hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | BİR AXŞAMIN BALLADASI - Məmməd Araz Adalet.az | BİR AXŞAMIN BALLADASI - Məmməd Araz Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

BİR AXŞAMIN BALLADASI - Məmməd Araz

4661    |   2020-01-13 11:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

BİR AXŞAMIN BALLADASI


Ey ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadını gər,
Qanım bir hərarət alsın qanından,
Çıxım bu fikirlər burulğanından.
İsinsin azacıq bu daş duyğular,
Olmayım bir evdə beşinci divar...
Bu axşam o qədər tənhayam, təkəm,
Bu axşam elə bil yarılıb sinəm,
Çapılıb talanıb məhəbbət orda,
Qalmayıb bir tikə mərhəmət orda.
Bu axşam sahibi ölən bir tacam,
Kimsə istəməyən bir ehtiyacam.
Bu axşam fikrimlə o qədər acam,
Lap bütün gecəni
yesəm-doymaram.
Bu axşam qəlbimdən gəlib keçəni
Bütün ulduzlara desəm-doymaram.
Bu axşam... özümdə yoxam bu axşam,
Bu axşam özümdə dəfn olunmuşam.
Bu axşam od yoxdür məhəbbətimdə,
Bir ünvan, ad yoxdur məhəbbətimdə.
Bir dəniz, bir sahil təmasını mən
Bu axşam qəlbimdə görmürəm nədən?..
İlahi, dünyaya niyə gəlmişəm?
Hisslərim qəlbimdə əzilmiş şüşə,
Eşqim didiklənən bir parça kağız...
Küləklər, haraya aparırsınız?
Aparın, aparın, aparın,
Amma
Onu tuş etməyin hissiz adama,
Onu qoşa duran,
Onu illər boyu baş-başa duran
Daşlara verin.
Birgə çöp daşıyan,
Birgə yuva quran quşlara verin.
Qoy suya, torpağa hopulsun bu qəm;
Mən necə sevmişdim, necə sevirəm...
Sevib yaşadığım anlar var idi,
Fikrimdə "o” vardı, "onlar” var idi.
Bir dağdım, sinəmdə ad idi "onlar”,
Adicə səyyahdı, yad idi "onlar”,
Qəlbimi görməyi bacarmazdılar,
Sinəmə girməyi bacarmazdılar,
Sinəmdə "o” adlı vulkanım vardı,
Bilməzdik hansımız hansı olardı,
Kim kimin gözündən qapardı dərdi,
Kim kimin qəlbində buz əridərdi.
Sevirdim - dağ idim, sevirdi - vulkan...
Qaldı bir ovuc kül, bir daş o dağdan.

Eh ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadını gər,
Mənə bir sevimlik məhəbbət gətir,
Mənə bir güzəştlik mərhəmət gətir!
Niyə mən özümdə yoxam bu axşam,
Bu axşam özümdə dəfn olunmuşam.
Sanıram min ildir dünyada varam.
Sonuncu nəğməsi çalınmış taram.

Heç nə gözə dəymir, gözə görünmür,
Gözə görünən də təzə görünmür.
Göylər dənizlərdir, dənizlər göylər,
Təpələr dağlardan uca görünür.
Lap dünən doğulan körpələr belə
Gözümdə yüz yaşlı qocaya dönür.
Bu axşam özümdən uzaqlaşmışam,
Uşaq olmamışam, uşaqlaşmışam.
Ötən məhəbbətim yadıma düşüb,
İtən məhəbbətim yadıma düşüb...
İlahi, qəlbimə bir duyğu göndər.
Yazıqdır, yazıqdır məni sevənlər.
Bəlkə bir quyuya atılan daşam,
Ağlı kəsilməmiş kəsilmiş başam...
Kürrədən indicə suya salınmış,
Odu söndürülmüş, köpü alınmış
Bir parça poladam, bir parça dəmir:
Filizlər mənimlə dostluq eləmir.
Dağlardan izimi söküb-tökürlər,
Külçələr dalımca qəh-qəh çəkirlər...

Eh ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadanı gər,
Qoyma bir anlıq da küsüm dünyadan,
Sevgi ümidimi üzüm dünyadan,
Mənə məhəbbət ver sevim bir kəsi,
Sevim, elə sevim özü bilməsin.
Bir anlıq dünyada yox olsa bəşər,
Məni meymunların yanına göndr:
Ünsiyyət istəyim məhəbbət üçün,
Məhəbbət istəyim ünsiyyət üçün.
Bir anlıq dünyada yox olsa bəşər,
Məni delfinlərin yanına göndər.
Dənizə məhəbbət səpmək öyrənim,
Sahilə məhəbbət çəkmək öyrənim.
Onu meşələrə səpim-göyərsin.
Onunla qumları öpüm-göyərsin.
Məhəbbət adlanan dil yaradım mən,
Məhəbbət adlanan din yaradım mən...

Ey ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadını gər,
Mənə məhəbbətli bir nəğmə gətir,
Məhəbbət imzalı bir namə gətir,
Oxuyum, oxuyum o yarım üçün,
Onu cehiz verim qızlarım üçün.
İlahi, qəlbimə bir sevgi göndər.
İlahi, yazıqdır məni sevənlər...

Yalta, yanvar 1968



İmza:
SON XƏBƏRLƏR
2020-01-21
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK