adalet.az header logo
  • Bakı -°C
21 Sentyabr 2026 11:53
58
ƏDƏBİYYAT
A- A+

Aida İmanquliyeva – Şərqşünaslıq elmində yaşayan ömür

19 sentyabr – görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın xatirə günüdür
Bəzi şəxsiyyətlər zamanın müəyyən bir mərhələsinə deyil, bütöv bir elmi məktəbin yaddaşına məxsus olurlar. Onların gördüyü işlər yaşadıqları dövrlə məhdudlaşmır, sonrakı nəsillərin elmi axtarışlarında davam edir. Professor Aida İmanquliyevanın adı da Azərbaycan şərqşünaslığının belə parlaq simaları sırasında xüsusi yer tutur.

Bu gün – sentyabrın 19-da Aida İmanquliyevanın dünyasını dəyişməsindən 34 il ötür. Onun cəmi 53 illik ömrünə nəzər saldıqda bir insan həyatına sığmayacaq qədər böyük elmi fəaliyyət, yaradıcılıq və təşkilatçılıq nümunəsinin şahidi oluruq.

Aida İmanquliyeva Azərbaycan ərəbşünaslığının inkişafında yeni istiqamətlərin müəyyənləşməsinə mühüm təsir göstərmiş alimlərdəndir. Onun tədqiqatlarının mərkəzində XX əsr ərəb ədəbiyyatı, məhcər ədəbiyyatı, Şərq və Qərb ədəbi əlaqələri, ədəbi-estetik fikir və mədəniyyətlərarası qarşılıqlı təsir məsələləri dayanırdı. Bu mövzulara yanaşması ilə o, ərəb ədəbiyyatının öyrənilməsini yalnız regional çərçivədə saxlamamış, onu ümumdünya ədəbi prosesinin tərkib hissəsi kimi təqdim etmişdir.
Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində dünyaya gəlmişdir. Onun formalaşdığı ailə mühiti milli mətbuat, elm və mədəniyyətlə sıx bağlı idi. Atası, görkəmli jurnalist və alim Nəsir İmanquliyev Azərbaycan mətbuatının inkişafında özünəməxsus xidmətləri ilə seçilən ziyalılardan biri olmuşdur.

Aida xanım 132 nömrəli məktəbi qızıl medalla başa vurduqdan sonra 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsinə daxil olmuşdur. 1962-ci ildə ali təhsilini başa vuran gənc tədqiqatçının qarşısında artıq böyük elmi yol açılırdı.

Onun sonrakı elmi fəaliyyəti ərəb ədəbiyyatının müasir problemlərinin araşdırılması ilə sıx bağlı olmuşdur. Aspirantura illərində apardığı tədqiqatlar nəticəsində “Qələmlər birliyi” və onun görkəmli nümayəndəsi Mixail Nüaymənin yaradıcılığına müraciət edən alim 1966-cı ildə namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Elmi rəhbəri isə tanınmış şərqşünas Rüstəm Əliyev olmuşdur.

Həmin ildən Şərqşünaslıq İnstitutunda başlayan elmi fəaliyyəti Aida İmanquliyevanın həyatının əsas məzmununa çevrilmişdir.
Aida İmanquliyevanın elmi irsinin əsas özəlliklərindən biri onun ərəb ədəbiyyatına geniş müqayisəli kontekstdən yanaşması idi. O, ərəb yazıçılarının yaradıcılığında Şərq və Qərb düşüncəsinin təmas nöqtələrini araşdırır, ədəbi prosesin arxasında dayanan fəlsəfi və mənəvi məqamları üzə çıxarırdı.

Cübran Xəlil Cübran və Mixail Nüaymə kimi sənətkarların yaradıcılığına müraciət etməsi də təsadüfi deyildi. Bu ədiblərin yaradıcılığında müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqəsi, insan və cəmiyyət, mənəviyyat, azadlıq, humanizm kimi məsələlər mühüm yer tutur. Aida İmanquliyeva məhz bu məqamları elmi təhlilin predmetinə çevirərək Azərbaycan ərəbşünaslığında yeni istiqamətin əsasını qoymuşdur.

Onun “Cübran Xəlil Cübran”, “Qələmlər birliyi və Mixail Nüaymə”, “Yeni ərəb ədəbiyyatının korifeyləri” kimi fundamental əsərləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Bu əsərlərdə müəllifin məqsədi yalnız ayrı-ayrı sənətkarların yaradıcılığını təqdim etmək deyildi. O, həmin yaradıcılığın meydana gəldiyi ictimai-mədəni mühiti, Şərq və Qərb ədəbi düşüncəsinin qarşılıqlı təsirini və yeni ərəb ədəbiyyatının formalaşma prosesini bütöv şəkildə araşdırırdı.

Aida İmanquliyevanın şəxsiyyəti yalnız elmi əsərləri ilə tamamlanmır. O, həm də yüksək təşkilatçılıq qabiliyyətinə malik rəhbər və pedaqoq idi.

Şərqşünaslıq İnstitutunda Ərəb filologiyası şöbəsinə rəhbərlik etdiyi illərdə şöbənin elmi fəaliyyətinin inkişafında mühüm rol oynamışdır. Daha sonra institutun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışan Aida xanım 1991-ci ildə Şərqşünaslıq İnstitutunun rəhbəri olmuşdur. Bu vəzifəyə onun gəlməsi təsadüfi deyildi. Elmi nüfuzu, təşkilatçılıq bacarığı və kollektivlə işləmək qabiliyyəti onu Azərbaycan şərqşünaslığının aparıcı simalarından birinə çevirmişdi.

Təəssüf ki, həyatının ən məhsuldar çağında – 1992-ci il sentyabrın 19-da Aida İmanquliyevanın ömrü yarımçıq qaldı. Ömrü qısa, irsi uzun Aida İmanquliyevanın vəfatından 34 il keçir. Lakin onun elmi irsinə maraq səngiməyib. Əksinə, bu irs yeni tədqiqatlar üçün mənbəyə çevrilməkdədir. Onun əsərlərinə müxtəlif ölkələrdə müraciət olunması, monoqrafiyalarının xarici dillərə tərcümə edilməsi Aida İmanquliyeva yaradıcılığının yalnız milli deyil, beynəlxalq elmi əhəmiyyətini də göstərir.

Aida xanımın elmi irsi bu gün bizim üçün həm də bir məktəbdir. Bu məktəbin əsas prinsipləri – elmə sədaqət, milli dəyərlərə bağlılıq, dünya elmi ilə inteqrasiya, Şərq və Qərb arasında dialoqun araşdırılması – müasir şərqşünaslıq qarşısında duran vəzifələrlə də səsləşir.

Aida İmanquliyevanı yalnız “ilk”lərin siyahısı ilə xarakterizə etmək onun elmi şəxsiyyətinin miqyasını tam ifadə etməz. Onun böyüklüyü həm də ondan ibarətdir ki, o, özündən əvvəlki elmi ənənəni davam etdirməklə kifayətlənməyərək yeni tədqiqat istiqamətləri yaratmışdır.

Azərbaycan ərəbşünaslığında qadın alimin elmi nüfuzunu yeni mərhələyə yüksəldən Aida xanım sonrakı nəsil tədqiqatçıları üçün də örnək olmuşdur. Onun yaradıcılığında elm və ziyalılıq anlayışları bir-birindən ayrılmırdı.

Bu gün Aida İmanquliyevanın adı Şərqşünaslıq İnstitutunun tarixində, Azərbaycan ərəbşünaslığının inkişafında və milli filoloji fikrimizin yaddaşında yaşayır.

Onun 53 illik ömrü bizə bir daha göstərir ki, insanın dünyada qalıcı iz buraxması üçün uzun ömürdən daha çox, mənalı ömür və yaradıcı fəaliyyət lazımdır.

Aida İmanquliyeva özündən sonra yalnız kitablar və elmi məqalələr qoymadı. O, bir elmi istiqamət, bir tədqiqat ənənəsi və davam edən bir məktəb qoydu. Bu səbəbdən 19 sentyabr yalnız bir xatirə günü deyil. Bu tarix Azərbaycan elminin böyük simalarından birinin irsinə yenidən qayıtmaq, onun elmi ideyalarını gələcəyə daşımaq üçün bir vəsilədir.

Aida İmanquliyevanın şərqşünaslıq elmində yaratdığı zəngin elmi irs bu gün də AMEA akademik Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunda uğurla davam etdirilir. Bu elmi ənənənin yaşadılmasında və yeni nəsil şərqşünasların yetişdirilməsində İnstitutun rəhbərliyinin, xüsusilə akademik Gövhər Baxşəliyevanın məqsədyönlü və ardıcıl fəaliyyətinin mühüm rolu vardır. Bunun əyani göstəricilərindən biri də Aida İmanquliyevanın elmi fəaliyyət göstərdiyi ərəb filologiyası üzrə hazırda İnstitutumuzda yeganə elmlər doktoru kimi mənim də bu elmi ənənəni davam etdirməyimdir. Bu, yalnız bir elmi irsin qorunub saxlanılması deyil, həm də Aida İmanquliyeva kimi görkəmli alimlərin müəyyən etdiyi elmi istiqamətlərin müasir şərqşünaslıqda yeni məzmun və tədqiqatlarla zənginləşdirilməsinin ifadəsidir.

Lalə Məzahir qızı BAYRAMOVA
AMEA akademik Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun
Təhsil  şöbəsinin müdiri, filologiya elmləri doktoru