Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | MÜHARİBƏDƏN MÜHARİBƏYƏ ƏDƏBİYYAT - Emin Piri yazır Adalet.az | MÜHARİBƏDƏN MÜHARİBƏYƏ ƏDƏBİYYAT - Emin Piri yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

MÜHARİBƏDƏN MÜHARİBƏYƏ ƏDƏBİYYAT - Emin Piri yazır

2476    |   2019-10-08 15:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müharibələr hər nə qədər faciələr gətirsə də, mədəniyyət, incəsənət abidələrini məhv etsə də kinonun, teatrın, ədəbiyyatın ilham mənbəyi olaraq qalır. Bu sahələr bir növ faciələrdən qidalanır. Amma digər rakursdan bəhs edəcəyəm.

Hər bir dövlətin, millətin hər hansı müharibəsi zamanı ədəbiyyat da hərəkətverici qüvvəyə çevrilir. Bunsuz xalqı birləşdirmək, qalib gəlmək çətin məsələdir. İstər müharibəyə səsləmək, istərsə də qələbəni tərənnüm etməklə millətin genetik yaddaşını ədəbiyyat öz əllərilə qurur. Bəli, bu müharibə ədəbiyyatı bəzən miflərdən, bəzənsə uydurulmuş qəhrəmanlıq salnamələrindən ibarət olur. Tarix başlanğıcını elə miflərdən götürmürmü?

İstənilən halda millətin gələcək uğurlarına, ərazi bütövlüyünə hesablanmış bu mif ədəbiyyatların xidməti qiymətsiz və dəyərsizdir. İstər Avropa, istər Asiya, istərsə yaxın Şərqdəki prosesləri kənara qoyaraq bir qədər lokallaşmağa ehtiyac var. İkinci Dünya müharibəsi zamanı elə Azərbaycanda Sovet rəhbərliyinin də xüsusi nəzarəti ilə şair, yazıçıların öz əsərlərində xalqda ruh yüksəkliyi yaratması müharibədə özünəməxsus yerini tutur. Böyük Vətən müharibəsi qələbəsindən sonra isə qələbə tərənnümləri, bir qədər mifləşdirilmiş salnamələri bu gün də genefondda oturuşub qalır. Halbuki, bu, Azərbaycanın müharibəsi deyildi. Amma ədəbiyyat, incəsənət burada mükəmməl işini görə bilib.

Bəs müasir Azərbaycanda necə? Biz ədəbiyyatımız, incəsənətimizlə Qarabağ həqiqətlərini nə qədər işıqlandıra bilirik? Və ya bu hadisələr nə qədər və hansı dərəcədə bədiiləşə bilib?

Daha çox 90-ların yetirməsi olan gənclərdə müasir dövrdə bu işartılar görünməyə başlayıb. Sevindirici haldır. Baxmayaraq ki, bu yeni gəncliyin ilham mənbəyi də 90-ların faciəsindən qaynaqlanır. Amma fərdi faciələrin yaratdığı ədəbiyyat gələcək ümummilli faciələrin qarşısını kəsə bilər.

Bəzi hallarda bizim "müasir" yenilikçi yazarlarda qəribə "humanizm" azarı duyuruq.

Dünyada yeni müstəqillik qazanmış, daha doğrusu, Soyuq müharibədən sonra doğulan ölkələrdə incəsənət adamlarının bəzilərində bəşəri bir çiçək çırtlayıb cücərməyə başlayıb. O çiçəksə kosmopolit, vətənsiz, yalnız maddi marağa, şöhrətə, mükafatlara köklənmiş olur.

Adətən Qərb və digər hegemon dövlətlərin "podvallarında" əkilən humanizm çiçəyi ürəyə fərəhlik gətirsə də, sevgi deyil, xəyanət qoxusu verir.

Kütləyə təsir etmə gücünə görə, daha çox ədəbiyyat, mədəniyyət adamlarını əhatə edən, ən azından fərqli yanaşmanın məşhurluq gətirəcəyi hərisliyi satqın zehniyyət üçün heç də vazkeçilməz deyil. Özünün tarixi qanunauyğunluğunu keçən dövlətlər üçün dünya bazarında "istedadlı", ürəyi "bəşəri sevgiylə" dolub-daşan yazar "kruq"larını, medialarını yaratmaq dünya düzənində öz maraqlarını yeritməkdə önəmli rol oynayır. O dövlətlər ki, özləri həmin vəziyyətlə üzləşdikdə terrorizmlə mübarizə, "haqq savaşı" uğrunda ağlagəlməyən silahlardan istifadə etməyə hazırdır və ya istifadə edir də.

