adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
31 Yanvar 2019 23:17
29530
ƏDƏBİYYAT
A- A+

Səsinə söykənən müğənni - Səyyad Əlizadə


İnsanın şüurlu həyatı onun ömrünün azlığı, yaxud çoxluğu ilə deyil, onların əməlləri, doğulduğu torpağa, vətənə, millətə xidmətləri ilə ölçülür. Bu baxımdan tanınmış müğənni Səyyad Əlizadənin bəxti gətirmişdir. O, qırçın-qırçın gümüşü ləpələri ilə gah sakitcə, gah da qıjıltıyla ötüb keçən Arazın akustikasında böyüyüb. Qarabağın qədim-qayım yurd yerlərindən biri olan, yaşı yüzilliklərlə hesablanan Babı kəndində dünyanı tanıyıb. O, Babı kəndində ki, burada 800 ildən artıqdır ki, Şıxbaba türbəsi tarixə yoldaşlıq edir. O Babı kəndində ki, Osmanlıların 1593-cü ildə tərtib etdikləri sənəddə xatırlanır. XVİ-XVİİ yüzilin görkəmli el şairi Lələ öz bayatılarında Babı kəndini, Babı türbəsini yad edir:

Lələ der Babı haray,
Arğalı, Babı haray.
Haram çox aşdı-daşdı,
Boş qaldı qabı haray!

Böyük fəlsəfi məzmun daşıyan, insanları düzlüyə, doğruluğa, mənəvi saflığa haraylayan bu misralar, bu gün də öz tərbiyəvi əhəmiyyətini qoruyub saxlayır.
Təbiət, iqlim, coğrafiya, ətraf aləm, çoxəsrlik tarixi ənənələr, zəngin etnoqrafik elementlər, qədim dövlətçilik tarixi, saz-söz sənəti, maddi və mənəvi nailiyyətlərin məcmusu Səyyad Əlizadənin mənəviyyatına, daxili aləminə böyük təsir göstərmişdir. Bunun nəticəsidir ki, Səyyad müəllimin mahnılarının mövzu, məzmun siqlətindən asılı olmayaraq, onun avazında bir xısma, bir ovuc, bir çimdik də olsa Qarabağ ab-havası, Azərbaycan ruhu var. Onun ürəyindən süzülüb dünyanı dolaşan mahnılarında gözəlliyi başına bəla olan, cənnətməkan Qarabağın əsrarəngiz təbiətinin, zümrüd meşələrinin, damcı-damcı bulaqlarının, qamçı-qamçı çaylarının, vüqarlı dağlarının, ən başlıcası isə Vətən sevgisinin şirinliyi, yurd istəyinin dadı-tamı var.
Adətən jurnalistlər hər hansı bir şəxsdən yazarkən, onun tərcümeyi halını, həyatı və fəaliyyətini qeyd edirlər. Mən də bu "klassik metoddan" istifadə edərək Səyyad Əlizadənin həyatına və yaradıcılığına qısa da olsa, ekskurs etmək istəyirəm.
Səyyad Əşrəf oğlu Əlizadə 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olmuşdur. Arayatılı kənd orta məktəbində təhsil almışdır. Orta məktəb illərində rayonda keçirilən el şənliklərində, bayramlarda, mahnu müsabiqələrində, digər tədbirlərdə və festivallarda gözəl ifası ilə tamaşaçıların rəğbətini qazanmışdır. Tay-tuşlarından fərqli olaraq Səyyad Əlizadə hələ məktəbliykən artıq rayonda məşhur idi. 1972-73-cü illərdə Füzuli şəhərində keçirilən "Qarabağın mahnı festivalı"nın qalibi olmuşdur.
1977-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuş, 1982-ci ildə ali məktəbi bitirmişdir. Tələbəlik illərində institutun "Arzu" xalq çalğı alətləri ansamblının solisti kimi bir çox uğurlara imza atmışdır. 1978-ci ildə Lənkəran şəhərində keçirilən Ümumrespublikamusiqi festivalının qalibi olmuşdur. Elə həmin ilin oktyabr ayında Azərbaycan televiziyasının məşhur "Xoş gördük, tələbə" verilişində parlaq və yaddaqalan çıxışı ilə fərqlənmişdir. Bu verilişə vəsiqə almaq üçün gənc müğənni 65-70 namizədin içərisindən seçilmişdir.
