ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: AĞDAM VƏ FAZİL MÜƏLLİMİN LİMON BAĞI

25405    |   2017-08-03 22:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyənin «Sözçü» qəzetində paket çayı ilə bağlı maraqlı bir yazıya rast gəldim. Onu saytımızda oxuya bilərsiniz.

Yadıma bir hadisə düşdü. Ağdamda bir Fazil müəllim vardı. Qeyri-adi bir adamdı. Məşhur yazıçı Əlfi Qasımovun qardaşı idi. Kino Birliyinin sədriydi. Dünyada Allahdan başqa bir kimsədən qorxmazdı: nə katibdən, nə prokurordan, nə KQB-dən, nə rəisdən.

«Dostluq» kinoteatrı da bulvarda yerləşirdi. Bulvarın ərazisi də onun dövlətiydi. Və bu dövlətin də prezidentiydi. Onun dövlətinin ərazisində baş verən hər bir cinayət hadisəsini də Fazil müəllim həll edərdi. «Uşaqlardı da dalaşıblar, biri də o birisinə bir bıçaq vurub».

Milisin hünəri nəydi bu məsələyə qarışsın. Çünki hadisə Fazil müəllimin dövlətində baş vermişdi. Fazil müəllim xəstənin müalicəsini də üstünə götürərdi, tərəfləri də barışdırardı və s. və ilaxır.

Hətta öz dövlətinin ərazisində, yəni bulvarda kiçik bir stadion vardı, orda da azyaşlı uşaqların futbol çempionatı keçirilərdi, qalibləri də özü mükafatlandırardı. Həddindən artıq xeyirxah və əliaçıq adamdı. Qapısına gedən boş qayıtmazdı. Ağdamın milyonerlərindən idi. Soruşardılar ki, Fazil müəllim, bu qədər pulu hardan almısan? Gülür və deyirdi ki, «Mənim əlli kino toçkam var. Hərəsi gündə 10 manat versə, 500 manat edir. Oğurluq eləmirəm, quldurluq eləmirəm.»

Fazil müəllim haqqında «Dolu» romanında müəyyən hadisələri işıqlandırmışam. Amma romanda olmayan hadisələri söz verirəm ki, zaman-zaman sizə çatdıracam. Dostlarının zarafatla «bandit Jaqa» adlandırdıqları bu qeyri-adi insanı daha yaxından tanıyacaqsınız. Çünki həyatda belə adamlar çox az olur.

Fazil müəllim yüksək təhsil görmüşdü. Eləcə də Bakı Ali Partiya məktəbini bitirmişdi. Uzun müddət partiya və Sovet orqanlarında çalışmışdı. Bir ara da özünün doğulduğu Şelli kəndində kolxoz sədri olmuşdu.

Bu hadisə də kolxoz sədri işlədiyi zaman baş vermişdi.

Deməli belə…

Kefinin kök vaxtlarında bir həmkəndlisi gəlir ki, Fazil müəllim, Moskvaya bir ton limon aparıram satmağa. Bir kağız ver ki, öz bağımın məhsuludu.

Fazil müəllim də deyir:

- Ay it oğlu, Ağdamda limon bitir ki?!

O da yalvarır ki, əşi, kimdi arayıb-axtaran? Sən kağızını ver, qalanı asandı. Sovetlər dönəmində hər bir kəndli öz bağının məhsulunu ölkənin istədiyi yerində bazara çıxara bilərdi. Amma bunun üçün ya kolxoz sədrindən, ya da kənd soveti sədrindən kağız almalı idi ki, alverçi deyil.

Fazil müəllimin kefinin kök vaxtı bir az da kəndçisinə yazığı gəlir. Götürür bir sənəd verir, imzalayır, möhürləyir. Kəndçisi də gedir Moskvaya. Moskvada bazarda obaxeyslər (bizim dildə sovet əmlakını dağıdanlarla mübarizə aparanlar) Fazil müəllimin kəndçisinə ilişirlər. Amma baxırlar ki, əlində rəsmi sənəd var. Onlar da çörəyi qulaqlarına yemirlər ha, bilirlər ki, limon Azərbaycanda təkcə Lənkəranda, Astarada olur. Ağdam hara, limon hara, özü də bir ton.

Belə qərara gəlirlər ki, məsələni yerində aydınlaşdırsınlar və Moskva şəhər milis idarəsi iki obaxeysini Azərbaycana ezam edir. Gəlirlər Bakıya Daxili İşlər Nazirliyinə, ordan da iki nəfər götürürlər ki, getsinlər Ağdama.

Fazil müəllimin də dairəsi çox geniş idi. Nazirlikdən telefon açırlar ki, ay evini Allah yıxmasın, bu nə sənəddi vermisən, Moskvadan tökülüb gəlirlər sabah olacaqlar Ağdamda.

Fazil müəllim:

- Mən saxta sənəd verən deyiləm. Kişinin limon bağı var, vəssalam.

Ağdamda elə bir ev yox idi ki, orada ən azı bir-iki dekorativ limon ağacı olmasın. Elə 3-4 dənə də bizdə vardı. Dayımgildə də 30-dan çoxdu.

Fazil müəllim gecəynən kolxozun və dostlarının maşınlarını salır işə beş-altı saat müddətində həmin kəndçisinin həyətinə mindən çox limon ağacı yığır. (Evdə saxlanılan limon ağacları çəlləkdə olurdu) Səhər Moskvadan gələnlər, Bakıdan gələnlər, eləcə də onlarla birlikdə Ağdamdan gələnlər gəlib tökülürlər həmin şəxsin həyətinə. Və baxıb görürlər ki, ağacların üstündə hələ iki ton da limon var.

Fazil müəllimdən üzr istəyib çıxıb gedirlər.

Belə kişiydi Fazil müəllim. Belə kişilər çoxuydu ey Ağdamda. Dünyanın Ən Varlı Şəhərində.

İmkan olsa, Fazil müəllimin kolxoz sədri seçilərkən raykomun şöbə müdirinə vurduğu iki şapalağı da yazacam.

P.S. Nömrəmizdə də Fazil müəllimin bir anektodunu çap edəcəyik. Oxuyun.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK