ANA SƏHİFƏ / YAZARLAR

ALLAHI QATİL EDƏNLƏR(XI hissə)

Roman

20825    |   2011-12-17 07:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

XI hissə

(Əvvəli qəzetimizin 10 dekabr sayında)
   
   
   
   Darvaza elə möhkəm döyülürdü ki, Ata çıxdı eyvana:
   
   - Ay kimsən, gir içəri.
   
   - İt bağlıdı? - qonşunun uşağı idi.
   
   - Ay oğul, bizim heç itimiz yoxdu.
   
   Uşaq girdi həyətə, yüyürmüşdü deyə təngənəfəs idi.
   
   - Nə olub, ay oğul?
   
   - Əmi, qəbrin üstündə bir mayor dayanıb.
   
   Müstəntiq kəndə çatanda əvvəlcə ölənə hörmət əlaməti olaraq qəbir üstünə getdi. Qəbrin yerini də indicə qaçıb xəbər verən uşaqdan soruşmuşdu.
   
   - Nə mayor? Mayor kimdi?
   
   - Mayor də, nə bilim?
   
   Ata həyətdən çıxıb yendi qəbiristanlığa, qonşunun uşağı da arxasınca, Müstəntiqlə də qəbiristanlığın ağzında rastlaşdılar...
   
   Oturmuşdular həyətdə. Müstəntiqin xahişi ilə Ata zəng edib Böyük Qardaşı da evə çağırmışdı.
   
   Müstəntiq çox gözəl başa düşürdü ki, ağır bir faciəni yaşayan ailə üzvləri ilə söhbət o qədər də asan olmayacaq.
   
   - Oğul, mənim oğlum Vətən xaini ola bilməz! - Ana yaylığının ucu ilə dolmuş gözlərini sildi.
   
   - Kim deyir ki, sizin oğlunuz Vətən xainidir?
   
   Ata qırıla-qırıla dodaqlarını gəmirərək dedi:
   
   - Vətən xaini necə olur, rəis? Mənim oğlum əsgər yoldaşlarını güllələyib. Düşmənə atılacaq güllələri qardaşlarına atıb. Axı bu necə ola bilər?
   
   Müstəntiq əlini qoydu Ananın sümükləri çıxmış əlinin üstə:
   
   - Ay ana, mən də elə bunu araşdırmaq üçün burdayam. İstəyirsiz əsl həqiqəti üzə çıxarım, siz də mənə kömək edin.
   
   Ata:
   
   - Mənim oğlum çox ağır bir cinayət törədib. İnanın mənə, məni yandıran oğlumun ölümü deyil, indən belə çəkəcəyimiz əzablar, işgəncədi, xalqın töhmətidi. Mənim oğlum beyniqan cavan deyildi, hüquqşünasıydı, elmi iş üzərində işləyirdi. O belə bir ağır cinayət törədə bilməzdi. Burda nə isə bir amma var, səbəb var. Amma heç kim bununla maraqlanmır.
   
   Müstəntiq:
   
   - Siz oğlunuzla axırıncı dəfə nə vaxt görüşmüsüz?
   
   - Əsgərliyə gedəndə.
   
   - Bəs heç yanına getməmişdiz?
   
   - Xeyr, oğlum əsgərlikdəydi, dustaq deyildi ki, görüşə gedib, yemək-içmək aparım. Amma bir-iki dəfə anası getmişdi, hərdən də telefonla danışardı.
   
   Müstəntiq üzünü Anaya tutdu:
   
   - Nə vaxt getmişdiz?
   
   - Bir ay olar.
   
   - Bir narahatçılığı yox idi, bir söz demədi?
   
   - Üz-gözü əzilmişdi. Soruşduq, dedi ki, təlim vaxtı yıxılıb.
   
   Böyük Qardaş söhbətə qarışdı:
   
   - Mən o vaxt anama demədim ki, ürəyi xarab olar. Yıxılmamışdı, möhkəm döymüşdülər. Nə qədər soruşdum ki, kimlər döyüb, demədi. Dedi, əsgərlikdi də, adam döyər də, döyülər də. Bilirsiz, qardaşım ipə-sapa yatan deyildi, başına güllə sıxsan da sözündən dönməzdi. Telefonda da deyirdi ki, bura hərbi hissə deyil, həsənsoxdu dəyirmanıdı. Mən də deyirdim, başını aşağı sal, hamı necə, sən də elə. Deyirdi mən hamı deyiləm. Siz də əsgər olmusuz, mən də. Komandirin razılığı olmadan qauptvaxtda adam döymək mümkündümü?! Qardaşım tez-tez yuxarılara şikayət yazırdı. Komandir onu bağışlayardımı? Bir öyrənin görün qardaşım altı-yeddi ayda neçə dəfə qauptvaxta salınıb, niyə salınıb? Qardaşımı qauptvaxtda kimlər döymüşdü? Qaravul var, qauptvaxtın rəisi var. Bir onları dindirin.
   
   Bir anlıq Ananın gözünün qabağına gəldi oğlunu necə döyürlər, yerə yıxıb təpikləyirlər... Əslində gözünün qabağına gəlmədi, həmin anı yaşadı, özünü saxlaya bilməyib hıçqırdı.
   
   Böyük Qardaş anasının başını sinəsinə sıxıb saçını öpdü, sığallamağa başladı.
   
   Ata bir qədər soyuqqanlı idi:
   
   - Yaxşı, bəsdi qonağın yanında gözüyün yaşın axıtdığın.
   
   Ananın hıçqırtısı Müstəntiqi də təsirləndirmişdi:
   
   - Üzr istəyirəm, mən sizin yaranızı qopartmaq istəmirdim. Amma mən o sualları verməyə borcluyam. Bunları öyrənmədən həqiqəti üzə çıxara bilmərəm.
   
   Ata:
   
   - Rəis, kimə lazımdı sənin həqiqətin. Tutalım, həqiqəti üzə çıxardın, nə dəyişəcək, ölənlər diriləcək?
   
   - Ağsaqqal, təbii ki, ölənlər dirilməyəcək. Amma, əvvəla insanlar həqiqəti biləcək, ikincisi də, sizə söz verirəm, həqiqəti üzə çıxara bilsəm, kimliyindən asılı olmayaraq hər kəs öz cəzasını alacaq. Əgər sizin oğlunuzu kim isə bu cinayətə təhrik edibsə, ya buna ciddi səbəblər olubsa, hüquqda belə şeylər var, oğlunuz affekt vəziyyətdə belə bir cinayətə əl atıbsa, bu onun cinayətini yüngülləşdirir.
   
   Ata:
   
   - Oğlumu bundan sonra əfv edəcəklər, yoxsa güllələyəcəklər?
   
   - Əlbəttə yox. Amma insanlar əsil həqiqəti öyrənəcək, siz də bu ağır töhmətin altından çıxacaqsınız. Bu cinayətdə əli olanlar da layiqli cəzalarını alacaq.
   
   Ata:
   
   - Ay xanım, dur yemək hazırla, qonaq da acdı, uzaq yol gəlib.
   
   Müstəntiq yeməyə razı olmadı:
   
   - Yox, sağ olun, yemək istəmirəm, amma bir stəkan çay pis olmaz.
   
   Xudahafizləşib həyətdən çıxanda Müstəntiq çox əminliklə dedi:
   
   - Sizə söz verirəm ki, bu cinayətin üstünü açacam.
   
   Ata:
   
   - Nə deyirəm ay rəis, təki sən deyən olsun.
   
   Ana isə dedi:
   
   - Allah köməyin olsun, oğul! Mən də hər gün sənə dua edəcəm!
   
   
   
   ***
   
   
   
   - Ay kişi, bu qızdan gözüm su içmir, o gədə öləndən, özünə gələ bilmir. Az qala bütün kənd danışır ki, hər gün qəbrin üstünə gedir.
   
   - Kənd qələt eləyir. Uşaqdı də, bir yerdə böyüyüblər, bir yerdə oxuyublar, bir-birlərini seviblər. Adam bir şey itirəndə bir həftə özünə gələ bilmir. İşin olmasın. Torpağın üzü bərkdi bir az keçəndən sonra, özünə gələcək.
   
   Amma ərinin sözləri qadını toxtatmadı:
   
   - Mən sənə deyirəm qız xoşuma gəlmir. Mən anayam, kor deyiləm ha, görürəm də. Bir çağır söhbət elə.
   
   - Demirsən anasan, özün söhbət elə də.
   
   - Mən söhbət eləmişəm. Mən ayrı, sən ayrı. Bir də o zəhrimar tüfəngi ordan götür. Neçə dəfə görmüşəm ki, silib təmizləyir.
   
   -Babasının tüfəngidi də, silib təmizləyir, qoy silib təmizləsin.
   
   
   
   ***
   
   Akademik həyatında ilk dəfə idi kiminsə önündə diz çökürdü, kimə isə dil açıb yalvarırdı. Onu güllələsəydilər də, şaqqalasaydılar da heç kimin, hətta Fironun da önündə diz çöküb yalvarmazdı. Ölmək onun üçün dəhşətli bir şey deyildi, bir gün doğulan bir gün də... beş il tez, on beş il gec heç nəyi dəyişmirdi. Şirəli Müslümov 167 il yaşamışdı, Cəmil Əhmədov 18, ikisi də çoxdan torpağa qarışıb gülə-çiçəyə çevrilib yenidən doğulmuşdular, yenidən saralıb-solub torpaqlaşmışdılar. Biri cəmi 18 ilə adını tarixə millətin qəhrəmanı kimi yazdırmışdı, biri 167 il yaşayıb adını tarixə çox yaşayan kimi. Onun fikrincə, uzun ömür yaşamaq elə də böyük xoşbəxtlik deyildi - sənin gözləriyin qarşısında övladların, nəvələrin, hətta nəticələrin ölür, sən isə yaşayırsan. Tanrı sevmədiyi insana bundan da artıq nə cəza verə bilər. Hüqonun bir fikri çox xoşuma gəlirdi: "Allahlar tərəfindən sevilənlər cavan ölürlər". Mənasız insanların sevgisi ilə çox yaşamaqdansa Tanrının sevimlisinə çevrilib cavan ölməyi üstün tutan tək-tək insanlardan idi.
   
   İndi onu öldürsəydilər elə də böyük bir faciə deyildi. O indi ölmək istəyirdi, amma alçaldılıb və təhqir olunub yaşamaq istəmirdi. İndi bir gözqırpımı ömründə hansı günahı işləmişdi ki, Tanrı onu belə işgəncəyə, əzaba düçar edirdi.
   
   Dünyada Tanrının hələ də varlığına, insanlığın hələ də yaşadığına inandığı üçün yalvarırdı. Yalvarırdı ki, bəlkə bu şeytan övladları eşitməsə də Tanrı eşitsin:
   
   - Yalvarıram sizə! Sizi and verirəm Allaha, peyğəmbərə, məni öldürün! And olsun Allaha sizi bağışlayaram. Amma məni təhqir eləməyin!
   
   Amma bu şeytan övladlarının nə Tanrıları vardı, nə də peyğəmbərləri. Onların Tanrıları da, peyğəmbərləri də Polkovnik idi. Və onlar öz tanrılarının, öz peyğəmbərlərinin əmrini yerinə yetirirdilər.
   
   - Ə, biz qardaşıq! Bir qazandan yemək yeyirik, bir təhnənin çörəyini kəsirik. Allaha, peyğəmbərə hörmət eləmirsiz, çörəyə hörmət eləyin. "Quran"dan qorxmursuz, çörəkdən qorxun.
   
   Amma, nə "Quran", nə çörək...
   
   Üç nəfər əl-ayağını tutmuşdu və ona diz çökdürmüşdü. Qarşısındakı isə şalvarının qabağını açdı və çox soyuqqanlılıqla onun üstünə işədi. İşiyə-işiyə də bütün bunları telefonla çəkirdi...
   
   - Əgər bir də başından böyük qələt eləsən, bunu internetə qoyacağıq!
   
   Heç Tanrı da bircə dəfə çörək kəsmədiyi Şeytanı belə cəzalandırıb alçaltmamışdı ki, onun çörək kəsdiyi, eyni göyü, eyni yeri, eyni Vətəni paylaşdığı əsgər qardaşları onu belə cəzalandırırdılar, cəhənnəm əzabı bunun yanında toya getməliydi.
   
   O, yalnız bircə bağıra bildi və bəlkə də dünya yaranandan dünyanın özü belə bağırtı eşitməmişdi.
   
   Amma ən dəhşətlisi o idi ki, bu bağırtını nə Tanrı eşitdi, nə onun çiyinlərində olan və çiyinlərində olmayan mələklər...
   
   Ayıldı, amma xeyli vaxt özünə gələ bilmədi. Nə etməli? Qarşıda düşmən, onu öldürə biləcək, anasını, sevgilisini gözüyaşlı qoya biləcək bir düşmən. Arxada da onu təhqir edən, onu alçaldan, öldürüb daha xoşbəxt edə biləcəyi halda, üzünə işiyən əmisioğlu, dayısıoğlu, qardaşı...
   
   Özünü öldürmək istədi, özünü öldürmək onun düşündüyü qədər də asan deyilmiş... Bəlkə cəbhə xəttini keçsin, onu vursunlar. Amma vurmaya da bilərdilər, əsir götürə bilərdilər...
   
   Yaxınlıqda bir bulaq vardı, getdi bulağa yuyunmağa. Yox, yüz il yuyunsa da, Kürlə Arazın suyunu onun üstündən axıtsalar da üstündəki ləkə yuyulmayacaqdı, birdən-birə özü özündən iyrəndi... Və qusdu...
   
   
   
   ***
   
   Dəli kimi olmuşdu, anası yanında yatdığından evdən çıxa bilmirdi. Nə qədər gözləyirdi ki, anası yuxuya getsin, amma arvadı elə bil ilan çalmışdı. Heç əslində anası da bura yatmağa gəlməmişdi.
   
   Və qızının necə nəfəs aldığından övladının nə çəkdiyini çox gözəl başa düşürdü. Axırda dözə bilməyib ağladı:
   
   - Qızım, sənə qurban olum, özünü niyə öldürürsən? Kim ölənlə ölüb axı? Özünə yazığın gəlmir, heç olmasa atana, mənə, qardaşına yazığın gəlsin. Sən heç nəyi geri qaytara bilməzsən.
   
   O özünü yuxuluğa vurdu, guya anasının dediklərini eşitmir. Heç anası da təzə bir söz demirdi. O da çox gözəl bilirdi ki, heç nəyi geri qaytarmaq mümkün deyil, amma bununla barışa bilmirdi. "Mən sənsiz yaşaya bilmərəm" deyirdi. Deməli, bunların hamısı sözdən başqa bir şey deyilmiş. Yaşayırdı axı, işə gedirdi, televizora baxırdı, yeyirdi-içirdi. Onun ruhuna, qanına hopmuş, içində gəzdirdiyi sevgisi ona hər gün nə qədər çox sarılsa da, sevgilisi də hər gün ondan bir o qədər uzaqlaşırdı. Doğrudanmı bir gün bütün bunlar yalnız acı bir xatirəyə çevriləcəkdi. Və hər şey anasının dediyi kimi olacaqdı.
   
   Qorxa-qorxa dedi:
   
   - Ana, deyirlər o qatil deyilmiş.
   
   - Hə qızım, bu gün bulaq başında arvadlar da danışırdılar, kəndə gələn müstəntiq də deyirmiş ki, qatil deyil.
   
   - Ana, indi o komandiri tutacaqlar?
   
   - Yat bala, yat. Mən nə bilim, hökumət deyiləm ki!
   
   
   
   (ardı növbəti şənbə sayımızda)


İmza:AQİL ABBAS

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK