımı? Axı deyəsən o, Qarabağ mövzusunda lazım olduğundan da artıq yazıb?! Amma, bu dünyada səbəbsiz olan nə var ki? Səbəblər isə müxtəlifdir; bu təvazökar, gözəl şairin, qüdrətli, inadkar publisistin ötən il 70 yaşı tamama yetmişdi, düzü, mən bundan xəbər tutmamışdım. Onun ətrafındakı mətbuat, qələm adamları da sanki susmuşdular. Bir azdan Əli deyəndə ki, o vədələr yaş kağızında yanlışlıq olub, bir yaş böyük yazıblar, 70 yaşım da bu ilə düşür, əməll-başlı sevinəcəkdim. Deməli, söhbətimiz yerinə düşürdü. Şəxsən məni bu söhbətə cəzb edən digər səbəb isə, heç şübhəsiz, Əli müəllimin hər zaman sözün tam mənasında maraqlı həmsöhbət olması, onun danışığındakı şəhdi-şirə, kolorit, müdrik çalarlar idi. Ən ümdə məsələ isə ondan ibarətdir ki, 1992-ci ilə qədər qədim-qayım Qarabağ torpağını qarış-qarış, ev-ev, kənd-kənd, şəhər-şəhər, dərə-dərə, dağ-dağ gəzib dolaşan dostum oraların "hər daş altında yatan tarixini əzbər bilirdi və heç bir vəchlə unutmurdu.

İndi budur, yəqin oxucu da bu fikrə şərik çıxar ki, bütün bunları, onun çoxdan Qarabağ anlayışının bir parçasına çevrilnlş yetmiş illik həyat hekayətlərini təkrar-təkrar dinləyib kağıza köçürtmək o yerlərin darda olduğu, oralı insanların pərən-pərən düşdüyü bir vaxtda ən azı, bir vətəndaş, bir qələm borcdur. Onun danışıb-demək, mənim kağıza köçürmək borcum... Bəli, hələ ki, Qarabağ dağı-aranıynan qəsbkar tapdağı altındadır. Amma mənim içimdə möhkəm və sarsılmaz inam var ki, biz o torpaqları geri qaytaracağıq, yəni biz o yerlərə dönəcəyik! Başqa cür necə ola bilər axı? Amma hansı ovqatla? Mənəvi sərvətimizin, Qarabağ insanına məxsus tanınma nişanlarının hansılarını qoruyub, hansılarını itirərək qayıdacağıq? Qarabağ yalnız torpaq, ərazi, məkan deyil axı, heç yalnız zaman da deyil, heç yalnız hava da deyil. Qarabağ anlayışını bütövləşdirən yegənə faktor varsa, o da insandır, Qarabağlı koloritidir, onun daşıyıcısı bir başqası deyil, QARABAĞLIDIR!

Məsələ budur ki, yüz illər boyu böyük zamanı saniyəsinəcən biri-birinin yanında, qapı-qapıya, nəfəs-nəfəsə yaşayan bu insanlar, Qarabağdan didərgin düşənlər indi Azərbaycanın dördbir tərəfinə səpələniblər, 10-20 qatlı binaların mərtəbə və mənzillərində, zirzəmilərində gözdən itiblər, sanki görünməz olublar. İndi onlar vahid bir mentallığa malik region mühitini itirə-itirə, kollektiv gücünü azalda-azalda yaşayırlar. Onlar, ən yaxşı halda toyda-yasda, təsadüfən küçədə gürüşür, doluxsuna-doluxsuna heç bilmirlər nə desinlər, nədən danışsınlar, danışmağa söz tapmırıar. Bu, ağır bir imtahandır! Məhz belə bir mərhələdə yüzminlərin yaddaşını oyatmaq, daha doğrusu, oyaq saxlamaq naminə Əli Mahmud kimi zəngin mənəviyatlı, imanını, inadını, təmiz adını qoruyub saxlamış insanları dindirib dinləmək, heç olması onların xəyalının qanadında əzabkeş soydaşlarımızı müqəddəs Qarabağ hicrətinə çıxarmaq olduqca gərəklidir.Elə görünməsin ki, biz ikilikdə Qarabağ mövzusunu aktuallığını qorumaq misiyasını üzətimizə götürmək niyyətindəyik. Əsla, əksinə onu bilirik ki, bu bəlaya düçar olduğumuz 30 ildən artıq bir dövdə Qarabağ uğrunda çarpışan bir bədii söz, sənətkar ordumuz var. Qarabağ münaqişəsinin tarixi xronologiyasını bütövləşdirmək naminə Azərbaycan milli jurnalistikası Çingiz Mustafayev, Salatın Əsgərova, Kazımağa Kərimov... kimi çəhidlər vermişdir. Eyni zamanda bədii ədəbiyyatımızda Qarabağ mövzusu yazıçı-vətəndaş borcu kimi qavranılmış, Bəxtiyar Vahabzadə, Qabil, Nəriman Həsənzadə, Sabir Əhmədov, Fikrət Qoca, Anar, Elçin, Musa Yaqub, Xəlil Rza Ulutürklə yanaşı, sonarakı ədəbi nəslin nümayəndələri – Mövlud Süleymanlı, Seyran Səxavət, Çingiz Əlioğlu, Sabir Rüstəmxanlı, Hüseynbala Mirələmov, Eldar Baxış, Zəlimxan Yaqub, Mətləb Misir, Məmməd Oruc, Aqil Abbas, Ələmdar Quluzadə, Nemət Veysəlli, Vahid Əlifoğlu, Elçin Hüseynbəyli, Adil Cəmil, Ağacəfər Həsənli, Əjdər Ol, Əbülfət Mədətoğlu... və digərləri Qarabağ ağrısını, bu fəlakətdən çıxış yollarını canlandıran dəyərli nəsr, poeziya və publisistika əsərləri yaratmışlar...

Nə yaxşı ki, əyləşdiyim kreslodan qalxıb gah kondisionerin otağı isidib-isitmədiyini yoxlayanda, gah da qazın üstündə bir neçə saniyədən sonra qaynara düşəcək ağ, emallı çaydanın qapağını əlimi yandıra-yadıra açıb-örtəndə Əli müəllim məni tələsdirmirdi və mən bu düşüncələri başımdan keçirirdim, indi isə, aradan iki gün ötəndən sonra, daha Əli müəllimlə birlikdə deyiləm və təkcənə oturub o anlarda sürərlə fikrimdən keçənləri elə həmən sürətlə də kağıza köçürürəm! (Heç zaman qələmdən özgə sürətli yazı ləvazimatlarına makinaya, kompüterə vərdiş edə bilmədim). Söhbət zamanı da qarşımda qalın dəftərçə, əlimdə qələm vardı, hər ehtimala qarşı "yeni jurnalistlər” sayaq telefonumun səsyazan düyməsini də basıb Əli müəllimin səsini rahat götürə bilən ən münasib nöqtəyə qoydum (öz aləmimdə) və dedim:

- Əli müəllim, əvvələn sən bizə xoş gəlmisən...

- Həmişə xoş gününüzə gələk, - Əli müəllimin pilə kimi yumuşaq və xışıltılı cavabına başımla razılığımı bildirir və sualıma davam edirəm.

- Bu gün səninlə elə bir söhbət aparmaq istəyirəm ki, uzun da olsa, qısa da alınsa, oxuyub-bilənlər təsirlənsinlər, Qarabağda deyildiyi kimi, bizim də ürəyimizdən tikan çıxsın!

- Vaqif, səhv etmirəmsə səninlə tanış olub çörək kəsdiyimiz, bir-birimizə qardaşlıq ediyimiz vaxtdan 45 il ötüb. 45 il iki igidin ömrüdü. Səninlə söhbət etmək həmişə xoşdu. Yoxsa hər çağırışa görə belə çovğunda 40 kilometr yolu basıb Mərdəkana gəlmək mənlik deyil.

- Peşimançılığa heç bir əsas yoxdu, qardaş, gördün ki, yoldan karlı bazarlıq elədik. Qoy bir az söhbətimiz irəliləsin, qəşəng stol açacağam... Rəhmətlik Şahin müəllim yadındadı, "Sovet kəndi” qəzetində bir yerdə işləmişik. Rəhmətlik Nəriman Zeynalovun müavini idi...

- Niyə yadımda deyil, Qarabağı birlikdə çox gəzib dolaşmışıq, dönə-dönə ailəlikcə Şuşada qonağım olub. Şahin müəllimin qardaşı Abbas dayı İkinci dünya müharibəsi zamanı itkin düşmüşdü. Sonra məlum oldu ki, Amerikada yaşayır. Cahid Quliyev, Oqtay Quliyev qardaşlarıdı Şahin müəllimin, hər ikisi görkəmli alimdi, biri filosofdu, biri musiqi nəzəriyəçisi, gözəl tar ifaçısı. Evləri Ağdamdaydı, ağdamlı kimi tanınırdılar, mənbilən, əsilləri Malbəylidəndi...

- Pis deyil yaddşın, maşallah, hə, qardaş o Şahin müəllim kefi yaxşı olanda özünəməxsus şəkildə Qarabağ lətifələrini söylər və özü də dediyi lətifəyə şaqqanaq çəkib gülərdi. Belə bir yumor söylədi. İki şuşalı şəhəri gəzib dolaşandan sonra günorta yeməyi vaxtı üz qoyurlar evlərinə tərəf. Elə ki, bunlar evi ən yaxında olan şuşalının darvazasına çatır, həmin şuşalı zarafatla ikinci şuşalının sinəsindən geri itələyə-itələyə deyir: - Ə bilirəm ey, sən bizə getməzsən, yox ey, vallah, sən bizə getməzsən...- belə deyə-deyə bu şuşalı o biri şuşalını qapısının ağzından xeyli aralayır.

Əli müəllim xısın-xısın gülür, dərhal da dillənir:

- Yumor şuşalının həyat tərzidir. Yüz faiz bunu bir başqa yerin adamı deyil, şuşalı şuşalı haqqında düzüb-qoşub. Hətta, məzmun onların xeyirinə olmasa belə, şuşalı qarşısındakı həmsöhbətin kefini xoş eləmək üçün, yaxşı bir əhvalatı eşitmək xətrinə, əstafurullah, canından keçər...

- Bir yana baxanda, - dillənirəm – mənim də Şuşa qatışacağım var.

- O nə təhər olur? – Əli müəllim soruşur.

- Deyim nə təhər olur. Bax Şuşa şəhərinin banisi kimdi?

- Rəhmətlik Pəhanəli xan...

- Pənahəli xan hansı nəsildəndi? Bəhmənli elinin Sarıcalı nəslindən. Səhv etmirəm ki?

- Yox, düppədüz. Mirzə Adıgözəl bəy "Qarabağnamə”sində belə də yazıb, Yusif Vəzir "Od içində” romanında, daha bir çox yazarlar, alimlər buna istinad eləyiblər...

Mən daha bir xatırlatma verib, tezliklə müsahibəmizin əsas suallarına keçmək barədə düşünürəm...

- Qarabağ xanları özlərinin ilkin dədə-baba yurdlarına, yəni Qarabağın Arazqırağı ərazilərinə və insanlarına hər zaman böyük ehtiramla yanaşıblar. Oralarda suvarma ehtiyacını ödəmək üçün Natəvanın hər addımına qızıl pul xərcləyib çəkdirdiyi Xanqızı arxının tirələri hələ də bizim Böyük Bəhmənli ilə Bala Bəhmənli kəndlərinin arasında qalmaqdadır.

- Qarabağ xanlarının, eləcə də Xanqızı Natəvanın aran Qarabağda təsərrüfat işləri aparmağına dair məlumatım var. Amma o arxın sizin tərəflərdə hələ də qalmağını indi eşitdim...

- Əli müəllim, deməyim odur ki, mən Qarabağın hər bir güşəsində, o cümlədən Şuşada qanaqpərvərliyin ən yüksək səviyəsinin şahidiyəm.

- Əlbəttə, elədir. Amma, xırda bir nüansı da qeyd etməyi özümə borc bilirəm. Şuşanı gətir gözünün önünə, yeri gələndə mən yaddaş kimi, daha doğrusu, yaddaşımızda heyrət doğuran məqamlar kimi Şuşanın tarixi dünənlərindən misallar çəkəcəyəm. Əsası 1750-ci illərdə qoyulan Şuşa çox tezliklə Azərbaycanını ən gur şəhərlərindən birinə çevrilmişdi. Oranın havası cənnət havasıydı. Yay vaxtları tarixən Şuaşaya gəlib qonaq olanların sayı yerli əhalinin sayından dəfələrlə çox olurdu. Bu faktdır. Bu qədər insanın 4 5 ay boyunca, ərzağı əsasən arandan gətirilən balaca bir şəhərdə yerləşməsi, yeyib-içməsi, yatması, digər xidmətlərdən istifadəsi heç də asan başa gəlmirdi. Hamı Şuşaya dincəlməyə gəlir, axı şuaşalı da dincəlməlidir. Bu halda yalnız bir davranış məsələni yoluna qoya bilər: fədakarlıq! Şuşalılar bu fədakarlığı əsasən bacarırdılar. Şuşada da iş yerləri az idi, böyük aqrar təsərrüfatlar yaratmağa, təbii ki, dağ şəraiti elə də saxavət göstərmirdi. Digər tərəfdən, mən ötən əsrin 20-ci illərindən sonranı yəni 1992-ci ilə qədər olan 70 illik bir dövrü nəzərdə tuturam, bu başı bəlalı şəhər erməni rəhbərlərinin xain təzyiqi altında sıxılırdı. Məhz bu imkansızlıq, indi düşünürəm, ola bilər ki, hansısa bir qonaqda incik bir təəssürat da buraxıb, təkrar edirəm ki, bu yalnız və yalnız əhalinin maddi durumundan qaynaqlana bilərdi. Ayağı yorğana görə uzatmaq nə o yorğanın altında yatana, nə də qıraqdan bu halı müşayət edənə xoşdur. Lap tutalım, hər cürə imkan var, yemək bol, yatmaq yeri gen... 4-5 ay ara vermədən gələn qonaqları qarşışayıb, öz həyat tərzini qonağa uyğunlaşdırıb yaşamaq da o qədər asan məsələ deyil, axı bu, hər şeydən öncə fiziki və ovqat yorğunluğu törədir. Gələn qonaq bilmir, heç onun vecinə də deyil ki, ev yiyəsi on gündən bəri qulluğunda durduğu ayrı bir qonağı, nə az, nə çox cəmi 2 saat bundan öncə arana, yaxud Qubadlı, Laçın tərəflərə yola salıb... Bir yol mənim də başıma belə bir qəribə əhvalat gəlib. "Laçın qəzetinin redaktoru var idi, Hüseyn müəllim, bərk dost idik. Laçın şəhəri səfalı, əsrarəngiz, Şuşanın sivil həyatına baxanda daha doğal olsa da xidmət şəraitinin zənginliyinə, sanatoriya, otel, böyük bazar, mədəniyət tədbirləri və s. səbəblərə görə digər qonşu rayonların sakinləri kimi, laçınlılar da çox vədə yemək-içməyə, gəzib-dolaşmağa Şuşaya gedirdilər. Bu Hüseyn müəllimi də Şuşada, türkün sözü, çox ağırlamışdım. Hər dəfə də ayrılanda dil tökürdü ki, qardaş, bir yol da sən Laçına gəl, qonağım ol. Çox təklifdən sonra bir yay günü yollandım Laçına. Hüseyn müəllimin evini tapıb darvazanı döydüm. Gördüm alaqapı açıqdı, lap həyətin içinə keçdim. Səsə bir qadın artırmaya çıxdı. Salam verdim, soruşdum ki, Hüseyn müəllimin evi buradı.

Qadın hirslə söylədi:

- Tutaq ki, buradı... – Sidqim sıyrılsa da özümü toplayıb, bayaqkından xeyli aşağı səslə, bir az da günahkarcasına:

- Hüseyn müəllim evdədi? - soruşdum.

Qadını od aldı.

- Ay qardaş,- dedi, - bilmirəm kimsən, nəçisən, Hüseyn müəllimin evi buradı, amma Hüseyn müəllim evdə yoxdu, yoxdu... yoxdu ey, yoxdu!..

Çox peşman olub:

- Neynək, – dedim, - yoxdu, yoxdu də...

Və necə ki, dinməzcə gəlmişdim, elə dinməzcə də qapıdan çıxmağa tələsdim. Maşına əyləşdiyim heyndə, gördüm, budu, Hüseyn müəllim özünü yetirib. Mənə çatan kimi, Əli, deyib üstümə şığıdı, qucaqlaşma, görüş, öpüş. Baxdım ki, qardaşımın üz-gözündən əməlli-başlı yuxu tökülür. Dedim ə, bu nə məsələdi?

Hüseyn:

- Soruşma, qardaş,- dedi, - budu, on gündü qonağın üçü gedir, üçü gəlir, ev üzü görmürəm, o bulaq sənin, bu bulaq mənim, heç bir saat olmaz qayıtdığım. Ayaq üstdə zor-güc dayanırdım. Yerimə girib evdə tapşırmışdım ki, bir az yatıb dincələcəyəm, kim soruşsa deyin evdə yoxam. Bu macalda da sən gəlmisən...

Dedim:

- Qağa, indi nağayrım, çıxıb gedim Şuşaya?

Hüseyn dedi:

- Yekə kişisən ə, getmək nədi? Evin içində üç gün də oturub-dursaq, bizə güldən ağır söz deməzlər. Bunları haldan-təbdən çıxardan odur ki, qıraqdan qonaq gələndə bir tikə yağlı əppəyə dönüb qalxıram ceyran belinə, ilim-ilim itirəm günlərnən... Hə, Vaqif, bu da sənə olmuş lətifə, indi buyur, keç əsas mətləbə, soruş, nə soruşacaqsan...

- Əli müəllim, bütün isanların həyatı eyni gündən başlayır, doğum günündən. Nə zaman, harda dünyaya təşrif buyurdunuz. Doğulduğunuz günü təsvir edə bilrsənmi? Məncə, valideynlərin, səndən yaşlı yaxın-simsarların dediklərinə söykənib şəxsən mənə də gərəkli olan o günü bu günümüzə çəkib gətirə bilərsən...

- Rəhmətlik anam Sürəyya xanım (duruxub, doluxsunur)...

Onu düşdüyü darlıqdan qoparıb ürəkləndirmək istəyirəm:

- Yaxşı olacaq ey, qardaş, söhbətimizin əsas hissəsinə ana kəlməsiynən başladın. Bu elə ana xeyir-duası deməkdi.

- Bunu sən bilirsən, anam, 73 yaşında ahıl bir qadın Meşəlidə ermənilərin törətdiyi qırğında şəhid oldu... O zaman, 1992-ci ilin dekabr ayında mən Şuşada, atam, anam və qardaşım kənddə - Meşəlidə idi... Bu təfsilata sonra bir də qayıdarıq. Hə, anam mənə uşaqlığımdan söhbət açanda deyirdi ki, sən doğulmuşdun, heç qırx günün tamam olmamışdı. Hana asmaq istəyən hansısa bir qonşu məni səsləyib, deyirdi ki, ay Sürəyya, o Əli ayağı düşərli uşaqdı, onu bük-bürü yorğançaya, çıxart bizim qarşımıza, ərişin-arğacın, ipin, kirgidin, qayçısın hazırlamışıq, hana asacağıq... Soralar da kəndə kimsə bir iş başlayanda məni həmən o işin üstünə çağırtdırırdılar ki, ayağım yüngüldü.

Anamın dediyinə görə sübh çağı, hələ günəş üfüqdən boylanmamış, havaya nəfəs dəyməyən bir vaxtda doğulmuşam. 1949-cu ildə...

- Hansı ayda?

- May ayının 1-də...

- Booy, mayovkada, dünya xalqlarının həmrəylik günündə, onçun səni hamı belə çox istəyir ey...

- Allah da sizi istəsin ... Hərdən elə bilirəm ki, insan həyatından ötüb keçən zamanın, vaxtın ən unudulmaz hissələri bizim ruhumuzun şəklindədir. Heç unuda bilmirəm uzaq keçmişdə qalan o müqəddəs çağları. Yadıma düşür, anamın təndir çörəyinin ətri kəndi bürüyərdi. Qeybət bilməz, hamıya xeyirxahlıq edər, xüsusilə qız övladı olan gəlinlərə, qız köçürən analara yardım əlini uzadardı. Ən çox qorxduğu müharibə xəbərini eşitmək idi. Qonşu kəndlərdə, qohum-əqrabada qadınlar xalça, palaz, vərni, fərş, fərməc, yun jaket, xurcun, naxışlı corab, nə bilim daha nələr... toxuyanda ondan məsləhət alar, anam isə evimzidəki xalça-xalıların çeşnisinə baxmaq üçün gələnlərə məsləhətini əsirgəməzdi. Beş qardaş, üç bacının evlərini öz əllərilə toxuduğu xalı-xalçalarla bəzəmişdi.

Qayınanalara, qız analarına yeganə tövsiyyəsi gəlinlərə öz qızları, kürəkənlərə oğul gözüylə baxmaları idi. Söz gəzdirənləri, böhtan danışanları gözünün düşməni sayardı. Bacıma müraciətlə yazdığım bir şeirimdə deyirəm ki:

Anam müqəddəsdi, anam ol, bacım,

Saçına dən düşsün, alnına qırış.

Sən ana qeyrətli, ana namuslu,

Anamın ömrünə qaynayıb-qarış.

- Hə, qayıdaq ömrün sübh çağına, dağlara, - mən başımı tərpədib bu misraları səsləndirdiyinə görə dostuma razılıq bildirir və onu söhbətin davamına istiqamətləndirirəm.

- Qardaş, dağların öz qanunları var, uşaqlıq həyatım təbiətin özü kimi olub; açıq, qoruq-qaytaqsız, qapalılıqdan uzaq, qayalar kölgəsində, ağaclar sərinliyində, bulaqlar başında. Hayıf ki, sonrası bəd gəldi. Dünyada ən pis qismət pis qonşudur ki, Allah-tala da onu bizim xalqımızaın qənşərinə çıxardıb...

- Meşəlidə doğulmusan də?

- Yox, Meşəli nədi, Laçının Biçənis kəndində. Biçənis sözünü biçmək, biçənək mənası ilə bağlayırlar, tarixi-etnoqrafik yozumu da var. Deyilənə görə biçənislilər türk xalqlarının bir etnos olaraq formalaşmasında iştirak edən, qədim dövrlərdə Volqaboyunda dövran sürmüş peçeniq tayfalarının bir qoludur.

Biçənisdən doqquz kənd törəyib. Bunlar - Biçəns, Çöyürman, Ardışlı, Suvatlı, - indi bu adda inzibati ərazi yoxdur, suvatlılar isə var, yaşayırlar, - Nurəddin, Fərraş, Kətəlparax Bərdədədir (bu kəndin sakinlərinin xeyli hissəsi) və Meşəli kəndəridi. Bu obaların hər biri Laçına aiddi. Bunların içində mənə görə ən əzizi və təəssüf ki, ən kədərlisi Meşəli kəndidi. Ora qədim alban abidələri ilə zəngidir; kilsələr, qəbirlər, kurqanlar... Orada Teymurləng adlı qaya var. Şuşadakı Cıdır düzü, Daşaltı dərəsi kimi sıldırım bir yerdi. Qayanın sinəsində, aralıdan baxanda, bir ev yeri görünürdü. Amma, gedib ora yetişmək, ələlxüsus, ev dediyim o mağaranın içinə girmək mümkünsüz idi. Kilsələrin erməniləşdirilməsini xatırlayıram. Əskəranın Bəddərəsindən keçəndən sonra üzü Qırxqıza tərəf bütün meşələr bizim obanın ixtiyarında idi. Ermənilər istəyirdilər Meşəlinin yerində su anbarı tiksinlər, yəni bu yolla kənd köçürülsün, izi-tozu da qalmasın. Camaat dirəniş göstərirdi. Sözün düzü, o zamanlar hətta əhalisinin əksəri ermənilərdən ibarət olan kəndlərdə belə bizim hökmümüz vardı. Onda xalqın müqavimət gücü indikindən qat-qat yuxarıydı. Əlbəttə, azərbaycanlılar öz mənəvi keyfiyətlərinə uyğun olaraq səbəbsiz yerə heç vaxt erməni üzərinə getməyiblər. Əksinə, dostluq, kirvəlik, get-gəllər, çətin vaxtda insan adına nə varsa, heç fərq qoymadan onlara qarşı mərhəmətli olmaq, yardım göstərmək ənənəsi yaşayırdı. Hərdən düşünürəm ki, əgər ermənilər bəşər övladıdırlarsa, insanlıqda haqları varsa, onlar elədiyimiz yaxşılıqları unutmamalıydılar. Təəssüf ki, bizim davranış bir tərəfdən millətimizin gücüdür, digər tərəfdən məğlubiyyətimizin səbəbi də, indi belə çıxır ki, elə bu olub; insaniyyət, ifrat mərhəmət, dinindən, dilindən asılı olmayaraq hər bir isnana inanıb, etibar eləmək, azğının ağzının üstündən vaxtında vurmamaq...

Xatırlayıram, kəndimizin adamları evlərə işıq, su çəkdirmək üçün necə çətin mücadiləyə məruz qalırdılar. Hərdən eşidirəm, nədir, ey Meşəli? Taxta zavodunun ətrafında salınan xırda yaşayış məskəni. Əslində belə şaiyələr yaymaqla obamızın tarixi əhəmiyyətini azaltmaq istəyirdilər. Bayaq dedim, biçənislilərin gəlib yerşəşdiyi bu yurd - Meşəli, əslində lap ötədən Alban yadıgarıdır, indi bilmirəm, ermənilər orada nə hoqqa çıxardıblar, hansı izləri siliblər. Qardaş, heç olmasa indi beləcə söhbətləşirik, o yerlərin tarixdən qalan əvəzsiz yadigarlarını xatırlayırıq, yəqin hansı bir yaddaşın küncünəsə hopar, ilişib qalar...

- Söhbətdən uzaqlaşmırıq ki, Əli müəllim? Axı mən səndən nə vaxt və harada doğulduğunu, bu barədə danışılanlardan yadında nə qaldığını soruşdum...

- Elə mən də budan danışıram. Mənim yurddan qıraqda həyatım ola bilməz, Allah son nəfəsimi də yurduma bağışlasın. O Meşəli, o Şuşa, o Laçın, o Qırxqız, o Kirs, o Xocalı, o Kəlbəcər, o Qubadlı... yoxdursa, o insan ki, doğulduğu torpağın üstündə yerimək ixtiyarından məhrum olunub, kimdi Əli Mahmud? Onun təvəllüdü kimə gərəkdi? Nə var ki bizə, dit eləyib yumurtadan çıxan kimi dədəmiz, nənəmiz dünynın ən müqəddəs adını yapışdırır alnımıza. Amma mən bizim Meşəli kəndinin adını öz ölkəmizdə qeydiyata aldırmaq, ünvanını qəbul etdirmək üçün rəhmətlik atam, el ağsaqqalı Əbülfət başda olmaqla meşəlilərin 70-ci illərdə vilayətin erməni rəhbərləri ilə dör-dör döyüşdüklərini xatıralayıram. Məhz o 70-80-ci illərdə sonralar anamın şəhid olduğu o tarixi kəndi xalqıma nişan vermək üçün dəridən-qabıqdan çıxırdım. Mənə görə təbiətin heç bir başqa məkanı ilə müqayisə olunmayan Meşəli həqiqətən də möcüzəydi, Allahın əliylə toxunmuş zümrüd bir xalça idi. Oraya kimləri aparmadım, allah ruhlarını şad eləsin; Bəxtiyar Vahabzadə, Xudu Mahmudov, Süleyman Əlyarlı, Aydın Mahmudov, Zeynal Məmmədov... daha neçələrini dəvət etmişdim. Çox zaman Şuaşaya gələn qonaqlarımı, əgər vaxt, redaksiya işi imkan verirdisə, aparırdım Meşəliyə, eyni zamanda onların Laçın, Qubadlı, Kəlbəcər, Şuşa, Əskəran, Ağdərə, Xocavənd və Xocalıda mənə bəlli olan tarixi tikililəri, təbiət abidələrini görüb ziyarət eləmələrinə yardımçı olurdum.

- Əgər yanılmıramsa Meşəli Qırxqız dağlarının ətəyində, Qar-qar çayının bir qolunun sahilindəydi...

- Doğrudur, Qırxqızla bağlı əfsanəni yəqin sən eşitmisən. Guya bir şahın hərəmxanasında yaşayan qırx qız zülm əlindən qurtulmaq üçün oradan qaçır. Duyuq düşən şah qızların dalınca qoşun salır. Qızlar görürlər ki, başqa əlac yoxdur, xilas ola bilməyəcəklər, o zaman əllərini göyə açıb yalvarırlar ki, Allah, bizi daşa döndər. Qızlar Qırxqız dağları şəklində daşa dönürlər. Amma, əslində Xudu Məmmədovun, Anar müəllimin, Süleyman Əlyarovun təqdimatına görə bu söz Qırx qız deyil, Qırx oğuzdu. Həqiqətən də kənddə iri sinə daşları ilə fərqlənən 40 qəbir var. Bunlar oğuz sərkərdələrinin qəbirləridir. Deyilənə görə öz zamanında Makedoniyalı İskəndər məhz bu yerlərdən keçib getməliymiş, bunun üçün elçi göndərib yerli əhalidən keçid üçün icazə istəyir. Elin başçısı elçidən soruşur ki, qoşun burdan ötəndə bizim qəbirlərimizə toxunmayacaqsa, qoy keçib getsinlər.

- Meşəlidə nə qədər əhali yaşayırdı?

- Mən Biçənisdən Meşəliyə 5-6 yaşlarımda gəlmişəm, əlbəttə, o vaxtlar kənddə nə qədər adam yaşadığını söyləsəm, yalan olar, balaca uşaq idim, ağlım nə kəsirdi ki?! Meşəli qətliamı törədiləndə, bu dəqiqdi, orada 60 ev, 400 sakin vardı.

- Kənddə erməni yaşayırdı?

- Yox, Meşəlidə heç zaman erməni yaşamayıb. Buradakı kilsələrin heç birinin heç vaxt ermənilərlə bağlılığı olmayıb, dediyim kimi, bunlar alban dövlətinə məxsus abidələrdir. Meşəli – Ağdərə, Laçın və Kəlbəcərin sanki qovuşaq nöqtəsi idi, amma inzibati ərazi kimi Əskərana tabe edilmişdi. Ən yaxn erməni kəndləri Bəddərə (indi Badara eləyiblər), Qayabaşı, Daşbulaq (yarısı türk, yarısı erməni), Sarıgoyüş (sarıkeşiş) idi. Meşəlidən keçən Firəng yolu Fərraş kəndinə gedirdi. Orada nadir qırmızı palıd bitirdi. Həmən o qırmızı palıdı kəsib uyğun qaydada doğrayır, o Firəng yolu ilə Yevlağa daşıyr, oradan kukuşka adlandırılan nəqliyyat vasitəsilə Fransaya aparırmışlar. Fransızlar qırmızı palıddan şərab, konyak boçkaları düzəldirmişlər.

Meşəli erməni rəhbərlərinə, elə erməni əhaliyə də göz dağı idi. Bayaq söylədim, yüz min hektarlıq örüş, meşəlik bizim kəndin, bizim camaatın dədə-baba mülküydü. İnsanların yaylaq, qışlaq həyatı bu yerlərlə bağlı idi. Kəndimizin külli-Qarabağda sayılıb-seçilən kişiləri bir daha yaddaşımda sıralananda yəqin edirəm ki, biz yalnız torpaq itirməmişik, el-obamızın mədəniyyətini, incəsənətini, tarixini, tarixi birliyini, yurd sevgisini itirmişik...

Yadıma Şuşanın Şırlan obasııyla bağlı bir əhvalat düşür. Bir dəfə Soltan bəy qardaşı, Qarabağın general qubernatoru Xosrov bəyə pay göndərmək üçün piçənisli Aşıq Abbası çağırıb ona bir məktub verir, 10 erkəyi də pay kimi qatır aşığın qabağına. Aşıq gəlib çatır Şırlana, görür Uzunyal deyilən yerdə adamlar ot çalırlar. Yaxınlaşıb salamlaşır, soruşurlar, aşıq, xeyirdimi yola çıxmaqda. Deyir hə, xeyirdi, Xosrov bəylə görüşə gedirəm, Soltan bəyin amanatı var, onu çatdıracağam qubernatora. Aşıq görür ki, biçincilərin yeməyə bir şeyi yoxdu, deyir mənim bu erkəklərimdən birini kəsin yeyək. Elə də eləyirlər. Erkəyi kəsib aşırırlar. Aşıq Abbas yerdə qalan 9 erkəyi qabağına qatıb gedir çıxır Şuşaya. Xosrov bəyin məqamına gəlib məktubu, qoyunları təhvil verir. Heç demə məktubda Soltan bəy 10 qoyun göndərdiyini də yazıbmış. Abbas iki ayağını bir başmağa dirəyib gətirdiyi bəxşişin 10 qoyundan ibarət olduğuna israr eləyir. Xosrov bəy 10 xidmətçisini çağırıb göstəriş verir ki, hərə bir erkək tutsun. 9 nəfərin hərəsi bir erkəkdən yapışanda, təbii ki, xidmətçilərdən birinin əli boşda qalır. Xosrov bəy Aşıq Abbasa:

- Gördün, aşıq, burada on erkək olsaydı, adamlardan birinin əli boş qalmazdı.

Aşıq Abbas vəziyətdən belə çıxır:

- Ay Xosrov bəy, bivec oğunun boyunu yerə soxum, fərasəti olsaydı, o da birini tutardı. Sonra aşıq erkəyin birini biçinçilərə bağışladığını danışır. Aşıq səhər Şuşadan kəndə yola düşəndə Xosrov bəy düz danışdığına görə ona bir at, bir çuxa, bir dəst də bahalı paltar bağışlayır. Halbuki, on qoyun bir ata dəyərdi, ya dəyməzdi...

- Əli məüllim, mən sualları ömür yolunun xronoloji ardıcıllığına görə sıralamışam. Amma bir halda ki, söz düşüb, istərdim Meşəlinin sonrakı illərindəki təlaşlı günlərindən də danışasınız.

- Ötən əsrin səksəninci illərinin sonu, 90-cı illərinin əvvəlinə qədər nəinki Meşəlidə, ümumən Qarabağda baş verənlər haqda, gördüklərim barədə danışmaq mənə həmişə ağır gəlir. Biz, bizdən əvvəlki nəsillər, hansı ki, onlar narahatlıqlarını Azərbaycanın dövlət nümayəndələrinin qarşısında dönə-dönə dilə gətirir, ağır nəticələrin ola biləcəyini irəlicədən xəbər verirdilər: 30 il bundan öncə baş verənlər ölkə başbilənlərini qəflət yuxusundan ayıltmadı. Həmin günlərdə rus qoşunu gəlib dayandı Meşəli ilə Bəddərənin arasında. 1991-ci il dekbarın 23-dən 24-nə keçən gecə Meşəliyə hücum başladı. O zaman DQMV-da bütün məsələlər Polyaniçkonun nəzarəti altında idi. Həmin gecə Meşəlidə 29 kənd sakini qətlə yetirildi. Bir neçə ailə evinin içində tamam yanıb kül oldu. Anam da həmin gecə güllələndi.

Hadisədən iki gün qabaq Meşəliyiə gəlmişdim. Kənddə bir kimsənin əlində silah olmadığını öyrənmişdim. Şuşaya döndüm, faciə baş verəcəyini səlahiyyətlilərin hamısına çatdırdım. Dedilər ki, sən təxribatla məşğul olursan. Kəndi müdafiə etmək üçün güya 90 nəfər göndərilib.

Bir günün içində iki dəfə kəndə gedib-qayıtdım. Özümlə Meşəlidən şahidlər gətirdim ki, oradakı vəziyyəti danışsınlar, bəlkə bizə bir kömək göstərən tapıla. Yollarda qaldığım həmin axşamların birində Kərkicahan işğal olundu. Prokuror Atakişi müəllim ratsiya vasitəsilə mənə çatdırdı ki, Meşəlidə vəziyyət ağırdı, imkanın varsa get. Mənim silahım yox idi. Silah istəsəm də, vermədilər. 1991-ci ilin dekabrın 24-də yenidən, əliyalın Meşəliyə yollandım. Meşəlinin qənşərində gördüm ki, kənd yanır, qarşılaşdığım Qaz-66 markalı maşın meyitlə dolu idi. Düz 29 ildir, içimdən dəhşətli bir ağrı hər gün keçir. Fikirləşirəm ki, insanın fəlakət qarşısında aciz qaldığı andan ağır dərd yoxdur... Eşitdin də nə deyirəm...

Qardaş, tarixi xəyanətlər öz yerində, əslində sonuncu fəlakətlərin epizodlar üzrə lənətəgəlmiş "layihəsi” 1987-1988-ci illərdən qoyulmuşdu. Mən gərginliyin partlayış həddinə çatdığını bütün varlığımla duyurdum. Qarabağda, Şuşanın özündə vəziyyət olduqca ziddiyyətli hal almışdı. Mərkəzdən göndərilmiş rus canişinlərinin Sovet ordusu əsgər və zabitlərinin Qarabağda törətdikləri xəyanətləri ifşa etdiyim üçün Dağlıq Qarabağ Muxtar Vilayətnin prokuroru mənim həbsimdə qərar vermişdi. O vaxt vilayətin prokuror müavini Mübariz müəllim və Şuşa Rayon Milis Şöbəsinin rəisi Ələmdar Tağıyev bu barədə məni xəbərdar etmişdilər. Tapşırmışdılar ki, bir neçə gün son dərəcə ehtiyatlı ol. Qarlı-çovğunlu bir günü idi. Rəhmətlik Ələmdar Tağıyev telefonda mənə bildirdi ki, çalış Namiq Babayevə də çatdır. Bu axşam hər ikiniz şəhərdən çıxmalısınız. Mən fövqəldə vəziyyət rayonunun sözü keçən bir polkovniki, qardaşın Əliş müəllim və kürəkəniniz Oktay Rəhimov, sizi Şırlan kəndinə yola salmağa çalışacağıq. Ələmdar Milis Şöbəsinin UAZ-ını özü sürdü, onun yanında fövqəladə vəziyyət rayonunun polkovniki, arxadakı iki yerdə isə tanınmış füzulişünas, Şuşanın sayılıb-seçilən ziyalısı Namiq Babayevlə mən əyləşdim. Uzundərə deyilən yeri keçəndən sonra Ələmdar Tağıyevlə polkovnik geri qayıtmaq üçün maşını saxladılar. Ələmdar məni kənara çəkib tapşırdı ki, lazım gələndə, qayıtmağınızın vaxtını Əliş müəllimə deyəcəm. Və həmin gün sizi Laçın Rayon Partiya Komitəsinin qarşısında həmin bu polkovniklə gözləyəcəyik.

Həmin axşam Şuşa rayonunun ən ucqar yaşayış məntəqəsi olan Şırlan kəndinə gecə saat 22 radələrində çatdıq. Atamla, məndən böyük qardaşlarımla bir evli kimi olan Böyükkişi əmi və oğlanları bizi son dərəcə mehribanlıqla qarşıladılar.

Həmin axşam Böyükkişi əmi elə bir abu-hava yaratdı ki, gecədən xeyli keçənədək quzu buğlaması, hinduşka kababı yedik və dodağımızı tut arağı ilə yaşladıq. Sonda Böyükkişi əmi zarafatından da qalmadı: Əliş müəllim, bilirsiniz ki, mən Şırlan Kənd Soveti İcraiyyə Komitəsinin sədriyəm. Bax, məndən Əlinin və Namiqin yerini soruşan olsa, mütləq düzünü deyəcəm. Deyəcəm ki, onları öz əlimlə Laçın rayonunun Fərraş kəndinə, kənddəki orta məktəbin direktoru, Oktay müəllimin qardaşı, Əliş müəllimin qaynı Əzim müəllimin evinə göndərmişəm.

Böyükkişi müəllimin zarafatyana dediklərinə hamımız güldük. Və sonra Namiqlə mən bir, Əliş müəllimlə Oktay müəllim isə digər otaqda rahatlıq tapdılar.

Axşamdan yağan qar kəsmiş, Sarıbaba, Qırxqız dağlarının üstünü tutmuş bulud harasa çəkilib getmişdi. Səhər-səhər Şırlanın şan balı, nəhrə yağı ilə, xamralı çörəyinin dadını çıxarıb yola düşdük.

Böyükkişi əminin böyük oğlu Qəhrəman tövlədən yəhərli, yüyənli üç atı qapıya çəkdi. Atların ən dincini Namiq müəllimə verdilər. Yenə də zarafatından qalmayan Böyükkişi əmi dilləndi:

- Namiq müəllim, sən şəhər adamısan, atını hamıdan arxada sürərsən. Beləcə, hamı ilə xudahafizləşib, atlarımıza dəh dedik. Sarıbabanı Qırxqız dağlarına birləşdirən, bəlkə də ayıran Uzunyala çatanda atlardan düşdük. Enişə doğru atları yedəklədik.

Günortaya yaxın əmim Behbud kişinin və xeyli digər qohumlarımızın yaşadığı Fərraş kəndinə çatdıq. Bazar günü olduğundan Əzim müəllimlə də həyətində görüşdük və Namiq müəllimlə mənim ay yarımlıq qaçaqlıq həyatımız başladı...

Mən bunları Əlinin uzun illərdən bəri mətbuatda dönə-dönə yazdığı haraylı-hışqırıqlı yazılardan bilirdim, amma yenə bu dəfə də onun korun-korun yanan dərdinin tüstüsü gözümü acıtdı, dostumla birgə mən də özümü gücsüz hiss etdim. Söhbəti dəyişmək lazım idi, bəlkə də yox...

- Əli müəllim, - dedim,- çaydan qaynadı, dəm də hazırdı, bəlkə adama bir fincan çay içək?

Sakitcə:

- Olar, - dedi.

Yenidən Əli müəllimlə üzbəüz əyləşdim. Jurnal stolunun üstünə qoyduğum iki fincan buğlanan çaydan birini götürüb ağzım yanmasın deyə xırda qurtum alıb qələmi əlimdə fırlatdım, dəftərcəmin vərəqini sığallayıb yastıladım. Telefonumun səsyazanı bayaqdan çalışmaqdaydı...

- Olarmı, bir az da atan haqqında danışasan, Əbülfət kişi barədə deyirəm...

- Ataların ruhuna qurban olaq, - Əli müəllim də əlini çay fincanının qulpuna uzadır, - bir dəfə atamdan soruşdum, yetkin yaşdaydım, ata,- dedim, - səncə bizim bir düşmənimiz-zadımız var? Eşit atamın cavadını, dedi ki, atadan övada mal qalar, mülk qalar, ad qalar, ar, namus qalar. Mənim düşmənim xalqımın düşmənidir, o da ermənidir. Atam bu dünyadan köçüb gedəndə 64 nəvə-nəticəsi vardı, ətrafını da saya salsaq indi az qala o vaxtın Meşəli əhalisi qədərik.

- Təvəllüdü nəydi Əbülfət kişinin?

- Bizə bilinəni 1912-ci ildə anadan olub, onçun belə deyirəm ki, qabaqlar təvəllüdü təqribi yazırdılar axı. Burdan bura heç mənimkini doğru yazmayıblar. Amma, ölüm tarixi dəqiqdir. 1996-cı ildə rəhmətə getdi.

- Onun dediklərindən, nəsihətlərindən nələr qalıb yadında...

- Ataların dediklərini yalnız söz şəklində almaq, söz şəklində anlamaq, söz şəklində yaddaşda canlandırmaq cüzi bir hissədir. Onlar öz enerjilərini bizə daha çox mehri, məhəbbəti, qəzəbi, adi bir baxışı ilə ötürürlər. Ataların varlığı bizim qanımızda dövr edir, damarlarımızda döyünür. Məncə, bu, cəmiyyət məsələsi deyil, təbiətin hökmüdür. Amma onun dedikləri də zaman-zaman yaddaşıma hərarət, işıq, hava, su verir. Deyirdi ki, biri-biri ilə ifrat zarafat edənlərin dostluğu uzun sürməz. Biri-biri ilə güləşəndən, biri-biri ilə şərt kəsəndən dost olmaz. İki dost arasında 3 alma var, o almadan ikisi dostunun, biri səninkidi, bunu qəbul etməsən, dostluq qalası uçacaq. Elə belə də deyirdi. Sonra nə deyirdi atam? Deyirdi ki, bir ailə içində hamı başbilən, müdrik ola bilməz. Müdriklik nəsildə birinə verilir. Gərək o bir adam üzərinə düşən yükün məsuliyyətini dərk edib onu çəkə. Atam deyirdi ki, valideyinin övladdan umacağı yoxdu, deyənlər yanılır. Övlad qoldan tutandı, atanı ananı son mənzilə çiynində aparandı, bundan böyük umacaq olar?

- Orta məktəb illərini unutmamısan ki?

- Bu sualı bayaqdan gözləyirdim. 1969-cu il idi. Şuşa şəhər 1 saylı orta məktəbinin 10-cu sinifində oxuyurdum. Söhbətimizin hansısa məqamında Riyaziyyat fənnindən yüksək qiymət aldığımı demişdim. Bu, ömrüm boyu hörmət və ehtiram bəslədiyim, əslən Ağsudan olan Rüstəm müəllimi ciddi narahat edirdi. Mənə şeir yazmaqla bir yana çıxa bilməyəcəyimi deyir, bir nəticə hasil olmayanda buraxılış imtahanında mənə zərrə qədər kömək etməyəcəyini xatırladırdı. Oğlu Adillə yaxın münasibətimizi bilsə də, güzəştə getməyəcəyini kəsdirmişdim.

Nəhayət, buraxılış imtahanlarının vaxtı mənim arzulamadığım sürətlə gəlib çatdı. Riyaziyyat fənnindən imtahana girmişdik. Sinifimizdə Vaqif adlı Xomeyni ləqəbli şagirdlə dostluq etdiyimiz üçün bütün ümidlərimi ona bağlamış, bədəbəd ayağında bir-iki sualın cavabını ondan köçürəcəyimə axrayın düşmüşdüm. Dərs ilinin əvvəlindən Xomeyni ilə eyni partada oturmağımız da belə bir fikrə düşməyimə məndə əsas yaratmışdı.

Biz adətimiz üzrə, eyni partada yanaşı oturmuşduq. Rüstəm Zeynalov içəri girən kimi gözü bizim partaya sataşdı və Xomeyniyə xəbərdarlıq etdi:

- Əliyə kömək etsən, yaxud səndən köçürməsinə imkan versən, yaxşı qiymət əvəzinə qulağının dibini görərsən.

Beləcə, Rüstəm müəllim küncünə ştanp vurulmuş dama-dama dəftər vərəqlərini şagirdlərə payladı. Ümidimi Şuşada çox məşhur riyaziyyat müəllimi Vəli Əliyevlə bağlasam da, o, gəlib çıxmaq bilmirdi. Suallara göz gəzdirdim. Üç sualın biri misal həlli, digəri fizikadan, başqa biri isə həndəsən idi. Bədbəxtlikdən bu andır üç sualın üçü də mənə qaranlıq dünyanı xatırlatdı. Rüstəm müəllim hamını unudub nəzərini məndən kəsmirdi. Hərdən də şagirləri tələsdirir, beş-on dəqiqəyə imtahan vərəqələrini yığışdıracağını söyləyirdi.

Nədənsə, gözüm həndəsədən olan sualı yedi və ağ vərəqi boş qaytarmamaq qərarına gəldim, ora bu sətrləri yazdım:

Düşdü yenə üçbucağın söhbəti,

Katetlərin hipetonuza nisbəti,

Kim götürər belə ağır töhməti

Hamı verib bir ağızdan səs-səsə,

Salıb məni bax bu günə həndəsə.

Rüstəm müəllim mənə yaxınlaşmamış onun tənələrini eşitməmək üçün imtahan otağından çıxmaq istəsəm də, bacarmadım. Yaşının çox olmasına baxmayaraq, üstümə qırğı kimi şığayıb, imtahan listini cəldliklə götürüb otaqdan çıxdı. Beş dəqiqə keçməmiş məktəbin direktoru Mərdan Əliyev də daxil olmaqla müəllimlər otağında olanların hamısı imtahan otağına girdi. Xəcalətdən pörtmüş və tərləmişdim. Rüstəm müəllim eynəyini taxsa da əsəbdən əlləri əsdi və bir bəndlik şeiri oxuya bilmədi. Ədəbiyyat müəllimimiz Əbülfət Tağıyev sanki hamıya acıq verirmiş kimi şeiri yüksək tonla oxudu. Rayon Xalq Maarif Şöbəsinin imtahana təhkim olunmuş nümayəndəsindən tutmuş məktəbin direktoruna qədər hamı qəhqəhə ilə güldü. Deyəsən, Rüstəm müəllimin özü də gülməyini gizlətməyə çalışmadı...

Şuşada hamının hörmət və ehtiramını qazanmış direktorumuz Mərdan Əliyev müəllimlərin elliyini otağına dəvət etdi. Az keçməmiş riyaziyyat müəllimimiz Vəli Əliyev əlində qət təzə imtahan vərəqini mənə göstərib qonşu otağa çağırdı...

-Özünə həyat kredosu seçdiyin kimsə varmı?

- Özümdən beş yaş böyük qardaşım Əliş müəllimi valideynlərimdən və Allahımdan sonra ən böyük, müqəddəs varlıq və ilk müəllimim bilmişəm. Həyatım boyunca mənə bəs edəcək ibrət dərslərimi atam Əbülfətdən sonra, demək olar ki, ondan almışam. Əgər məni insaflı, ədalətli birisi kimi az-çox tanıyırlarsa, buna görə də Əlişə borcluyam. Vətən sərhədlərini kiçildən, daraldan müqavilələrdən, Təbriz, Ərdəbil, Göyçə, Borçalı, Dəmirqapı Dərbənd müsibətlərindən haliyəmsə, Qarabağ faciələrində sinəmə çalın-çarpaz dağ çəkilibsə, Əliş bunların hamısı barədə həyəcan təbili çalırdı. Heyhat, bütün bu sayaq boyunduruqlardan boynumuzu azad edə bilməmişiksə, doğma yurd-yuvamıza qayıda bilmiriksə, daha hansı müəllimlərimi yada salım? Axı sonrakı müəllimlərimdən Bəxtiyar Vahabzadə də, Xəlil Rza da dünyamızla nigaran vidalaşdılar.

Mənə dərs deyən müəllimlərimin hamısını həyat kredomu müəyyənləşdirən şəxsiyyətlər kimi xatırlayıram. Xankəndindəki Nizami adına orta məktəbdə Eldar, Xavər, Cəmil, Sabir, Müşkulat kimi müəllimləri unutmaqmı olar?! Ali təhsil illərində isə Bəxtiyar Vahabzadə, Mir Cəlal, Qulu Xəlilov, Cəlal Allahverdiyev, Ağa Laçınlı kimi insanları xatırlamamaq mümkün deyil. Amma elmi kommunizm fənnini tədris edən Çimnaz müəllimi istəsəm belə, xoş məramla xatırlaya bilmirəm. Azərbaycan Dövlət Universitetində oxuduğum dövrdə bir çox qəzet və jurnallarda şeirlərim çap olunurdu. Özüm də "Şuşa qəzetində məsul katib, redaktor müavini vəzifələrində çalışırdım. Di gəl ki, elmi kommunizm fənni və Çimnaz xanım universitet həyatıma son qoydu.

- Səndə belə ağıryanalığın, təmkinin, üzügülərliyin, xeyirxahlığın, zəhmətkeşliyin... və nəhayət, müdrikliyin meydana çıxmasında uşaqlıq və yeniyetməlik bazasının rolu neçə faiz ola bilər? Bəlkə bu keyfiyyətlərə yaşın sonrakı mərhələsində şüurlu surətdə nail olmusan?

- Sadaladığımız bu keyfiyyətləri əxz eləməyi heç kim qarşısına məqsəd qoymur. Bütün bunlar mənsub olduğun nəslin ruhu, qanı ilə sənə ötürülür. Sonrakı dövrdə ailədə gördüklərimdən, məndən böyüklərin hansı insanlarla oturub-durmağından, səni əhatə edən, mənsub olduğun cəmiyyətin hansı amalları özünə həyat tərzi seçməsindən də çox şey asılıdır. Orta məktəbdə İsmayıl adlı tarix müəllimim vardı. İllər sonra qismət elə gətirdi ki, mən qəzetdə, o isə rayon Partiya Komitəsində çalışdı. Biz eyni binada, fərqli mərtəbələrdə otururduq. Dostluğumuz davam etsə də, aramızdakı yaş fərqi 25-dən də artıq idi. Bəzi məsələlərdə mübahisəmiz olurdu. Amma əksər vaxtlarda onun mənə güzəşti sayəsində eyni məxrəcə gəlirdik. Söhbətimizin birində mənə hansı səbəbdən güzəştə getdiyini soruşdum. Cavabı qısa oldu: "Ağsaqqalın borcu bütün məsələlərdə özünün zərərinə hərəkət etməkdir”. Belə düşüncə daşıyıcısı olan əsl insanların mühitində doğulub böyümək xoşbəxt alın yazısıdır.

- Gənclik illərində, yeniyetməlik, uşaqlıq vaxtı valideynlərinə, ətrafına, içində mövcud olduğun mühitə hirs püskürdüyün vaxtlar olubmu? Guya səin haqqını vermirlər, guya bundan daha yaxşısına layiqsən...

- Bilmirəm başqa ailələrdə necə olub, bizim ailəmizdə haqlı, söz sahibi, hamımızdan ağıllı atamızı və anamızı bilmişik. Mənim fikrimcə, bu, nə köhnə fikirlilikdi, nə də mütilik. Bəzi başqa ailələrdə dava-dalaş, gərəksiz mübahisələr, evdən küsüb getmələr - nəticədə hüquq-mühafizə orqanlarının ailə məsələlərinə müdaxiləsi... bəlkə bunlar az olur?

Bizim ailədə qorxduğumuz, çəkindiyimiz anamızın incik görkəmi, atamızın sərt baxışları və bir də kəndimizin ağsaqqallarının, ağbirçəklərinin, müəllimlərimizin, bizimlə bağlı valideynlərimizə çata biləcək giley-güzarı, ictimai qınaq məsələsi olub. Bu gün biz Qarabağ adlı müqəddəs torpağımızın böyük bir hissəsini - Ağdamı, Şuşanı, Kəlbəcəri, Füzulini, Cəbrayılı, Zəngilanı, Xocalını, Laçını, Xocavəndi və yüzlərlə şəhər, qəsəbə, kəndlərimizi tam, yxud qismən itirməklə bərabər, erməni faşistlərinin törətdiyi vəhşiliklər nəticəsində maddi-mənəvi dəyərlərimizə hələ uzun illər sağalda bilməyəcəyimiz zərbələr dəyib. Təsəvvürünüzə gətirin, təkcə mənim doğma kəndlərim – Piçənisimdən, Xocalımdan, Fərraşımdan, Meşəlimdən vəhşiliklə, silah gücünə didərgin salınan doğmalarımın, əzizlərimin hamısı eyni yerdəmi məskunlaşıblar? Elələri var ki, onların bu gün yaşadığı, məskunlaşdığı şəhər və kəndlərdə bir nəfər də olsun həmkəndlisi, qohum-əqrəbası yoxdu. Bu şəraitdə böyüyən cavanlar hansı qınaq hissindən, hansı el-oba məzəmmətindən çəkinər?!

Çox şükürlər ki, indiyə kimi ellilərim tərəfindən hansısa bir baş töhmətinə rast gəlməmişəm. Amma hər zaman, hər yerdə beləmi olur? Əlbəttə, xoşagəlməz söz-söhbətlər də yox səviyyəsində deyil. Biz Qarabağımızı prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində, onun ali baş komandan kimi son döyüş əmri ilə qısa müddətdə yağı tapdağından azad edəcəyik. Ancaq görək o qarabağlı ağayanlığının, sözübütövlüyünün, gözütoxluğunun, əxlaqi dəyərlərimizin keşiyini əvvəlki kimi çəkə biləcəyikmi?

Axı indiki dövrdə bəzi kütləvi informasiya vasitələri xarici havadarlarının verdiyi tulapayı qrantların əvəzi kimi gənc nəslin tərbiyəsinə erməni xislətilə zərbə vururlar. Bu və ya buna bənzər məsələlərin açdığı yaraları sağaltmaq heç də asan olmayacaq.

Dədələrimizin yerində dedikləri misal var: "Utanmasan, oynamağa nə var ki?”... Ekranlarda sinələrini, yanlarını, yanbızlarını açıb tamaşçılara nümayiş etdirənlərə, bir tərəfdən də xalqa qeyrət-namus dərsləri keçmək eşqinə düşürlərə lap içimdə də olsa, həmişə onlara nifrət bəsləmişən. Hələ tam korlanmayanları düz yola çağırmışam.

Meyarım budur; azərbaycanlı analardan övladlarına əxlaqi dəyərlər, qeyrət-namus kimi müqəddəs hisslər, ailə ənənələri, atalardan isə yurd-torpaq uğrunda sinələrini sipər etməyi bacaran oğullar böyütmək, yaradıb qurduqları qalalar, qəsrlər, şəhərlər, kəndlər, kitabxanalar, dünyəvi mədəniyyət, ev-eşik qalar. Dədəmin dediyi kimi, erməni rəzillikdə, çörəyi dizinin üstdə olan, qadın və qızları dünyaya əxlaqsızlıq kimi qorxulu xəstəlik yayan və bu kimi qorxulu bəlaları Eçmiədzindəki saqqalı, sinəsi xaçlı keşişlərin təşkilatçısı olmalarından qürur duyan mənfur bir millət yoxdur. Nə qədər ki, qolumuzda qüvvət, dizimizdə təpər, qanımızda qeyrət var, o murdarlarla hesablaşmalıyıq.

- Ali təhsil illəri yadında necə qalıb? Deyəsən, qiyabi oxumusan?

- Ali məktəbin birini - indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsini yarımçıq qoymuşam. Bayaq səbəbini dedim: Mənfur "Elmi kommunuzm”... Fənnin adına fikir ver ey, mən ölüm... Başıma o "müsibət” gələndən sonra N. Tusi adına Azərbaycan Pedaqoji İnstitututnun Azərbaycan dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. Burada da qismətimə yaxşı müəllimlər çıxıb. Filologiya elmləri doktorları Nazim Axundov, Xasay Cabbarov, Ənvər Əhməd, Raqub Kərimov və başqaları...

- Bəs ilk iş gününüzü necə xatırlayırsınız?

- Hərbi xidmətimi başa vurub Bakıya gəldiyim gün sırf təsadüf nəticəsində hələ orta məktəb illərindən yaxından tanıdığım Xəlil Rza Ulutürk və Söhrab Tahirlə görüşdüm. Əsgərlik illərimdə "Azərbaycan gəncləri” qəzetində və digər mətbuat orqanlarında çap olunmuş şeirlərimi hər ikisi oxuyub bəyənmişdi. Xəlil Rza əl çantasından kağız-qələm çıxarıb nəsə yazdı və mənə verib dedi: "Əli bəy, sənin şeirlərində insan, təbiət məsələləri həmişə diqqətimi çəkib. Bakıda çox qalma, hamımızın dostu, ədəbiyyata, ziyalılığa böyük dəyər verən Qəşəm Aslanov Şuşa Rayon Partiya Komitəsinə birinci katib seçilib. Bu kağızı apar ver ona. Sənin əsgərlikdən göndərdiyin və onun redaktoru olduğu "Azərbaycan gəncləri” qəzetində çap etdiyi "El köçüb dağlardan şeirini xüsusilə yadına sal.

Söhrab Tahir həmin şeiri oxumağı xahiş etdi. Hava soyuq olsa da, tərlədim və həmin şeiri oxudum:

El köçüb dağlardan, dağın sinəsi,

Elə bil çal-çarpaz dağlanıb yenə.

Elatı dağlara aparan yollar,

Novruz gününədək bağlanıb yenə.

Təzə güzdək qalxıb arxac yerində,

Əmlik hasarları sökülməyibdi.

Deyirəm, nə yaxşı qəribsəməkdən

Dağların qaməti bükülməyibdi.

Pələng qayası da pələngə dönüb,

Zirvənin dodağı cadar-cadardı.

Zirvə dözəmməzmiş bu tənhalığa,

Yaxşı ki, zirvənin qartalı vardı.

Yenə Səsli qaya səs verir mənə,

Yenə Eyvazlıda kəklik səsi var.

Sazımı çaldım ki, dağ darıxmasın,

Gördüm ki, yenə də təklik səsi var.

Yollar elə bil ki, həsrətli qalıb,

Dəli bir kəhərin ayaq səsinə.

Yollar oğulların yolunu gözlər,

Yollar nəsillərin yolunu gözlər.

Yollar göz dikibdi dağ zirvəsinə.

-Deməli, Xəlil Rzanın məktubunu da götürüb gəldin Şuşaya?

- Elədi, rəhmətlik Qəşəm Aslanovla ilk görüşümüz 1973-cü ilin mart ayının üçündə, səhər saat 10-da oldu. Xəlil Rzanın iki-üç cümləlik məktubunu oxudu və eynəyinin üstündən məni təkrar süzdü. Mən məktubdaki o iki cümləni daxilimdə yenidən təkrarladım. "Qəşəm, Əlini sən məndən daha yaxşı tanımısan. Bir neçə şeirini də "Azərbaycan gəncləri”ndə çap etmisən. İşsiz qalmasa yaxşıdı

Qəşəm Aslanov daha heç nə soruşmadı, sağ tərəfindəki qrımızı telefonun dəstəyini qaldırdı və kiməsə, vaxtın varsa, bura düş, -dedi.

Selektordan hələ orta məktəb illərindən tanıdığım, "Şuşa qəzetinin redaktoru, tanınmış jurnalist və dəyərli şeirlər müəllifi İsrafil Əbilovun səsi yüksəldi: "Eşidirəm, yoldaş Aslanov, bu dəqiqə”- deyə cavab verdi və yəqin ki, birinci katibin otağına tələsdi.

Qəşəm müəllim İsrafili sualla qarşıladı:

- Bu cavan oğlanı tanıyırsanmı?

İsrafil tərəddüd etmədən cavab verdi:

- Bəli, Qəşəm müəllim, Əli Şuşa 1 nömrəli orta məktəbi bitirib. Hələ 9-10-cu siniflərdə oxuyarkən şeirlərini və kiçik məqalələrini çap etmişik.

- Onda birlikdə redaksiyaya qalxın, ədəbi işçi vəzifəsinə əmrini ver və kollektivə təqdim et. Qoy, sabahdan bax belə hərbi geyimdə işə başlasın.

Bax belə, Vaqif müəllim, orta təhsillə Şuşanın ən gənc müxbiri oldum və iş günüm ömrümün ən qızğın, ən ciddi imtahanı kimi yaddaşıma əbədi həkk yazıldı.

- Bir qədər geriyə dönək... Nə zaman hiss etdin ki, sən gerçəkli qələm adamısan?

- Orta məktəbin 9-cu sinifində oxuyurdum. Məktəbimizdə güclü ədəbiyyat müəllimləri dərs deyirdi. Ədəbiyyat kabinetinin tərtibatı və burada keçirilən tədbirlərin təşkili bir növ mənə tapşırılmışdı. İstedadlı şagirdlərdən Hamlet Cavadov, Zöhrə Cəfərova, Əyyub Şırlanlı, Allahverdi Babayev, Nizami Fətəliyev müxtəlif siniflərdə oxusalar da, vaxtaşırı bu kabinetə toplaşır, yeni şeirlərini oxuyur, özümüzəməxsus tərzdə müzakirə edirdik. Hər həftənin bazar günləri isə "Şuşa qəzetinin redaktoru İsrafil Əbilovun rəhbərlik etdiyi "Qönçələr” ədəbi birliyində daha ciddi müzakirələrin şahidi olur, bəyənilən nümunələr "Şuşanın səhifələrində oxuculara təqdim edilirdi.

Bu müzakirələrdə şəhərin tanınmış ədəbiyyat müəllimləri Mustafa Fətəliyev, Sabir Zeynalov (ləqəbi kəllə Sabir), Həbib Allahverdiyev, Bəylər Əliyev, Namiq Babayev və başqaları yaxından iştirak edir, gənclərə doğru yol göstərir, qədim diyarın ötən əsrlərdən başlamış ədəbi ənənələrinə hörmət və ehtiram göstərməyi, layiqli davamçılar olmağı tövsiyyə edirdilər.

Sonralar bu ədəbi birlik məşhur tədqiqatçı Vasif Quliyevin təklifi ilə "Vaqif çeşməsi” adı və mənim rəhbərliyimlə fəaliyyətini davam etdirdi. Sonralar Vasif Quliyevin və mənim təşəbbüsümlə "Qönçələr” və "Vaqif çeşməsi” adlı iki almanax ardıcıl şəkildə işıq üzü gördü. Həmin almanaxlarda tanınmış şairlər - Xankəndindən, Şuşadan və ətraf kəndlərdən Arif Əliyevin, Ələmdar Quluzadənin, Allahyar Xocalının, mənim, Əyyub Şırlanlının, Hamlet Cavadovun, Qasım Qırxqızlının, Kərim Kərimlinin, İsa Əvəzoğlunun, Nizami Şəminin, Allahverdi Babayevin və başqalarının xeyli şeiri işıq üzü gördü. Doğrudur, həmin dövrlərdə "Yazıçı, "Gənclik” nəşriyyatları daha çox Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan erməni ədiblərinə diqqətlə yanaşmaqla, onların kitablarını səxavətlə nəşr edirdilər. Həmin dövrdə bizim "Vaqif çeşməsi”nə Tofiq Bayram, Xəlil Rza, Söhrab Tahir, Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Məmməd Araz, Cabir Novruz, Nəriman Həsənzadə daha çox diqqət göstərdilər. Əzizim Vaqif müəllim, indi mənə sual verib soruşursan: nə zaman hiss etdin ki, sən gerçəkli qələm adamısan?

- Hər halda, ciddi sıçrayışlar üçün səbəblər həmişə olur...

- Açığını deyim ki, həmişə irəliyə baxmağı xoşlasam da, geriyə boylanmağı da unutmuram. 1968-ci il mənim üçün çox müqəddəs və unudulmazdır. Bilirsiniz ki, Şuşanın yay ayları çox qələbəlik olurdu. Yazıçı və şairlərimiz, tanınmış müğənni və aktyorlarımız, elm, bilik adamlarımız Şuşanın əziz qonaqları kimi qarşılanırdılar. Xan Şuşuniskinin, böyük bəstəkar Süleyman Ələsgərovun Şuşanın axar-baxarlı yerlərində ikimərtəbəli evləri vardı. SSRİ xalq artisti Mehdi Məmmədov, maestro Niyazi "Şuşa sanatoriyasında rahatlıq tapırdılar. Dünyaca məşhurlardan Xudu Məmmədovun, xalq şairləri Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, xalq rəssamı, tanınmış xalçaçı Lətif Kərimovun, ziyalılıq nümunəsi ağdamlı Zeynal Məmmədovun, musiqişünas Firudin Şuşinskinin çay süfrəsi ətrafındakı söhbətlərinin iştirakçısı olmaq xoşbəxtliyi heç də hamıya qismət deyildi. Bu məclislərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni rəhbərlərinin Azərbaycanın şöhrət, qeyrət tacına, musiqi beşiyinə yönəlik tülkü bicliyi ilə yeritdikləri siyasət ziyalılarımızıbərk narahat edirdi. Yeganə təsəlli Ulu Öndər Heydər Əliyevin təşəbbüsüylə Şuşa şəhərində kurort kompleksinin inkişaf etdirilməsi haqqında Azərbaycan KP MK-nin və Respublika Nazirlər Sovetinin qəbul etdiyi qərarın icrasının tezləşdirilməsinə bəslənilən ümidlər idi...

Deyəsən, mətləbdən xeyli uzaqlaşdım. İcazənizlə yenə uzaq 1968-ci ilə qayıdaq. Şuşanın toylu-büsatlı, qonaq-qaralı günləri yeni başlamışdı. Şəhərin 400 nəfərlik mədəniyyət evində Məmməd İbrahim (Məmməd Araz) və Cabir Novruzla görüş keçiriləcəyi xəbəri məktəbimizdə xüsusi bir sevinclə qarşılandı. Tənəffüsdə sinif rəhbərimiz məni müəllimlər otağına çağırdı. Direktorumuz Mərdan Əliyev, coğrafiya müəllimimiz Fazil Zeynalov, dil-ədəbiyyat müəllimlərimiz Əbülfət Tağıyev və Gülarə Məmmədova, tarix müəllimimiz İsmayıl İsmayılov, riyaziyyat müəllimimiz Vəli Əliyev də burada idi. Bayaq söyləmişdim, riyaziyyat fənninə ciddi yanaşmasam da, Vəli müəllim məni hər zaman müdafiə edir, "bu uşağın şeirləri qəzetlərdə çap olunur, sizdən xahiş edirəm, gəlin ona mane olmayaq, yolundan döndərməyək” - deyirdi.

Doğrudur, müəllimin şagirdi barədə, özü də məktəbin əksər müəllimlərinin yanında belə tərzdə danışması, yəqin ki, heç də hamıya xoş gəlməzdi. Lakin tarix müəllimimiz İsmayıl müəllim üzünü direktor Mərdan Əliyevə tutaraq dedi, gəlin, vaxtı qabaqlamayaq, bugünkü görüşdə Əliyə də söz veriləcək. Ona icazə versəniz, orada oxuyacağı şeiri bir də nəzərdən keçirsin, yaxşı-yaxşı əzbərləsin.

Mərdan müəllimin son sözü belə oldu:

-Get hazırlaş, inanıram ki, məktəbimizin adına xoş sözlər dedirdəcəksən...

Əgər yaddaşım aldatmırsa, poeziya gecəsini "Şuşa qəzetinin redaktoru İsrafil Əbilov aparırdı. O, Şuşa ədəbi mühitindən, hər iki şairin zəngin yaradıcılığından ətraflı söhbət açaraq ilk sözü Məmməd Araza verdi. Şair özünəməxsus ləngərli yerişilə tribunaya yaxınlaşdı. Şuşalılara olan hörmət və ehtiramdan yaranan səmimiyyət işığı simasına yayıldı və Şuşanın ilahi təbiətinə, müdrik insanlarına həsr etdiyi bir neçə şeirini oxudu. Zaldakılar onu ayaq üstə alqışladı və beləliklə, tribunadan kənarlaşmasına imkan vermədilər. Ondan daha bir neçə şeir oxumasını xahiş etdilər.

Şeir-sənət xridarı olan şuşalılar Cabir Novruza da eyni hörmət və ehtiram göstərərk alqışladılar, Şuşa, Qarabağa həsr etdiyi şeirləri diqqətlə dinlədilər.

İsrafil müəllim üzünü Bakıdan gəlmiş qonaqlara tutaraq, icazə versəniz, indi də sözü bizim gənc şairimizə, Şuşa Şəhər 1 nömrəli orta məktəbin 9-cu sinif şagirdi Əli Mahmudova verərdim. Məmməd Araz və Cabir Novruz diqqətlə zala baxdılar. Mən görkəmli şairlərin sınağından çıxa, məktəbimizin direktoru Mərdan müəllimin tapşırığını yerinə yetirə biləcəyim, ya bilməyəcəyim barədə fikirləşə-fikirləşə inamsız addımlarla tribunaya qalxdım.

-Əli müəllim, əgər yadında qalıbsa, ustadlarımız qarşısında söylədiyin o şeiri indi burda ikilikdə demək istərdinmi, yoxsa Mərdəkanın havası qızmaq bilmir, bəlkə təsiri oldu...

- Çətin ki, havanı qızdıra, amma, söylə deyirsən, söyləyim.

Xalı düşüb yadıma,

Anam toxuyan xalı.

Çəmən kimi bəzəkli,

Ətir qoxuyan xalı.

Gülüm, öz əllərinlə,

Mənə bir xalı toxu.

Ərişlərin üstündə

Göyçə mahalı toxu,

Qazax mahalı toxu.

Çeşnisini deyərəm:

Qılınc, qalxan, tar, qaval,

"Cəngi”, "Yallı, oyunu,

Bir də qayada qartal,

Arğacları keç, toxu,

Rənglərini seç, toxu.

Elə toxu ki, onun

Hər ilməsi qərinə,

Dönəmi əsr olsun.

Elə etmə çeşnidə

Keçmişdən kəsir olsun.

Xalı düşüb yadıma,

Anam toxuyan xalı.

Çəmən kimi bəzəkli,

Ətir qoxuyan xalı.

Anam düşüb yadıma,

Gözümə getməz yuxu.

Ay anamın gəlini,

Mənə bir xalı toxu,

Mənə bir xalı toxu.

Şeiri bitirən kimi Məmməd müəllim ayağa durub mənə yaxınlaşdı və qolumdan tutub yanındakı boş stulda oturtdu. Heç kimin eşidiyə bilməyəcəyi bir səslə: "Qaç evinizə, bax elə bu "Xalı düşüb yadıma şeirini köçür bir vərəqə, şəklinlə birgə gətir ver mənə”,- dedi.

Məmməd müəllim nə biləydi ki, mənim Şuşada qalacaq yerim 1 nömrəli məktəbin yataqxana adıyla Malıbəyli, Quşçular, Xəlfəli, Xocalı, Meşəli Kosolar kəndlərindən gəlmiş 9-10-cu sinfi şagirdləri üçün ayırdığı ikimərtəbəli evin birinci mərtəbəsindəki otaqlardı.

Mətləbdən uzaq düşməyək. Məmməd müəllimin tapşırığını vaxtında yerinə yetirə bildim. Həmin gündən sonra nigarançılığım uzun çəkmədi, şeirimi və şəklimi "Ulduz” jurnalının 8-ci sayında görəndə sevincimin həddi-hüdudu olmadı. Bax, həmin gün anladım ki, gedəcəyim yol şeir yolu, poeziya yoludur. Ona qədər "Şuşa qəzetində məsul katib işləyən, şuşalıların şair kimi müraciət etdiyi İsa Şuşalının sifarişi ilə yazdıqlarım çap olunurdu.

- Demək, böyük mətbuata yolun 9-cu sinifdə oxuyanda açıldı... Məmməd Arazla, Cabir məllimlə ikinci dəfə nə zaman görüşdün?

- Elə ora gəlirəm... Gözümü açandan qapımızda həmişə çoxlu qoyun-quzu, mal, camış görmüşəm. Bu səbəbdən, hər yaz-yay aylarında sürümüzü və naxırımızı qədim Azərbaycan torpaqları olan Səfollar istisuyunun axar-baxarlı Murad təpəsinə, Layla bulağına, Arpa çayının sağ və sol sahillərinə, hər addımbaşı coşub-çağlayan Yüzbulaqdakı yurd yerlərimizə gətirir, mal-dövlətimizi bəsləyib kökəldirdik. Rəhmətlik anam isə qış ruzimiz üçün axtarma pendir motalları tutur, toxuyacağı xalı-xalçaların əric-ağacının minbir rəngə çalan allı-güllü iplərini yumaqlara sarıyıb alaçığımızın nəmişlikdən uzaq küncündə çinləyərdi. Külfətimiz çox olduğu üçün rəhmətlik dədəm Muxuru adlandırılan, boyu 9, eni 6 metr olan, yanları çətənlə, üstü qoyun-dəvə yunundan döyülüb düzəldilmiş keçə ilə örtülmüş alaçığımız istini, soyuğu yaxşı tənzimləyirdi. Muxru alaçığımız həmişə qonaq-qaralı olardı. Dədəm gələn qonaqlarla hal-əhval tutduqdan sonra doğma dağların insanlara necə arxa-kömək olmağından, onlarla sirdaşlıq etdiyindən danışar, bu dağları yeddi babasının biri-birinə əmanət etməsindən, gələcək nəsillərimizə eyni müqəddəsliyində çatdırmağı vəsiyyət etmələrindən iftixarla danışardı. Bax, elə bu səbəbdən də hər yay Alagölləri, Soltanheydəri, Göyçə gölümüzü, Qarakeşdi dağımızı ziyarətə gəlirdik.

1968-ci il Quyruqdondu ərəfəsində dədəm məni yanına çağırıb dedi ki, sənin şəklini, şeirini jurnalda çap edən şairlərin, Məmməd İbrahimin, Cabir Novruzun yanında xəcalətli qaldıq. İstəyirəm bir balaca pay-püşlə səni Bakıya göndərim. İstəsən, elə özüm də səninlə onların görüşünə gedərəm. Tərəddüd etsəm də, dədəm heç vaxt dediyi sözün nəticəsiz qalmasını istəməzdi. Nəhayət, üç gün sonra məni Meşəlidən 10 km aralıda yerləşən sısqa dağ çayının sol sahilində ermənilərin, sağ sahilində bizim qohum-əqrəbamız olan azərbaycanlıların yaşadığı Daşbulaq kəndindən birbaşa Bakıya gedən avtobusla paytaxta yola saldılar...

"Ulduz” jurnalının redaksiyasına güorta saatalrında çatdım. Gətirdiyim sovqatları içəri daşımaq istəsəm də, cavan bir oğlan qolumdan yapışıb, gözlə, Məmməd müəllim indilərdə gələcək,- dedi. Məmməd müəllim mənimlə köhnə tanışlar, dostlar kimi görüşdü, amma suallarını da gecikdirmədi, yarı zarafat, yarı ciddi dedi:

-Əli, artıq sən bizim şair həmkarımızsan. Düzünü de görüm, bunları kimin sifarişi ilə gətirmisən?

Cavab verməyə çətinlik çəksəm də, özümü zorla toparladım:

- Bunalrı dədəm "Ulduz” jurnalının işçilərinə, əsas da Cabir Novruza və sizə göndərib.

Məmməd müəllim bayaq məni qarşılayan oğlana bağlamaları açmağı tapşırdı. Mən, özüm açaram deyib, əvvəlcə 10 litirlik palıd çəlləkdəki tut arağını göstərdim və bu, tut arağıdır, -dedim.

Hamının eyni vaxtda qəhqəhə çəkməsindən pərt oldum. Məmməd müəllim məni vəziyyətdən çıxarmaq üçün rəhmətlik Tofiq Bayramı göstərdi.

- Tofiqin Şuşada yaxşı dostları var, yəqin ki, Kəllə Sabirin işi olar, o göndərib, - dedi.

Sonra cunaya bükülmüş qarabağı əmlik quzu cəmdəyini çıxartdım. Yenə Məmməd müəllim gözləmədiyim başqa bir sual verdi:

- Şair dostumuz, Bakıda kimin-kimsənən var?

Cavab verdim ki, xalam var. Zavağzalnıda yaşayır.

Məmməd müəllim daha ciddi bir tərzdə əlavə elədi:

- Quzunu və motalı xalangilə apararsan.

Özümdə cəsarət tapıb:

- Bəs dədəmə nə cavab verim, - dedim.

- Deyərsən ki, şəxsən Məmməd müəllimin özünə verdim. İndi gətirdiyin bu şan balıyla, sənin iştirakınla pürrəngi çay içərik. Tut arağının taleyini isə Tofiq Bayrama tapşırıram...

Sonralar "Şuşa qəzetində işlədiyim uzun illər ərzində görkəmli şairimiz Tofiq Bayram hər dəfə dağlar diyarına gələndə Sabir müəllimlə görüşər, sonra üçümüz birlikdə "Güllü bağda çay içərdik. Hər dəfə eyni zarafatını təkrarlayardı: Ay Sabir, bu Əli ki var, çox etibarlı oğlandı. 1968-ci ildə mənə göndərdiyin palıd çələkdəki tut arağını böyükdən kiçiyə hamının yanında "Ulduz jurnalının redaksiyasında mənə çatdırdı. Hər görüşəndə ondan bu məzəli söhbətinə bir düzəliş etmək istəyimə mane olur, sən ki, pislik etməmisən, - deyərdi.

- Mənə Şuşa haqqında danış... Sənin Şuşan haqqında....

- Ömrümün ən yetik çağlarından, bu şəhərin çalçağırlı günlərindən, tarixi şəxsiyyətlərindən, əsrarəngiz təbiətindən, saysız-hesabsız abidələrindən, ağsaqqal-ağbirçək baba və nənələrdən 18 il sərasər yazsam da, oraların vəsfindən doymamışam. Bu müqəddəs şəhərin tərənnümünü misralarımda canlandıranda belə, yenə qələmi yerə qoymamışam. "Şuşa şeirimdə deyirəm ki:

Şuşa şəhərlərin baş şəhəriydi,

Yaddaş şəhəriydi, daş şəhəriydi.

Günəş güllərini öpürdü onda,

Ulduzlar şehini səpirdi onda.

Qoynuna sıxmışdı qala qolları,

Bağlıydı yağıya, yada yolları.

Həya pərdəsiydi dumanı, çəni,

Nuhun gəmisiydi, dağlar yelkəni.

O Qızıl qayası, səs qülləsiydi,

Allahın sonuncu möcüzəsiydi.

Tanrıya çələnglər hörmək olardı,

Ordan yer kürəsin görmək olardı.

Bağrıqan bir müdrik qoca kimiydi,

Bu şəhər fələkdən uca kimiydi.

Zirvələr qoynunda nazlı bir sona,

Dağlar laylasını çalırdı ona.

Zakirlə Natəvan sözüydü onun,

Xarı bülbül gülü üzüydü onun.

Koroğlu nərəsi daşlarda idi,

Üzeyir nəğməsi daşlarda idi.

Xanın zənguləsi göylər üzündə,

Köhlənlər kişnərdi Cıdır düzündə.

Şuşa şəhərlərin baş şəhəriydi,

Yaddaş şəhəriydi, daş şəhəriydi.

Şuşada yaşadığım iyirmi il ərzində heç vaxt hava bürosunun məlumatını izləməmişəm. Bağrıqan dağının üstündə bir əlçim bulud görünəndə, bilirdim ki, ən geci bir-iki saatdan sonra, 10-15 dəqiqə ərzində leysan yağış şəhərin qranit daşlar düzülmüş yollarını, səki və cığırlarını, ağappaq ağardacaq, Topxanadakı, Cıdır düzündəki, Kirs və Sarıbaba dağalrının yamaclarındakı minbir rəngli, ətirli çiçəklərinin xoş rayihəsini Şuşaya yayacaq. Həmin qısa müddətli ağ yağış Yer kürəsinin heç bir dağında tapılmayan, duyulmayan məstedici bir ətri ətrafa yayacaq, uzaq-uzaq ellərdən gələn insanların hər birində xoş əhval-ruhiyyə yaradacaq.

Mən Şuşada dilənçi, dəli görməmişəm. Bəlkə də varmış, amma dilənçisi də, dəlisi də sahibsiz deyilmiş. Şuşanın nə ərzaq mağazalarında, nə qəssab dükanında ət, yağ, çörək növbəsinin şahidi olmamışam. Bu qədim şəhərin bütün mağazalarından, dükanlarından ən böyüyünün - kitab mağazasının qarşısı həmişə qələbəlik olardı. Müxtəlif seriyalardan olan ensiklopediyaların, bədii ədəbiyyat nümunələrinin abunəçiləri köşklər önündəki növbələrdə heç kimə güzəşt etməzdilər. Bu şəhərin əksər sakinlərinin ləqəbi vardı; Dağ İsmayıl, Bal Nadir, Ağzıqara İsgəndər, Kəllə Sabir, Nemes Kamil, Qarpız İsmayıl, Pota Talıb, Motal Ağarza, Xeyir-şər İsmayıl, Mırt Abutalıb, Taksi Fərman, Qobu Xəlil, Pendir Ələkbər, Pesi Əliş, Kera Əşrəf, Kefli Bəhmən, Kefli Baxşalı, Tamada Ramiz...

Şuşa toyları bir qayda olaraq günorta saatlarında başlayardı. Hamı bir nəfər kimi saat 13:00 məclisdə öz yerini tutardı. Sağlıq demək səlahiyyətini, necə deyərlər, ağsaqqallıq titulu olanlara verirdilər. Toyun yazılmamış qanunlarından biri də ilk sağlığın müəllimlər və həkimlər barədə olmasıydı. Qadınlar üçün ya ayrıca mağar tikilər, ya da geniş və işıqlı, zövqlə bəzədilmiş otaq ayrılardı. Şuşaya Şırlan kəndindən 19 km məsafədən turşsu, mineral su xətti çəkilmişdi. Ümumittifaq əhəmiyyətli "Şuşa sanatoriyasının həyətində şəhərin tarixi binaları ilə uyarlıq təşkil edən qala və bürclərlə həmahəng olan "Turşsu qalareyası keçmiş SSRİ-nin ən uzaq diyarlarından gələn xəstələrin marağına səbəb olurdu, Şuşanın təmiz havası, saf suyu əsasən mədə-bağırsaq, asma və əsəb xəstəliklərindən əziyyət çəkənlərin ümid yerinə çevrilmişdi.

Şuşaya birinci dəfə gələn pasientlərin qarşılarına çıxan yerli sakinlərə ilk sualları "Qde zdes "vitrizvitel olurdu. Açığını deyim ki, Ağdam Şərab zavodunda istehsal edilən "Portleyin çaxırı əsasən rus qadınların sevimli içkisi, "vitrizvitel adlandırdıqları isə Cıdır düzünün büllur, saf havası idi. Rus kişilərinin isə başları "Ağdam partveynindən açılmır, əksər vaxtlarda heç otaqlarından belə bayıra çıxmırdılar.

Şuşanın əziz qonaqları sırasında Xan Şuşinskinin, Üzeyr Hacıbəyli ənənələrini şərəf və ləyaqətlə davam etdirən, dünyalarca məşhur bəstəkar Süleyman Ələsgərovun, SSRİ xalq artisti, maestro Niyazinin, SSRİ xalq artisti, böyük aktyor və rejissor Mehdi Məmmədovun, SSRİ xalq rəssamı, dünyada tayı-bərabəri olmayan məşhur xalçaçı Lətif Kərimovun, SSRİ xalq artisti, dünyanın bütün xalqlarını səsinin sehrinə salmış Rəşid Behbudovun, böyük alim Xudu Məmmədovun, Qarabağ, onun musiqi tarixini saxtalaşdırmaq istəyən ermənilərin analarını ağlar qoyan tarixçi-musiqişünas Firudin Şuşinskinin xüsusi yeri, ölçüyə gəlməz xətir-hörməti vardı. Onların vaxtaşırı Şuşanı ziyarətə gəlmələri, Dağlıq Qarabağın milliyyətcə erməni olan rəhbərlərini ciddi narahat edir, xəbislikdən yanıb-yaxılırdılar. Qismətim elə gətirmişdi ki, 1973-1990-cı illər ərzində "Şuşa qəzetində ədəbi işçi, məsul katib və redaktor müavini, eyni zamanda SSRİ Jurnalistlər İttifaqının üzvü kimi onların əksəriyyəti ilə müsahibələr aparmışam.

Xan Şuşinski ilə "Axşam üstü qoy uzaqdan adlı müsahibəmdə Şuşanın yetirdiyi musiqiçilərə təbiətin təsiri barədə verdiyim suala Xan əminin cavabı belə oldu: "Bildiyimə görə, sən əslən laçınlısan, ancaq orta məktəbi Şuşada oxumusan. Deməli, hər iki rayonun təbiətinə yaxşı bələdsən. Sən Cıdır düzünə çıx. Hiss edcəksən ki, Kirs və Sarıbaba dağlarından Daşaltı dərəsi boyunca gül-çiçək ətirli hava Əsgəran qalasına tərəf axır. "Ərimgəldi, Dovtələb tərəfdən Xəlfəli, Şırlan dərəsi boyunca Qırxqız dağının eyni cür gül-çiçək ətrili havası da Əsgəran istiqamətinə Qarqar çayı boyunca yaxınlaşır. Sonda Aran Qarabağdan hər iki dərənin sorduğu hava axınının qarşısı kəsilir. Həmin hava hər iki vadinin yaxası boyunca Şuşanın küçə və səkilərinə, döngələrinə, ev və eyvanlarına dolur. Bax, bu diyarın səslərindəki məlahət, şaqraqlıq, şirinlik belə bir möcüzənin bəhrəsidir.

Həmin gün Xan əminin muğamlarımız, ayrı-ayrı xanəndələr barədə söhbətlərini yaddaşıma ədəbilik köçürdüm. İki mərtəbəli evinin eyvanında moruq mürəbbəsi ilə içdiyim pürrəngi çayın dadını isə hələ də unutmamışam.

- Şuşayla Laçın əhalisinin oxşar və fərqli cəhətlərini müqaisə edə bilərsənmi? Laçın Azərbaycan üçün nədir? Orada nələrimiz qalıb?

- Laçın Şuşadan Qərbi Azərbaycana, Naxçıvana uzanan yolumuzun davamıdır. Oxşarlıq gözütoxluqda, ağayanalıqda, qonaqpərvərlikdədi, sözübütövlükdədi. Şuşa Azərbaycanın qədim şəhərlərindən, mədəniyyət, elm mərkəzlərindən biridir. Şuşanın 17 məhəlləsi, 17 bulağı, çox sayda müqəddəs ziyarətgahı, məscidi vardı. Laçının əsrarəngiz təbiəti, İstisu kimi şəfa qaynaqları, Turşsuyu, keybir bulaqları saysız-hesabsız idi. Qırxqız dağı bir tərəfdən Kirs, Sarıbaba dağına, digər tərəfdən Dəli dağa, İşıqlı dağına söykənərək yağılardan intiqam alacaq igidlərin yolunu gözləyir. Laçın qəbiristanlıqlarının demək olar ki, qəbirüstü daşları at, qoç heykəllərindən ibarət idi. Ağoğlan qəsri son işğal gününədək yağıların göz dağına çevrilmişdi. Laçın bizdən əvvəlki nəsillərə Ermənistan dövləti yaradılması üçün bəxş etdiyimiz Qərbi Azərbaycan ərazisindən Qarabağımıza gələn yolun "Qara qapısı adlanırdı. Ən əsası, xalqımızın, ümumiyyətlə, türk dünyasının qəddar düşməni, qulağı kəsilmiş erməni dığası Andranikin ötən əsrin əvvəllərində Laçının Zabux kəndində ordusunun sonuncu daşnak döyüşçüsünə qədər məhv edildiyi müqəddəs hərb meydanımızdır. General rütbəli daşnak dığasının tülkü hiyləgərliyilə qaçıb yalnız canını qurtara bildiyi yerdir. Xatırladım ki, bu döyüşə Qarabağın general qubernatoru, əslən Laçından olan Xosrov bəy Sultanovun kiçik qardaşı Soltan bəy rəhbərlik etmişdi. Bir sözlə, həmişə Şuşa Laçına, Laçın isə Şuşaya sipər olmuşdur.

Mir Möhsün Nəvvab erməni-müsəlman davasından bəhs edən əsərində mənim doğulduğum Laçın rayonun Piçənis kəndindən yüz atlı igidin Şuşanın Qala dərəsi kəndinə hücum edərək buradakı daşnak yuvasını darmadağın etməsini yazmışdı. Rəhmətlik Nəvvab həmin yazısında türk igidləri əvəzinə kürd igidləri yazmışdır. Məlumat üçün deyim ki, Piçənis kəndində bir nəfər belə kürd yaşamamışdır.

Şuşalılarla laçınlıları bir-birindən fərqləndirən cəhətlər var, Şuşa tarixi şəxsiyyətlərin doğulduğu, yaşadığı, Qarabağ xanlığının mərkəzidir. Laçın şəhəri istisna olmaqla Laçın rayonunun əhalisi təsərrüfat işləri, əsasən də heyvandarlıqla məşğul olub. Heç şübhə yoxdur ki, Laçının Əli Vəliyev, Süleyman Rəhimov, Hüseyn Kürdoğlu, Ağa Laçınlı kimi Azərbaycan ədəbiyyatına xüsusi rəng qatan ədibləri, digər sahələrdə çalışan alimləri, ictimai xadimləri çox olub.

Bayaq da danışdıq, Şuşa və Laçın camaatını son dərəcə güclü yumor duyğusu birləşdirir. İki misal çəkim: Şuşada ağızdan pərtov, təpədən dırnağa yumorla dolu bir faytonçu yaşayırmış. Söz altından qaçmayan, əsasən, söyüş söyməyi xoşlayan faytonçunu özündən çıxarmaq istəyən məşhur tacirlərdən biri həmin faytonçu ilə Aran Qarabağa getmək bəhanəsiylə yola çıxır. Şuşadan ayrılan kimi, tacir faytonçunu əsəbləşdirmək üçün onu nalayiq sözlərlə cızığından çıxarmaq istəyir. Faytonçu isə onun hər sözünə bircə kəlməylə cavab verir: "Az fərq edər. Tacir Xan bağına çatanda faytonçuya son sualını verir:

- Səni bu qədər incitdim, cavabın sona qədər dəyişmədi. "Az fərq edər deməklə, nəyə nail oldun?

Faytonçu cavabında:

- Sən mənə qarşı özünə yaraşmayan təhqiramiz sözlər işlədəndə "az fərq eliyər cavabımla demək istədim ki, sən bərkdən dedin, mən dodağımın altında ikiqat artıqlamasıyla cavab verdim,- deyir.

Tacir: - Hə, sən məndən də betər cavablar vermisən. Mən artıq Aran Qarabağa gedəsi olmadım. Atlarının başını döndər, Şuşaya qayıdaq.

Laçının Piçənis Sovetliyinin Fərraş kəndində Bəbir adlı bir baməzə kişi yaşayırdı. Onu kalxozun at ilxısına müdir qoyurlar. Az keçmir, rayonun rəhbər işçilərindən sifarişlər gəlir. Rayon Partiya Komitəsindən birinci, ikinci və üçüncü katiblərinin minməsi üçün üç ayğır göndərilməsi tapşırılır. Qısa zamanda sifarişlərin sayı artıq. Ayğırın birini İcraiyyə Komitəsinin sədri, birini rayon prokuroru, birini xalq nəzarəti komitəsinin sədri, sonuncusunu Rayon daxili İşlər Şöbəsinin rəisi sifariş edir. Çox keçmir, kolxoza gələn təftişçi iki il ərzində iki yüz baş atdan vur-tut bir bala alındığını aydınlaşdırır. Məsələnin rayon səviyyəsində müzakirəsi keçirilir. Bəbirin sorğu-suala cavabı uzun çəkmir. Deyir ki, mənim ilxımda cəmi-cümlətəni 8 ayğır vardı. Onun 7-si siz rəhbərlərin altındadır. Yerdə qalan bir ayğırın da bir balası sağ-salamat ilxının içindədir. Söhbətin belə qəlizləşəcəyini gözləməyən Rayon Partiya Komitəsinin büro üzvləri məsələnin müzakirəsinin növbəti büro iclasına qədər təxirə salınmasını təklif edirlər.

Şuşalılar küçədə, səkidə, çayxanalarda astadan danışardılar. Laçın dağ rayonu olduğuna, evlərin bir-birindən aralı tikildiyinə görə bir balaca hündürdün danışmağı vacib sayırlar...

- Məncə, sənin qəlbinə Şuşa və Laçın qədər yaxın olan üçüncü məkan Kəlbəcərdir. Kəlbəcərlə, onun insanları ilə bağlı hansı əziz məqamlar daim səninlədir?

- Kəlbəcər Allahın yaratdığı möcüzələrin ən mükəmməli, ən unikalı idi. Bu qədim, ulu diyarı ətrafı tanımaq, onun sakinlərinin şair təbiətini, hazırcavablığını duymaq, görmək üçün üç keçilməz dərənin çətinliklərinə sinə gərməli olurdum. Məşhur Tunel yolu səni Dəli dağın yamaclarına, son zirvəsinə aparar, qonaq-qaralı Başlıbel kəndinin ziyalıları, müdrik ağsaqqalları, ağbirçəkləri dili, məramı, məqsədi xeyirxahlıqla dolu insanlarına qovuşdurardı. Mən bu kəndə Laçın rayonunun Çiçəkli dağından at belində keçərək, dostlarımla dəfələrlə dost qapısını döymüş, Qənimət Rzayev, Hüseyn müəllim kimi ziyalıların günlərlə qonağı olmuşdum. Tutqu çayının şirin ana laylasını xatırladan səsini dinləmişəm. Elə oradan da Soltanheydər dağının gözəlliklərini gözlərimə köçürə-köçürə Ceyran bulağına, Tatallar çayının görüşünə, Sarı bulağın sərinlyinə qovuşmuşam. Kəlbəcər məni aşıqlar aşığı, müdirklər müdriki, sazlı-sözlü aşıq Şəmşirlə, şair dostum Əli Qurbanovla birləşdirib. Kəlbəcəri tanımamışdan Məmməd Aslan, Bəhmən Vətənoğlu, Sücaət və başqa söz sərraflarının sehrinə düşmüşəm. Kəlbəcər həm də mənim üçün müqəddəs Azərbaycan torpaqlarının Laçınımın, Göyçə mahalımın davamı idi. Ünüm yetən, əlim çatan Səfollar İsti suyum, coşub-çağlayan Arpa çayının oxuduğu başıbəlalı torpaqlarımızın qəm nəğməsini dinlədiyim təbiət möcüzəsi idi. Kəlbəcəri həmişə keçilməz sipərim, qalalarım, qəsirlərim hesab etmişəm.

- Yəqin Xocalı qəbiristanlığını dönə-dönə ziyarət etmisən? O böyük bir mədəniyyətin yadigarı idi?

- Doğrudur, Xocalı qəbiristanlığını dəfələrlə ziyarət etmişdim. Birinci ona görə ki, bu qəbiristanlıq təkcə bir kəndin maddi-mədəni sərvəti ulularının uyuduğu məkan deyildi. Neçə minillərin o tayından xəbər verən tariximizin daş yaddaşına yazılmış kitabımız, qəbirlərimiz, kurqanlarımız, məqbərə və künbəzlərimiz türk qövmünün silinib-pozulmayan nişanələri idi. Ermənilər Xocalı aeraportunu genişləndirmək bəhanəsiylə qəbiristanlığı hədəfə alsalar da, Xocalının igid, vətənpərvər sakinləri sinələrini sipər etməklə millətçi, qaniçən ermənilərin arzularını gözlərində qoymuşdular. Bu qəbiristanlıq mənim üçün bir də ona görə müqəddəs idi ki, mənim Piçənis kəndimin Qələndərlər nəslindən onlarla insan burada uyuyurdu. Xocalı məzarlığı dünya əhəmiyyətli Quruçay mədəniyyətinin ən qiymətli örnəklərindəndir.

- 1988-ci ilə qədər Qarabağın öz ədəbi mühiti vardı. Yalnız Dağlıq Qarabağ deyil, Zəngilan, Qubadlı, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl... sən oradan çıxan ədiblərlə sıx bağlı olmusan. Kimlər idi onlar?

- 1988-ci ilə qədər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ədəbi mühiti Şuşada bərqərar olmuşdu. Belə ki, 18-ci əsrin ortalarından başlamış "Məclisi-üns, "Məclisi-fərəmuşan və digər ədəbi-bədii məclislər fəaliyyət göstərmişdi. 20-ci əsrin ortalarından isə "Vaqif çeşməsi, "Qönçələr ədəbi məslicləri təkcə Dağlıq Qarabağın deyil, ümumiyyətlə, Aranlı-Dağlı Qarabağın yaradıcı ziyalılarını bir araya gətirmişdi. Yuxarıda adlarını çəkdiyim ədəbi məclislərə zaman-zaman Mustafa Fətəliyev, İsrafil Əbilov kimi söz sərrafları ziyalılar rəhbərlik etmişlər. 70-ci illərin ikinci yarısında isə "Qönçələr, "Vaqif çeşməsi adları ilə fəaliyyət göstərən ədəbi-bədii məclisə 1990-cı ilin ortalarına qədər mən rəhbərlik etmişəm. Həmin dövrdə təmənnasız ziyalı tədqiqatçı Vasif Quliyevin köməkliyi ilə "Qönçələr və "Vaqif çeşməsi almanaxları işıq üzü görmüşdü. Tanınmış şairlərdən Tofiq Bayram, Xəlil Rza, Ənvər Əhməd poeziya məclislərində vaxtaşırı iştirak edir, gənc yaradıcıları dinləyir, onlara məsləhətlərini verirdilər. Bəyənilən şeirlər mütəmadi olaraq "Şuşa qəzetinin səhifələrində işıq üzü görürdü. Ağcabədidən Fazil Sarvan, Zahid Eloğlu, Tofiq Zeynalov, Xocalıdan Ələmdar Quluzadə, Allahyar Xocalı, Füzulidən Kərim Kərimli, Xankəndindən Arif Əliyev, Cəmilli kəndindən Hamlet Cavadov, Laçından Elman Mirzəyev (Elsevər), Adil Şirin, Ağdamdan İsa Əvəzoğlu, Xankəndindən Bəhmən Əhmədov, Şuşadan Əyyub Şırlanlı, İsa Şuşalı, Nizami Səmimi, Zöhrə Cəfərova, Allahverdi Babayev "Vaqif çeşməsinin üzvləri idilər.

- Qarabağın mədəniyyət sərvətləri... Əli müəllim, sənə bir geniş nəfəslik fürsəti verirəm, nədir, dəyəri necədir bu xəzinənin; ədəbiyyat, şifahi xalq ədəbiyyatı, xalçaçılıq, muğam, xalq mahnıları, kulinariya, musiqi alətlərinin düzəldilməsi, memarlıq...

- Bu sualların bir qisminə "Şuşada nəyim qaldı adlı şeirimlə cavab vermək istəyirəm.

Qəbrimə nişanə seçdiyim

Mamırlı bir daş.

Gözümə tökmək üçün qoruduğum

Bir ovuc torpaq.

Ürəyimdə bişib,

Dodaqlarımı göynədən

Bircə damla yaş

Təsəlli üçün qardaş məzarına

Qoyacağım Xarıbülbül gülü.

Hər səhər şehinə bələndiyim,

Üzümü sürtdüyüm,

Gözlərmə dürtdüyüm

Maralotu sünbülü.

Sehrli nağılların

Dərin quyularına enən

Qırxpilləkan yolu.

Qoxlanmamış bənövşələrə

Keşik çəkən

Qaratikan kolu.

Yandırılmış kəndlərimin

Qırxqızın, Dəli dağın,

Kirsin, Ərgünəşin,

Sarıbabanın yamaclarına

Səpələnmiş külü.

Göyərməyən, qurumayan

Qan gölü.

Şəhid anamın Mirzəhəsən

qəbrisitanlığındakı

Məni intiqama çağıran

Çat-çat olmuş qəbri.

Şuşasız, Göyçəsiz,

Laçınsız, Kəlbəcərsiz,

Ağdamsız millətimin

Tükənən, daşmayan səbri.

Xan qızı Natəvanın,

Vaqifin, Nəvvabın,

Üzeyirin, Bülbülün,

Güllələnmiş məzarları, heykəlləri.

Yanıb külə dönmüş,

Neçə kamanın, tarın

Mizraba həsrət qalmış telləri.

Mərmər döşənmişağküçələr,

Ulduzları sonalar kimi

Sulara tökülmüş gecələr,

Min illərin sehri, sirri

Yığılmış mücrülər.

Dolanbac sıldırımlı

Yolların üstündə,

Ənvər paşanın, Soltan bəyin

Qolları üstündə

Dəfn olunmamış şəhidlərim.

Gözlərimin yaşını qurutmuş,

Qəmim, qəhərim.

Təbrizn qənşərində

Bakının beş addımlığında,

əsir düşən şəhərim.

İllərdən bəri

Yağı tapdağında qalan,

Daş armudları,

Bedana tutları baltalanan

Qalaları, bürcləri sökülən,

İmarətləri talanan,

Ürəyi oğul həsrətiylə

Bişən şəhərim.

Yağı əlinə keçməmək üçün

Özünü qayadan atan

Qız şəlalələrim.

Qan çilənmiş Cıdır düzündəki

Qan rəngli lalələrim.

Dan yeli qanla sök