Gənc yaşlarında Respublika Ali və Orta ixtisas təhsil müəssisələrinin arasında keçirilən "Vətənpərvərlik nəğmələri" festivalının laureatı, Litva Respublikasının Vilnüs və Kaunas şəhərlərində keçirilən "Tələbə-Gənclərin Ümumittifaq mahnı festivalı"nın birinci dərəcəli diplomçusu, "Oxu. tar" respublika baxış-müsabiqəsinin laureatı, Ukraynanın Jitomir şəhərində təşkil olunmuş "SSRİ-nin yaranmasının 60 illiyi" festivalının qalibi, Moskvada keçirilən SSRİ-Yunanıstan gənclərinin festivalının birincisi, "Respublika" sarayında keçirilən "İstedadlar axtarırıq" müsabiqəsinin qalibi olmuşdur. Əlbəttə, bu siyahını xeyli artırmaq da olardı.
1988-ci ildə M.A.Əliyev adına Azərbaycan İncəsənət İnstitutunun nəzdindəki Bakı Xalq İncəsənət Universitetinə daxil olmuş və 1990-cı ildə vokalı ixtisası üzrə ikillik kursu bitirmişdir. O, Daşkənd konservatoriyasında Özbəkistanın xalq artistləri Məhəbbət Şamayeva, İlyas Malayevdən dərs alaraq "Türkdilli xalqların mahnıları" proqramını uğurla mənimsəyən yeganə müğənnidirki, özbək, qazax, türkmən, uyğur, qırğız, qaqauz mahnılarını da repertuarına daxil etmişdir.
Respublikamızın tanınmış incəsənət ustaları S.Əlizadəyə hörmətlə yanaşırlar, onu öz sıralarında görmək istəyi ilə təkliflər edirdilər. 1984-cü ilin iyun ayında istedadlı müğənni Baba Mahmudoğlunun rəhbərlik etdiyi "Dastan" folklor ansamblının solisti kimi fəaliyyətə başlamış, bu ansambl ilə "Neft Daşları"nda neftçilər qarşısında maraqlı konsert proqramı ilə çıxış etmişdir. Elə həmin ildə dəfələrlə Azərbaycan televiziyasının "Gənclik" redaksiyasının hazırladığı əyləncəli verilişlərə də bənzərsiz ifaları ilə qatılmışdır.
1985-ci ildə onun ifasını bəyənən məşhur tarzən Ağasəlim Abdullayev gənc müğənnini "Araz" xalq çalğı alətləri ansamblına dəvət etmişdir. İki il sonra meyxana ustası Nizami Rəmzi ilə istedadlı musiqiçi Abasqulu Nəcəfovun yaratdığı "Meyxana" ansamblına solist kimi dəvət almışdır. 1988-ci ildə o zaman AzTV-nin ən reytinqli verilişi olan "Dalğa" S.Əlizadəni öz proqramlarına dəvət etmişdir. Buradakı parlaq çıxışı müğnninin çoxsaylı tamaşaçılar tərəfindən daha da sevilməsinə səbəb olmuşdur.
1990-cı ilin may ayında Türkiyə Respublikasının 20-dən çox şəhərində konsertlər vermişdir. O, anadolu, qaqauz, özbək, uyğur, qırğız, türkmən və azəri türkcəsində ifası ilə tamaşaçıların rəğbətini qazanmışdır. 1994-cü ildə Azərbaycan Dövlət Televiziyası Səyyad Əlizadənin "Türkdilli xalqların mahnıları" adlı solo konsertini nümayiş etdirmişdir. Səyyad Əlizadə "Bəyaz gecələr" adlı musiqi qrupunu yaratmışdır. 1996-cı ildə bu qrup Tümen vilayətində konsertlər keçirmişdir.
O, bir qayda olaraq hərbi hissələrə gedir və əsgərlərimiz qarşısında, eləcə də kimsəziz uşaqların, qocalar evinin sakinləri qarşısında çıxış etməyi özünə borc bilir. Qarabağ Əlillər Cəmiyyəti Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda sağlamlığını itirmiş vətən övladlarına etdiyi təmənnasız xidmətlərə görə müğnnini fəxri diploma layiq görmüşdür. Müğənni xeyriyyəçilik missiyasını həyata keçirir.
S.Əlizadə saysız-hesabsız toyları yola verib, sayı bilinməyən tədbirlərdə iştirak edib. Onun çıxışları həmişə məhəbbətlə, sevgi ilə qarşılanıb.
Ölkəmizdən kənarda da Səyyad müəllimin çıxışları alqışlarla qarşılanır. 1990-cı ilin may ayında Türkiyə Respublikasının 20-dən çox şəhərində konsertlər vermişdir. O, anadolu, qaqauz, özbək, uyğur, qırğız, türkmən və azəri türkcəsində ifası ilə tamaşaçıların rəğbətini qazanmışdır. 1994-cü ildə Azərbaycan Dövlət Televiziyası Səyyad Əlizadənin "Türkdilli xalqların mahnıları" adlı solo konsertini nümayiş etdirmişdir. Səyyad Əlizadə "Bəyaz gecələr" adlı musiqi qrupunu yaratmışdır. 1996-cı ildə bu qrup Tümen vilayətində konsertlər keçirmişdir.
S.Əlizadə dəfələrlə Türkiyədə, Rusiya Federasiyasının müxtəlif şəhərlərində, İranda, Gürcüstanda, Orta Asiya və Baltikyanı respublikalarında qastrol səfərlərində olmuş və maraqlı konsert proqramları ilə çıxış etmişdir. Onun bir neçə il bundan öncə Respublika Mədəniyyət Nazirliyinin xətti ilə Moldaviyaya qastrol səfəri də uğurlu alınmış və o, fəxri fərmanla təltif edilmişdir. Onun studiyası sözün əsl mənasında zəngin bir muzeyi xatırladır. Hara baxırsan, fəxri fərmanlar, diplomlar, qiymətli əşyalar-bunlar tanınmış müğənni Səyyad Əlizadəyə, onun səsinə, sənətinə göstərilən sevginin, ehtiramın barzi nümunələridir. Bütün bunların fövqündə isə o, ən böyük mükafatı xalqına, millətinə xidmət etməkdə görür.
Söhbətin bu yerində Türkiyənin Qars şəhərində iştirak etdiyim toy məclisində Səyyad Əlizadənin "Bəyaz gecələr", "Gül ki, ürəyim gülsün", "Azəri qızları" mahnılarının dəfələrlə səsləndirilməsi, yerli müğənni tərəfindən canlı ifa olunması yadıma düşdü. Azərbaycandan gəldiyimi eşidən məclis iştirakçılarından üç nəfəri mənə yaxınlaşıb səmimi görüşdükdən sonra Azərbaycanın muğamlarının, xalq və bəstəkar mahnılarının vurğunu olduqlarını bildirdilər. Yeri gəlmişkən deyək ki, Qars toylarında demək olar ki, yalnız Azərbaycan mahnıları ifa edilir.
Qarsda müğənnini ekran vasitəsi ilə tanıyanlardan biri dedi ki, Səyyad Əlizadənin geyimi də həmişə səliqə-sahmanlıdır, oxuduqları da. Yumşaq, həlim səslə, həm də ürəklə oxuyur. Ürəklə ifa etdiyi üçün oxuduqları adamın ürəyinə toxunur. Onun ifa etdiyi mahnıları dinləyəndə bu mahnılar adama hər gün görüşdüyü çox mehriban bir dostu xatırladır.
Səyyad Əlizadənin "Gül ki, ürəyim gülsün", "Azəri qızları" "Xallı qız", "Həyat sevgidir", "Dünya gözəl dünyadır", "Gücüm gözlərimin yaşına çatır", "Məhəbbət əfsanəsi" (duet), "Su pərisi", "Harda qaldın", "Nakam məhəbbət", adlı albomları işıq üzü görmüşdür. Bununla bərabər müğənninin 8 video albomu və 5 lazer diski çap edilmişdir.
Mahnıya, sözə qarşı çox həssasdır Səyyad müəllim. O, mahnını ürəyində, boğazında bişirib çıxarır. Bişmiş boğazdan çıxan söz adamı incitməz, əksinə adamın ürəyinə sarı yağ kimi yayılar. Gənc yaşlarından içinin, duyğularının hökmü ilə səsinə söykənib ürəyində Azərbaycanımızın kiçik bir portretini daşıyan müğənni hara gedibsə, harda olubsa, yalnız doğulduğu məmləkəti, torpağına dirsəklənib ayağa qalxdığı, dizlərinə taqət, gözlərinə nur, ürəyinə təpər verən ölkəsini düşünüb. Elə ən böyük uğurlarını da Azərbaycanı düşünəndə qazanıb Səyyad Əlizadə. Öz ruhunu, özünün səsində tapan müğənni həyatı dərk edəndən bəri səsə doğru, avaza doğru gedir, dünyanın əzəlliyini özündən, gözəlliyini gözündən keçirə-keçirə ruhumuza sığal çəkən melodiyaları ilə insanları işıq bulağından içizdirib, işıq dənizində çimizdirir, səs işığına bələyərək, əbədi işığa-birliyə, sülhə, barışa, əmin-amanlığa çağırır...