ANA SƏHİFƏ / İDMAN

Bir söz, üç heca və üç qol - REPORTAJ

17948    |   2019-08-02 10:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Futbol bir dünyadır. Bu dünyada yaşamağın vaxtı 90 dəqiqədir. 90 dəqiqə bitəndən sonra ya cənnətliksən, ya cəhənnəmlik!

"Qarabağ”ın İrlandiya çempionu "Dundalk” ilə döyüşünə getmişdik. İrlandiyadakı döyüşdən sülhlə ayrılmışdıq. Bu dəfə cənnətə düşmək şansımız çox idi. "Qarabağ” qalib gələcəyinə əmin idik.

"Dalğa Arena”ya oyun vaxtından bir saat əvvəl gəldik. Stadionun çölü izdihamlı idi. Stadionun dəmir barmaqlıqlarından çöldə bizi kiçik "biznesmenlər” qarşıladı. "Artıq bilet var”, "sərin sular, simiçkaaaa” deyə qışqırırdılar. Su ilə od heç vaxt bir yerdə olmasa da, od qiymətinə olan sudan alıb dəmir barmaqlıqlarla fırlanıb içəri daxil olduq. Hər kəs kimi biz də yoxlanıldıq. Yoxlayan polis tipik Azərbaycan polisi idi. Çəkisi yüzdən artıq idi. Yanında polis xanım da dayanmışdı. Açığı bu xanım məni heyrətləndirdi. Heç vaxt bu gözəllikdə xanım təsəvvür edə bilməzdim. Açığı qürurlandım. Azərbaycan qadınının bu çətin və şərəfli peşəni seçdiyinə görə. Kaşki məni o xanım yoxlayaydı. Hətta telefonumdakı nömrələr haqqında, yazışdığım adamlar haqqında da ona məlumat verərdim. Əfsus…

Aldığımız suların qapaqlarını bizdən aldılar. Bizi "butulka” atana oxşatmışdılar.

Yoxlamadan keçdikdən sonra oyunun başlamağına bir saat qalsa da abu-hava bizi tribunadakı yerimizə apardı.

Oyun başlamadan əvvəl artıq 6 minə yaxın adam yüksək səslə və ürəkdən bağırırdı:

- Qa-ra-bağ! Qa-ra-bağ! Qa-ra-bağ!

Oyunun ilk saniyələrindəcə hücuma keçən və hesabı açmağa çox yaxın olan komandamız elə bu hücumla "Oyun mənimdir!” dedi və biz komandanın bu mesajı ilə daha da ruhlandıq.

12-ci dəqiqədə Xayme Romeronun vurduğu qoldan sonra isə biz qələbəyə daha əmin olduq. Bu qol səsimizə qüvvət verdi. Heç bu qədər bağırdığımı xatırlamıram.


Stadiondakı hər kəs biri-birinə doğma idi. Uzun müddətdən sonra görüşən dostlar kimiydik. Və hər kəs qarabağlı idi. Ətrafımdakılardan yaddaşıma iki söz yükləndi. Biri "qaqa” sözü idi. Mən də qaqa olmuşdum.

İkinci söz isə daha çox uğursuz paslar və qol epizodlarını havaya sovrulanda eşidilirdi:

- Ay dəstxoş!

Bu söz mənim də dilimə düşdü.

İrəlidə olmaq gözəl hisdir…


Tribunada daha maraqlı bir məqam da diqqətimi çəkdi. Bu azyaşlı azarkeşlər idi. Onlar daha çox sevinirdi. Qarabağ uşaq sevgisini elə "Qarabağ” ilə qazanmışdı. Ən pak sevgi…

Azarkeşlər arasında gözəl xanımlarımız da az deyildi. Deyəsən Aqil Abbasın məşhur "Qızlar futbola getsin ki, futbolçular onlara baxıb həvəslə oynasınlar” cümləsini xanımlarımız nəzərə almışdı.

Və budur… Növbəti qol! 2:0 irəlidəyik…


Daha rahatıq, daha əminik və bu rahatlıq hissinin azarkeşlərə necə təsir etdiyini sizə deyim. Şüarların səsi və sayı azalır. Biz əzəldən bəridir rahatlığa tez qapılmışıq və başımıza gələn bəlaların səbəbi də həmişə bu olub.

Azarkeşlər arasında bölünmələrin olduğunun fərqinə indi varıram. Bir tərəfdə "İmarət tayfa” adlı azarkeş qrupu, o biri tərəfdə "Qarabağ ordu” azarkeş qrupu, digər tərəfdə isə başqa bir qrup. Hər azarkeş qrupu öz şüarını deyir və tribunamızdakı pərakəndəliyi hiss etməyə başlayıram.

Eyni komandaya azarkeşlik edən adamlar, eyni şeyə sevinən, eyni şeyə üzülən adamlar axı niyə bölünməlidir?! Niyə parçalanmalıdır?!

Axı biz biri-birimizdən ayrı düşməyi niyə bu qədər sevirik? Bir yumruq olmaq beləmi çətindir? Birgə vuruşmaq beləmi çətindir?


Elə bu məqamda tribunada dava düşdüyünü görürəm. "İmarət” azarkeş qrupunun olduğu sektorda başlayan bu anlaşılmazlığa polis əməkdaşları müdaxilə edir. Bu hadisə təxminən 10 dəqiqə davam edir.

Meydandakı rəqib oyunçular davakar tribunaya maraqla baxır. Yəqin içlərində "Bunlar hələ bizi 2:0 udurlar dalaşırlar, gör uduzsalar nə olardı” deyirlər… Bəlkə də döyməyə rəqib azarkeş tapmamışdıq deyə belə idik. Bilmirdik sevincimizdən kimi döyək.

Bütün azarkeşlər "İmarət” tribunasına dəstəyini göstərmək üçün onların ünvanına şüarlar səsləndirməyə başladı.

Və budur… Növbəti qol! 3:0…

Tribunadakı mübahisələr dayanır. Hər kəs yenidən bir olub sevinməyə başlayır.

- QA – RA – BAĞ! QA – RA – BAĞ! QA – RA – BAĞ!

Bu dəfə azarkeşlər elə "Qarabağ” bağırdı ki, bu hayqırtı təkcə komandamız üçün deyildi.


Bu bir xalqın 30 ildir ürəyində saxladığı hayqırış idi!

- QA – RA – BAĞ!

Bir söz, üç heca və üç qol.

Bizə bu fəryadımızı ürəklə dilə gətirə bilməyimiz üçün şərait yaradan Qurban Qurbanov və "Qarabağ”ın futbolçularına təşəkkür edirik!

Ulucay AKİF


İmza:
SON XƏBƏRLƏR
2020-06-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK