ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: BU YAZINI MƏN

Anama və sənə yazıram

29768    |   2017-03-07 17:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gəl açıq danışaq. Necə deyərlər, üz-üzə, göz-gözə… dilimizin altına çöp qoymadan… içimizdə olanları.. ağlımızdan keçənləri…. xəyalımıza gətirdiklərimizi… eşitdiklərimizi… bizim haqqımızda deyilənləri… bir sözlə, hər şeyi… Necə deyərlər, başlanğıcdan bu ana qədər nə olubsa, hamısını danışaq… Yəqin ki, heç birimiz incimərik, heç birimizin xətrinə dəyməz. Çünki üz-üzə danışırıq, göz-gözə danışırıq. Dilimiz yanılsa, gözümüz imkan verməz, gözümüz yayınsa dilimiz onu suçlar. Və sonda hər şey bəlli olar. Qaranlıqdan doğan günəş kimi… qaranlığa düşən işıq kimi. Bax, belə…

Gəl başlayaq əvvəldən necə var elə…

Öncə anamdan danışmaq istəyirəm. İlk sözüm də ona olub, ilk şeirimi də ona yazmışam. O mənimlə qürur duyub, mən ona sığınmışam… o mənim boyumu sevib, mən ona ağrı-acı yaşatmışam… O mənim üçün anaların bacardığı, anaların gücü çatan hər şeyi edib, mən isə onun üçün heç nə!.. Ancaq şeir yazmışam… ürəyimə təsəlli üçün… ürəyimdəki sıxıntını bölüşmək üçün… Öncə tərənnüm etmişəm, sonra qaçqınlıq dərdlərini, həyatını yazmışam anamın. Yazmışam ki:


Ürəyim bir kövrək laylay istəyir,

Gözlərim yumulu, qulağım səsdə.

Sifətin qırışıb, əlin titrəyir,

Sən nə həvəsdəsən, mən nə həvəsdə…

Mənim çadırlarda qocalan anam.


Sözün göz yaşıdı, söhbətin ağı,

Elə, çırpınırsan bu dar qəfəsdə.

Nə vaxtdı gəzirsən başı aşağı -

Sən nə həvəsdəsən, mən nə həvəsdə?!

Mənim çadırlarda qocalan anam.


Saçın ağarmışdı, indi bozarıb

Nə yeriş həməndi, nə boyun bəstə…

Yuxusuz qalmaqdan gözün qızarıb,

Sən nə həvəsdəsən, mən nə həvəsdə?!

Mənim çadırlarda qocalan anam.


Zaman balta çaldı diləklərinə,

Qığılcım axtardım ən adi kəsdə.

Dedin insaf gəlsin ürəklərinə,

Sən nə həvəsdəsən, mən nə həvəsdə?!

Mənim çadırlarda qocalan anam.


İllər dəyişdirdi bizləri yaman

Yalandı deyilən söz də, nəfəs də!

Laylanı eşidib bəlkə o zaman

Yenidən yaşayam mən o həvəsdə

Mənim çadırlarda qocalan anam...


Belə yazmışdım qaçqınçılığın ilk illərində anama. Və bu şeiri də oğlum nənəsinə dili dolaşa-dolaşa oxuyanda ana məhəbbətiylə demişdin:

- Sənə də qurban olum, atana da!

Bu sözləri eşidəndə bilmədim özümə harda yer tapım… bilmədim gözlərindən necə qaçım gizlənim. Mən sənin dərdini pıçıldamışdım. Sən isə dərdini unudub özünü nəvənə, oğluna qurban deyirdin. Onda deyə bilmədim. Çünki göz yaşı imkan vermədi. İndi deyirəm:

- Ürəyinə qurban, Ana!

Hə, qaçqınçılığa öyrəşdi anam. Elə hamımız öyrəşdik. Və bir də baxıb gördüm ki, anamın uşaq vaxtı bizlərə dediyi söz gerçəkliyə çevrilir. Anam deyirdi ki, həyatda ən pis şey vərdiş etməkdi. Çalışın heç nəyə vərdiş etməyin. Nəyi istəyirsinizsə, onu hər gün elə bil ilk dəfə gördüyünüz kimi, etdiyiniz kimi gerçəkləşdirin. Əliniz, diliniz nəyəsə vərdiş etdisə, başınıza bəla olacaq. Doğurdan da vərdiş etdik qaçqınçılığa… vərdiş etdik «lazım gəlsə» yalanına. Mən də bütün bunların içində yenə anama məktub yazdım, yenə ona üz tutdum. Yazdım ki:


Telefonda

qırıq-qırıq

səsini eşitdim,

elə bil

xəncər yeridi

ürəyimə…

zorla danışdığını

təxmin etdim

telefon

xəcalət çəkirdi

sanki mənim yerimə…

çadır taleli anam,

bacarsan, bağışla!

indi nə söz urvatdadı,

nə qələm…

əli ciblərinə yük,

sual işarəsi tək

boynubükük

günahkar bəndə

mənəm

sənin fərsiz oğlunam -

heç nə edə bilmirəm

ancaq başa düşürəm

çat verimş ürəyində

mən ən böyük ağrınam…


***

Anama hər müraciətimdə daxilən bir rahatlıq tapmağa çalışsam da, ancaq mümkün olmayıb. Ona görə ki, mən onun həyatında heç nəyi dəyişə bilməmişəm, bir şam da yandırmamışam. Və onun yaşadığı bu qaçqın həyatı elə bil ki, mənim də fərsizliyimdən, bacarıqsızlığımdan, gücsüzlüyümdən bir az da şaxələnib, bir az da qol-budaq atıb. Anam nə qədər gizlətsə də, büruzə verməsə də hiss etmişəm ki, o mənim durumumdan incikdi, o mənim hərəktəsizliyimdən narazıdı, amma büruzə vermir, dilə gətirmir. Bunun bir səbəbi də anamın, elə atamın özünün də qələm adamına sovet təfəkkürü ilə yanaşmasından qaynaqlanır. Onlara görə jurnalistin yazdığı da, dediyi də dərhal həyatda təsdiqini tapmalıdı, dərhal reaksiya doğurmalıdı. Dərhal onların həyat şəraitinə cavabdeh olanların kürkünə birə səpməlidi…

Amma neyləyim ki, nə zaman o zaman deyil, nə mətbuat həmin mətbuat deyil, nə də ən yumuşaq formada desəm, mən «reket» jurnalist… Hə, ona görə də durumu özüm görüb, reallığı özüm içimdə qiymətləndirib anamın gözlərinin içinə baxa bilmirəm. Gözümü yayındırıram onun gözlərindən. Guya ki, xilas oluram. Əslində isə bu əzabımı, daxili sıxıntılarımı bir az da artırır, bir az yüklənirəm dərdlə, kədərlə. Məhz bu anımda üzümü Sənə tuturam… məhz bu nöqtədə Sən hayıma çatırsan, məni hamıdan çox duyan, anlayan, mənə ruhum qədər yaxın olan Sən! Ona görə də inciyəndə də, küsəndə də, üz çevirib gedəndə də özümə yer tapa bilmirəm. Çünki ürəyin, ruhun belə bir yanaşması, belə bir münasibət sərgiləməsi mənim üçün çox anlaşılmaz, necə deyərlər, faciəvidir. İnsan güvəndiyinə, özünün bir hissəsi hesab etdiyinə bu qədər stress yükləyərmi? Sarsıntı yaşadarmı?.. Bilmirəm. Bəlkə də bilmək, dərk etmək qabiliyyətim yetərincə deyil. Ola bilsin ki, mən ya bu dünyanın adamı deyiləm, ya intellekt səviyyəm, düşüncəm, dünyagörüşüm, daha nə bilim nələrim bu günün ölçüləri ilə düz gəlmir. Bütün bunları düşünə-düşünə deyirəm ki, hər bir halda Sənin üçün yaşadım… Səni düşündüm… Sənə güvəndim və yazdım:


Bir az duman içində

Bir az güman içində

Bir az, uman üçün də -

Çalışdım...


Bir az bulud tək doldum

Bir az unutdum, soldum…

Bir az qığılcım oldum -

Alışdım…


Bir az ocaq közümlə

Bir az baxan gözümlə

Bir az da öz-özümlə

Danışdım…


Bir azların içində

Bir az sənin üçün də,

Bir az mənim üçün də

Qalmışdım…


Bax, elə həmin o qaldığım yerdə də sən var idin. Və əslində sən mən olan hər yerdə varsan! Elə bil ki, sənin olduğun hər yer mənim Cənnətim, mənim olduğum hər yer isə sənin qayğındı, sənin narahatlığındı, hətta bəzən sənin göz yaşın, ağrı-acındı… Ona görə də bu sirləri, bu çıxılmazlıqları, bu olduğum və olduğun yerləri bir araya gətirib sənə bir vaxt üz tutub demişdim:


Dünya bizə bağlı qapı

Bir açar tap aç, görüşək!

Sevib, dərsdən qaçıb hamı -

Sən də işdən qaç, görüşək…


Şehdə çimən ləçəklərdən

Seçib dərin çiçəklərdən.

Bir-birindən göyçəklərdən

Hörüm sənə tac, görüşək…


Ömür ötür, gün qısalır

İllər bizdən qisas alır.

Günahımız qüsullanır

Verək ona bac, görüşək.


Keçib daha qəbahətdən

Bizə düşən səadətdən

Dünya boyda məhəbbətdən

Tamarzı tək - ac görüşək…


Varımız, həm gərəyimiz

Suyumuz, həm çörəyimiz

Görüş yeri – ürəyimiz

Tanrı, işıq saç, görüşək!


***

Yazımın əvvəlində, daha doğrusu başlıqda vurğulamışdım ki, bu dəfə anamdan və səndən yazacam. Amma səbəbini deməmişdim. Bax, indi demək istəyirəm. Bu yazını 8 Mart günü oxuyacaqsan. Yəqin anam oxuya bilməyəcək. Çünki onun yaşadığı qaçqın şəhərinə qəzet çox az-az hallarda gedib çıxır. Amma yerin də qulağı var deyirlər. Hər halda, həm o «qulaqlı yer», həm də ana ürəyi hiss etdirəcəkdi ona haqqında yazdıqlarımı. Sən isə oxuyub ya qəzeti büküb bir kənara atacaqsan, ya da düz gözlərimin içinə baxıb sonra başını bulayacaqsan. Adətən daha çox belə edirsən. Bu da bir növ bağışlamaq deməkdir… razılaşmaq deməkdi… həmfikir olmaq deməkdi, ya da eləcə ağrıyan ürəyə nəfəs verməkdi – yaşaması üçün. Sağ ol ki, o nəfəsi verirsən… bir də ona görə sağ ol demək keçir içimdən ki, sən bu halınla, bu hərəkətinlə həm də ruhumun məni tərk etməsinə hələlik imkan vermirsən. Demək, yaşamağım, yanında olmağım sənin üçün əhəmiyyətsiz deyil!..

Bəli, insan bütün həyatı boyu daha çox sirr verdiyi, güvəndiyi, sevdiyi şəxslərin yanında olmağa çalışır. Onlarla diz-dizə oturub ömrün səhifələrini vərəqləmək, olmuşları, olacaqları dilə gətirmək istəyir. Mən də bu məqamı öz həyat qayəmə çevirmişəm. Həmişə istəmişəm ki, arzulandığım yerdə olum… həmişə istəmişəm ki, arzu etdiyim yerə gedim çatım… və həmişə istəmişəm ki…


Daş olur qum

Torpaq da şum…

Gözünü yum –

Aç, bax mənə

Kiməm sənə?!


Görünən kənd

İstəməz fənd

Küləkdən cəld

Qaç,bax mənə

Kiməm sənə?!


Teli dən-dən

Sevirəm mən!

Bil ki, sənsən -

Tac,bax mənə

Kiməm sənə…


Deməli, bütün yaşananlar o zaman həm ömrə, həm xatirəyə çevrilir ki, onun damarında səmimiyyət, halallıq və bir də sevgi olur. Və əgər bu dediklərim öz yerini tapırsa, onda bütün problemlərə dözmək, onlardan baş çıxarmaq nisbətən asanlaşır. Və ən dar məqamda da həmin o sevgi də, o səmimiyyət də, o halallıq da əlini sənə tərəf uzadır. Çünki onlar haqdan gəlirlər. Haqdan gələni isə kimsə durdura, dayandıra bilməz. Lap elə indinin özündə də mənim özümün içimdən gəlib keçir. Bilirsən nə?..

İçimdən gəlib keçir ki, uşaqlığıma qayıdaydım. Başımı anamın dizləri üstünə qoyaydım… nə qədər yorğun olsa da əlləriylə saçımı sığallayaydı… və bircə dəfə də olsun hiss etdirməyəydi ki, ağır zəhmətdən sonra dincəlmək istəyir, başımı onun dizləri üstündən götürüm…

Ürəyimdən keçir ki, başımı sənin də dizlərinin üstünə qoyum. Və sən də bütün yorğunluğunu, bütün problemləri, bütün yaşantıları bir kənara bir anlıq da olsa atıb:

- Hər şey yaxşı olacaq, çox fikir eləmə! - deyəsən. Bu qayğıların, sıxıntıların içərisində olan tək biz deyilik ki…

Beləcə, bu yazını xəyalla, xatirəylə başa çatdırıram. Amma bilirəm ki, bu sözlər o ülfəti, o səmimiyyəti tam ifadə etmir. Çünki həyatda tam ifadə olunan nəyəsə rast gəlməmişəm. Və bircə bildiyim odur ki, tamlıq, bütövlük və elə ifadə olunmaq da Allaha məxsusdu, Allahın əlindədi. Ona görə də yavaşca bircə Allahın eşidəcəyi səslə deyirəm:

- Allah anaları, xanımları, sevdiklərimi və bizi sevənləri qorusun!




İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK