hacklink Adalet.az | Qəşəm İsabəyli: Bizdə mədəniyyət yoxdu... Adalet.az | Qəşəm İsabəyli: Bizdə mədəniyyət yoxdu... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Qəşəm İsabəyli: Bizdə mədəniyyət yoxdu...

Beynəlxalq Andersen Şərəf Diplomu laureatı

19057    |   2019-10-14 09:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bizdə mədəniyyət yoxdu, vallah...” silsiləsi

Təsəlli duası

Bizdə Solmaz xanım vardı –
"İşıq” nəşriyyatında – iqtisadçıydı,
Mən də "Sifariş ədəbiyyatı” redaksiyasının
Müdiri işləyirdim.
Bir-birimizin sözü
Bir-birimizin boğazına getməzdi –
Tez-tez aramız dəyərdi,
Bakılı qızı Elmira xanımın sözüylə desəm:
"Küsməyimiz asan, barışmağımız
Ondan da asan olardı”,
Dövlət idarəsində işləyirdik axı!
Bir gün otaqlarına girəndə,
Gördüm, cuhud şənbəyə oturan kimi
Oturub, gözünü də zilləyib bir parça kağıza.
–Solmaz xanııımm...
Dik atıldı:
–Bismillah! – Əlini yerə qoyub, qoydu başına.
–O nədi?
–Təsəlli duası.
–Dua yazdırmısan özünə?
–Özümə nə gəlib?!
–Mollalığın da varmış, Solmaz xanım!
–Xahiş eləyirəm, yozma!
–Bəlkə qara camaatın diliylə deyəsən!
–Deyim da:
"Solmaz xanım, sən gözəl qızsan,
Qəşəng qızsan, yaraşıqlısan,
Boy-buxunlusan, ətli-canlısan,
Allah hər şey verib sənə!
Bir dəstə paxıl da verib hətta,
Onlardan da əziyyət çəkirsən hərdən.
Kim nə hürür hürsün, vecinə də alma.”
İndi mənim də hərdən
Kefimə soğan doğrayan olur,
Qanım qaralır, ürəyim
Tappa-tap yumruqlayır sinəmi,
Onda Solmaz xanım yadıma düşür,
"Təsəlli duası”nı götürüb
Dəstək eləyirəm əhvalıma!

Bizdə mədəniyyət yoxdu...

Bizdə mədəniyyət yoxdu, vallah,
Mədəniyyət yoxdu bizdə, –
Etiraz mədəniyyəti.
Yadımdadı, üç qardaş idik –
Tofiq idi, 19 yaşında itirdik,
Abulbağıydı, 42 yaşında həlak oldu,
Mən idim –
Allah can sağlığı versin mənə də!
Anamın ki, başını ağrıdırdıq,
Üzümüzü çevirirdi divara.
Sağ qıçımızı da qatdanacaqdan büküb,
Düzdbucaq saxlayırdıq.
Lap cahil ərəblərin
Qılınc müsəlmanlığımız dövründə
Bizə verdiyi cəza kimi –
Vergini ödəyə bilmirsən,
Allahın al Günəşinə nə gəlib,
Dur altında – döysün başına!
Bizdə mədəniyyət yoxdu, vallah,
Mədəniyyət yoxdu bizdə,–
Etiraz mədəniyyəti.

İndinin indiki vaxtlarında –
Saatlarla dayanacaqda durmaqdan
Qıçlarımız su gətirir.
Qışın yağışı, yayın istisi,
Payızın küləyi döşəyir qabırğamıza!
Hələ avtobusda qaz kimi
Tək ayaq üstə gediyimizi demirəm.
Cıqqırımız da çıxmır...
Bizdə mədəniyyət yoxdu, vallah,
Mədəniyyət yoxdu bizdə, –
Etirz mədəniyyəti!

Bir də görürsən hansısa bir bəyzadə keçir,
Arx atırlar yollara.
Maşınlarımız dal-burun olur.
Ömrümüz tökülür ayaqlar altına.
Səsimiz çıxmır-çıxmır, cəhənnəmə,
Maşınımızın səsini də boğuruq içində...
Bizdə mədəniyyət yoxdu, vallah,
Mədəniyyət yoxdu bizdə –
Etiraz mədəniyyəti!

Haçansa bağıra-bağıra
İstəmişik haqqımızı,
Bir-iki dəyənək dəyən kimi,
Başımızı bürüyüb,
Soxmuşuq paçamızın arasına! –
Hələ də ordadı...
Bizdə mədəniyyət yoxdu, vallah,
Mədəniyyət yoxdu bizdə –
Etiraz mədəniyyəti!

Gülüş

Hər üzünü bilir gülməyin
Qadınlar,
Kefin istəyən
Faydasını da görür onlar –
Naz-qəmzə...
Yar-yaraşıq...
Uzun ömür...
Canlarına çıxsın!
Biz kişiləri qıdığlamasan
Dodağımız qaçmaz!



Qadınlar

"Anam Tomiris kəsmədimi Keyxosrovun başını!”
S.Vurğun

Zahirən gördüyümüz deyilmiş qadınlar,
Hər an üzə çıxa biləsi güc imiş onlar!
Dünyada elə bir kişi tapılmaz ki,
Qadınla döş-döşə gəlsin!
İşdi, cəsarət elyən olsa,
Qarşısında Tomirisi görər!

Qocalıq

Qocalıq sifəti yoxdu üzümüzdə,
Yoxdu üzümüzdə qoclıq sifəti.
Olsaydı, bişmiş, bürüşmüş
Alma kimi olardı –
Qocalıq sifəti yoxdu üzümüzdə,
Şeytan tükü var.

Uşaqpulu

Uşaqpulu düşmür millətə,
Bir az da həvəsə düşərlər,
Onsuz da doğduqları müxalifətdi!

Ayrı-seçkilik

Əsası olmamış olmur
Xeyirin, şərin.
Ailədən başlayır
Ayrı-seçkiliyi bəşərin–
"Ata” deyirk,
"Ana” deyirik,
"Bacı” deyirik,
"Qardaş” deyirik...
Qalan insanlar kimdi bəs?!

Nə qədər ki...

Elə bilirdim
Kimsənin xəbəri yoxdu
Yatmağımızdan,
Demə dünya-aləm bilirmiş.
İsarailli siyasətçi cənab Zi Maqen
Görün sevgisini necə
İfadə eləyib bizə:
–Nə qədər ki, İsrail var,
Rahat yatsın azərbaycanlılar!

Adamlar

Adamlar yatmır ki, evində,
Qar üstə yem gəzən
Sərçə günündədi adamlar,–
Dağılıblar çölə.
Zirək olduqlarından
Açılmayıb gözləri,
Aclıqdan açılıb,
Aclıqdan!

Cin azarı

Böyüklü-kiçikli azara tutulub millət,
Cin azarına –
Bütün günü
Cuhud şənbəyə oturan kimi oturub,
Gözünü zilləyib telefona!

Dünya

Kompyuter arxasında
Gördüyün deyil dünya.
Dünya pəncərəndən
O tərəfdədi –
Yerdi, sudu,
Günəşdi, havadı.


Gərək

"Gözə görünmədən yaşa.”
Yunan filosofu

Gərək gizli saxlayasan adamlardan, gərək –
Ev-eşik ola bilmisənmi,
Uşaqlarını yerbəyer eləmisənmi,
Dişin-başın yerindəmi,
İncitmir ki, mədən səni,
Qonşu sancıb eləmir ki, hərdən səni,
Təzyiqin oynamır ki,
Şəkərin yoxdu ki,
Havan çatırmı,
İşığın yanırmı,
Sözünə baxırmı nəvələrin,
Evin, payına düşən küncündə
Rahatdırmı yerin...
Gərək gizli saxlayasan adamlardan, gərək,
Yoxsa dilə-dişə salarlar səni!

Onda qalmış

Onsuz da arvad olmur
Hər qızdan, hər qadından.
Onda qalmış kişiyə arvad ola
Özgənin arvadından.

Bu yaşda

Su görəndə suya baxıram –
Ömrüm su qədər olsun.
Ağaca baxıram – ağac görəndə –
Həmişəcavan olum.
Qız görəndə gözlərimi yumuram,
Həyəcandan ölə bilərəm!
Ömrün hər fəslinin
Dərmanı deyil ki, məhəbbət,
Onda qalmış qocalıq ola!