Bu gün bir çox hallarda Qarabağ ətrafında baş verən döyüşlərdə humanizm bayrağı altında insan sevgisindən danışanlar Qərbin, müstəmləkəçi dövlətlərin şair və yazıçılarının, incəsənət adamlarının diliylə danışırlar. Əvvəla, hətta həqiqət olsa belə torpağı işğal altında olmayan, müəyyən siyasi gücə sahib olduğu ölkənin yazarı təbii ki, bəşəri ilkələrdən danışacaq, dövlətinin qol qoymadığı bütün müharibələri insanlıq düşməni adlandıracaq. Amma öz durumlarında, mövzu öz dövlətinin maraqları olduğu halda nə edirdilər? Elə bizim "humanistlərin" istinad etdiyi şəxslərdən başlayaq.

Okean balıqları heç də dəniz balıqlarını sevgidən udmur.

Dünyaca orta məşhurluğu olanlardan deyil, dünya ədəbiyyatına öncüllük edənlərdən bir neçəsinə barmaq qatlayaq.

"Səfillər" kimi böyük əsərin müəllifi Viktor Hüqo Fransa-Prussiya müharibəsi zamanı etdiyi çağırışları sadə, vətənsevər bir əsgərdən seçilmir. Prussiya işğalı zamanı o, az qala ev-ev gəzərək Fransa üçün əsgər toplayırdı. Qoy, hər bir fransız evini qurban versin, amma bu cür rəzalətdən xilas olaq, torpaqlarımızı işğaldan azad edək deyirdi. Bəli, bu rahat vəziyyətdə evdə çay içə-içə sizə pafoslu görünə bilər, amma Hüqo bu vətənsevərliyi hansı durumda edirdi? Bir də ona baxaq.

1851-ci ildə Fransada İkinci respublikanın süqutu, III Napoleonun özünü imperator elan etdikdən sonra Hüqo Belçikaya qaçdı, bir növ sürgün, indiki anlamıyla mühacirət həyatı yaşadı. London və digər şəhərlərdə də yaşayan yazıçı ən böyük və dünyada sevilən əsərlərini həmin zaman yazdı. Eləcə də "Səfillər"i. Nəzərə alsaq ki, Fransa imperatoru fransız xalqını almanlar qarşısında rüsvayçılığa düçar etmiş, fransız xalqının qürurunu qırmışdı. Belə çıxır ki, siyasi münasibətlərə, bəzi xəyanətlərə görə, istedadlı kəsimlər də Fransaya xəyanət etməli idi?

Bu cür dühanın, 20 illik mühacirətin acığına hakimiyyətlə münasibətlərə görə Prussiya tərəfindən döyüşməsi lazım idi? Yoxsa, sizlər kimi işğalçı Prussiya ordusunun əsgərlərinin də anası, bacısı, gözləyəni var deyə, güllə atmamağa çağırış etməli idi?

Fransa mədəniyyəti, centlmenliyi deyib keçək. Sizə xoş olmaya bilər bunlar. Qanında müəyyən qədər Şərq qanı axan, sevimli şairimiz Puşkin necə? Hər nə qədər çarizmə qarşı xoş olmayan münasibətinə baxmayaraq, Puşkin də öz daxilində böyüklüyünü rus imperializminə borclu sanır. Qafqazın nə qədər yüksəkliyindən, ucalığından bəhs etsə də, özünün ayaqları altında olduğunu bildirən Puşkin imperiyanı həm də özününkü, öz mənliyi sayırdı.

Və ya Dostoyevskinin türk millətinə necə yanaşmasını anlatmağa ehtiyac yoxdur. Bəşəri sevgidə, humanizmdə bəs, bütün millətlər bərabər idi? Humanizmdə kiminsə kimisə kiçik görməsi deyilən bir şey yox idi?

Çünki imperiya, dövlətin başqasıyla savaş ortamındadırsa, bir əsgər və ya bir vətəndaş, lap olsun, bir yazar kimi sənin mövqeyin olmalıdır. O da eynilə bu mövqeyi sərgiləyir, hətta haqsız olmasına baxmayaraq, yenə də özünün imperiyası sayırdı.

Tamam, oturuşmuş, min illərin yerli dövlətlərindən, vətən anlayışı qanlarına kimi hopmuş dünya dahilərinin fəaliyyəti, çağırışları sizi qane etməyə bilər. Onda yeni dünyaya keçək.

Çoxlarının, eləcə də bizim kosmopolit, digərlərinə lağlağı, geri qalmış kimi yanaşdığı, sığındığı Heminquey. Bir yazarı İspaniyadakı müharibə niyə cəlb etsin? Bir yazarın daxili dünyasından əlavə, bu, həm də ideyalar üzərindən qloballaşmaq üzrə olan dünyanın savaşı idi. Bəli, yazıçı vətən uğrunda olmaya da bilər, amma ideyası uğrunda savaşırdı. Məhz savaşırdı. Əlində gül-çiçək qadın kimi araya yaylığını atmırdı. Əmin olun ki, onun ideyaları, ideyasının qalib gəlmək istəyi olmasaydı, o da bəşəri sevgidən dəm vuracaqdı. Burada məqsəd heç də Frankoya dəstək vermək deyil. Elə Heminqueyin dəstəklədiyi qüvvələr də Frankodan fərqli olmayaraq, 300-400 min aralığında ispanı öldürmüşdü. Onlar heç də hamısı döyüşçü deyil, bir çoxu dinc sakinlər idi.

Dünya savaşında və digər önəmli savaşlarda hər tərəfdən şair, yazıçıların cəbhəyə cəlb edilməsi, öndə və arxada ruh yüksəkliyi uğrunda çalışması heç də hamısı məcburi deyil. Şair, yazıçı əsərlərində ən öndə məsələ kimi insanlığı və humanizmi qoymalıdır. Amma bu, əməli fəaliyyətdə, çağırışlarda xəyanət rolunu oynamalı deyil. O, həm də vətəndaşdır!

Yalnız bir neçə sərfedici misal göstərə bilərlər ki, o da öz ölkəsindən minlərlə km uzaqda bütün dünyanın qəbullandığı işğala görə ola bilər. Məsələn, Vyetnam, Əfqanıstan kimi.

Bütün bunları qeyd etməklə bərabər həddən ziyadə pafoslu, qulaqbatırıcı bayağılıqdan da uzaq durmalıyıq. Ötənlərdə tədbirlərdən birində gəncimiz şeir oxuyurdu. Təxmini belə idi: Vətənin bir qarışı getsə, özümü öldürərəm, düşməni məhv edərəm və s.

Barmağımı dişlədim. Görəsən, bu gənc Azərbaycan torpaqlarının 20%-nin işğalından xəbərsizdi? Hansı bir qarışdan danışır? Bəlkə yuxudadır, ya da vətən deyərkən çıxış etdiyi tribunanı nəzərdə tutur.

Sadəcə, bu şair, yazıçılar "tribuna vətən"indən azad olmalıdır.

Fransız ədibi Mopassanın "Gombul" əsəri hamımıza tanışdır. Əsərdə Fransa-Prussiya müharibəsi zamanı alman əsgərlərinin Fransada işğal zamanı əməllərindən bəhs edir. Müəllif hər nə qədər ölkəsindəki sosial problemləri, bəzi vətənsevərlərin əslində bu şüarları qazanc mənbəyinə çevirməsindən bəhs etsə də, daxilindəki fransız qanı, Fransa torpağına olan sevgi onu dinc buraxmır.

Fransız fahişəsi qəhrəmanlığın, vətənsevərliyin zirvəsinə qaldırılır. Ölkədəki bütün problemlərə, haqsızlığa baxmayaraq, əxlaqsız fransız qadınının içində belə, vətəninə sevgi var. Fransız qanına hörmət və sayqı duyur.

Dünya ədibləri öz əxlaqsız qadınından belə vətənsevər, qəhrəman düzəldərkən biz gerçək Qarabağ qəhrəmanlarımızdan nə qədər ədəbiyyatımızda yararlana bilirik? Onları nə qədər bədiiləşdirə bildik? Məsələ də bundadır.

Tək Aprel hadisələri bizim üçün ən azından yeni salnamələrin başlanğıcıdır.




İmza:
SON XƏBƏRLƏR
2019-10-19
2019-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (85.71%)
Pullsuz (14.29%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK