ANA SƏHİFƏ / RUBRİKA

"Yuxuda tez-tez ölürəm" - YUXU QAPISI

75567    |   2017-02-17 13:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.


"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı rəssam Şamxal Əliyevdir. Adalet.az müsahibəni təqdim edir:


- Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

- Freydin "Yuxu yozmaları" kitabını eşitmişəm, ancaq oxumamışam. Freydi elmi hesab edirəm. Yuxu həm də sirri açılmayan bir nəsnədir, məncə. Bəzən adam ürəyində qalan arzularının yuxuda gerçəşlədiyini görür. Günlərlə təsirindən çıxa bilmir. Yuxu çox mürəkkəb bir şeydir. Yuxu haqda çox söz-söhbət gedir. Yuxu bir növ psixoloji atavizmdir, məsələn, əksər insanlar yuxuda hündürlükdən yıxıldıqlarını görürlər, bu onların ağacda yaşayan əcdadlarından qalan psixi yaddaşdır, bizim meymunabənzər əcdadlarımızın ağaclardan yıxılmaq qorxusu indi də yuxularımızda yaşayır. Yuxu insan düşüncəsinin üst qatıdır, baxmayaraq ki, elm, yuxunun şüuraltı informasiyalar yığını olduğunu deyir. Olsun, amma şüurun altında olanlar elə düşüncənin üstündə olanlardır. Düşünürəm ki, yuxunun insandan daha çox mələklə bağlılığı var. Biz yatırıq, mələk oyaq qalır, min oyundan çıxır və onda ilahi güc olduğu üçün çıxardığı oyunları biz yuxuda olanda görürük.


- Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

- Uzun illər bundan öncə gördüyüm bir yuxu məni möhkəm sarsıtmışdı, sonralar o yuxunun rəsmini çəkdim. Çünki gördüm ki, məni rahat buraxmır. O yuxu da güman ki, dəhşətli peşmançılıq hissinin məhsuluydu. Özümə bağışlamadığım bir səhv etmişdim və buna görə anamın ruhu qarşısında özümü günahkar sayırdım. Elə indinin özündə də bu günah hissindən əziyyət çəkirəm və özümü heç cür bağışlaya bilmirəm. Anamın ölümündən 2-3 il sonra o, ilk dəfə yuxuma gəldi, yuxuda da məndən narazı qaldığını dedi. Anamın vəfatından 30 ilə yaxın vaxt keçib, hələ də o səhvi düzəltməyə çalışıram. Hələ ki, gücüm çatmır. Amma hansı yuxuya görə plan qurmağım yadıma gəlmir. Yuxuya görə plan qurmuram. Yuxular sadəcə məni sarsıda bilər.


- Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

- Süjetli, film kimi yuxular görürəm. Sanki başqa bir həyatda hansısa filmdə oynayıram və bu paralel dünyada filmin baş qəhrəmanı özümü görürəm. Sonra gördüyüm yuxuları düşünürəm. Bu yuxuya inanmaq deyil, sadəcə düşünürəm, bu yuxular nə vaxta qədər davam edəcək? Heç vaxt yuxudan sonra onun yozumlarını axtarmamışam, yəni açıb kitabda, internetdə oxumamışam. Yuxumda rəssam Leanardo Da Vinçi ilə söhbət etmişəm. İndi yuxularımı özüm idarə etməyə çalışıram. Məsələn, yuxudan ayılan kimi gördüyüm yuxunu xatırlamamağa çalışıram. Onsuz da xatırlamasam, tədricən unudulur. Xatırlasam belə, istənilən yuxunu xeyrə yozuram. Özümü buna inandırıram: yaxşı yuxudursa, çin olacağına, pis yuxudursa, tərsi olacağına.


- Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

- Son vaxtlar maraqlandığım sahələrdən biri də mistikadır. Mistikanı dolayı yollarla yox, bir elm kimi araşdırmağa çalışıram. Mistikanın elmlə nə əlaqəsi var, elm mistika haqqında nə düşünür? Yuxuları mistika ilə əlaqələndirmək olar. Mən də mistik yuxular çox görmüşəm. Yuxumda şamanlarla bir məclisdə olduğumu görmüşəm. Bu bəlkə də rəssam fantaziyasından irəli gələn bir şeydir. Rasional düşünsək yuxu ilə həyat arasında bir əlaqə yaratmaq bəlkə də gülünc görünür. Yuxumda zikr məclislərində də olduğumu görmüşəm.

Bizim Gədəbəy zonası dağlar, dərələr, köhnə qəbritanlıqlar, mağaralarla zəngindir, olub ki bu yerlərə getmişəm və sonradan o yerlər yuxuma girir, o yerlərlə bağlı mistik olaylar baş verir. Üç gün əvvəl getdiyim qəbristanlıq, gecə yuxuma girir. Həmin qəbristanlıqda dəfn olunan təriqət şeyxlərini yuxumda görürəm. Məncə gördüyüm məkanlar, haqqında düşündüyüm adamlar xatirəyə çevrilib şüuraltında preslənir, yuxularda isə dışa vurur, mən belə düşünürəm.


- Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

- Yoxlamamışam, amma nostaljilərim olub. Qarşılaşdığım mənzərəni bəzən nə vaxtsa yuxuda, yaxud hardasa gördüyümü xatırlamışam. Bu hamıda olan bir haldır. Mən uzun müddət alkoqol depressiyasından əziyyət çəkmişəm, o vaxtlar demək olar ki, hər gecə qarabasmalar, hallüsinasiyalar görürdüm. Amma bilirdim ki, bunun real əsası yoxdur, bu sadəcə, psixi sıxıntıdır. Öz qarabasalarımla söhbət etdiyim anlar da olub. Psixi pozğunluq nəticəsində insan yuxu ilə reallıq arasındakı sərhədi itirə, nəyin yuxu, nəyin reallıq olduğunu ayırd edə bilməz. Yuxularımdadünya səviyyəli rəssamlarla məclisdə də olmuşam.


- Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

- Real həyatda tanıdığım bir insan vardı, onu yuxuda görəcəyimi ağlıma belə gətirməzdim. Həyatda cəmi bir dəfə, uzaqdan görmüşəm. Onunla bağlı silsilə yuxular görməyə başladım. Yuxularımda onunla inanılmaz gözəl münasibətimiz, möhtəşəm ünsiyyətimiz olurdu. Halbuki həyatda o insanla heç vaxt ünsiyyətə cəhd eləməmişəm. Real həyatda rastlaşmışıq, ancaq heç vaxt üz-üzə söhbət etməmişik. Ən gözəl, möhtəşəm yuxu bu insanla bağlı olub. O insanla yuxumda hər şey çox gözəl idi, fantastik bir məkandaydıq, ətrafımızda insanlar xoşbəxtdir və biz də çox xoşbəxt idik.

Məni qorxudan tez-tez yuxularımda ölməyimdir. Ölümümü bir film kimi görürəm. Qəhrəman mən oluram, sonda da ölürəm. Qəribədir ki, övladlarımın yanımda olmasını düşünürəm və yuxularımda da onları ölümdən xilas edirəm, ancaq özüm ölürəm. Belə dəhşət dolu yuxular görürəm. Sonradan düşünürəm ki, bu yuxudu da, həqiqət deyil ki?! Amma yenə də ovqatıma çox pis təsir edir.


- Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Ammaalimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

- Mənim yuxularım daha rəngli olur. Hətta heç bəlkə onda rəngli televizor-zad kəşf olunmamışdı, amma mən rəngli yuxular görürdüm. Bəzən yekrəng yuxular da olur. O yuxuların motivində qorxu var, ölüm var. Təqib var, nə bilim, heç sevmirəm bir rəng yuxuları. Və bəlkə buna görə də tez unuduram. Hətta yaddaşımdan elə o gecə silinir. Ağ-qara yuxular görən adamlar daha çox Sovet adamlarıdır.



- Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

- Nənəmi, babamı daha çox yuxularım da görürəm. Məni onlar böyüdüb. Kəndimizi, elimizi-obamızı görürəm. Onları yuxuda görəndə özümü xoşbəxt hiss edirəm. Heç ayılmaq istəmirəm. Uşaqlığım həyatımın ən gözəl günləridir.


- Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: " Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

- Yuxu bizə alternativ reallıq, alternativ dünya bəxş edir. Yuxunun sərhədləri hüdudsuzdur, bilmirəm hansı hansından qaynaqlanır, amma məncə insanın təxəyyülü nə qədər genişdirsə yuxusu da bir o qədər sərhədsizdir, rəngarəndir. Yuxu bizim təsəlli yerimizdir, yuxu bu dünyadan qopub xoşbəxt anlar yaşaya biləcəyimiz yeganə alternativ "məkan”dır. Yuxularımızın üzünü köçürüb film eləmək olsaydı biz bir-birindən maraqlı fantastik və fantazi janrında filmlərə baxmış olardıq. Yuxu elə bu gözlənilməzliyinə görə nə qədər insana ilham qaynağı olub.



- Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

-Yox, mənə görə, bizi həqiqətə düşüncələrimiz çatdırır. Bu gün durduğum yerdən geri boylananda görürəm ki, bu günəcən və bu gün yaşadıqlarım nə vaxtsa ixtiyari və ya qeyri-ixtiyari düşündüklərimdir, bu düşündüklərimin arasında arzu etdiklərim olanlar da var, olmayanlar da. Biz həyatımızı beynimizdə proqramlaşdırırıq. Yaşadıqlarımızın çox cüzi bir hissəsi qismətdir, yazıdır. Qalanı seçimimizdir. Nə düşünürüksə, onu da çağırırıq və yaşayırıq.


İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2018-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Şair Əlisəmid Kürlə İlqar Əlfioğlu babat yeyib-içib çıxırlar. Küçədə də səs-küylə mübahisə edirlər. Polis onları saxlayır, sənədlərini istəyir, heç birinin də sənədi yox. Polis ünvanı bilmək üçün İlqar Əlfioğludan soruşur:

- Harda yaşayırsan?

İlqar:

- Müstəqil Azərbaycan Respublikasında.

Polis görür İlqardan bir hay çıxmadı, Əlisəmiddən soruşur:

- Sən harda yaşayırsan?

- Mən də onun qonşusuyam.





digər lətifələr
ARXİV
FACEBOOK