Qusarın Əvəcuq kəndindən
olan ləzgi şairi Məhəmməd Ağa
(ballada)

Bir gün "Şirvannəşr”də oturmuşdum fikirli,
Birdən qapı açıldı, bığlı bir kişi girdi:
–Mən Məhəmməd Ağayam, Əvəcuqdan gəlmişəm,
Sizə ləzgi dilində şeirlər gətirmişəm.
Baxdım əl yazısına, baxdım ləzgi qonağa:
–Bunu çətin yığarıq, çətin, Məhəmməd Ağa!
–Can müəllim, amandı, burda nə çətin iş var,
Baxıram qızlarınız qoçaqdılar, yığarlar!
–Məhəmməd Ağa, bunlar ləzgicə bilmir axı.
–Ləzgicə bilmələri məsləhət də deyil heç,
Böyük qardaşımızın – rusun hərfləriylə
Yavaş-yavaş yığarlar...
Burda nə çətin iş var?!
–Birdən siyasi-filan səhv olub-eləməz ki?!
–Başımla cavabdehəm!
Bir də ki, heç Allah da razı olmaz səhv edim?!

Başladılar yazmağa qızlar barmaqhesabı,
On beş günə çapa da hazırladıq kitabı!

Bir də gördük ley kimi girdi Məhəmməd Ağa:
–Can müəllim, gəlmişəm – pullar döş cibimdədi...
–Hələ pulları saxla...
–Niyə, nə olubdu, can?!
–Burda bəzi suallar bizi qorxudur yaman.
–Hansı sual, nə sual salıb sizi çətinə?!
–Ölkəmizin adını deyə bilərsənmi, hə?!
–Necə deyə bilmərəm, can Azərbaycandı, can?!
–İkinci bir dövlət də ola bilər bu yurdda?
–Hünəri çatmaz ola!
–Bəs bu "Ləzgistan” nədi?!
–Bizdə, orda Qusarda hamı "Ləzgistan” deyir.
–İnzibati xəritədə "Ləzgistan” yoxdur axı.
–Olsaydı, nə olarmış?!
–Olsaydı, olardı ki, yoxdur ki, yoxdur demək!
–Yəni pulla-parayla, rüşvətlə-zadla keçməz,
Bilirsən nə iş olar, hamı sevinər orda?!
–Belə düşünürəm ki, cərimə etdirib məni,
"Şirvan” nəşriyyatını da bağlatmaq fikrindəsən?!
–Allah irağ eyləsin, nə deyirsən, mən hazır?!
–Çıxaraq Ləzgistanı?
–Çıxaraq!
–Burda "Qusar,– yazmısan...”
–Danmıram, söz mənimdi!
–"Canıdır Ləzgistanın!”.
–İmtina eləmirəm!
–Axı paytaxt Bakıdı, Qusar paytaxt yazılmaz.
–Yazılsa nə olarmış?!
–Olsaydı, olardı ki, yoxdur ki, yoxdur demək!
–Yəni pulla-parayla, rüşvətlə-zadla keçməz,
Bilirsən nə iş olar, hamı sevinər orda?!
–Belə düşünürəm ki, cərimə etdirib məni,
"Şirvan” nəşriyyatını da bağlatmaq fikrindəsən?!
–Allah irağ eyləsin, nə deyirsən, mən hazır?!
––Çıxaraq?!
–Çıxaraq!
–Sən Samurdan yazırsan, elə bil Arazdı bu!
–Düz yazmışam, müəllim, qorxdum hələ, azdı bu!
Araz da dərdimizdi, Samur da dərdimizdi.
Hər sərhəddi keçəndə iki yerə bölünən
Samuru görürəm mən, parçalanır ürəyim.
–Dərbəndi demirsən heç!
–Nə deyim?!
–Onsəkkizinci əsrin doxsan altı ilində
Rus çarı tutub alıb Dərbəndi əlimizdən,
Qəbristanlığı-filanı, dili də dilimizdən!
–O da düzdü, müəllim, neyləmək olar, olub,
Qoy yaşayaq Samurun hər iki üzündə biz!
Onsuz da birdi tamam qəmimiz, sevincimiz.
Ləzgicə danışırıq, heç kim etməyib yasaq,
Kimdi bizi ayıran, özümüz ayırmasaq?!




İmza:
SON XƏBƏRLƏR
2019-11-12


VİDEO